525.Az

Aqrar ixtisaslı məzunlar üçün 8-ci əmək yarmarkası keçirilib


 

ÖLKƏDƏ KƏND TƏSƏRRÜFATININ BİR SIRA SAHƏLƏRİNİN TƏKRAR CANLANDIRILMASI İLƏ AQRAR MÜTƏXƏSSİSLƏRƏ TƏLƏBAT YÜKSƏLƏCƏK

Aqrar ixtisaslı məzunlar üçün 8-ci əmək yarmarkası keçirilib<b style="color:red"></b>

Universitet məzunlarının iş təminatına kömək məqsədilə ölkəmizdə mütəmadi olaraq tələbə-məzun əmək yarmarkaları təşkil olunur.
 
Gəncədə keçirilən növbəti belə yarmarka əsasən gənc kənd təsərrüfatı mütəxəssislərinə ünvanlanıb.

Azərbaycan Dövlət Aqrar Universitetində tədris ilinin sonunda təşkil edilən ənənəvi əmək yarmarkası bu ali təhsil ocağını bu il bitirəcək 1200 nəfərədək məzunun, eləcə də ötən illərin iş tapa bilməyən məzunlarının əmək təminatına kömək məqsədi daşıyıb. Elə yarmarkanın açılışında da bu fikirlər vurğulanıb və ölkədə kənd təsərrüfatının bir sıra sahələrinin dövlətin xüsusi diqqətilə canlandırılması fonunda aqrar mütəxəssislərə tələbatın da artdığı qeyd edilib.

Məzunlar,eləcə də yuxarı kurs tələbələri yarmarkanın müvafiq sektorunda onlar üçün vakansiyalar təklif edən müəssisə və təşkilatlara öz müraciət anketlərini təqdim ediblər. Yarmarkada iştirak edən 130-a yaxın əsasən aqrar istehsalat və maliyyə-iqtisad yönlü müəssisələr tələbə-məzunlara 700-ə yaxın vakant iş yerləri təklif ediblər. İş sorağında olan gənclər də da yarmarkada fəallıq nümayiş etdirməkdən çəkinməyiblər.

"İxtisasım aqronomdur. Artıq universiteti bitirirəm. Bu yarmarkanın üstünlüyü ondadır ki, burada şirkətlər özləri bizə iş təklif edir. Onların nümayəndələri ilə ətraflı söhbət aparmaq mümkündür. Mən də anket göstəricilərimi bir neçə yerə vermişəm. Yəqin nəticə gözləməyə dəyər"- deyə, məzun Elvin Məmmədov bildirir.

Nurcamal İmamverdiyeva isə hələ 4-cü kurs tələbəsidir. Amma bu cür yarmarkalar onun gələcəklə bağlı planlar qurması üçün əlavə fürsətdir.

"Ekologiya mühəndisliyi üzrə təhsil alıram. İndidən iş üzrə sənədlərimi hazırlayıram. Təbiətin qorunması maraqlı və vacib sahədir, burda iş istiqamətləri də çoxdur. Yəqin mənim üçün də iş tapılar"-deyə o, nikbin danışır.

Aqrar Universitetdən bildirirlər ki, bu ilki məzun yarmarkası sayca artıq səkkizincidir.  Amma belə yarmarkalarla yanaşı, aqrar mütəxəssislərin iş tapması məsələsi xüsusi diqqət tələb etdiyindən universitetdə ümumən son dövrlərdəki  məzunların  məlumat bankı da yaradılıb ki, bu da onların məşğulluq məsələlərin nəzarətdə saxlanılmasına imkan verir.

"Məlumat bankı son illər ərzində universiteti bitirmiş məzunlarımızın məşğulluq və ünvan göstəricilərini əhatə edir. Artıq 3 min nəfər məzunumuz haqda ətraflı məlumata malikik. Onların işləyib, işləməməsi məsələləri mütəmadi olaraq araşdırılır. İmkan daxilində həmin şəxslərə iş tapmaqda əlavə kömək olunur"-deyə, universitetin təcrübə və işədüzəltmə şöbəsinin rəhbəri Hümbət Camalov bildirir.

Yarmarkanın işində iştirak edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, son zamanlar dövlətimizin kənd təsərrüfatının strateji istiqamətləri ilə yanaşı ayrı-ayrı sahələrinin inkişafına yeni stimul verməsi ildən-ilə gənc aqrar mütəxəssislərə tələbatı da artıracaq.

"Pambıqçılıq, üzümçülük, baramaçılıq kimi sahələrin inkişafı üçün tədbirlər görülür. Bu və digər istiqamətlərin intensivləşdirilməsi əkin və istehsal sahələrini artıracaq. Bu baxımdan, hesab edirik ki, məhz indiki məzunların üzərinə bu işə töhfə verilməsi üzrə böyük öhdəliklər düşür"-deyə o, bildirib.

Belə yarmarkaların təşkili həmçinin müasir əmək bazarının tələbləri baxımından gənclərin təhsil prosesini başa vurduqdan sonra peşə karyeralarını qurmaq üçün də əhəmiyyətli stimuldur.

Zakir Muradov
Gəncə

 





18.05.2016    çap et  çap et