525.Az

Qubada yeni avtomobil yolları salınır


 

Qubada yeni avtomobil yolları salınır<b style="color:red"></b> “Azəravtoyol” ASC tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Rustov kəndindən 4 istiqamətdə (Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar) 27 kilometrlik yolların tikintisi aparılır.
 
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 13 km olacaq Rustov-Xanəgah-Gürdəh avtomobil yolunun mövcud 6 kilometrlik hissəsi torpaq örtüklüdür. 7 kilometrlik hissəsində isə dağların və meşələrin arası ilə yeni yol salınır. 5,5 kilometrlik Rustov-Bağçalı-Yekdar avtomobil yolu da torpaq örtüklüdür.
 
2,5 kilometrlik Rustov-Məckəxacə və 6 kilometrlik Rustov-Nöydün-Şuduq avtomobil yolları isə çınqıl örtüklüdürlər. Hər bir 4 istiqamətdə gedən yolların mövcud eni 4-5 metr arası dəyişir. Layihə çərçivəsində 2 hərəkət zolaqlı yolun yatağının eni genişləndirilərək 10 metrə çatdırılacaq, nəticədə yolun hərəkət hissəsinin eni 6 metr olacaq. Hər iki istiqamət üzrə 2 metr enində çiyinlərin də tikilməsi nəzərdə tutulub.
 
Aparılan tikinti işləri çərçivəsində Rustov kəndində 2 körpü inşa edilib. Körpülərin birinin uzunluğu 9 metr, digərinin isə 18 metrdir. Hər iki körpünün ümumi eni 9,4 metr, hərəkət hissəsinin eni 7 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də qurulub. Daha bir körpünün inşası isə Rustov-Nüydün-Şuduq yolunda aparılır. Bu körpünün də uzunluğu 18 metr, ümumi eni 9,4 metr, hərəkət hissəsinin eni isə 7 metr olacaq. Rustov-Bağçalı-Yekdar yolunda isə 1 ədəd su keçidinin inşası yekunlaşmaq üzrədir. Hazırda hər 4 istiqamət üzrə yolların altından suların ötürülməsi üçün 36 ədəd 300 mm, 78 ədəd 500 mm və 12 ədəd 1000 mm diametrlik su ötürücü boruların tikintisi də aparılır.
 
Bundan başqa, yolların genişləndirilməsi başa çatdırılaraq, yol yatağının və yol əsasının inşası, yamacların kəsilməsi işləri gedir.
 
Qeyd edək ki, sözügedən avtomobil yollarının salınması ilə 12 yaşayış məntəqəsinin 6 mindən artıq əhalisinin Quba şəhərinə gediş-gəlişi xeyli asanlaşacaq. Yeni yolların tikintisi bölgənin turizm potensialının artmasına, kənd təsərrüfatının inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.
 





20.05.2016    çap et  çap et