525.Az

Zeydin gözyaşı və həyatı dəyişən "badalaq" - Fotolar


 

Zeydin gözyaşı və həyatı dəyişən "badalaq" - <b style="color:red">Fotolar</b>

Mən ona yaxınlaşanda sakit, dinməz söyləməz kənarda oturub, balaca Zeydin başını sığallayırdı. Ata-bala nədənsə utanırdılar. Onlar kənardan özlərinə istiqamətlənən nəzərlərin fərqində idilər.

Osama Abdel Mohsen və onun kiçik oğlu Zeyd artıq adi qaçqın deyillər. Onlar suriyalı qaçqınların rəmzi qəhrəmanlarına çevriliblər. Elə onların Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Bakı Forumuna dəvət olunmasının əsas səbəbi də məhz bu idi.

Dünya Mohsen ailəsini Macarıstanda baş verən hadisə zamanı tanıdı. Macar jurnalist ata Mohsenə badalaq atanda kiçik Zeyd atasının qucağında idi. Hər şey kameraların qarşısında baş verdi. Video bir anda bütün dünya mətbuatının gündəminin birinci xəbərinə çevrildi. Jurnalistə təpkilər artdı, xanım kameraman hətta işdən azad olundu. Mohsen ailəsi isə bir anda məşhurlaşdı. Ata Mohsenə ünvanladığım ilk sualım da elə məhz o hadisə ilə bağlı idi. Ondan yadda qalan və mənalı bir cavab da aldım: "O, jurnalisti mən artıq bağışlamışam".

Amma suriyalı qaçqın dolayısı ilə etiraf etdi ki, o məlum "badalaq" olmasaydı indi onun həyatı 180 dərəcə dəyişməzdi.

Çünki o və oğlu, Suriyada 5 il əvvəl baş qaldıran vətəndaş müharibəsi səbəbindən ölkəsini tərk etmək məcburiyyətində qalan 4,5 milyondan çox insandan yalnız biri olacaqdı.

52 yaşlı Osama Abdel Mohsen ilk dəfə 2012-ci ildə Suriyadakı doğma Deir ez-Zor şəhərini həyat yoldaşı və 4 uşağı ilə birlikdə tərk edərək Türkiyəyə gəlib. Mersində məskunlaşan Ata Mohsen və ailəsi ciddi maliyyə sıxıntısı ilə üzləşir. O, 2 övladını da yanına alaraq, qazanc və daha yaxşı həyat üçün Almaniyaya yola düşür. Serbiyadan Macarıstana keçəndə polis onları saxlayır, elə bu an Abdel Mohsen kiçik Zeydi qucağına alıb qaçmağa başlayır. Bu zaman o heç gözləmədiyi bir hərəkət, konkret desək o məşhur badalağa məruz qalır. Badalağın sahibi isə Macarıstanın N1TV kanalının operatoru Petra Laszlo adlı bir xanım olur. Bütün dünyanın dəhşətlə izlədiyi bu kadrlar, bir anda Mohsen ailəsini suriyalı qaçqınların simvoluna çevirir. Hadisədən şoka düşən  balaca Zeydin gözüyaşlı fotoları isə uzun müddət qəzetlərin manşetlərində qalır.

 Bu videonu TV-larda izləyən İspaniyanın CENAFE ( Futbol və Salon Futbolu Məşqçilik Məktəbi) direktoru Miqel Angel Galan, Osama Abdel Mohsenin məşqçi olduğunu öyrənər-öyrənməz onu İspaniyaya gətirməyə qərar verir. Qısada olsa xatırladım ki, Suriyanın əsas futbol komandalarından birini çalışdıran Mohsen, buna qədər dəfələrlə Suriya liqində çempionluq və kuboklar qazanıb. Bir müddət isə o hətta BƏƏ-də məşqçi kimi çalışıb. Bu hadisədən sonra İspaniyadan gələn rəsmilər Osama Mohseni oğulları Zeyd və Məhəmmədlə İspaniyanın Qetafe şəhərinə, futbol məktəbinə dəvət edirlər. 

"Savaş bitsin və biz tezliklə vətənimizə qayıdaq"   

Abdel Mohsenlə söhbətimdə ən çox eşitdiyim ifadə məhz bu oldu. Vətən həsrəti həqiqətən də Mohsen ailəsinin ürəyindədir. İndi üzləri gülsə də, Suriyada müharibənin acısını yaşamağa hələ də məhkum qohumları, həmvətənliləri üçün ürəkləri ağlayır. Abdel Mohsen söhbətinə ilk olaraq Suriyada keçirdikləri son günlər haqqında nəql etməklə başlayır.

"Deir ez-Zor bölgəsində məşqçilik edirdim. Al Fotuva komandasında. Amma sonra yaşadığımız yer bir böyük həbsxanaya çevrildi. Aksiyalar başlayanda ilk günlər mən də qatıldım. Yaxşı həyat, yaxşı maaş və müstəqillik tələb etdik. Sonra məni həbs elədilər. 1 ay həbsdə oldum. Həbsdən çıxan kimi ailəmi götürüb ölkəni tərk etdim. Mən müharibəyə qatılmadım, çünki öldürməkdən nifrət edirəm. Əgər müharibə başa çatarsa, ailəm üçün təhlükəsiz şərait yaranarsa mütləq ölkəmə qayıdacam. Xalqıma kömək etmək istəyirəm". Bununla belə Mohsen ölkəsinə geri dönmək arzusunun tezliklə reallaşacağına inanmır. Çünki onun düşüncəsinə görə, Suriyada hələ də milli barışıq bərqərar olmayıb.

Mohsen və onun oğullarının Avropaya sığınmaq üçün ilk dayanacaqları Türkiyənin Mersin şəhəri olur.

Müsahibimiz deyir ki, Türkiyədə onları yaxşı qarşılayırlar. Amma onları özlərini dolandırmaq üçün işə ehtiyacları var idi. Amma bir müddət iş axtarışında olsa da, münasib iş tapa bilmir. Nəhayət qərar verir ki, iş dalınca məhz Avropaya üz tutsun.

Dənizi keçməkdən ötrü 1000 dollar ödədim.

Abdel Mohsen etiraf edir ki, Avropaya yetişməyin çətin olduğunu o yaxşı bilirdi. Və məhz buna görə də sadə bir plan qurmuşdu. İlk əvvəl 2 oğlunu özü ilə götürəcəkdi, daha sonra həyat yoldaşını və digər uşaqlarını özümlə aparacaqdım. Əvvəl İzmirə getdik. Mənə dəniz vasitəsilə Avropaya keçirəcəklərinə söz verdilər. Dənizdən keçmək üçün onlara 1000 dollar ödədim. Övladlarım üçün pul vermədim, çünki onlar hələ balaca idilər. Yunanıstana dənizdən kiçik bir gəmi ilə keçdik. Yolumuz 4-5 saat davam etdi. Oradan Makedoniyaya, daha sonra Serbiyaya  və Macarıstana keçdik...

"O, jurnalisti mən artıq bağışlamışam" 

Mohsen Macarıstanda keçirdiyi günlər haqqında danışanda bir qədər kədərlənir. Baxmayaraq ki, məhz Macarıstanda sadə bir suriyalı futbol komandası məşqçisi bir anda məşhur bir şəxsə çevrildi. "Macarıstanda çox çətin günlərimiz oldu. Kameraman qadınla yaşanan hadisəni bilirsiniz. Mən o vaxt çox əsəbləşmişdim. Oğlum Zeyd 3 gün durmadan ağladı. Çünki xəstə idi və çox qorxmuşdu. Amma mən o jurnalisti əfv etdim. Çünki onunda uşaqları var. Üstəlik müsəlman olaraq dinimiz əfv etməyi əmr edir". Söhbətinə davam edən Mohsen deyir ki, Macarıstanda onları həbsxana kimi bir yerə yerləşdirirlər. Mohsen üçün dəyişən bir şey olmamışdı. Suriyada da o elə həbsxana həyatı yaşamışdı. Dediyinə görə sonra beynəlxalq təşkilatların köməyi ilə Avstriyaya, oradan isə Almaniyanın Münxen şəhərinə gəlib yetişirlər. "Mən Almaniyada 4 gün qaldım. Bu mənim şəxsi fikrimdir ki, Almaniyada miqrantlara yaxşı baxırlar. Orada mənə İspaniyadan təklif gəldi . Mənə futbol məşqçiliyi təklif etdilər. Bu mənim əsl peşəm olduğu üçün həmin an qəbul etdim. İspaniya onsuz da futbolda Avropanın ən  güclü ölkələrindən biridir. Real Madrid və Barselona kimi klubları var". 

"İspaniyada xoşbəxtəm, amma burada da bürokratiya var" 

Mohsen və 2 oğlu artıq 1 ilə yaxındır ki, İspaniyadadırlar. Müsahibim deyir ki, onlar bura gələn kimi ona iş verdilər və qalmağa ev kirayəyə götürdülər. Ona gənclərə məşqçilik etmək tapşırılıb. Uşaqları isə burada məktəbə gedib ispan dilini öyrənirlər. Mohsen deyir ki,onun üçün İspaniyada ən təəccüblü məqam məhz ispanların ona qarşı münasibəti olub. "Onları görəndə çox təəccübləndim. Biri, ikisi yox, hamısı çox yaxşı insanlardırlar. Haraya gedirəmsə, tez-tez eşidirəm: - Nəyəsə ehtiyacın varmı? Biz sənə necə kömək edə bilərik? Bu çox gözəl bir duyğudur. Burada xoşuma gəlməyən sadəcə bir məqam var. O da bürokratiyadır. Çünki bəzi rəsmi orqanlar çox astagəldir. Almaniyada isə hər bir proses saat dəqiqliyi ilə və sürətlə işləyir. Burada isə təəssüf ki, rəsmi qeydiyyatımız üçün xeyli sənəd toplamağımız lazımdır".

"Zeyd Ronaldonu görəndə özünü itirdi, sevincindən az qala ağlayacaqdı" 

Məhz rəsmi sənədlərin hamısının tam hazır olmaması səbəbindən Mohsen indi peşəkar hər hansı komandaya məşqçilik edə bilmir. Hazırda 16-17 yaşlılardan ibarət bir əyalət komandasında məşqçidir. Amma deyir ən böyük arzusu  böyük və məşhur komandalarda işləməkdir.

 "Ola bilsin ki, bir gün Real Madrid-in məşqçisi olacam. Keçən dəfə bizi dəvət etdilər. Komandanın oyunçuları və rəhbərliyi ilə görüşdük. Zeyd Ronaldonu görəndə özünü itirdi, sevincinin həddi-hüdudu yox idi. Bizi doğma birisi kimi qəbul etdilər. Sizdən nə gizlədim. Məni və ailəmi burada ulduz ediblər. Hər gün demək olar ki, müsahibə və reportaj üçün bizə müraciət edirlər. Sözün düzü artıq bundan bir az yorulmuşuq.

"Mənə "terroristdir" deyə şər atdılar"

Mohsenin məşhurluq medalının digər, heç də xoş olmayan üzü də daha sonra peyda oldu. Onu İŞİD terror təşkilatı ilə əlbir olmaqda, hətta Suriyadakı kürdlərə qarşı mübarizə aparmaqda ittiham etdilər. Mohsen isə bütün bu iddiaları ağ yalan adlandırır. "Mənim Suriyada Əl Nüsrə silahlı qrupunun üzvü , İŞİD-lə birgə hökumət qüvvələrinə qarşı mübarizə aparan birisi kimi qələmə verdilər.Qəribəsi odur ki, İŞİD və Əl Nüsrə mənim ailəmin olduğu Deir ez-Zor şəhərinə gəlməmişdən öncə biz oranı tərk edib ölkədən getmişdik. Ola bilsin ki, Suriya hökuməti mənə əsəbi olduğuna görə belə yalan məlumatı yaydı. Suriyaya bir macar jurnalisti getmişdi. Və məhz onun materialında mənim adım belə hallanırdı. Düzdür sonra həmin jurnalist mənə zəng edib, məndən üzr istədi". 

Ailə həsrəti nə vaxt sona çatacaq?

Mohsen və 2 oğlu İspaniyada yaşadığı halda, həyat yoldaşı və daha 2 uşağı hələ də Türkiyədədirlər. Bir neçə ay əvvəl Mohsen onlara baş çəkib. Onların İspaniyaya səfər etməsi üçün rəsmi sənədlərlə maraqlanıb. Mohsen deyir ki, rəsmi sənədlərin hazır olması üçün o bir neçə ay gözləməlidir. "İlk fürsətdə  ailəmi İspaniyaya aparacam. Çünki  vətən həsrəti ilə yanaşı, ailə həsrəti ilə də mən yaşaya bilmərəm".

P.S. Bütün müsahibə boyu balaca Zeyd əlindəki planşetdə hansısa oyun oynayırdı. Əhvalı çox yaxşı idi. Hərdən başını qaldırıb atasının narahat və qəmgin cavablarına qısa da olsa qulaq asırdı. Ata Mohsen ingiliscə cavab verirdi. Amma onun üz cizgilərindən nə dediyini anlamaq balaca Zeyd üçün elə də çətin deyildi. Mən Abdel Mohsenlə sağollaşanda sadəcə bir cümlə  işlətdim. Ata Mohsen də sözümü  təmkinli gülüşlə qarşıladı:-" Balaca Zeyd artıq ağlamırsa , deməli gələcəyə ümid var . Ümid etməyə davam edin, əziz Mohsen!" .

Ayaz MİRZƏYEV
Eurasia Diary

 





17.05.2016    çap et  çap et