525.Az

ABŞ və Rusiya: Ukrayna siyasətinin toqquşan məqamları


 

ABŞ və Rusiya: <b style="color:red">Ukrayna siyasətinin toqquşan məqamları</b>

Barak Obama Avropaya etdiyi son səfəri zamanı Ukrayna ilə bağlı Vaşinqtonun yeritdiyi siyasətin bir sıra mühüm aspektləri barədə fikirlər bildirib.

Ağ Ev Kiyevi tək buraxmaq fikrində deyil. Lakin rəsmi şəxslərin və analitiklərin rəyləri onu göstərir ki, ABŞ-ın həm də Kiyevə ciddi iradları mövcuddur. Onlar aradan qalxmasa, Amerikanın indiki Ukrayna iqtidarına dəstəyində problemlər meydana gələ bilər. Burada, ilk növbədə, Ukrayna hökumətində mövcud olan "korrupsiya halları"nın dərinlərə işləməsi vurğulanır. Bir sıra ekspertlər bu durumda Kiyevə maliyyə yardımlarının çox riskli ola biləcəyini açıq vurğulayırlar. Eyni zamanda, Amerika rəhbərliyi Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı yeritdiyi siyasətin qəbuledilməzliyini də bəyan edir. B.Obama Hannoverdə bildirib ki, Ukrayna xalqının müstəqil seçiminə hörmət etmək hər kəsin borcudur. Kreml bunlara qarşılıq olaraq öz siyasi xəttindən dönməyəcəyini bildirir. İndi Ukrayna cəmiyyəti bu ziddiyyətli anlaşmaların onun taleyinə necə təsir edəcəyini gərginliklə gözləyir.

İttihamlar və xəbərdarlıq: Amerikanın Ukrayna siyasətinin iki aspekti

Ukrayna Vaşinqtonun xarici siyasəti üçün iki aspektdə aktuallıq kəsb edir. Onlardan biri Ukrayna hakimiyyətinin öz vəzifəsinin öhdəsindən nə dərəcədə gələ bilməsi ilə, digəri isə Moskvanın bu ölkəyə qarşı həyata keçirdiyi siyasətin məzmunu ilə əlaqəlidir. Hər iki aspektlə bağlı Vaşinqton öz mövqeyini bildirib. Son olaraq, B.Obama Almaniyadakı çıxışında Ukrayna məsələsinə ayrıca yer ayırdı. Amerikanın rəsmi şəxsləri zaman-zaman öz fikirlərini ifadə edirlər.

Maraqlıdır ki, Vaşinqtonun Ukrayna hakimiyyəti ilə əlaqədar birmənalı mövqeyi hiss edilmir. Belə ki, hələ iki ay bundan öncə Viktoriya Nuland bəyan etmişdi ki, ABŞ maliyyə yardımını hara xərcləyəcəyi dəqiq olmayan ölkəyə vəsait ayıra bilməz. Ukraynada yardımın kimlərin əlinə düşəcəyi dəqiq deyil (bax: Senate Foreign Relations Committee Hearing: "Ukrainian Reforms Two Years after the Maidan Revolution and the Russian Invasion" / ''www.foreign.senate.gov'', 15 mart 2016).

Amerikanın vitse-prezidenti Co Bayden də Kiyevdə yeni hökumətin formalaşması ilə bağlı Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbətində vurğulayıb ki, "Ukraynaya beynəlxalq yardımı təmin etmək üçün yeni komanda ən qısa zamanda islahatlar proqramını həyata keçirməlidir. Buraya BVF qarşısında götürülmüş öhdəliklər, Minsk müqaviləsinin implementasiyası və yeni baş prokurorun təyin edilməsi də daxildir" (bax: Readout of Vice President Biden’s Call with President Petro Poroshenko of Ukraine / "www.ukraine.usembassy.gov", 14 aprel 2016).

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payferin də məsələyə münasibəti olduqca maraqlıdır. O, aprelin 14-15-də Kiyevdə olan zaman bildirib ki, ukraynalı ekspertlərin proqnozuna görə, yeni hökumət də islahatları "yarı güclə" həyata keçirməyə qadirdir. Bu, o deməkdir ki, oliqarxların siyasi proseslərə ciddi təsiri qalacaq. Lakin Qərb açıq ifadə etməlidir ki, yardımlar hökumətin fəaliyyətindən birbaşa asılı olacaq. Bundan başqa, o, P.Poroşenko ilə Vladimir Qroysmanın yaxın olmalarını müsbət qiymətləndirib, çünki artıq Ukrayna prezidenti hər şeyi baş nazirin üzərinə ata bilməyəcək (bax: Steven Pifer. What Ukraine’s new prime minister is (and isn’t) likely to achieve / "www.brookings.edu", 18 aprel 2016).

Bunlarla yanaşı, Vudro Vilson Mərkəzinin Kennan İnstitutunun direktoru Metyu Rojanskinin rəyi daha düşündürücüdür. Onun sözlərinə görə, Ukrayna müstəqil olandan "bütün əsas siyasi vəzifələri məhdud sayda insanlar növbə ilə bir-birinə ötürürlər. Buna iki xalq inqilabı, başlıca rolun bir klandan digərinə keçməsi və Qərblə Şərq arasında davam edən geosiyasi oyun da mane ola bilmədi" (bax: Matthew Rojansky. Ukraine Just Got a New PM. What It Needs Is Reform / "The National Interest", 15 aprel 2016).

Fikirlərini davam etdirərək, M.Rojanski vurğulayır ki, Ukraynada islahatları normal şəkildə aparmaq üçün mütərəqqi liderlik və güclü idarəçilər olmalıdır. Lakin siyasi hakimiyyəti zənginləşmək mənbəyi kimi qəbul edən cəmiyyətdə belə adamların mövcudluğu sual altındadır. Bu isə "ukraynalılar üçün...qapalı dairə üzrə təəssüfedici gəzintini xatırladır" (bax: əvvəlki mənbəyə).

Gərginlik xətti üzrə: Vaşinqton və Moskva israrlıdırlar

Atlantik Şurasının elmi əməkdaşı Anders Aslund daha kəskin proqnoz verərək, iddia edir ki, "Qroysman hökuməti...kifayət qədər peşəkar və islahatlar aparmaq əhval-ruhiyyəsində deyil" (bax: Ian Talley, Laura Mills. Ukraine Appoints New Prime Minister / "The Wall Street Journal", 14 aprel 2016).

Etiraf edək ki, bunlar ciddi ittihamlardır. Əgər Vaşinqton bu mövqeyində qalacaqsa, Kiyevin Qərbdən dəstək alması problemli ola bilər. Lakin bu, heç də o anlama gəlməməlidir ki, Amerika, ümumiyyətlə, Ukraynanın Rusiyanın təsiri altında olması ilə razılaşa bilər. Əksinə, faktlar göstərir ki, rəsmi Vaşinqton Moskvanın Ukrayna ilə bağlı üzərinə götürdüyü öhdəliklərə tam əməl etməsini istəyir.

Bu barədə B.Obama Hannoverdə bir sıra Avropa ölkələrinin liderləri ilə görüşündə deyib ki, "Rusiyanın aqressiyası müstəqil Avropa xalqı olan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü kobud surətdə pozub. Bu, bizim Şərqi Avropadakı müttəfiqlərimizi əsəbiləşdirir... Və bu, görünür ki, "soyuq müharibə"nin başa çatması ilə əldə edilən tərəqqini təhlükə altına atır" (bax: Валерий Ковалевский. Барак Обама: Украина сама выберет свою судьбу; санкции против России сохранятся / "Голос Америки", 25 aprel 2016).

Amerikanın prezidenti fikirlərini inkişaf etdirərək, bəyan edib: "...Ukrayna öz taleyini seçmək hüququna malikdir" (bax: əvvəlki mənbəyə). O, Rusiyanı qonşularını "qorxutmağa deyil, onlarla əməkdaşlıq etməyə" dəvət edib. Əməkdaşlığın böyüklük əlaməti olduğunu vurğulayıb (bax: əvvəlki mənbəyə). Tamamilə aydındır ki, Vaşinqton, bütün şərtlərə rəğmən, Ukraynanı müdafiə edəcək. Ancaq ABŞ Kiyevdən demokratik, şəffaf və islahatçı fəaliyyət də tələb edir. Bu şərt yerinə yetirilmədikcə, Ukrayna rəhbərliyi lazımi dəstəyi ala bilməyəcək.

Deyilənlər müasir mərhələdə Amerikanın Ukrayna siyasətinin məzmununu əks etdirir. Vaşinqton iki aspekti – Ukrayna rəhbərliyinin real islahatlar aparmasını və Rusiyanın "ölkənin suverenliyinə qarşı olan siyasətini" dəyişməsini vəhdətdə görür. Bu, geosiyasi müstəvidə çox maraqlı məqamdır. Belə ki, bununla Qərb öz dəyərlərini hər iki tərəfin – Ukrayna və Rusiyanın qəbul etməsində israrlıdır. Əgər Kiyev Qərbin siyasi dəyərlərini tam qəbul etməsə, onun təhlükəsizliyinin təmin olunmasında problemlər özünü göstərə bilər.

Belə çıxır ki, Kiyev Avropa İttifaqı və NATO ilə əlaqələrin perspektivli olmasını istəyirsə, müəyyən şərtləri mütləq yerinə yetirməlidir. Ancaq məsələni qəlizləşdirən Ukraynada korrupsiyanın yüksək səviyyədə olmasıdır. Oliqarxların maraqları hakimiyyət dəhlizlərinə o dərəcədə nüfuz edib ki, hökumət cəmiyyətin xeyrinə addımlar ata bilmir. Hər yerdə şəxsi maraqlar və kriminal elementlərin müdaxiləsi özünü göstərir. Bu səbəbdən də Ukraynada real islahatların aparılması mürəkkəb prosesə çevrilib.

Rusiya faktoru da başqa bir əhəmiyyətli məqamdır. Bir tərəfdən, iki ölkə tarixən mədəniyyət, siyasi idarəetmə, təhlükəsizliyin təmini kimi aspektlərdə bir-birinə çox bağlıdırlar. Digər tərəfdən isə, Rusiyanın geosiyasi iddiaları və son illər baş verən silahlı toqquşmalar dolaşıq bir vəziyyət yaradıb. Ukraynanın şərqində qarşıdurma davam edir, Moskva da Krımı öz ərazisi kimi hesab etməkdədir. Bunun fonunda ABŞ Minsk razılaşmalarına əməl edilmədiyi təqdirdə, Rusiyaya qarşı sanksiyaların qalacağını qətiyyətlə bildirir. Buraya Amerika Krımın qaytarılmasını da əlavə edib. Kremlin Krımdan imtina etməsi ehtimalının olmadığı haqqında ekspertlərin fikirləri mövcuddur. Moskva bu barədə rəsmi olaraq da qətiyyən düşünmür. Deməli, hələ uzun müddət Ukrayna dünyanın iki böyük geosiyasi gücü arasında çəkişmə obyekti olaraq qalacaq. Bu şəraitdə Şərqi Avropada sabitliyin təmin edilməsi risklərlə müşayiət oluna bilər.

Bunlar onu göstərir ki, Qərb və Rusiyanın Ukrayna siyasətində elə bir dəyişiklik yoxdur. Lakin tərəflər öz şərtlərini daha da sərtləşdiriblər. Vaşinqton Moskvadan Ukraynanın daxili işlərinə qarışmamağı və zəbt etdiyi torpaqları qaytarmağı tələb edir. Moskva isə bunları rədd edərək, Ukrayna siyasətini özünün müəyyənləşdirdiyi xətt üzrə davam etdirir. Bu gərginliyin nə zaman sona yetəcəyi bəlli deyil. Bunun bütövlükdə postsovet məkanına mənfi təsir etməsi ehtimalı isə yüksəkdir.

Newtimes.az

 





18.05.2016    çap et  çap et