525.Az

Milli Məclis Amnistiya aktı qəbul etdi


 

AMNİSTİYA AKTININ MÜƏLLİFİ, MİLLƏT VƏKİLİ MEHRİBAN ƏLİYEVA: “MƏRHƏMƏT TƏKCƏ ÇƏTİNLİYƏ DÜŞMÜŞ İNSANA YARDIM ETMƏK DEYİL, HƏM DƏ MƏSULİYYƏTLİ QƏRAR QƏBUL ETMƏKDİR”

Milli Məclis Amnistiya aktı qəbul etdi<b style="color:red"></b>

Dünən Milli Məclisin (MM) xüsusi iclası çağırılıb. Buna səbəb millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 28 May - Respublika Günü ilə bağlı “Amnistiya aktı” layihəsinin qəbulu yönündə müraciəti olub.

Müraciətdə qeyd olunur ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatında mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olub: “Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirib və Azərbaycanın müstəqil dövlət kimi dünyanın siyasi xəritəsinə yazılmasında və tanınmasında müstəsna xidmətləri olub. Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmamışdan öncə Ümummilli lider Heydər Əliyev Xalq Cümhuriyyətinin ideyalarını yaşadaraq, onun varisi olduğunu təsdiq etmiş və Naxçıvana rəhbərlik etdiyi dövrdə Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq dalğalandırılıb. Azərbaycan xalqının xoşbəxtliyi onda olub ki, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə - 1993-cü il iyunun 15-də dünya şöhrətli siyasətçi və müdrik dövlət xadimi Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib”.Qeyd edək ki, müraciətdə göstərilib ki, aparılan təhlillərə əsasən təqribən 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır. Belə ki, qərar layihəsinə əsasən, yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər, bu şəxslərdən başqa müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli  cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər, islah işləri növündə cəza təyin edilmiş şəxslər, ictimai işlər növündə cəza təyin edilmiş şəxslər, əsas cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş şəxslər, əsas cəza kimi 2 min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və bu qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi 2 min manatdan artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər amnistiya tətbiq edilənlərin dairəsinə düşəcək.

Millət vəkili Mehriban Əliyeva iclasda çıxışı zamanı bildirib ki, bu Amnsitiya aktına düşən məhkumlar bundan sonra öz məsuliyyətlərini dərk edəcəklər və eyni zamanda bir daha belə səhvə yol verməyəcəklər: “  Onlar azadlığa çıxandan sonra hər birimizin borcudur ki, onların cəmiyyətə inteqrasiya olunmasına kömək edək. Mərhəmət təkcə çətinliyə düşmüş insana yardım etmək deyil, həm də məsuliyyətli qərar qəbul etməkdir”.

Birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, 1995- ci ildən bu günə kimi ölkədə 61 əfv sərəncamı, 10 amnistiya aktı qəbul olunub: “ Bu günə kimi Heydər Əliyev Fondu tərəfindən üç dəfə Amnistiya aktı layihəsi ilə təşəbbüsü ilə çıxış edib və bu dördüncü Amnistiya aktı layihəsidir”.

MM-in Hüquq siyasəti və dövlət quruculuğu sədri Əli Hüseynli isə bildirib ki, əgər sonuncu Amnistiya aktına əsasən 2000 -ə yaxın insan tam azadlığa buraxılırdısa, bu dəfə isə onların sayı 3000-ə çatacaq: “Bütövlükdə isə bu akt 10 min məhkuma şamil ediləcək”.

 Millət vəkili  Fərəc Quliyev bildirib ki, bu amnistiya aktı həm də humanizm aktıdır və bu Qarabağ danışıqlarında, münaqişənin diplomatik həll yolunda Azərbaycanın müsbət mənada manevr imkanlarını artıracaq, prosesə öz töhfələrini verəcək.

Millət vəkili Zahid Oruc qeyd edib ki, Amnistiya aktının müəllifi hörmətli Mehriban Əliyeva artıq ölkə prezidentinin siyasətini tamamlayan bir fəaliyyətin iştirakçısına çevrilib: “Bu, həm də bir xanım tərəfindən edilən təşəbbüsdür. Bu qərarın əhatə dairəsindən hamıya pay düşür. Hamı bağışlamağı bacarmalıdır. Siyasi partiyalar da, biz millət vəkilləri də bağışlamağı bacarmalıyıq”.

Millət vəkili Rafael Cəbrayılov isə Amnistiya aktı ətrafında diletant fikirlərin səsləndirilməsinə narazılığını bildirib: “Bəziləri elə fikir səsləndirir ki, akt hamıya şamil olunmalıdır, amma bu, belə deyil. Bura xüsusi təhlükəli cinayətə yol vermiş məhkumlar salına bilməz”.

 Millət vəkili Çingiz Qənizadə qeyd edib ki, Azərbaycanda bu günə 24 min məhkum var: “Bu kifayət qədər Azərbaycan üçün böyük rəqəm idi. Elə Mehriban xanımın da təşəbbüsü yerinə düşdü və olduqca dəyərlidir”.

Millət vəkili Siyavuş Novruzov çıxışında keçmiş iqtidarın ünvanına söz atıb: “O zaman ən təhlükəli cinayətkarları azadlığa buraxmışdılar. Adını da qoymuşdular ki, guya gedib Qarabağda cəbhədə döyüşəcəklər. Amma belə olmadı, böyük əksəriyyəti yenidən cinayətə yol verdilər. Ancaq ümummilli liderin dövründən bu günə kimi verilən əfv və ya amnistiya aktları cəmiyyət üçün təhlükəli olmayan, öz əməllərindən peşman olan məhkumlara həvalə olunur”.

Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, Amnistiya aktı ilə bağlı çıxanların statistikası göstərir ki, onlar əməllərindən peşman olublar və bir daha xətaya yol vermirlər: “Onlar aldıqları mesajları düzgün dərk ediblər və çox yaxşı haldır  ki, yenidən cinayət əməllərinə yol verməyiblər. Yeniyetmələrin həbsxanada uzun müddət qalması yaxşı nəticə verməzdi. Budəfəki Amnistiya aktında onlara da şans verilir. Yəni, onların böyük əksəriyyəti amnistiya aktının dairəsinə düşəcəklər. İnanırıq ki, aksiya müsbət töhfələrini yenə də cəmiyyətə verəcək”.

Müzakirələrin sonunda Amnistiya aktı layihəsi səsə qoyulub və qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





21.05.2016    çap et  çap et