525.Az

Şəhidin medalı atasına təqdim olundu


 

Şəhidin medalı atasına təqdim olundu<b style="color:red"></b> Bu ilin aprel ayında qoşunların təmas xəttində qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlının qırx mərasimi keçirilib.
 
Binəqədi Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, mərasimdən öncə Fəxrəddin Qurbanlının ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin atası Seyfəddin Qurbanlıya təqdim olunub.
 
Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Mehman Qurbanov mərasimi açaraq Fəxrəddin Qurbanlının timsalında bütün şəhidlərin qəlbimizdə, xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını və heç zaman unudulmayacağını vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə erməni faşizmi üzərində böyük qələbənin işğal altından azad olunmuş əzəli torpaqlarımızda gerçəkləşəcəyinə əminlik ifadə edib.
 
Şəhidin atası S. Qurbanlı dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, Fəxrəddinin tək özünün deyil, həm də Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu qeyd edib.
 
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Madər Musayev, Azay Quliyev, Kamaləddin Qafarov, Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 





20.05.2016    çap et  çap et