525.Az

Təyyarə qəzasını təhqiq edən komissiya hadisə yerində iş aparır


 

Təyyarə qəzasını təhqiq edən komissiya hadisə yerində iş aparır<b style="color:red"></b>

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycanın “Silk Way” şirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması səbəblərini təhqiq edən komissiyası hazırda aviaqəzanın baş verdiyi yerdədir.

Bu barədə AZƏRTAC-a Dövlət Administrasiyasından məlumat verilib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimovun başçılıq etdiyi komissiya Əfqanıstan mülki aviasiya xidmətinin nümayəndələri ilə birlikdə hadisənin təfsilatını öyrənir. Komissiya həm də həlak olmuş pilotların cəsədlərinin vətənə çatdırılması məsələsi ilə məşğul olur.

Aviaqəza mayın 18-də yerli vaxtla saat 14:30 radələrində Əfqanıstanın Dvayer aeroportunda baş verib. AN-12 təyyarəsi havaya qalxarkən maneə ilə toqquşub və qəzaya uğrayıb.

Təyyarə Əfqanıstanın daxilində yükdaşımaların yerinə yetirilməsi üçün “Silk Way” şirkətindən icarəyə götürülüb. Baqrandan (Əfqanıstan) Dvayerə gəlmiş təyyarə əlavə yanacaq doldurmaq üçün Marı şəhərinə (Türkmənistan) getməli idi. Təyyarədə yük olmayıb.

Təyyarədəki 9 nəfər heyət üzvündən 7-si həlak olub.

 





20.05.2016    çap et  çap et