525.Az

“Yol”un 10 illik yubileyi keçirilir


 

“Yol”un 10 illik yubileyi keçirilir<b style="color:red"></b>

Bu gün 19:00-da Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Elmi-kütləvi “Yol” jurnalının 10 illik yubiley tədbiri və jurnalın fotoqrafı Emil Xəlilovun “Təbiətin çalarları” adlı fərdi fotosərgisi keçirilir.

Nazirlikdən 525.az-a verilən məlumata görə, Azərbaycanda rus dilində elmi-kütləvi jurnal ilk dəfə 2006-cı ildə Lalə Kazımova tərəfindən təsis edilib və onun təşəbbüsü ilə “Yol” adlandırılıb.

Jurnalın simvolik adı onun məzmunu və əsas tematikasına uyğun olaraq çox mənaları ehtiva edir: insanın həyat yolu, adət-ənənələrin, mərasimlərin yaranma və inkişaf yolları, elmin, incəsənətin, bütövlükdə, insan sivilizasiyasının təkamülü məsələləri, insanın özünü, daxili dünyasını və ətraf mühiti dərk etməsi, daima yenilik axtarışı, “öz” və “başqa” aləmlərə səyahət və s.

“Yol” jurnalının birinci nömrəsi 2006-cı ilin aprel ayında istedadlı jurnalist və tədqiqatçı Mila Fərəcullayevanın redaktorluğu ilə işıq üzü görüb. Yeni nəşrin fotoqrafı Emil Xəlilov olub. Üçüncü nömrəsindən başlayaraq bu günə kimi jurnalın baş redaktoru Flora Nacidir.

Ötən on il ərzində jurnalın 56 sayı çap olunub. Bu saylarda elmi-kütləvi, bədii, publisistik, memuar xarakterli materiallar yer alıb. Burada Azərbaycanın çox əsrlik tarixi, görkəmli şəxslərin həyat və yaradıcılığı, Azərbaycan xalqının zəngin yaradıcılıq irsi, Respublikanın müxtəlif regionlarının rəngarəngliyi və saysız-hesabsız təbii resursları, xalqımızın qorunub-saxlanılan adət-ənənələri və s. öz əksini tapıb ki, bunlar da müstəqil Azərbaycan Respublikasının keçmişinə və bugününə işıq salır.

Bunlarla yanaşı jurnalda müntəzəm olaraq müxtəlif xarici ölkə və şəhərlər, onların tarixi, özəllikləri, mədəniyyətləri haqqında məqalələr nəşr olunur. Bu məqalələrin müəllifləri bir qayda olaraq öz həmvətənlərimizdirlər. Onlar gördüklərini öz baxış prizmalarından keçirərək oxuculara çatdırırlar.

Bütün bunlar jurnalın Tarix, İrs, Səyahət, Şəhərlər, Həyat yolu, İncəsənət, Muzeylər, Kolleksiyalar, Tibb və s. rubrikaların məzmununu təşkil edir. Təqdirəlayiqdir ki, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda çap olunan dünyanın milli, mədəni müxtəlifliyinə böyük marağı ilə fərqlənən və bütöv formatı ilə tolerantlığa xidmət edən rusdilli jurnalın yubileyi ölkəmizdə elan olunmuş multikulturalizm ilinə təsadüf edir.

Jurnalın axırıncı nömrəsində mədəniyyət, incəsənət sahəsində multikultural rəngarəngliyin ifadəsinə yönəlmiş məqalələr yer almışdır, onda Azərbaycanın etno-mədəni panoramasını bəşəri dəyərlərlə birgə işıqlandıran məqalələr də öz əksini tapıb. Jurnalın müəllifləri məşhur jurnalistlər və müxtəlif sahələr üzrə alimlər, o cümlədən, tarixçilər, coğrafiyaşünaslar, arxeoloqlar, sənətşünaslar, kulturoloqlar və digər sahələrin biliciləridir. Bir sıra məqalələrin müəllifləri xarici alimlər və jurnalistlərdir. Əsas materialı respublikamızın müxtəlif regionlarına və xarici ölkələrə ekspedisiyaların nəticələri təşkil edir.

Yubiley çərçivəsində "YOL" jurnalının redaksiyası Emil Xəlilovun fərdi foto sərgisini keçirir. Tamaşaçılara təqdim olunan foto əsərlər Azərbaycanın təbii landşaftının rəngarəngliyi və zənginliyini əks etdirir. Burada əsasən ölkəmizin şimal dağ rayonları, Şirvan və Qobustan düzənlikləri, Talış dağları, Kiçik Qafqaz və s. təmsil olunub.

Sərgi 16-23 May 2016-cı il tarixləri ərzində davam edəcək.

 





16.05.2016    çap et  çap et