525.Az

Ermənistandan çıxarılan radioaktiv maddələr terrorçuların əlinə keçə bilər


 

QABİL HÜSEYNLİ: "İŞİD KİMYƏVİ SİLAHLAR HAZIRLAYARAQ AVROPA PAYTAXTLARINDA PARTLAYIŞLAR TÖRƏTMƏKDƏ MARAQLIDIR"

Ermənistandan çıxarılan radioaktiv maddələr terrorçuların əlinə keçə bilər<b style="color:red"></b>

Sovet dövründən qalma avandanlıqlarla fəaliyyətini davam etdirən Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti bölgə üçün ciddi təhlükə mənbəyidir.

AES-də qəza baş verəcəyi təqdirdə, Ermənistanın özü də daxil olmaqla, geniş coğrafiyada yerləşən  bir çox ölkə nüvə qəzasının yaratdığı fəsadlarla üz-üzə qalacaq. Buna görə də, uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilatlar Metsamor AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid altında qoyan stansiyanın fəaliyyətinin dayandırılması üçün tədbir görülməsini tələb edirlər. Ermənistan isə dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaqardına vuraraq onun istifadə müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Bu da regionun daha 10 il ciddi təhlükə altında qalacağını göstərir.

Ekspertlər isə hesab edirlər ki, AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülüb. Bundan sonrakı dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb.

Metsamor AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin də regiona diqqətini artırıb. Bu, onların işğal altında olan Azərbaycan ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Metsamor AES-in nüvə tullantılarının Azərbaycanın işğal altında olan ərazilərində basdırılması ehtimalı böyükdür. Həmçinin, bu tullantıların qismən Kür və Araz çaylarına axıdılması ehtimalı da istisna edilmir.

Artıq ermənilərin radioaktiv materialları ölkədən çıxararaq müxtəlif cinayətkar qruplara satmaq cəhdlərinə dair onlarla fakt mövcuddur. Belə materialların Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarının əlinə düşəcəyi təqdirdə "çirkli bombaların" hazırlanması və istifadəsi riski kifayət qədər ciddiləşir.

Beynəlxalq birlik bu istiqamətdə sərt addımlar atmasa, təkcə region ölkələri deyil, bütün dünya bunun acı nəticələri ilə üz-üzə qala bilər.

Məsələ ilə bağlı fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Metsamor AES-in fəaliyyəti region üçün ciddi təhlükə doğurur: "Çünki stansiyanın istismar müddəti bitib. Həmin reaktorlar 60-cı illərdə istehsal edilib. Artıq bu tip reaktorlar istehsal olunmur. Vaxtilə böyük qəzanın baş verdiyi Çernobıl AES-in reaktorları eynilə Ermənistandakılardan idi. 1989-cu ildə Spitakda baş verən zəlzələ nəticəsində Metsamor stansiyasının reaktorlarında ciddi çatlar əmələ gəlib. Üstəlik də AES seysmik zonada yerləşdiyi üçün qəza baş vermə ehtimalı daha böyük qiymətləndirilir. Çünki bu zonada daim seysmik hərəkətlilik və fəallıq var. Bu baxımdan stansiyanın seysmik zonada inşa edilməsi çox təhlükəlidir".

Ermənilərin əliəyri millət olduğunu deyən politoloq qeyd edib ki, dəfələrlə ermənilər ya yanacaq kimi istifadə edilmiş uran materiallarını, yaxud da saf uranı müəyyən yollarla əldə edərək satmaq istəyiblər: "Ermənilərin radioaktiv maddələrin qaçaqmalçılığına dair kifayət qədər faktlar mövcuddur. Yəqin ki, müəyyən yollarla Ermənistandan çıxarılaraq cinayətkar-terrorçu qruplaşmalara satılan radioaktiv materiallar da olub. Ermənistanın PKK terrorçuları ilə ciddi əlaqəsi var. Bu terror şəbəkəsinin isə İŞİD-lə bağlılığı şübhə doğurmur. Bu terror təşkilatı heç olmasa çirkli atom silahını əldə etməyə can atır. İŞİD bu, kimyəvi silahlar vasitəsilə Avropa paytaxtlarında partlayışlar törətməkdə maraqlıdır".

Q.Hüseynli bildirib ki, Ermənistan Metsamor Atom Elektrik Stansiyasına nəzarət etmək imkanlarına malik deyil: "Dəfələrlə Türkiyə və Azərbaycan Metsamor AES-in texniki baxımdan köhnəldiyi və bölgə üçün ciddi təhlükə kəsb etdiyinə dair məsələ qaldırıb. Lakin təəssüflər olsun ki, BMT və onun qurumu olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) bu stansiyada yoxlamalar aparsa da, onun dayandırılmasını tələb etməyib. Azərbaycan növbəti dəfə MAQATE-yə müraciət edib. Qurumun bu dəfə hansı nəticəyə gələcəyi maraqla izlənilməkdədir".

Politoloqun sözlərinə görə, ruslar ermənilərə kömək məqsədilə bildiriblər ki, onlar guya stansiyada yoxlama-təmir işləri aparıblar və növbəti 10 il üçün bu reaktorlar fəaliyyət göstərə bilər: "Lakin şübhə doğurmur ki, bu reaktorlar ciddi fəsadlara yol aça bilər. Xüsusilə stansiyada qəzanın baş verməsi Türkiyə üçün təhlükə mənbəyidir. Küləyin hərəkət istiqamətindən asılı olaraq Metsamorda qəzanın baş verməsi nəticəsində qardaş ölkədə böyük fəlakətlər baş verə bilər. Çernobıl AES-də qəza zamanı partlayışın əhatə etdiyi ərazi Ermənistanın ümumi ərazisindən çoxdur. Bu o deməkdir ki, Metsamorda baş verə biləcək qəza təkcə Ermənistana deyil, eyni zamanda region ölkələrinə də təsir edəcək".

Ermənistanın çirkli atom bombası hazırlamaq imkanlarının olduğunu istisna etməyən Q.Hüseynli vurğulayıb ki, əgər işğalçı ölkə belə bir niyyətini həyata keçirsə və ölkəmizin hər hansı bir ərazisini hədəfə alsa, o zaman Azərbaycan Metsamor AES-ə zərbələr endirərək onu darmadağın edəcək. Hər halda Ermənistan hakimiyyətinin az da olsa ağlı varsa, onlar belə bir niyyətlərini ortalığa qoymazlar. Kimyəvi silah beynəlxalq konvensiyalarla qadağan olunmuş hərbi vasitədir. Bundan istifadə etmək bəşəriyyətə qarşı böyük cinayət hesab olunur".

Bugünlərdə Azərbaycanda Ermənistanda yerləşən atom elektrik stansiyasının fəaliyyətinin dayandırılmasına nail olmaq, regionu radiasiya təhlükəsindən xilas etmək məqsədilə "Stop Metsamor" kampaniyasına start verilib.

Bununla bağlı Strateji Araşdırmalar İnstitutunun sədri, politoloq Ramiz Alıyev bildirib ki,  Metsamor AES əleyhinə başladılan petisiyanın nəticəsini öncədən proqnozlaşdırmaq çətin məsələdir: "Ona görə ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliklərə 25 ildir ciddi reaksiya göstərilməyib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər yalnız kağız üzərində qalıb. Dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar hələ də terrorist ölkə ilə terrordan əziyyət çəkən ölkələri, genosid törədən xalqla genosidə məruz qalan xalqı düzgün müəyyən etmək istəmir. Bu da terrorçu Ermənistan dövlətinin dünyanın hüquq normalarını tanımadığına, həmçinin beynəlxalq hüququn qeyri-işlək vəziyyətdə olduğuna dəlalət edir".

Politoloq bildirib ki, Metsamor əleyhinə başladılan petisiya lazımi nəticə verəcəyinə ümid edərək hər bir şəxs kampaniyaya dəstək olmalı və xarici dostlarını bu petisiyaya qoşulmağa səsləməlidir. Dünya dövlətləri və beynəlxalq təşkilatlar heç olmasa bir dəfə ikili standartlardan əl çəkib haqlının yanında olmalı, terroristlərə dəstək göstərən dövlətə qarşı qətiyyətli mövqe nümayiş etdirməlidir".

Qeyd edək ki, Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir.

Ceyhun ABASOV

 





17.05.2016    çap et  çap et