525.Az

Günel Anarqızının “Seçilənlər”i təqdim ediləcək


 

Günel Anarqızının “Seçilənlər”i təqdim ediləcək<b style="color:red"></b>

Mayın 19-u, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı-publisist Günel Anarqızının "Seçilənlər" kitabının təqdimatı və musiqili ədəbi gecə keçiriləcək.

Nazirlikdən 525.az-a verilən məlumata görə, kitaba müəllifin 15 il ərzində (2001-2016) qələmə aldığı müxtəlif səpkili yazıları - müsahibə, esse, səyahət qeydləri, xatirə və ithafları daxildir. Bu yazıların əksəriyyəti müxtəlif vaxtlarda Günel Anarqızının yaradıcısı və baş redaktoru olduğu ANS-pressin "El", Mədəniyyət və Turizm Nazirliyinin "Pəncərə (mədəniyyətə baxış)", Diasporla İş üzrə Dövlət Komitəsinin "Ölkəm" jurnallarında, eləcə də başqa mətbu orqanlarda çap edilmişdir. Günel Anarqızı qeyd etdiyi kimi, "Seçilənlər" kitabı onun jurnalistika sahəsindəki fəaliyyətinin oxucular qarşısında bir növ hesabatıdır.

"Seçilənlər" kitabında oxucular dünya şöhrətli yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Elçin, Çingiz Abdullayev, Xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərxad Xəlilov, Altay Sadıxzadənin müsahibələri, korifey musiqiçilər Tofiq Quliyev, Mirzə Babayev, Müslüm Maqomayev, Emin Sabitoğluna həsr olunmuş esselər, unudulmaz şairlərimiz Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, akademik Ziya Bunyadov, Şən və Hazırcavablar Klubunun kapitanı Anar Məmmədxanov, gözəl pianoçu Elmira Səfərovaya və adlarını mədəniyyət tarixinə qızıl hərflərlə həkk etmiş onlarla başqa böyük sənətkarımız haqqında ithaf xarakterli yazılar yer alıb. Ümumilikdə, incəsənətin müxtəlif sahələrini, eləcə də Azərbaycan diasporunun fəaliyyətini əhatə edən və doqquz bölümdən ibarət olan "Seçilənlər"də oxucu 50-dən artıq olduqca maraqlı və oxunaqlı yazıyla tanış ola bilər.

Kitabın təqdimatına həsr olunmuş ədəbi musiqili gecədə kitabda yer alan, seçilən sənətkarlar, opera müğənniləri Fidan və Xuraman Qasımovalar, xanəndələr Alim və Fərqanə Qasımovlar, pianoçu Murad Hüseynov, aktrisa Mehriban Zəki, vokal instrumental "Qaya" qrupu və s.tanınmış artistlərimiz iştirak edəcəklər.

Gecənin aparıcıları Nərgiz Cəlilova və Murad Dadaşovdur.

 





18.05.2016    çap et  çap et