525.Az

Vyana görüşü ilə bağlı verilən bəyanatlar ümidvericidir


 

"PREZİDENTLƏRİN İYUN AYINDA GÖRÜŞMƏSİ İLƏ BAĞLI RAZILAŞMA MÜƏYYƏN İRƏLİLƏYİŞLƏRİN ƏLDƏ EDİLDİYİNİ GÖSTƏRİR"

Vyana görüşü ilə bağlı verilən bəyanatlar ümidvericidir<b style="color:red"></b>

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Vyana görüşü bir sıra pozitiv məqamlarla yadda qalıb.

Əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə danışıqlarda ABŞ dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Endryu, eləcə də ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak ediblər. Bu, aprel döyüşlərindən sonra vasitəçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivləşdiklərinin, məsələyə daha ciddi yanaşdıqlarının göstəricisi sayılmalıdır.

Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun 2-5 aprel tarixlərində 2000 ha ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olunub. Ermənistan Vyana danışıqlarına qədər ciddi cəhdlə orduların təmas xəttinin 1994-cü ilin mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışıb, əks halda beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edib. Buna qədər Ermənistan bütün beynəlxalq müzakirələrin formal olduğunu nümayiş etdirib, heç bir vəchlə danışıqlar masası arxasında ciddi müzakirələr aparmayacağını göstərib. Lakin Azərbaycan ordusunun aprel qələbəsi Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur edib. Eyni zamanda bu zəfərdən çıxış edərək qeyd etmək olar ki, ATƏT-in Minsk Qrupu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün təzyiq göstərməyə başlayıb. Artıq Ermənistan və ATƏT-in Minsk Qrupuna üzv dövlətlər anlayıblar ki, mövcud status-kvonun zaman limiti bitib, danışıqları uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün olmayacaq.

Azərbaycan atəşkəsin müqaviləsinin imzalandığı 1994-cü ildən bu yana işğalçı Ermənistanla danışıqları davam etdirməklə regionda sülhün tərəfdarı olduğunu nümayiş etdirib. Buna görə də, danışıqlar heç bir nəticə verməsə, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməsə və Azərbaycan beynəlxalq hüquqa dayanaraq torpaqlarını müharibə yolu ilə işğaldan azad etsə, heç bir xarici qüvvə rəsmi Bakının sülh tərəfdarı olduğunu inkar edə bilməyəcək. Bu reallığı dərk edən vasitəçi dövlətlər Ermənistanı danışıqlar masasına oturmağa məcbur ediblər.

Cəbhədə son döyüşlərdə Ermənistan ordusunun yaşayış məntəqələrini, mülki əhalini hədəfə alması, xəstəxanaları, məktəbləri, əkin sahələrini bombardman etməsi, eləcə də dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən, kimyəvi silahdan istifadə etməsi bilavasitə işğalçı ölkənin gücünü deyil, acizliyini göstərməklə bərabər onların əleyhinə işləyən addımlar olub. Çünki bu faktlar vaxtında təsbit edilərək dəfələrlə beynəlxalq ictimaiyyətin, ATƏT üzvü olan dövlətlərin nəzərinə çatdırılıb. Təkcə vasitəçi dövlətlərin deyil, ümumilikdə Dağlıq Qarabağ ətrafında baş verən hadisələri işıqlandırmaq üçün bölgəyə səfər edən xarici media mənsublarının gözü ilə bütün dünya ictimaiyyəti şahidi olub ki, Ermənistanın təxribatlarına qarşı Azərbaycan düşmənin hərbi obyektlərini hədəfə almaqla cavab verib. Son aprel hadisələri zamanı da ordumuzun qarşısında qoyulmuş tələblərdən biri də Dağlıq Qarabağda yaşayan mülki əhalinin hədəfə alınmaması ilə bağlı olub.

Ona görə də ekspertlərin gəldiyi qənaət belədir ki, Vyana danışıqları aprelin əvvəllərində Azərbaycan ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır.

Vyana görüşü ilə bağlı Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, uzun müddətlik fasilədən və aprelin əvvəllərində cəbhə xəttində baş verənlərdən sonra ATƏT-in Minsk Qrupu bu görüşü keçirməyə böyük maraq göstərirdi. O "SİA"ya bildirib ki, prezidentlərin iyun ayında görüşməsi ilə bağlı razılaşma müəyyən irəliləyişlərin əldə edildiyini göstərir: "Lakin bunun nədən ibarət olduğunu demək çətindir. Ortada Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktoru var və düşmən ölkə qoşunlarını torpaqlarımızdan çıxarmayana, ərazi bütövlüyümüzü tanımayana qədər ölkəmiz tərəfindən hər hansı güzəşt edilməyəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da görüşlə bağlı fikirlərini bildirərkən qeyd edib ki, problemin mərhələli yolla həll edilməsi çox vacibdir. Azərbaycan bu varianta etiraz etmir. Hər halda, ən pis sülh ən yaxşı müharibədən üstün sayılır. Əgər Ermənistan tərəfindən konstruktiv mövqe nümayiş etdirilərsə, Azərbaycan danışıqları davam etdirməyə hazırdır. Ancaq Ermənistan bilməlidir ki, o, əvvəlki kimi danışıqları uzadacaq və yaxud danışıqlara maraq görüntüsü yaradacaqsa, o zaman Azərbaycan başqa yollar seçmək məcburiyyətində qalacaq".

Gələn aya baş tutacağı gözlənilən görüşlə əlaqədar fikirlərini bildirən A. Mirzəzadə bununla bağlı ciddi hazırlıqların getdiyini dilə gətirib: "Birinci görüşdə hansısa nəticələr əldə etdiyimizə görə ikinci görüşə getmək olar. Artıq düşmən ölkədə də bilirlər ki, Ermənistanın torpaqları qaytarmaqdan başqa çıxış yolu yoxdur. İşğal olunmuş əraziləri nəzarətdə saxlamaq ildən-ilə Ermənistan üçün daha da çətinləşir. Bunun üçün maliyyə vəsaiti tələb edilir. Yeganə variant torpaqları qaytarıb, status məsələsini isə sonrakı mərhələdə müzakirə etməkdir". 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün bütün mahiyyəti bizə tam bəlli deyil: "Şübhəsiz ki, danışıqlar prosesinin ictimaiyyətə açıqlanmayan məqamları da var. Amma orada verilən bəyanatlar ümidvericidir".

Politoloq bildirib ki, ABŞ, Rusiya təmsilçilərinin, bütövlükdə isə bütün vasitəçilərin proseslərin gedişi ilə bağlı pozitiv bəyanatları var: "Hətta növbəti danışıqların baş tutacağı təqdirdə problemin həllinə xeyli yaxınlaşacağı fikirləri də səsləndirilir. Bunların nə qədər real olub-olmadığını zaman göstərəcək. Təcrübəmizindən çıxış edərək bir məqama xüsusi olaraq diqqət çəkmək mümkündür ki, indiyədək belə bəyanatlar çox verilib. Hər prosesdən sonra danışıqlar prosesinin irəliləcəyi, problemin həll olunacağı barədə ATƏT rəsmiləri, həmsədrləri tərəfindən ümidverici bəyanatlar səsləndirilib. Bundan sonra da Ermənistanın məlum davranışları nəticəsində proses yenidən pozulub".

E.Mirzəbəyli hesab edir ki, indiki şəraitdə reallıqlar fərqlidir: "Burada Azərbaycanın öz mövqelərini möhkəmləndirməsi qabarıq şəkildə görünür. Bu, həm hərbi müstəvidə, həm də siyasi, beynalxalq müstəvidə də özünü büruzə verir. Təbii ki, bu reallıqlar Ermənistanın mövqeyinə də müəyyən təsir göstərir. Nəzərə almaq lazımdır ki, Ermənistan müstəqil siyasət yürüdən dövlət deyil".

E. Mirzəbəyli əlavə edib ki, Ermənistan hər hansı bir formada ciddi qərarlar qəbul etmək imkanında və potensialında deyil: "Əgər regional, beynəlxalq güclər bu prosesdə Ermənistana təzyiqlərini davam etdirərlərsə və onu münaqişənin həlli istiqamətində konkret addımlar atmağa sövq edərlərsə, o zaman təbii ki, prosesin irəliləməsində müəyyən qədər irəliləyişə nail olmaq olar. Ümumiyyətlə bu danışıq prosesi Azərbaycan üçün son mərhələdir. Ermənistanın təxribatlarına qarşı həyata keçirilən əməliyyatlar ona görə dayandırıldı ki, Azərbaycan beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarını eşitdi və sülh danışıqlarına sadiq olduğunu bəyan etdi. Lakin bu bəyanat, prinsiplər ölkəmizə növbəti mərhələdə daha sərt addımlar atmağa imkan verir".

Ceyhun ABASOV

 





20.05.2016    çap et  çap et