525.Az

Roqozin erməni lobbisinin hədəfindədir


 

“PUTİN BİR GÜN ROQOZİNİ İSTEFAYA GÖNDƏRSƏ BELƏ, ONUN YERİNƏ TƏYİN OLUNACAQ ŞƏXS AZƏRBAYCANLA HƏRBİ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏCƏK”

Roqozin erməni lobbisinin hədəfindədir<b style="color:red"></b>

“Kreml rəsmiləri içərisində Azərbaycana ən çox səfər edən Rusiya baş nazirinin müavini Dmitri Roqozindir. Bu, Roqozinin Azərbaycan-Rusiya hökumətlərarası birgə komissiyasının həmsədri olmasından irəli gəlir”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu mayın 18-də Bakıda Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Prezident İlham Əliyevlə keçirdiyi görüşü şərh edərkən deyib. Onun sözlərinə görə, Roqozin İlham Əliyevlə görüşdə Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirib.

Politoloq bildirib ki, Roqozin Azərbaycana budəfəki səfərinin məqsədini iki ölkə arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi ilə izah edib: “Roqozin hazırda Rusiya və Azərbaycan üçün maraqlı və perspektivli ola biləcək maşınqayırma sahəsinə aid birgə layihə ilə bağlı iki ölkə arasında müzakirələr aparıldığını deyib. Öz növbəsində İlham Əliyev Rusiya ilə əməkdaşlığın mövcud potensialının daha da artırılması üçün yaxşı imkanların olduğunu vurğulayıb”.

E.Şahinoğlu qeyd edib ki, Dmitri Roqozinin Bakıya tez-tez səfərlər etməsi Ermənistan hakimiyyətini və Rusiyadakı erməni lobbisinin təsiri altında olan qüvvələri narahat edir: “Aprel ayında cəbhə bölgəsində döyüşlər zamanı Azərbaycan ordusunun Rusiyanın müasir silahlarından istifadə etməsi Ermənistanda narazılıqla qarşılanıb. Buna cavab olaraq Roqozin Ermənistandakı siyasi qüvvələrin demaqogiya ilə məşğul olduğunu deyib. Roqozin həm də onu söyləyib ki, Rusiya Azərbaycana silah satmasa, Azərbaycan bu silahı başqa ölkədən alacaq və Bakı həmin ölkə ilə müttəfiq olacaq. Başqa sözlə Roqozin həmin ölkənin NATO üzvü ola biləcəyinə işarə edib”.

Mərkəz sədri hesab edir ki, Dmitri Roqozin bu gün də Ermənistanın və erməni lobbisinin əsas düşmənidir: “Çünki Bakı məhz Roqozinin vasitəçiliyi sayəsində Rusiyadan müasir silahlar alır. Burada İrəvanın anlamadığı amil var. Roqozin Azərbaycanla əməkdaşlığı sayəsində Rusiyaya milyardlarla dollar qazandırır. Rusiya hakimiyyəti bu gəlirlərdən imtina etmək istəmir. Rusiya müdafiə sənayesinin əldə etdiyi gəlirdə Azərbaycanın payı 5-7 faiz arasındadır”.

Politoloq deyib ki, Rusiya prezidenti Vladimir Putin son müşavirədə Roqozinə “qalstukunu düzəlt” sözləri ilə tənqid edib: “Bundan əvvəl isə Rusiya kosmik gəmisinin uçuşunun bir gün ləngiməsinə görə də Roqozin tənqid olunub. Çünki Rusiyada kosmik sənayeyə də Roqozin cavabdehdir”.

Roqozinin son günlər Kreml rəsmiləri və Kremlin nəzarətində olan media tərəfindən tənqid olunmasını Ermənistanı və erməni lobbisini sevindirdiyini deyən politoloq bildirib ki, ermənilərin fikrincə, bu tənqidlərdən sonra Putin Roqozini istefaya göndərəcək və bununla Rusiya-Azərbaycan hərbi əməkdaşlığına son qoyulacaq: “Roqozin qatı rus millətçisidir, vaxtilə millətçi partiyanın yaradıcılarından biri olub. Roqozin Qərbin siyasətini kəskin tənqid edənlərdəndir, amerikalı və avropalı rəsmiləri təhqir etməkdən də çəkinmir. Bu mənada Roqozinin Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verməsi onun praqmatik maraqlarından irəli gəlir. Roqozin Rusiyanın gəlirini artırır. Ona görə də Putin bir gün Roqozini istefaya göndərsə belə, onun yerinə təyin olunacaq şəxs də Azərbaycanla hərbi əməkdaşlığı davam etdirəcək. Buna görə də İrəvanın və erməni lobbisinin vaxtından əvvəl sevinməsi üçün əsas yoxdur”.

Ceyhun ABASOV

 





21.05.2016    çap et  çap et