525.Az

"İyirmi ildən çoxdur, Minsk qrupunun səyləri boşa çıxır"


 

"İyirmi ildən çoxdur, Minsk qrupunun səyləri boşa çıxır"<b style="color:red"></b>

"Hər kəsə məlumdur ki, Ermənistan atəşkəs rejiminə əməl etmir. Atəşkəs rejimini məhz Ermənistan pozur. İndi guya ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar əl-ayağa düşüblər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun".

  Bu barədə millət vəkili Elman Məmmədov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son baş verənləri şərh edərkən bildirib. Onun sözlərinə görə, nə qədər ki, Azərbaycan ərazisi Ermənistan ordusunun işğalı altındadır, onlar
 
bütün beynəlxalq qanunları, konvensiyaları pozaraq müharibə qanunlarına uyğun olmayan hərəkətləri edirlər, eləcə də qadağan olunmuş silah-sursatdan yararlanırlar, Azərbaycan ordusunun bircə çıxış yolu qalır, o da əhalini, ərazini düşməndən qorusun və təmizləsin:
 
"Bizim burada başqa yolumuz qalmır. Təbii ki, biz bunu da edirik. Mütəmadi olaraq ATƏT, beynəlxalq təşkilatlar atəşkəs rejiminə əməl edilməsi barədə çağırışlar, bəyanatlar verirlər. Hesab edirəm ki, hər iki tərəfə bu cür münasibət göstərmək onlar tərəfindən ədalətsizlik, haqsızlıq və tərbiyəsizlikdir. Nə üçün? Çünki Ermənistanın ordusu Azərbaycan torpaqlarını işğal edib. Axı, niyə onlar Ermənistana qarşı sanksiya tətbiq etmir? Niyə onlar Ermənistandan tələb etmir ki, işğalçı, quldur dəstələrini Azərbaycan torpaqlarından çıxarsın. Hesab edirəm ki, bu zaman atəşkəs, siyasi iradə və qarşılıqlı etimad olacaq. Ancaq nə qədərki düşmən tərəfinin ordusu bizim ərazimizdədir təbii ki, biz onları buradan çıxarmaq üçün tədbir görəcəyik".

Millət vəkili Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin Qəbələdə keçirilən görüşünə də diqqət çəkərək, bunun  heç kimə qarşı yönəlmədiyini vurğulayıb.

Onun sözlərinə görə, üç qonşu dövlət bir-biri ilə bütün sahələrdə (iqtisadi, hərbi, siyasi və s.) sıx əməkdaşlıq edir və bu görüş də üç qonşu dövlətin müdafiə nazirlərinin görüşü idi:

"Təbii ki, bu kimi görüşlərdə də hərbi məsələlər müzakirə olunur. Müzakirə olunan məsələlər isə regionda təhlükəsizliyin təmin olunması, lazım gələrsə üç dövlətin silahlı qüvvələrinin müəyyən regional məsələlərdə birgə fəaliyyət göstərməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və sairədir. Bu istiqamətdə də hər üç dövlətin marağında olan və işirak etdiyi neft-qaz boru kəmərənin təhlükəsizliyinin qorunması əsas prioritet təşkil edir. Buna qeyri-adi baxmaq olmaz".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə hesab edir ki, Ermənistan sülhə hazır deyil və buna görə də hansısa görüşlərin heç bir nəticəsi olmayacaq.

Ermənistanın münaqişənin həlli ilə bağlı zəruri addımlar atmadığını dilə gətirən millət vəkili söyləyib ki, bütün bunlara baxmayaraq, düşmən ölkəyə qarşı heç bir sanksiya tətbiq edilmir:
 
"Mənə elə gəlir ki, Ermənistan sülhə məcbur edilməlidir. Əks halda onlar tərəfindən müsbət addım gözləməyə dəyməz. Minsk qrupunun həmsədr dövlətləri Vyanada prezidentlərin görüşünü təşkil edir. Düşünürəm ki, həmsədrlər bununla münaqişənin həllində müəyyən cəhdlər etdiyini göstərmək istəyirlər. ATƏT-in Minsk qrupu bu görüşü təşkil etməklə, özünü işləyir kimi aparmağa çalışır. Amma əslində 25 ilə yaxındır ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səyləri boşa çıxır və heç bir nəticə vermir. Çünki burada hüququn aliliyinə diqqət yoxdur. Təcavüzkara qarşı verilən qərarlar qəbul edilmir. Belə olan halda, Ermənistan beynəlxalq ictimaiyyəti aldadaraq, münaqişənin həlli istiqamətində addım atmağı düşünmür. Münaqişəni dondurmaq ATƏT-in Minsk qrupu üçün yeganə çıxış yoludur. Onlar problemi həll edə bilmədikləri üçün münaqişəni donduraraq, atəşkəsi yenidən bərpa etmək, diqqətin bu zonaya cəlb edilməsinin qarşısını almağa cəhd edirlər".

Politoloq Rüstəm Məmmədovun fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşünün müsbət nəticələri olacağı gözlənilən deyil:

Çünki indiyədək keçirilən görüşlərdə Ermənistan tərəfi müsbət nəticənin əldə olunması üçün addım atmayıb:

"Ermənistan danışıqlara hazır deyil. ATƏT-in Minsk qrupunun bu görüşü təşkil etməkdə məqsədi  Dağlıq Qarabağ münaqişəsinin həllindəki təşəbbüsü Rusiyanın əlindən almaqdır. Bundan əlavə, illərdir münaqişənin həllində səy göstərməyən Minsk qrupu cəbhədəki gərgin vəziyyətdən istifadə edərək məsələnin həllinə çalışdıqlarını göstərməyə çalışır. Əslində ATƏT-in Minsk qrupu çoxdan ləğv olunmalıdır".

ATƏT-in Minsk qrupunun münaqişənin dondurmağa çalışdığını deyən R. Məmmədov söyləyib ki, həmsədrlər problemin həllində status-kvonu saxlamaqla ermənilərə kömək etmək istəyir:

"Çünki münaqişənin dondurulmuş vəziyyətdə qalması Ermənistan tərəfinin xeyrinədir".
 
Ermənistanın son dövrlərdə Azərbaycana qarşı təxribatlarının artdığını deyən R. Məmmədov söyləyib ki, belə davam edərsə, vəziyyət gərginləşə bilər:

"Azərbaycan bu məsələdə öz sözünü deyib. Lakin belə davam edərsə, növbəti müharibə başlaya bilər".

PƏRVANƏ

 





17.05.2016    çap et  çap et