525.Az

Zəlimxan Yaqubun şeirləri


 

Zəlimxan Yaqubun <b style="color:red">şeirləri</b>

TURAN SEVGİSİ

                     

Ürəyimdə bir dilək var,

O da doğru kəsilsin.

O gün olsun bu göy bayraq,

Turan üstən asılsın!

C.Cabbarlı

              

Turan nədir?

Tur babamın yeri-göyü, yaylası.

“Ergenəkon” işığında

anaların laylası!

              

Turan nədir?

Turanlının yurdu, evi-eşiyi,

Layla ilə dolub-daşan

körpələrin beşiyi.

              

Turan nədir?

Bir millətin bütünlüyü, birliyi,

Əvvəldə də, axırda da

diriliyi, dirliyi!

              

Turan nədir?

Arzumuzun uzaq-uzaq hədəfi,

Qəlbimizin, ruhumuzun

uca şanı-şərəfi.

              

Turan nədir?

Əbədiyyət, uzun yolun yolçusu,

Sabahları açmaq üçün

Xoş xəbərin elçisi.

              

Turan nədir?

Göy üzünün

Göyə sığmaz işığı.

Sönməz Ayı, ulduzu,

dünyanın yaraşığı!

              

Turan nədir?

Sevgimizin solmaz olan rəngidi.

Bizim olan bayraqların

çiçəkdən çələngidi!

              

TURANIN İŞIĞI

 

Vətən nə Türkiyədir türklərə,

nə Türküstan,

Vətən – böyük və mühəbbəd

bir ölkədir, Turan.

              

Z.Göyalp

 

Bir ocaqdı gah alışar, gah sönər,

Od yeridi, kül yeridi Turanım.

Çiçəyi üz, gülü qoxla, barı dər,

Çəmən-çəmən gül yeridi Turanım.

              

Tanrı dağı dağlarının başıdı,

Bəy gölləri gözlərinin yaşıdı.

Altaylardan dünyaya nur daşıdı,

Yurd yeridi, el yeridi Turanım.

              

Ucalığı zirvələrin ağ yeri,

Var-dövləti bağça yeri, bağ yeri.

Yaylaq yeri, aran yeri, dağ yeri,

Dağdan əsən yel yeridi Turanım.

Atilladı, Oğuz xandı – Metedi,

Nərələri ildırımdan ötədi.

Yer üzüdü, okeandı, qitədi,

Bərəkətin bol yeridi Turanım.

              

Qartalları qucağında bəslədi,

İgidləri dağdan-dağa səslədi.

Gözəlliyi naxışladı, süslədi,

Məxmər yurdu, tül yeridi Turanım.

              

Adı gəldi, hey ucaldı boyumuz,

Səsi gəldi, gözəlləşdi soyumuz.

Yaxşı günü sevincimiz, toyumuz,

Nəğmə deyən dil yeridi Turanım.

              

Sirr saxlayan sirdaşıdı dünyanın,

Etibarlı qardaşıdı dünyanın.

Bu başıdı, o başıdı dünyanın,

Ən müqəddəs yol yeridi Turanım,

Tarixlərin bol yeridi Turanım.

              

Gah göyə çəkilər, gah yerə enər,

Yükü sərvət dolu buluddur Turan.

Hələ ki, can atır həqiqətinə,

Ən böyük arzudur, ümiddir Turan.

              

Dənizdi, dəryadı, çaydı, bulaqdı,

Kiməsə yaxındı, kimə uzaqdı.

Dosta ana qoynu isti qucaqdı,

Düşmənə bir qara tabutdur Turan.

              

Tamaşa gün doğub, dan atandadı,

O gün səs yatanda, əl çatandadı.

Əli gün doğanda, gün batandadı,

Görür öz işini, sakitdir Turan.

              

TURANA İNAM

              

Ey türk! Kükrə, özünə dön,

sən özünə dönəndə böyük olursan.

Bilgə Xaqan

 

Günəş qəlbimizdən doğar dünyaya,

İşıqla doludur içimiz bizim.

Dünyanı sevgiylə dolduracağıq,

Hər şeyə dönəndə heçimiz bizim.

              

Tanrıdan Turana verilib bu pay,

Bizim eşqimizdə çağlayacaq çay.

Bizdə danışacaq Günəş, ulduz, Ay,

Hər yerə gələndə ünümüz bizim.

              

Arzular dönəcək durna səfinə,

Uçacaq dünyanın hər tərəfinə.

Həyatın, varlığın şan-şərəfinə,

Birə min çatacaq gücümüz bizim.

              

Sağı var, solu var, yurd-yuvası var,

Öz sazı, öz sözü, öz havası var.

Hələ bu dünyayla bir davası var,

Hələ alınmayıb öcümüz bizim.

              

Önə bax, geriyə yol yoxdur daha,

Şəhidlik müqəddəs, igidlik baha.

Dünya dar gələcək bir padşaha,

Çox uzaq gedəcək kökümüz bizim.

              

Əriyib yolunda ömür də, gün də,

Dayaq biz olmuşuq ağır günündə,

Tarix yaratmışıq tarix önündə,

Yoxdu günahımız, suçumuz bizim.

              

Nə qədər sirr yatır sükut dilində,

İgidlər danışır igid dilində.

Dünəndən söz açır şəhid dilində,

Qəsrimiz, qalamız, bürcümüz bizim.

             

Yersiz öz işimi öyə bilmərəm,

Tarixin qəlbinə dəyə bilmərəm.

Bir ilmi, on ilmi, deyə bilmərəm,

Bir az var tezimiz-gecimiz bizim.

              

Turanın varlığı əzizdən əziz,

Onun hökmündədi bu çay, bu dəniz.

Torpağı sağlamdı, havası təmiz,

Olmaz çürüyümüz, puçumuz bizim.

Dünyaya səs salıb bir igid, bir at,

Min illər beləcə davam edib həyat.

Bizdən işıq alıb qoca kainat,

Yoxdu heç bir kəsə borcumuz bizim.

              

ALP ƏR TONQA – ƏFRASİYAB

              

Ey oğullarım! Mən artıq çox yaşlandım.

Çox savaşdım, Tanrıya borcumu ödədim.

Alp Ər Tonqa

              

Alp Ər Tonqa öldümü?

Bu pis dünya qaldımı?

Fələk öcünü aldımı?

İndi ürək yırtılır.

              

Mahmud Qaşğarlının

divanından

              

Bütün həqiqətlər xəyaldan doğur,

Bütün xəyalların həqiqəti var.

Nə yaxşı səs gəzir dünya üzündən,

Türkün Turan adlı bir sərvəti var.

              

Bu millət Doğudan Batıya qədər,

Bu millət Məğribdən Məşriqə qədər.

Bu millət Altaydan Anadoluya,

Bu millət torpaqdan ulduza qədər

Bu sərvət üstündə bərqərar oldu,

Ucalıq sevənə dost oldu Tanrı,

Ucalıq sevənə Allah yar oldu.

              

Göy yerə ucalıb yer yatanadək,

Gündoğan elindən Gün batanadək.

Bu sərvət həmişə Türkə yar oldu,

Ucalıq sevənə Allah yar oldu.

              

Ey Türk millətinin ulu babası,

Turanın əzəli, ilki sən oldun.

Dünya səndən dedi, səndən eşitdi,

Dünyanın dövləti, mülkü  sən oldun.

              

Mənim Alp Ər Tonqam, Əfrasiyabım,

Tarixə sığmayan tarix kitabım.

Həm baş ucalığım, həm iztirabım,

Tale şan-şöhrətə, taca yaratdı,

Səni ucalardan uca yaratdı.

              

Nə qədər uğurlu ulularımız,

Səndən pərvazlandı, səndən törədi.

Günəşin bu qədər gur yanmağı da,

Ayın bir bu qədər parlaqlığı da,

Turana görədi, Türkə görədi.

              

Sən mənim ən yeni arzularımda,

Sən mənim ən qədim aləmimdəsən.

Yenə də şeirimdə, şeiriyyətimdə,

Yenə dəftərimdə, qələmimdəsən.

              

Neçə min il keçib o vaxtdan bəri,

Yenə də odumda, ocağımdasan.

Canımda, qanımda sənsən dövr edən,

Ruhumda, dilimdə, dodağımdasan.

              

Başlılar baş əydi başın önündə,

Dizlilər diz çökdü dizin önündə.

Qaya da baş əyər, daş da yumşalar,

Vaxtında deyilən sözün önündə.

              

Turan deyiləndə, Turan deyəndə,

İlk Alp Ər Tonqanı xatırlayıram.

Sellə pəncələşən, yellə əlləşən

Şimşəyi, tufanı xatırlayıram.

              

Ağca buludları köhlən at kimi,

Minirdin, çapırdın belədən-belə.

Sevirdin döyüşü bir həyat kimi,

Dönürdün çöllərdə tufana, yelə.

              

Gördü öz işini zəhərin gücü,

Şeytan fitvasına min dəfə lənət.

Cəsarət üz-üzə gələ bilmədi,

Xəyanət öldürdü səni, xəyanət.

              

Sənin ölümünə dünya yas tutub,

Analar saç yolub, aləm ağlayıb.

Dinmək istəyəndə dilə od düşüb,

Yazmaq istəyəndə qələm ağlayıb.

              

Qaşğarlı Mahmuda üz tuturam mən,

Ondan öyrənirəm həqiqətləri.

Çox şeyi azdırıb, dolaşıq salıb,

Keçmişin dumanlı rəvayətləri.

              

Tarix kitabları səndən yazanda,

İşi dolaşdırıb, baş-ayaq salıb.

Düşmənin əlinə qələm keçəndə

Həmişə tarixi  bu sayaq yazıb.

              

Tarix yaradanlar yaratdı, getdi,

Tarixi yazanlar düz yazaydılar.

Rəngindən qan daman hər səhifədə,

Ədalət hökmündə söz yazaydılar.

              

Yaxşı unudulmaz, yaman daşlanar,

Bir ölməz qanun var qoca dünyada.

Cəsarət həmişə at üstündədir,

Xəyanət nifrətlə salınar yada.

              

TURAN MƏDƏNİYYƏTİ

              

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Mədəniyyət, mədəniyyət, mədəniyyət.

H.Cavid

              

“Yol yeridim gündüz-gecə”,

Axşam mənim, sabah mənim.

Ən mübarək yer mənimdi,

Ən müqəddəs dərgah mənim.

              

Suyum bulağın gözüdü,

Sözüm göylərin sözüdü.

Uca Tanrının özüdü,

Hər işimdən agah mənim.

              

Yurdun axar çaylarıdı,

Ağır elli toylarıdı.

Dədə Qorqud boylarıdı,

Savab mənim, günah mənim.

              

Həmi toydu, həmi yasdı,

Dünya mənə qulaq asdı.

Dünyaya sözüm “Manas”dı,

Şeirim kəskin silah mənim.

              

Özünü öyə bilmədi,

Əlləşdi, yeyə bilmədi.

Qəddimi əyə bilmədi,

Nə dərd mənim, nə ah mənim.

              

Məni yardan yarıdandı,

Hər fikrimi arıdandı.

Uca sözüm Yaradandı,

Əziz dostum Allah mənim.

              

Ruhu dünyaya çatan,

Dədə Qorqud nəfəsli,

Qopuz mənəm,

ud mənəm!

Türkün səsinə dönən,

Səsin sözünə dönən,

Kaşğarlı Mahmud

mənəm!

Türkün şah əsəriyəm,

Hikmət dolu, sirr dolu,

“Qutadqu bilik”

mənəm!

Basılmaz ordularda,

Yenilməz birlik

mənəm!

Neçə-neçə ölkəyəm,

Neçə-neçə bölgəyəm,

Daşlara möhür vuran,

Gültəkinəm,

Bilgəyəm!

Mən yurdumun, yuvamın,

Torpağıyam,

göyüyəm!

Doqquz iqlimə bağlı,

Doqquz oğuz

bəyiyəm!

Mövlana dodağında

Oda dönmüş

ney mənəm!

Tarixlərin nişanı,

Orxon Yenisey

mənəm!

Başında yüz min mürüd,

Türküstan yaraşıqlı

Yəsəvi Əhməd

mənəm!

Yer altına çəkilən,

Yer üstünə yaraşıq,

Dillərdə söhbət

mənəm!

İbn-Sina, Fərabi,

Biruni hikməti,

Dünyaya söhbət

mənəm!

Yunis Əmrə dilində

Haqqa çatan

söz mənəm!

Keçmiş nə, gələcək nə,

Yaxşı görən

göz mənəm!

Çiçək üstə arıyam,

Gül üstündə

şeh mənəm!

İstanbul tarixiyəm,

Bu dünya yaşadıqca

İxtiyar Ağ Şəmsəddin,

Gənc olan

Fateh mənəm!

Döyüşdə keçdi ömrü,

Turan demək

deyilmi

Uca Əmir Teymurun

Hər söhbəti,

hər əmri?

Turan dedi ruhumuz,

Gör nə zamandan bəri

Hüseynzadə Əlibəy

Bu ruhun

peyğəmbəri!

Bütöv Turan deməkdir

Ruhumuzun

özülü.

Bütöv Turan deməkdir

Nəvai ilə

Füzuli.

Bütöv Turan deməkdir

Türkün dərdindən

halı

İsmayıl Qaspıralı.

Dünyada qalası deyil

Var-dövlət, mal dünyası.

Qalacaq bu dünyada

Məmməd Akif dünyası,

Yəhya Kamal dünyası.

Görür öz işlərini

Əhməd Cavad dünyası.

“Çırpınır Qara dəniz” –

Fikrin azad dünyası.

Ənvər paşa Turanın

Başında bir

qızıl tac,

Zaman əmrinə

möhtac.

 

Tanrının öz eşqi var

hər ölməz əsərində,

Ruhu üfüqlərdədi,

köklərisə dərində.

Kim sevməz, kim istəməz

dünyanın hər yerində

Sədləri, sərhədləri

qıran mədəniyyəti,

Bax, bu mədəniyyətdir

Turan mədəniyyəti!

              

Pisliyi, yamanlığı

gözlərindən oxladım,

Yaş gəldi yaş üstünə,

min illəri haqladım.

Kirpiyimlə qorudum,

göz üstündə saxladım

Möhtəşəm babalarım

quran mədəniyyəti,

Bax, bu mədəniyyətdir

Turan mədəniyyəti!

Sözü inci, mirvari,

söhbəti ləl deməkdi,

Həqiqətdən göylərə açılan

əl deməkdi.

Pirsultan, Dadaloğlu,

Aşıq Veysəl deməkdi,

İnam mədəniyyəti,

irfan mədəniyyəti,

Bax, bu mədəniyyətdir

Turan mədəniyyəti.

              

Yer üzünə doğmadı,

göy üzündən gələndi,

Göydən enib yenidən

göylərə yüksələndi.

Bir dünyaya sığmayan

neçə əziz kəlmədi,

kitab mədəniyyəti,

Quran mədəniyyəti,

Bax, bu mədəniyyətdir

Turan mədəniyyəti.

              

Onsuz dənizlər coşub,

çağlar çağlaya bilməz,

Əbədiyyət yolunu

heç kəs bağlaya bilməz.

Nə zaman, nə də məkan

tutub saxlaya bilməz,

Sonu bir sonsuzluğa

varan mədəniyyəti,

Bax, bu mədəniyyətdir

Turan mədəniyyəti.

 

ƏNVƏR PAŞA

 

Ənvər bir Günəş kimi doğmuş,

bir qürub ehtişamı ilə batmışdır.

 

ATATÜRK

              

Türkiyə ürəyi, Türküstan canı,

Turanın xəyalı, həqiqəti, hey...

Ölüm qabağına ölməztək gedən,

Türkün böyüklüyü, əzəməti, hey...

              

Qələbə –   havası, çörəyi, suyu,

Qələbə – sevgisi, bayramı, toyu.

Güclərə güc gəlib cəbhələr boyu,

Dönməz  orduların şan-şöhrəti, hey...

              

Qısa bir zamanda ucalıb enən,

Gur bir ocaq kimi alışan, sönən,

Hələ sağlığında dastana dönən

Türküstan elinin rəvayəti, hey...

              

Bircə qəhrəmanlıq min ilin bəsi,

Hər zaman hər yerdən gələcək səsi.

Şəhidlik elminin uca zirvəsi,

Şəhid olanların cəsarəti, hey...

              

Pozan güclü çıxıb, nizam pozulub,

Yazılan nə varsa, tərsə yazılıb.

Bir dosta iki yol qəbir qazılıb,

Hardadı dünyanın ədaləti, hey...

              

Cəhənnəm çevrilib bir cənnət olar,

Ən böyük xəyal da həqiqət olar.

Nə qədər zülm olar, əsarət olar,

Bitsin yer üzünün əsarəti, hey...

              

Turanın qanıyla coşdu, çağladı,

Turanın adıyla ülfət bağladı.

Turanın ruhunu sağlam saxladı,

Buydu şeytan ilə ədavəti, hey...

              

Fikir qanadıdı, xəyal qoludu,

Mənzili Altaydı, Anadoludu.

Onun getdiyi Allah yoludu,

Hələ çox gedəcək söz-söhbəti, hey...

              

Turan ellərində xoş gördük səni,

Dəyməsin bizlərə göz, Ənvər paşa!

Bir az səbir lazım, bir az da möhlət,

Əmələ çevrilər söz, Ənvər paşa!

              

Neməti çoxalır, suyu bol gəlir,

Neçə nəsil gəlir, neçə qol gəlir.

Turan yollardadı, uzaq yol gəlir,

Uzun həsrətlərə döz, Ənvər paşa!

              

Nöqtə qoymaq üçün günahımıza,

Təzədən sarılaq silahımıza.

Salavat çevirək Allahımıza,

Allahın üzüdü üz, Ənvər paşa!

              

Məni qeyrət üstə böyüdüb anam,

Oğuzam, qopuzam, sazam, dastanam.

Turanın içində Azərbaycanam,

Türkün nəfəsiyik biz, Ənvər paşa!

              

Ən böyük Turançı, ən böyük Turan,

Turanın eşqiylə saraylar quran,

Mələklər yanında cənnətə varan,

Yolu Haqqa doğru, düz, Ənvər paşa!

              

Çox fikir eyləmə, Turanım mənim,

Quruyan göylərin yağmağı da var.

Aydın üfüqlərin, gur işıqların

Zülmət qaranlığı boğmağı da var.

              

Qoy xoş üzlə gəlsin il dalınca il,

“Turanam” deməkdən  yorulmasın dil.

Günəşin batmağı qorxulu deyil,

Günəşin təzədən doğmağı da var.

 

QIZILALMA

              

İgidlər qan tökər, bayraq solmaya,

Anadolu başlar Vətən olmaya.

Qızılalmaya hey...

Qızılalmaya!!!

H.İ.Gəncosmanoğlu

              

Ucalıqdı zirvəsində,

Ağ buluddan çalması var.  

Min illəri yola salıb,

Yenə təzə qalması var.

              

Arzuları susmaz bulaq,

Ümidləri sönməz ocaq.

Sabahlardan gəlib soraq,

Xoş xəyala dalması var.

              

Fürsətini verməz yada,

Düşmənləri gedər bada.

Nə yaxşı ki, bu dünyada

Türkün qızıl alması var.

              

De nədir açması Qızılalmanın,

Bu bir xəyaldımı, həqiqətdimi.

Birliyi, dirliyi yaratmaq üçün

Dillərdə dolaşan rəvayətdimi.

              

Simurğ quşudursa, tükü hardadı,

Ən ağır, ən dolu yükü hardadı.

Budağı hardadı, kökü hardadı,

İnsandan-insana hekayətdimi.

              

Bu dəni kim səpib bitirmək üçün,

Bitirmək lazımdı yetirmək üçün.

Dünyanı bir yola gətirmək üçün,

Dünyaya sığmayan cəsarətdimi?

              

Ayaq kənddi, orta kənddi, baş kənddi,

Torpaq kənddi, kərpic kənddi, daş kənddi.

Buxaradı, Səmərqənddi, Daşkənddi,

Harda türk var – orda Qızılalma var.

 

Açar bənddi, qıfıl bənddi, sir bənddi,

Bir ağızdı, bir bərədi, bir bənddi.

Borçalıdı, Dəmir qapı Dərbənddi,

Harda türk var – orda Qızılalma var.

              

Əbədidi sevgimizin əzəli,

Öz başıdı, öz ağlıdı, öz əli.

İstanbuldu almaların gözəli,

Harda türk var – orda Qızılalma var.

              

Onsuz sevgi yarımçıqdı, yarımdı,

Sevincimdi, sevgilimdi, yarımdı.

Yeniseydi, Ana çaydı, Krımdı,

Harda türk var – orda Qızılalma var.

              

Səsi yerdən göyə qalxan əzandı,

Qədimliyin tarixini yazandı.

Avar, çuvaş, yakut, başqırt, kazandı,

Harda türk var – orda Qızılalma var.

              

Qoca dünya tapınağı, tapısı,

Qurulusu yer üzünün yapısı.

Bir qapı da Balkanların qapısı,

Harda türk var – orda Qızılalma var.

              

Cücərəndi, göyərəndi, bitəndi,

Səsi-küyü fələklərə yetəndi.

Neçə-neçə Vətənlərə Vətəndi,

Harda türk var – orda Qızılalma var.

              

Qəzəbindən dəniz kimi qabarar,

Pislikləri məhvərindən qoparar.

Hara getsə bir halallıq aparar,

Harda türk var – orda Qızılalma var.

              

Qeyrətidi malı, mülkü, ağçası,

Bir tarixdi hikmət dolu boxçası.

Qoca dünya Qızılalma bağçası,

Harda türk var – orda Qızılalma var.

              

Ucalığın şahlığıdı, taxtıdı,

Yetişməyin zamanıdı, vaxtıdı.

Qızılalma – Türkün qızıl baxtıdı,

Harda türk var – orda Qızılalma var.

              

Türksüz dünya qanadsızdı, fağırdı,

Onun ruhu bizi Haqqa çağırdı.

Ağırlığı Ağrıdağdan ağırdı,

Harda türk var – orda Qızılalma var.

              

Toxuduğu rəngi solmaz xalıdı,

Tarix onun kimliyindən halıdı.

Bələdçimiz şeyxim Ədəbalıdı,

Harda türk var – orda Qızılalma var.

              

Ağac yaşıl, torpaq zəngin, yurd ulu,

Tarix köhnə, zaman sonsuz, qurd ulu.

Dərdli başı hər bəladan qurtulu,

Harda türk var – orda Qızılalma var.

 

Dilimizin dildən düşməz dastanı,

Onsuz türkün nə ruhu var, nə canı.

Deməsinlər Qızılalma bəs hanı,

Harda türk var – orda Qızılalma var.

 

TURANIM MƏNİM

              

Əvvəl-axır dünya Türkün dünyası

                                                    

Z.Yaqub

              

Kökü bir, xalqı bir, eli bir olan,

Ruhu bir, soyu bir, dili bir olan,

Ötükən düzündə, Qıpçaq çölündə

Sabaha uzanan əli bir olan,

Bozqurddan törəmiş, Buntürkdən gələn,

Bir türkdən törəyən, bir türkdən gələn,

Sorağı uzaqdan, yaxından gələn,

Qırğızdan, özbəkdən, qazaxdan gələn,

Uyğurdan, tatardan, qıpçaqdan gələn,

Çay olub Dəclədən, Fəratdan gələn,

Nağıllı, dastanlı Bağdaddan gələn,

Ulu Malazgirdi, Çanaqqalası

Yenilməz cəbhələr yaranım mənim!

              

Böyük həqiqətdən, xəyaldan gələn,

Sorğudan doğulan, sualdan gələn,

Ağıldan, dözümdən, səbirdən gələn,

Həsrəti Uraldan, Sibirdən gələn,

Kökü ən sərvətli bir yükdən gələn,

Göz yaşı Kərkükdən, Təbrizdən gələn,

Ordusu dəryadan, dənizdən gələn,

Ən kəskin qılıncım, ən ötkün sözüm,

Qalamsan, qəsrimsən, ərkimsən mənim!

Ən odlu marşımsan döyüş günündə,

Ən şirin nəğməmsən, türkümsən mənim!

Harda dayanmısan, hara gedirsən,

Dünyanı yenidən dərkimsən mənim!

Ulu atamızın adı Turandı,

Turandan doğulan Türkümsən mənim!

Neçə min illərdi yol yeriyənim,

Ulu dağım mənim, aranım mənim!

Yerlə göy arası nəfəs ver bizə,

Haqqın dərgahına varanım mənim!

Turanım!

Turanım!

Turanım mənim!

 





18.02.2013    çap et  çap et