525.Az

Azərbaycanda ilk dəfə beynəlxalq rəqs müsabiqəsi keçirilib


 

Azərbaycanda ilk dəfə beynəlxalq rəqs müsabiqəsi keçirilib<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə mayın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin açılışı keçirilib.

Akademiyadan "525"ə verilən məlumata görə, Yaxın Şərq və MDB məkanı üzrə belə bir beynəlxalq sənət yarışması ilk dəfə ölkəmizdə gerçəkləşib.

Mərasimdə görkəmli balerinaya həsr olunmuş «Prima və Mayestro» xoreoqrafik kompozisiyası nümayiş etdirilib. İ.S.Bax, V.A.Mosart, Ə.Bədəlbəyli, Niyazi, F.Əmirov, A.Məlikov və F.Bədəlbəylinin əsərlərindən ibarət kompozisiyada əsas partiyaları xalq artisti Kamilla Hüseynova və prezident mükafatçısı Akif Kərimli ifa edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqəni açıq elan edərək prezident İlham Əliyev tərəfindən Qəmər Almaszadənin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə sərəncam imzalandığını diqqətə çatdırıb. Bildirib ki, BXA görkəmli balerinanın adını daşıyacaq beynəlxalq rəqs müsabiqəsinin keçirilməsi təşəbbüsünü irəli sürüb.

Qeyd olunub ki, Azərbaycanda rəqs məktəbləri və dərnəkləri ötən əsrin 20-ci illərində fəaliyyət göstərməyə başlayıb və sonrakı dövrlərdə bu sənət mühüm inkişaf yolu keçib. 1986-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakı Xoreoqrafiya Məktəbi yeni bina ilə təmin edilib.

Müstəqillik dövründə də milli xoreoqrafiya sənətinin inkişaf etdirilməsi diqqət mərkəzindədir: “2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Mən düşünürəm ki, bu gün keçirilən müsabiqə bizim xoreoqrafiya sənətinin daha yüksək səviyyədə inkişafına və beynəlxalq təcrübə mübadiləsinə təkan verəcək».

Qeyd edək ki, sənət yarışında 6 ölkədən - Azərbaycan, ABŞ, Rusiya Federasiyası, Qazaxıstan, Litva və Ukraynadan 200 rəqqas iştirak edib. Müsabiqə klassik və milli rəqs istiqamətləri üzrə qızlar və oğlanlar arasında iki yaş qrupunda (12-17 və 18-26 yaş arası) və iki turda keçirilib. İştirakçıların çıxışlarını Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Afaq Məlikova, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Rusiyanın Xalq artisti Dikalu Muzakayev, Litvanın Əməkdar artisti Petras Skirmantasdan ibarət münsiflər heyəti qiymətləndirəcək.

Müsabiqəyə mayın 19-da yekun vurulacaq.

Vəfa MƏMMƏDLİ

 





18.05.2016    çap et  çap et