525.Az

"Münaqişənin həlli yalnız mərhələli şəkildə mümkündür"


 

"DANIŞIQLAR NƏTİCƏSİZ QALARSA, YAXIN AYLARDA APRELDƏKİ DÖYÜŞLƏRİN YENİDƏN TƏKRARLANMASI EHTİMALI ARTACAQ"

"Münaqişənin həlli yalnız mərhələli şəkildə mümkündür"<b style="color:red"></b>

"Nə Rusiya, nə də digər böyük dövlətlər Dağlıq Qarabağ ətrafındakı rayonların ilkin şərt irəli sürülmədən boşaldılması üçün Ermənistan hakimiyyətinə təzyiq etmək istəmirlər. Bu olmadan isə danışıqlarda real nəticə əldə edilməyəcək. 22 ildir davam edən nəticəsiz danışıqlar da buna sübutdur".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, münaqişənin həlli yalnız mərhələli şəkildə mümkündür: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vyana görüşünü keçirməkdə əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərini atəşkəsə riayət etməyə çağırmaq və bununla əlaqədar olaraq tərəflərin üzərinə öhdəliklər qoymaqdır. Azərbaycan prezidenti bu öhdəliyi qəbul etməyəcək. Çünki işğal altındakı torpaqlar boşaldılmadan atəşkəsin qorunması və ya insidentlərin araşdırılması status-kvonun davamına şərait yaradır. Ermənistan status-kvonu qorumağa çalışır, Azərbaycan isə əksinə status-kvonu dəyişmək istəyir. Ona görə də Vyana görüşündən nəticə çıxmayacağı halda yaxın aylarda apreldəki döyüşlərin yenidən təkrarlanması ehtimalı artacaq. Cənubi Qafqazda böyük müharibənin qarşısının alınmasının yeganə yolu Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Bunun alternativi yoxdur".

E.Şahinoğlu bildirib ki, 22 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı xeyli həll planı irəli sürülüb: "1990-cı illərin ortalarında "mərhələli həll planı", daha sonra "paket həll planı" təklif olunub. Üçüncü bir həll planı da var idi: "ümumi dövlət prinsipi".

Azərbaycan hakimiyyətinin "mərhələli həll planı"na razı olduğunu deyən politoloq qeyd edib ki, bu plana görə ilkin addım kimi işğal altındakı torpaqlar boşaldılmalı, qaçqınlar geri qayıtmalı və yalnız bundan sonra Dağlıq Qarabağın statusunu müəyyənləşdirən danışıqlar başlamalı idi: "Vaxtilə Ermənistana prezidentlik edən Levon Ter-Petrosyan bu planı qəbul etməyə hazır olduğunu bildirmişdi. Ancaq Rusiyadakı siyasi və hərbi dairələrin dəstəyi ilə Levon Ter-Petrosyan hakimiyyətdən devrildi. O illərdə Rusiya-Azərbaycan münasibətləri soyuq idi. Moskva Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan boru xətti ilə Türkiyə üzərindən Avropa bazarlarına daşınmasını istəmirdi. Ona görə də Moskvada düşündülər ki, Dağlıq Qarabağ problemi həll olunsa, bu, Azərbaycanın bölgədəki mövqelərini gücləndirəcək, Qərbin Cənubi Qafqazda rolu artacaq və Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlayacaq. Ona görə də Rusiyadakı dairələrin dəstəyi ilə Ermənistanın hazırkı və keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryan Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdılar".

Mərkəz sədri bildirib ki, sonrakı illərdə irəli sürülən Dağlıq Qarabağ münaqişəsinin "paket həll planı"na isə Azərbaycan razılaşmayıb: "Çünki bu planda rayonların işğaldan azad olunması Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ilə eyni vaxtda müəyyənləşdirilməli idi. "Ümumi dövlət" prinsipi də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırdı. Daha sonra həll planları müxtəlif şəhərlərin adı ilə hallanmağa başladı. Əgər Azərbaycan prezidentləri Parisdə görüşürdülərsə və Fransa prezidenti həll planı irəli sürürdüsə, buna "Paris planı" və ya prezidentlər Kazanda görüşüb onlara yeni plan təqdim edilirdisə, buna da "Kazan planı" adı verilirdi".

Politoloq deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2001-ci il daha yadda qalan olub: "Çünki bu ildə Azərbaycan və Ermənistan prezidentləri əvvəlcə Parisdə, bir ay sonra isə ABŞ-ın Ki-Uest şəhərciyində görüşdülər. Əvvəlcə Fransa prezidenti Jak Şirak təşəbbüsü ələ aldı və Parisdə Azərbaycan və Ermənistan prezidentlərinə "həll planı" təklif etdi. Daha sonra Vaşinqton Azərbaycan və Ermənistan prezidentlərini Ki-Uestə dəvət etdi. Burada da bir neçə gün danışıqlar aparıldı. Ancaq hər iki görüşdən nəticə çıxmadı. Çünki bu planlarda da konkretlik yox idi. Daha sonra isə təşəbbüs Rusiya hakimiyyətinə keçdi. 2011-ci ildə Rusiyanın Kazan şəhərində prezidentlərin görüşü keçirildi. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xeyli fəallıq göstərdi, prezident olduğu müddətdə 10 dəfə Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirdi. Bu görüşlərin kuliminasiya nöqtəsi Kazanda oldu. Medvedyev Kazanda prezidentlərə konkret "həll planı" təqdim etdi. Bu planda bütün müddəalar Azərbaycanın maraqlarına uyğun idi. Çünki bu plana görə erməni separatçıları işğal etdikləri bütün əraziləri boşaltmalı idilər. Ancaq statusun müəyyənləşməsini göstərən mexanizm "Kazan prinsipləri"nin kağız üzərində qalmasına şərait yaratdı. Əslində "Kazan prinsipləri" ilə "Madrid planı" (ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən Nazirlər konfransında irəli sürülən prinsiplər) və ya "Genişləndirilmiş Madrid planı" arasında böyük fərq yoxdur. Bu planlarda da 5 rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) qısa zamanda, 2 rayonun (Kəlbəcər və Laçın) bir müddət sonra boşaldılması nəzərdə tutulur".

E.Şahinoğlu qeyd edib ki, Ermənistan hakimiyyəti istənilən sənəddə statusun müəyyənləşdirilməsini nəzərdə tutan referendum tarixinin göstərilməsini istəyir: "Bu prinsiplə Azərbaycan razılaşa bilməz. Rəsmi Bakı statusun müəyyənləşməsinin əleyhinə deyil. Ancaq bundan əvvəl rayonlar boşaldılmalı, qaçqınlar geri dönməli, kommunikasiya xətləri açılmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməli, məhz bu addımlar atılandan sonra Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla ermənilər arasında müzakirələr başlamalıdır. İrəvan isə bu modelə razılaşmır. Ona görə də 22 ildir danışıqlar nəticə vermir".

Politoloq əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyev hər zaman deyir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması mümkün olmayacaq: "Azərbaycanda hakimiyyətdə kim olursa-olsun, bu prinsip azərbaycanlılar üçün heç zaman dəyişməyəcək. Erməni separatçıları 1992-1994-cü illər arasında Dağlıq Qarabağ və ətraf rayonları işğal etdikdə düşünürdülər ki, məsələni öz xeyirlərinə həll ediblər. Ancaq Azərbaycan öz torpaqlarının itirilməsi ilə barışmadı, çünki işğal azərbaycanlıların rahatlığını pozdu. Buna görə də Azərbaycan erməni separatçılarına rahatlıq vermədi. Ermənistanda və Dağlıq Qarabağda yaşayan erməni əhalisi 22 il ərzində hər zaman narahatlıq içində yaşadı. İşğal Azərbaycanın inkişafına mane olmadı, enerji resurslarının işlənməsi və satışı hesabına Azərbaycan inkişaf etdi, maliyyə və hərbi resruslarını artırdı. İşğal faktına görə isə nə Ermənistan, nə də Dağlıq Qarabağ inkişaf etdi. Əksinə, Ermənistanın işğalçı siyasəti bu dövlətin Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə gətirib çıxartdı. Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmadan siyasi, iqtisadi və sosial problemlərini həll edə bilməyəcək. Ona görə də Ermənstanın problemlərdən qurtulması, normal inkişaf etməsi Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından keçir. Bunun üçün isə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin "mərhələli həll planı"na razılaşmalıdır. 2-6 aprel tarixlərində cəbhə bölgəsindəki 4 günlük müharibə göstərdi ki, Ermənistanın başqa alternativi qalmayıb".

Ceyhun ABASOV

 





17.05.2016    çap et  çap et