525.Az

"Kooperasiya ilə kolxoz-sovxozları səhv salırlar"


 

KOOPERATİVLƏRLƏ BAĞLI BƏLƏDİYYƏLƏR QARŞISINDA DA VƏZİFƏLƏR QOYULDU

"Kooperasiya ilə kolxoz-sovxozları səhv salırlar"<b style="color:red"></b>

"Bəzən bir sıra savadlı insanlar, yoldaşlar da kooperasiya ilə keçmiş kolxoz-sovxozları səhv salır, bunları bir-birinə qarışdırırlar. Kənd təsərrüfatı kooperasiyaları da kolxoz-sovxoz, onun bərpası demək deyil".

Bunu parlamentin Aqrar siyasət komitəsinin mayın 18-də keçirilən iclasında sözügedən komitənin sədri Eldar İbrahimov "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədrinin dediyinə görə, üzü ABŞ-dan tutmuş qabaqcıl, inkişaf etmiş Avropa ölkələrinə kimi hamısında kooperasiya sistemidir:

"Biz də özümüzü Avropanın koopereasiya sisteminə uyğunlaşdırmaq istəyirik, müvafiq qanunumuz da məhz Avropanın analoji qanunvericiliyi əsasında və yerli xüsusiyyətlər nəzərə alınmaqla hazırlanıb".
 
E.İbrahimov adıçəkilən qanunun hazırlanmasına 2010-cu ildən başlanıldığını, hətta 2011-ci ildə Almaniyanın kooperasiya sistemi və qanunvericiliyi ilə tanışlıq üçün həmin ölkəyə səfər edildiyini bildirib.
 
Onun sözlərinə görə, həmin vaxtdan rəhbərlik etdiyi komitə, həmçinin, Prezident Administrasiyasının (PA) müvafiq şöbələri və Kənd Təsərrüfatı Nazirliyi ilə bir yerdə sözügedən qanun layihəsinin hazırlıqlarına başlanılıb və sənəd nəhayət, 2015-ci ilin dekabrında parlamentdə birinci oxunuşdan keçirilərək ikinci oxunuşa tövsiyə olunub.

Həmin müddətdən ötən dövr ərzində qanun layihəsi üzərində ciddi təkmilləşdirmələr aparıldığını bildirən komitə sədri onu da xatırladıb ki, bu sənədin tam yenidən işlənilməsi üçün ölkə Prezidentinin müvafiq sərəncamı var:

"Bildiyiniz kimi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamı var və orada bu qanunun yenidən işlənməsi də öz əksini tapıb. Ona görə bunu yeni, torpaq islahatı qanunvericiliyi kimi inqilabi qanun, yeni islahat  kimi qəbul etmək olar.Burada da məqsəd keçmiş kolxoz-sovxozları bərpa etmək deyil, ölkənin kənd təsərrüfatını inkişaf etdirmək, ərzaq təhlükəsizliyini təmin etməkdir".

O, xatırladıb ki, hətta, dövlət başçısı tərəfindən ölkədə 50 iri təsərrüfatın yaradılması ilə bağlı tapşırıq da var:

"Artıq bu istiqamətdə də işlərin görülməsinə başlanılıb. Qəbələdə, Ağcabədidə artıq belə təsərrüfatlar yaradılıb və onların fəaliyyətində müsbət nəticə ortadadır. Əvvəllər iri supermarketlərimizdə özümüzün istehsalı olan süd və süd məhsullarına rast gəlmək mümkün olmazdı. Hamısı demək olar xaricdən gətirilən məhsullar idi. İndi şükürlər olsun ki, öz məhsullarımız bazarımızda üstünlük təşkil edir, öz məhsullarımız öz bazarımızı təmin edir. Artıq həm də neftdən əl çəkməliyik, indi qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirməliyik.

Prezident özü də neft dövrünün artıq arxada qaldığını bildirdi. Ona görə də  kənd təsərrüfatının inkişafına və bu inkişafı təmin edəcək iri fermer təsərrüfatlarının, kooperasiyaların yaradılmasına nail olmalıyıq. Heç kimin də torpağı əlindən alımır, bu, hər kəsin öz şəxsi mülkiyyətidir, sadəcə, məhsul istehsal etmək üçün birləşib iri fermer təsərrüfatı yaradırlar. Bunun başqa adı yoxdur. Neftdən də, digər faydalı qazıntılardan da gələcək gəlirlərimiz olacaqsa və ya gəlməkdə davam edəcəksə,  lap yaxşı. Amma neft, digər faydalı qazıntılar qurtara bilər, torpaq qurtara bilməz.Odur ki, torpaqdan da düzgün istifadə etməyi bacarmalıyıq. Bu qanunun hazırlanması və qəbulunda da başlıca məqsəd budur".

Millət vəkili  Hüseynbala Mirələmov isə deyib ki, qazdan, neftdən sonra kənd təsərrüfatı, kooperasiyadır. "Bildiyiniz kimi, cənab Prezident özü çıxışında dedi ki, qaz yoxdur, neft yoxdur, bunları artıq unudun. Ona görə bu gün ən vacib sahə kənd təsərrüfatı, kooperasiyalardır" - deyən, millət vəkili eyni zamanda, adıçəkilən qanun layihəsinin parlament müzakirələrinə gecikdirilməsindən təəssüfləndiyini bildirib:"Bu qanun çoxdan qəbul edilməliydi. Biz çox geçikmişik. Bu gün bir nömrəli məsələ kənd təsərrüfatı, bir nömrəli qanun bu qanundur. Bu qanunun uzun müddətdən bəri müzakirələrə təqdim olunmasını da ləngidənlər, gecikdirənlər məsuliyyət hissini itirən insanlardır. Bu, çoxdan olmalıydı, bunun tezliklə qəbuluna ciddi ehtiyac var".

Sözügedən komitənin sədr müavini Eldar Quliyev də öz növbəsində bildirib ki,  çox təəssüflər olsun ki, bəzən həm media orqanları, həm də hətta, bəzi tanınmış alimlər, elmlər doktorları, professorlar belə kooperasiyalarla kolxozları, sovxozları eyniləşdirirlər. "Bəzən, həm alimlərimiz, həm də media işçilərimiz sual verirlər ki, kooperasiyalar kolxoz-sovxozların təkrarı, bərpası deyil" -  deyən E.Quliyevin bildirdiyinə görə, bunlar əslində tamamilə fərqli-fərqli məsələlərdir. "Kooperasiyalar kolxoz-soxvozlar demək deyil. Bunları bir-birinə qətiyyən qarışdırmaq olmaz. Bu sahənin mütəxəssisi kimi bu məsələni bilərəkdən, qəsdən və ya bilməyərəkdən bir-birinə qarışdıran insanlara məlumat vermək istəyirəm ki, kooperasiyanın tarixi iki əsr öncəyə gedib çıxır.İlk dəfə dünyada kooperasiya sistemi, kooperativlər İngiltərədə, Londonda təşkil edilib, sonra isə bundan digər Avropa ölkələri faydalanıblar. Azərbaycanda isə ilk dəfə kooperativlər 1898-ci ildə Naxçıvanda və Gəncədə təşkil olunub. Kolxoz-sovxozlara gəlincə,  onlar SSRİ-nin yaradılmasından, Azərbaycanın və digər ittifaq respublikalarının bolşevik işğalından sonra, 1928-32-ci illər arasında yaradılıb.  Hətta, kooperativlərin, bu sistemin İsveçrənin Cenevrə şəhərində alyansı, ofisi var, ildə də ən azı bir-iki dəfə geniş toplantıları olur. Ona görə də bu məsələni qarışdırmaq, başqa səmtə yönəltmək lazım deyil" -  deyə, E.Quliyev daha sonra sözlərinə əlavə edib.

Ümumiyyətlə, qeyd edək ki, adıçəkilən qanun layihəsinə ikinci oxunuşda 6 yeni maddə əlavə edilib. İkinci oxunuşda qanun layihəsində artıq kənd təsərrüfatı kooperativlərinin 3 növü - istehsal, istehlak və istehsal-istehlak (qarışıq) kooperativləri əksini tapıb və onların fəaliyyət prinsiplərinə aydınlıq gətirilib.

Kənd təsərrüfatı istehsalı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə şəxsi əməyi ilə iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşməsi ilə yaradılan kommersiya hüquqi şəxsdir. İstehsal kooperativlərində işlərin ən  azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. İstehsal kooperativində muzdlu işçilərin sayı kooperativin əsas üzvlərinin sayının 30 faizindən (mövsümi işlərə cəlb edilənlər istisna olmaqla) çox ola bilməz. Həmçinin, istehlak kooperativi kənd təsərrüfatı məhsullarının istehsalçıları olan fiziki və ya hüquqi şəxslərin kənd təsərrüfatı sahəsində fəaliyyəti dövründə üzvlərinin xərclərinin azalmasına və  gəlirlərinin artmasına, onların iqtisadi maraqlarının müdafiəsinə  yönəlmiş xidmətlərin təşkili üçün birləşməsi yolu ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. İstehsal-istehlak (qarışıq) kooperativ kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı ilə bağlı birgə təsərrüfat fəaliyyətini həyata keçirmək, üzvləri istehsal vasitələri və maddi-texniki resurslarla təmin etmək, onlara iqtisadi, sosial və digər tələblərini ödəmək məqsədi ilə xidmətlər göstərmək üçün yaradılan kommersiya hüquqi şəxsdir. Qanun layihəsinin ikinci oxunuşunda dövlətin kənd təsərrüfatı kooperasiyası sahəsində vəzifələri də artırılıb.

Bu vəzifələrə dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək və şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının etibarlı ödənilməsi üçün şəhər və kənd bələdiyyələri və onların ittifaqları arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə əməkdaşlığın genişləndirilməsi daxildir.

Bələdiyyələr qarşısında da yeni vəzifələr müəyyən edilib. Bələdiyyələr kooperativin müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmalı,  yarmarkaların təşkili üçün yer verməli, mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etməlidir.

Qanun layihəsinin ikinci oxunuşunda həmçinin, kooperativ bazarların təşkili barədə maddə əlavə edilib. Kooperativlərin səmərəli fəaliyyətini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kooperativ bazarlar təşkil ediləcək.Kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı (ticarəti) ilə məşğul ola istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərəcək.  Kooperativ bazarların yaradılması və onlara torpaq ayrılmasını müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirəcəklər.

Kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə yol verilməyəcək. Eyni zamanda qeyd olunub ki,  Azərbaycanda kənd təsərrüfatı sahəsində kooperativlərin yaradılması könüllüdür.

Qanun layihəsi geniş müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





19.05.2016    çap et  çap et