525.Az

TUSİAB İdarə Heyətinə yeni sədr seçildi


 

TUSİAB İdarə Heyətinə yeni sədr seçildi<b style="color:red"></b>

Mayın 14-də "Hilton Baku" otelində Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) 21-ci Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov TÜSİAB-ın geniş fəaliyyəti ilə daim yaxından maraqlandığını deyib. O, bu qurumla əməkdaşlığı inkişaf etdirəcəklərini bildirərək yeni seçiləcək İdarə Heyətinə müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov çıxışında bildirib ki, TÜSİAB ölkəmizdə qurulan ilk sahibkar təşkilatlardan biri kimi geniş fəaliyyət göstərib və Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının inkişafına öz töhfəsini layiqincə verib.

20-ci dönəm İdarə Heyətinin sədri olaraq kürsüyə dəvət edilən Yavuz Keleş Azərbaycanla Türkiyənin strateji müttəfiqliyinin möhkəm təməllər üzərində qurulduğunu söyləyib. O, TÜSİAB cəmiyyətinin bir iş adamları cəmiyyəti olaraq bu müttəfiqliyə daim sadiq qaldığını və öz töhfəsini verdiyini xüsusilə qeyd edib. Y.Keleş Prezident İlham Əliyevin başlatdığı iqtisadi islahatların Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirəcəyinə əminliyini qeyd edərək türkiyəli iş adamlarının bu qərara daim dəstək olacaqlarını xüsusilə vurğulayıb.

Daha sonra TÜSİAB üzvlərinin iştirakı ilə səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Polat Yol Yapı Sənaye Ticarət A.Ş.-dən Cəlil Polat İdarə Heyətinin sədri, 15 nəfər isə idarə heyətinin üzvü seçiliblər. Eyni zamanda qurumun Nəzarət-Təftiş və İntizam Komissiyalarının üzvləri də səsvermə ilə müəyyənləşdirilib.

Yığıncağın sonunda Divan Heyəti və TÜSİAB üzvləri İdarə Heyətinin sədri Cəlil Polatı sədr seçilməsi münasibətilə təbrik ediblər.

İdarə Heyətinin sədri Cəlil Polat da öz növbəsində yeni İdarə Heyəti ilə birlikdə TÜSİAB-in fəaliyyətini qaldığı yerdən davam etdirəcəklərini, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının daha da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

Sabir BAXŞALIYEV

 





19.05.2016    çap et  çap et