525.Az

Ali Neft Məktəbində imtahanları britaniyalı mütəxəssislər keçirir


 

Ali Neft Məktəbində imtahanları britaniyalı mütəxəssislər keçirir<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə yaz imtahan sessiyasına start verilib.

BANM-dən “525”ə verilən məlumata görə, imtahanlar Heriot-Vatt Universitetindən Ali Neft Məktəbinə ezam edilmiş 6 nəfərdən ibarət müəllim və ekspert heyəti - universitetin Mühəndislik və fizika elmləri üzrə institutunun (MFEİ) direktor müavini Aleksandr Bel, MFEİ-nin tədris və təlim üzrə direktoru  Kevin Makkalax, MFEİ-nin professoru Qrem Vayt, müəllim və tədris üzrə menecer Patrisiya Dankan, MFEİ-nin inzibati işlər üzrə köməkçi İren Foks, universitetin Neft-qaz mühəndisliyi İnstitutunun tədris işləri üzrə direktoru Con Ford orada tərtib olunmuş imtahan sualları əsasında Ali Məktəbdə imtahanları təşkil ediblər.

“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə 2-ci, 3-cü və 4-cü kurslarda təhsil alan tələbələr üçün Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alaraq eyni saatda keçirilib. Bu elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilib.

BANM Azərbaycanda yeganə ali məktəbdir ki, burada biliyin qiymətləndirilməsi xarici ölkə universiteti tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Britaniyalı mütəxəssislər imtahanların gedişinə nəzarət ediblər və imtahandan sonra tələbələrin yazılı cavabları sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradıb.

Bu günədək tədris illəri üzrə aparılan statistika göstəricilərinə əsasən, Ali Neft Məktəbininin tələblərinin Heriot-Vatt tələbələri ilə müqayisədə imtahanlarda topladığı orta bal göstəriciləri həmişə yüksək olub.

Vəfa MƏMMƏDLİ

 





17.05.2016    çap et  çap et