525.Az

“Söz” ədəbi layihəsinin növbəti tədbiri


 

“Söz” ədəbi layihəsinin növbəti tədbiri <b style="color:red"></b>

“Söz” adlı ədəbi layihənin növbəti tədbiri keçirilib. Layihənin budəfəki poeziya gecəsi Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Haminin yaradıcılığına həsr olunub.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, səfir tədbiri açaraq layihənin əhəmiyyətini qeyd edib və iştirakçıları öz poeziyasından nümunələri dinləməyə dəvət edib.

Tədbirdə Azərbaycan, ərəb və ingilis dillərində şeirlər səsləndirilib. Özünəməxsus dünyagörüşü, həssas qəlbi və Azərbaycana böyük sevgisi olan səfirin ana dilində oxuduğu şeirlər dinləyicilərə xoş anlar yaşadıb.

Şeirləri Azərbaycan dilinə tərcümə edən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Mahir Həmidov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihənin məqsədi Azərbaycanın yazıçı və şairlərini ölkədə və dünyada tanıtmaq, cəmiyyətdə ədəbi ənənələrə, poetik axşamlara marağı artırmaq, həmçinin ədəbi inkişafı stimullaşdırmaqdır. Layihə klassik və müasir ədəbiyyatımızın dünyada təbliği, istedadlı yazarların üzə çıxarılması, xarici müəlliflərin ölkəmizdə tanıdılması baxımından əhəmiyyət daşıyır.

“Söz” layihəsinin yeddinci tədbiri olan poeziya gecəsində Həsən Haminin “Bakı”, “Şərq”, “Bağışlayın”, “Şair və vətən”, “Gül”, “Səfər”, “Eşqin yanğısı”, “Yun köynək”, “Cürət” və digər şeirləri həzin musiqinin müşayiəti ilə səsləndirilib. Bu poeziya nümunələrində müəllifin vətənə, Bakıya, dünyaya, gözəlliyə, təbiətə və xeyirxah insanlara böyük sevgisi əks olunub. Şeirləri Azərbaycan dilində Mələk Abbaszadə və Yaqut Paşazadə oxuyublar.

Diqqətə çatdırılıb ki, səfirin dilimizə çevrilən şeirləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə kitabça halında ayrıca dərc olunacaq.

Sonda səfir layihənin rəhbərinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib və onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmişdir. Layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.

Məlumat üçün bildiririk ki, bu artıq "Söz" layihəsinin yeddinci tədbiri olacaq. Layihənin rəhbəri Nigar Həsənzadədir. Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

 





16.05.2016    çap et  çap et