525.Az

O, vətəni, vətən də onu uca tutdu... - Fotolar


 

20 YAŞLI ŞULAN BAYRAMOV ORDUMUZUN APREL ŞƏHİDLƏRİNDƏN BİRİ KİMİ ƏBƏDİYYƏTƏ QOVUŞDU

O, vətəni, vətən də onu uca tutdu... - <b style="color:red">Fotolar</b>

Vətəni qibləgah edən şəhidlər

Aprelin 6-sı idi. Doğma Vətən torpağımızda bizimlə ərazi müharibəsi aparan ermənilərə öz gücümüzü göstərmişdik. Dünya Azərbaycan əsgərinin öz tarixi torpaqlarını geri almaq üçün etdiyi mücadilənin dayandırılmasından yazırdı və danışırdı... Həmin axşam Sumqayıt növbəti şəhidini gözləyirdi. Aprelin əvvəlində Vətən torpağının kiçik bir hissəsini xilas edən əsgərlərimizdən daha biri, Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 4 ünvanında qeydiyyatda olan 1996-cı il təvəllüdlü Şulan Bayram oğlu Bayramovu.

Azərbaycan Bayrağı məhəllədəki insan izdihamında dəniz kimi dalğalanırdı. Şulan yaşda oğlanlar "Dur keç səngəri, Azərbaycan əsgəri!", "Başını uca tut, şəhid atası!", "Başını uca tut, şəhid anası!" deyərək hayqırırdılar. Müharibə istəyirdilər, Şulanın yolunu getmək, vuruşu bitirib, Vətən torpaqlarını geri qaytarmaq əzmini göstərirdilər.

Şulan Bayramovun atası Bayramın və anası Türkanın isə heç nədən xəbərləri yox idi. Qohumlarıgilə qonaq getmişdilər. Türkana qəfil zəng vuran qonşusu ona dedi ki, dur gəl evə, Şulan yaralanıb...

Saray qəsəbəsindən 13-cü mikrorayona qədər olan 10-15 km yol 50-100 kilometrə döndü ata-ana üçün. Məhəlləyə çatanda binalarının qarşısındakı izdihamı gördülər...

Anası Türkan deyir:

-Aprelin 1-i həyat yoldaşımın doğum günü idi. Həmin günü Şulan da hərbi xidmətini bitirib evə qayıtmalı idi. Lakin atasına zəng vurub dedi ki, onları bir az gec buraxacaqlar. Vəziyyətin bu qədər gərgin olduğunu demədi.

Gəldim ki, evimiz adamla doludu. Hələ inanırdım ki, balam sağdır, hələ ümid edirdim. Qonşular, qohumlar da təsəlli verirdilər ki, yalan olar. Ancaq mən yoxluğuna inana bilmirdim. 10 ay idi oğlumu görmürdüm. Səhər tezdən balamı bayrağa bükülmüş tabutda gətirdilər.

Əmisi Akif Bayramov:

- Bizim nəslimiz elə həmişə bu Vətən yolunda əzabkeş olub, yurddan-yurda, eldən-elə köçmək yazılıb taleyimizə. Zəngəzur mahalının Sisyan rayonunun Avdı kəndindənik. Babalarımız sürgünlər, davalar görüblər. Ötən əsrin 1937-ci ilində babamız Ədil kişi repressiya qurbanı olub. Kişini repressiya edəndə 8 uşağı qalıb nənəmizin himayəsində. Böyük nənəmiz repressiya illərində ailələrinin, nəsillərinin, yurdlarının viran qalması, şumlanması, talan-şulan olmasına görə atamın adını Şulan qoyub. Atam isə öz adını qardaşım Bayramın ilk oğluna qoydu ki, ermənilərin bizə qarşı etdikləri viranəliyi, talan-şulanı unutmayaq. Tarix boyu qismətimiz belə yazılıb. Atamın qardaşı Cəmil 1941-45-ci il Vətən Müharibəsində həlak olub. İndi Şulan balamız da o babalarının yolunu getdi, onların taleyini yaşadı... Aprelin 6-da qardaşım Bayram mənə zəng vurdu ki, get evə tez çat, biz də gələcəyik, Şulan gəlir. Mən də uşaqlarımı yığıb dedim ki, gedək Şulanı qarşılamağa. Məhəllədəki izdihamı görəndə dizlərim əsdi... Sən demə qardaşıma zəng vurub, həqiqəti deməyiblər, eləcə deyiblər ki, oğlunuz gəlir... O da çox sadə, fağır adamdır, zəhmətkeş insandır. Ürəyinə başqa bir fikir gəlməyib. Sonradan bilib ki, oğlu həlak olub.

Şulanın atasınun üzünə baxmağa insanda cəsarət lazımdır. O qədər sıxılıb, o qədər sınıxıb ki... Başqa cür ola da bilməz axı... Hər bir ata oğluna, balasına güvənər, oğlu üçün arzular tutar, onu özünə arxa-kömək, nəslinin davamçısı bilər. Bu kasıb evin mərd ailə başçısı olub Bayram. 1992-ci ildə Milli Ordunun könüllülər dəstəsində Naxçıvan bölgəsində Azərbaycanın haqq savaşında vuruşub. İrəvanda evlərini tərk edib gələndən sonra Sumqayıtdakı bu mənzildə məskunlaşıblar. 7 nəfər ikiotaqlı evdə əzab-əziyyətlə yaşayıblar. 1995-ci ildə isə ailə həyatı qurub.

Zəmanənin üzü qara olsun... Evsizlik, işsizlik kimi problemlərin əlində qalan Bayramovların 6 övladının hər birinin evində 2-3 uşaqdan artıq doğulmadı. Bayramın da iki oğlu oldu. Qismətləri ilə barışdılar. Fəhləliklə ailə dolandırdı, bala saxladı. Ata-ana qayğısına qaldı. Özü tikintidə işləyirdi. İşini oğlu Şulana da öyrətmişdi. Gördüyü işlərdə Şulan da ona kömək edirdi. İndi isə hündürboylu Bayramın qəddini əymişdi 19 yaşlı Şulan. Oğlu haqqında iki-üç kəlmə danışa bildi ata:

- Əsgər gedəndən sonra mənə zəng vurdu ki, ən soyuq yer haradır? Dedim ki, Murovdur. Dedi, orda qulluq etmək istəyir. Dedim, ay oğul ora sənlik deyil. Sən demə, mənə zəng vuranda artıq Gəncədə özü ərizə yazıb, Murova düşməsini xahiş edibmiş...

Şəhidin anası Türkan davam etdirir söhbəti:

- Şulan əsgərlikdən məzuniyyətə gəlmişdi. Əmisinin rəhmətə getməsindən xəbərsiz idi. Xəbər biləndən sonra gedib, əmisinin qəbrini ziyarət etmişdi. Oğlu öləndən sonra qaynatam Şulan dayı da xəstə düşdü. Oğlum Şulan onun xəstəliyindən çox məyus olmuşdu. Məzuniyyətdən hərbi hissəyə qayıdandan sonra, hər gün babasının şəklini çəkib ona göndərirdim. İstəyirdi ki, babasından xəbəri olsun. Babası iyulun 29-u rəhmətə getdi, Şulanın da doğum günü iyulun 28-dir. Doğum-ölüm tarixləri ilə istəkli baba-nəvə bir-birinə daha da yaxınlaşdı. Kişi rəhmətə gedəndən 40 gün sonra bildirdim xəbəri ona. Telefonda o qədər ağladı ki... Dedim, istəyirsən səni gətizdirək. Razı olmadı... İstəməzdi ki, atasını artıq əziyyətə salsın. Xərcimiz çıxar deyə, bizi andiçmə mərasiminə də getməyə qoymadı. Çünki atasının necə əzab-əziyyətlə pul qazandığını bilirdi.

Kənarda kresloda oturmuş bir qara örtüklü qadın hey ağlayır, için-için sızlayırdı... Evdəkilər dedilər ki, aprel ayından bu günə kimi gözünün yaşı qurumur. Şulan nənəsi Reyhanın ilk nəvəsi idi.

Reyhan nənə deyir:

- Martın 27-də mənə zəng vurdu. Novruz bayramı münasibəti ilə təbrik etdi. Elə bildim ki, evə buraxılıb. Dedi ki, aprelin 1-i gələcək. Yolunu gözləyirdim, aprelin 3-ü qızım Türkan zəng vurdu ki, ana Şulanı cəbhə bölgəsinə aparıblar. Dedim, inşallah qayıdar, narahat olma. O gecədən sonra qaldım televizorun qabağında, şəhid olan əsgərlərə yandım, Ordumuz üçün dualar etdim... 6-sı gecə oğlum Sumqayıtdan zəng vurdu ki, bilet almışam, uç gəl Naxçıvandan Sumqayıta. Bəs... Şulan yaralanıb. İnanmadım. Başıma-gözümə döyə-dəyə qaldım. Qonum-qonşu gecəylə məni yola saldı... Gəldim gördüm ki, evimiz yıxılıb, tifağımız dağılıb... Hamıyla gedən nəvəm hamıyla qayıtmadı, səhər-səhər tabutda qayıtdı evinə... Mən Naxçıvanda hərbi hospitalda işləyirəm. Nəvəmin əvvəldən arzusu hərbçi olmaq idi. Gəlib bir il yanımda oxudu ki, Naxçıvandakı hərbi məktəbə qəbul olunsun. 1 il oxudu. İmtahan verdi. Hərbi-tibbi müayinədən keçmədi. Gözlərinin zəif olduğunu dedilər. O qədər ağladı ki, bəs arzusu ürəyində qaldı. Sonra Bakıdakı Hərbi Dənizçilik Məktəbinə qəbul olundu. Oranı da oxumadı. Dedi ki, gedib hərbi xidməti başa vursun, sonra gəlib təhsili davam etdirər... Biz nə fikirləşirdik, nələr oldu... Nəvəmlə bağlı o qədər arzularım var idi ki...".

Şulan Vətən torpaqlarının müdafiəsi üçün cəbhə bölgəsinə gedəndə, onun kiçik qardaşı Emin də 4 ay idi ki, hərbi xidmətdə idi. Elə o da təmas xəttinə yaxın yerdə xidmət edirdi. Qardaşının həlak olması xəbərini alan hərbi hissə komandiri Emini vaxtından əvvəl Sumqayıta məzuniyyətə göndərib və deyib ki, qardaşın hərbi xidməti bitirib, atan xahiş edib, gedib onunla görüşüb qayıdarsan. Cibinə yolpulu da qoyub. Sumqayıtda qohumlardan biri Emini şəhər avtovağzalında qarşılayanda uşaq narahatlıq keçirib. Həyətə girəndə isə qardaşının bayrağa bükülmüş tabutunun evdən çıxarıldığını görüb... Əmiləri, atası ilə bir-birinə sarılıb ağlayıblar... 13-cü mikrorayondakı məhəlləyə yığışan insanlar Şulanın tabutunu alqışlarla, dalğalanan bayraqlarla yola salıblar. Emin son dəfə qardaşının tabutunu qucaqlayıb...

Şəhidin əmisi Akif Bayramov deyir:

- Bütün şəhidlərimiz kimi, balamız Şulan da çox böyük hörmətlə, ehtiramla dəfn edildi. İtkimiz çox ağırdır... Şulanın şəhid olması çox arzularımızı yarımçıq qoyub. Atası xəstə bir kişidir. Şulan deyirdi ki, əsgərlikdən gələndən sonra atasına dayaq olacaq, qayğılarını çəkəcək, qoca vaxtı onlara sahib çıxacaq. Bayram özü ata-anasına sahib çıxan kimi... Ümid edirəm ki, bundan sonra dövlətimiz onları diqqətdən uzaq qoymayacaq".

2014-cü ilin avqust ayında mənfur ermənilərlə təmas xəttində yenidən çaxnaşma başlayandan sonra həmin hadisələrdə həlak olan şəhidlərimiz haqqında Şulan Bayramov sosial şəbəkədəki səhifəsində belə bir status yazmışdı:

"11 şəhid bilirsən nə deməkdir?! 11 insan deməkdir, 11 can deməkdir, 11 ailənin ümidi deməkdir, 11 ananın gözünün işığı deməkdir, 11 atanın gözünün dikdiyi nöqtə deməkdir, 11 ailənin 11 ayrı telefondan gələn zəngdən aldığı bəd xəbər və o xəbərlə həyatlarının məhv olması deməkdir, 11 valideynin sevinərək qucaqlaya bilmədiyi övlad deməkdir, 11 gələcək ailə başçısının ailə qurmadan həyata gözünü yumması deməkdir, artıq yoxdu o 11 gənc. 11 düşmən silahından açılan atəş nəticəsində məhv olmuş 11 igid candır... artıq 11 cənazə 11 yerdə torpağa əmanət edilmiş şəhiddir. 9 milyonluq Azərbaycan xalqının yaddaşına əbədi yazıldılar. Allah rəhmət eləsin..."

İndi Bayramovlar ailəsinin ağrılarıdır Şulanın yazdığı bu sözlər. Şulan Bayramov və apreldəki qalibiyyət vuruşlarında şəhid olanlar xalqımıza Qələbə sevincini yaşatdılar. Ağrı isə elə gənc Şulanın sağlığında yazıb qoyduğu həmin ağrıdır...

 





19.05.2016    çap et  çap et