525.Az

Davudoğlu nə üçün gedir?


 

Davudoğlu nə üçün gedir?<b style="color:red"></b>

May ayının 2-də Türkiyə Prezidenti Rəcəb Təyyub Erdoğanın tərəfdaşları Erdoğan və baş nazir Əhməd Davudoğlu arasındakı gərginlikləri və fikir ayrılıqlarını 27 maddə ilə "Pelikan dosyası'' ("Qutan faylı'') adı altında yaydılar.

Bu faylda Erdoğandan sonra partiya sədri olacaq şəxsin təyin edilməsi üçün keçirilən imzatoplamada 1-ci Abdullah Gül, 2-ci Binali Yıldırım, 3-cü isə Əhməd Davudoğlunun adının çıxdığını ancaq Erdoğanın Davudoğlunu seçdiyi bildirilir.

Davudoğlunun Erdoğanın hökumətin idarəçiliyində hər mövzuya müdaxilə etməsindən narahat olduğunu, ancaq müdaxilənin qarşısını ala bilmədiyi mətbuat tərəfindən irəli sürülür. Davudoğlu Ədalət və İnkişaf partiyası (AKP) sədrliyinə gətirilsə də hakimiyyətdə yetərli qədər güc toplaya bilmədi. İddialara görə ətrafında əsasən Ərdoğana yaxın olan şəxslər yer aldı.

İndiyə qədər bir çox məsələlərdə fikir ayrılıqları olan Erdoğan və Davutoğlunun arasındakı mübarizə daha da dərinləşdi. Hətta Erdoğanın öz yaxın çevrəsinə AKP-nin sədrliyinə imzaların toplandığı zaman Davudoğlunun yerinə hal-hazırda nazir olan Binali Yıldırımı seçmədiyi üçün peşman olduğunu dediyi iddia edilir.

"Reuters'' xəbər agentliyinin məlumatına görə Erdoğan tərəfindən AKP Mərkəz Qərarvermə və İdarəetmə Heyətinin (MKYK) partiyanın əyalət və mahal  başçılarının  təyin etmək səlahiyyəti Baş nazir Əhməd Davudoğlundan alaraq MKYK-a verilməsi münasibətləri daha gərginləşdirdi. Adını açıqlanmasını istəməyən AKP rəsmisi "Reuters''ə bildirdiyinə görə bu qərar Davudoğlunun partiya üzərindəki gücünü zəiflətdi. AKP-nin sözçücü Ömer Çelik isə bunun sadəcə texniki bir addım kimi qəbul edilməsini xarakterizə etmişdi.

Vəziyyət get-gedə gərginləşdi. Gərginliyin pik nöqtəsi olan "Pelikan dosyası''nın yayılmasından sonra Davudoğlu açıqlama verərək lazım olarsa vəzifəsindən gedə biləcəyinə işarə etdi.[iii] Bir çoxları bunu istefa siqnalı kimi qəbul etdi.

Faylın yayılmasından sonra Erdoğanla Davudoğlu 4 may tarixində baş vermiş məsələləri müzakirə üçün bir araya gəldilər. Türkiyədəki ekspertlər tərəfindən belə bir fikir səsləndirildi ki, Davudoğlu bu görüşdə Erdoğana istefasını təqdim edib, lakin Erdoğan bunu qəbul etməyib. Erdoğanın bu istefanın gücünə zərər gətirəcəyini düşündüyünü və bunun üçün onun fövqəladə qurultay istədiyi iddiaları ortaya atıldı.

Erdoğanla görüşdən sonra Davudoğlu 5 may tarixində Mərkəzi İdarə Heyətini topladı. İclasdan sonra keçirilən mətbuat toplantısında 20 ay baş nazir olmuş Davudoğlu vəzifəsindən gedəcəyini, AKP-nin fövqəladə qurultayının 22 may tarixində olacağını və bu qurultayda yenidən namizəd olmayacağını bəyan etdi.

Görünən odur ki, hər iki tərəf rejimdə böhran yaşanmasını istəmir. Yəni Davudoğlu istefa ilə deyil yumşaq keçidlə hökuməti təhvil vermək niyyətindədir.

Davudoğlunun dəyişdirilməsinin səbəbləri nədir?

İngiltərənin "Financial Times'' qəzeti Erdoğan-Davudoğlu qarşıdurmasının əsas səbəbinin Avropa İttifaqı ilə əldə edilən viza razılığı olduğunu iddia edir. İddiaya görə Davudoğlu cari ilin mart ayında kansler Anqela Merkelə Yunanıstana keçən bütün miqrantları geri ala biləcəkləri təklifini edib. Bu sürpriz siyasi manevrin Erdoğanla məsləhətləşmədən edilməsi təəccüblə qarşılanıb. "Financial Times''dakı xəbərə görə Erdoğan bu razılığa məsafəli davranıb. Məqalənin müəllifləri Davudoğlunun risk etdiyini və iyuna qədər Avropa vizasız giriş sözünü tutmasa onun işinin itirəcəyini bildiriblər. Davudoğlunun sözçüsü isə bunun əsassız olduğunu qeyd edib.

4 may tarixində Avropa Komissiyasının Avropa ittifaqı ölkələrinə və MEP-lərə Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvini tövsiyə etdiyi bəyan edildi. İyun ayının 30-dək bütün şərtlər yerinə yetirilərsə Türkiyə vətəndaşları Avropa İttifaqına vizasız girə biləcəklər. Türkiyə siyasətində qarışıqlığın yaşandığı bir zamanda Avropa tərəfindən belə bir bəyanatın yayılması təsadüfi olmaya bilər.

Ardınca isə Birləşmiş Krallığın Baş naziri Devid Kameron Türkiyənin illərlə Aİ-yə üzv olmayacağını bəyan etdi.

İngiltərənin "The Times'' qəzeti isə Erdoğanın bu addımı erkən seçimlərə gedərək referenduma qədər konstitusiyanı dəyişdirmək istədiyi üçün atdığını yazıb. Qəzetə görə Erdoğan Türkiyənin parlamentli idarəçilik yerinə prezident sistemi ilə idarə edilməsini istəmiş ola bilər və Davudoğlunun getmə səbəbi prezident respublikası yolunda konstitusiya islahatına qarşı çıxmasıdır.

Amerikanın "Times'' jurnalı isə daha fərqli versiya irəli sürərək Erdoğanın Türkiyənin regionda və əsasən Suriyadakı apardığı siyasətin əks təsirini, Türkiyənin terror hücumlarına məruz qalmasını, sərhəd ərazilərinin İŞİD raketləri ilə atəşə tutulmasını və regionda dostlarının sayının azalmasını Davudoğlunun üzərinə atmaqla bu uğursuzluqlardan kənarda qalmaq istədiyini yazır.

Bir sıra ekspertlər Erdoğanın Rusiya ilə münasibətləri düzəltmək istədiyini düşünür. Ekspertlərə görə bunun üçün Erdoğan Davudoğlunu qurban vermiş ola bilər.

May ayının 4-də Davudoğlu "Al-Jazeera'' xəbər agentliyinə verdiyi müsahibəsində Rusiya ilə bağlı məsələlərə toxunmuş, lazım gələrsə Suriyada quru qoşunları istifadə edərik deməkdən belə çəkinməmişdi.

Rusiya ilə hətta əvvəlkindən daha yaxşı münasibətlər düzəltmək istədiklərini də dilə gətirmişdi.

Rusiya isə cavabı gecikdirməmiş, Serqey Lavrov Rusiya hava qüvvələrinin Suriyada olduğu müddətcə, Türkiyə, Səudiyyə Ərəbistanın Suriyada quru əməliyyatları aparması mümkün deyil bəyanatını vermişdi.

Davudoğlunun vəzifəsindən getmək məsələsinə isə ilk reaksiya Rusiya Dövlət Dumasının Xarici əlaqələr Komitəsinin rəhbəri Aleksey Puşkovdan gəldi. Puşkov Davudoğlunun vəzifəsindən getməsi iki ölkə arasındakı münasibətlərə çox da təsir etməyəcək deyərək, Rusiya-Türkiyə böhranın Prezident Ərdoğanın davranış və qərarı nəticəsində yarandığını bəyan etdi.

Davudoğlunu kim əvəz edəcək?

Davudoğlu vəzifəmdən gedirəm dedikdən sonra onun kiminlə əvəzlənəcəyi Türkiyə gündəmini ən məşğul edən mövzularındandır.

Hal-hazırda nəqliyyat naziri Binali Yıldırımın, Ədalət naziri Bekir Bozdağın, Erdoğanın kürəkəni enerji naziri Berak Albayrakın, səhiyyə naziri Mehmet Müezzinoğlu, hökumətin sözçüsü Numan Kurtuluşun və AKP sədr müavini Mustafa Şentopun adları çəkilir.

Bir sıra ekspertlərə görə Erdoğan baş nazir vəzifəsinə Binali Yıldırımı gətirməyi düşünürdü. Lakin son günlərdə Binali Yıldırımın oğlunun qumar oynadığı xəbəri Binali Yıldırımın şanslarını azaltmış ola bilər.

Bundan başqa kürəkəninin təyin edilməsi məsələsi Avropada müsbət qarşılanmaya bilər.

Newtimes.az
Ramil Tağıyev

 





19.05.2016    çap et  çap et