525.Az

Azərbaycana qarşı oynanılmış çirkin ssenari indi Gürcüstana qarşı tətbiq edilir


 

GƏLƏCƏKDƏ RUSİYA, ABŞ VƏ FRANSA KİMİ QÜDRƏTLİ DÖVLƏTLƏRİN DƏ ERMƏNİLƏRİN SEPARATÇILIQ XƏYANƏTİ İLƏ ÜZLƏŞƏCƏYİ İSTİSNA DEYİL

Azərbaycana qarşı oynanılmış çirkin ssenari indi Gürcüstana qarşı tətbiq edilir<b style="color:red"></b>

Azərbaycanla Ermənistan ordusu arasında cəbhədə baş verən aprel döyüşlərindən sonra tərəflərin razılığa gələrək danışıqlar masası ətrafında əyləşəcəyi sual doğururdu.
 

Əgər Ermənistan buna qədər danışıqlarda iştirak edib qeyri-konstruktiv mövqeyini davam etdirirdisə, aprel ayının əvvəllərində təmas xətti boyu ermənilərin törətdikləri təxribatların qarşısının qətiyyətlə alınması və işğal altında olan ərazilərin kiçik bir qisminin geri qaytarılması səbəbilə hərbi xunta beynəlxalq birliyi və o cümlədən, Azərbaycanı danışıqlara son qoyacağı ilə hədələməyə başladı. Bundan əlavə, düşmən ölkə növbəti dəfə Dağlıq Qarabağda yaradılan qondarma rejimin “müstəqilliyi”ni tanıyacağını, eləcə də nüvə silahı əldə edəcəklərini bildirərək vəziyyətini daha da qəlizləşdirdi. Nəticədə, vasitəçi dövlətlərin qəzəbinə tuş gələn Ermənistan danışıqlar masasına oturduldu. Bu, işğalçı ölkə rəhbəri Serj Sarkisyanın zəif iradəli olmasıyla bərabər siyasi səbatsızlığının da göstəricisi sayıla bilər. Sarkisyandan fərqli olaraq dünya siyasi arenasında xüsusi nüfuza malik Prezident İlham Əliyevin dəfələrlə danışıqlar xatirinə danışıqlar masasına əyləşməyəcəyini bəyan etdiyini nəzərə alsaq, ölkə başçısının Vyana danışıqlarına razılıq verməsi görüşün gündəmində olan mövzuların münaqişənin həllində müsbət irəliləyişlərə yol açacağına işarə edirdi. Gözlənildiyi kimi, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü bir sıra pozitiv məqamlarla yadda qaldı. Əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə danışıqlarda ABŞ dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Endryu, eləcə də ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak etdilər. Bu, aprel döyüşlərindən sonra vasitəçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivləşdiklərini, məsələyə daha ciddi yanaşdıqlarını göstərir.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun 2-5 aprel tarixlərində 2000 ha ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ermənistan Vyana danışıqlarına qədər ciddi cəhdlə orduların təmas xəttinin 1994-cü ilin mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışırdı, əks halda beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edirdi. Buna cavab olaraq ATƏT-in Minsk Qrupu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün təzyiq göstərməyə başladı. Artıq Ermənistan və ATƏT-in Minsk Qrupuna üzv dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, danışıqları uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün olmayacaq.

Azərbaycan atəşkəsin müqaviləsinin imzalandığı 1994-cü ildən bu yana işğalçı Ermənistanla danışıqları davam etdirməklə regionda sülhün tərəfdarı olduğunu nümayiş etdirdi. Buna görə də, danışıqlar heç bir nəticə verməsə, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməsə və Azərbaycan beynəlxalq hüquqa dayanaraq torpaqlarını müharibə yolu ilə işğaldan azad etsə, heç bir xarici qüvvə rəsmi Bakının sülh tərəfdarı olduğunu inkar edə bilməyəcək. Bu reallığı dərk edən vasitəçi dövlətlər Ermənistanı danışıqlar masasına oturmağa məcbur etdilər.

Cəbhədə son döyüşlərdə Ermənistan ordusunun yaşayış məntəqələrini, mülki əhalini hədəfə alması, xəstəxanaları, məktəbləri, əkin sahələrini bombardman etməsi, eləcə də dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən, kimyəvi silahdan istifadə etməsi bilavasitə işğalçı ölkənin gücünü deyil, acizliyini göstərməklə bərabər onların əleyhinə işləyən addımlar oldu. Çünki bu faktlar vaxtında təsbit edilərək dəfələrlə beynəlxalq ictimaiyyətin, ATƏT üzvü olan dövlətlərin nəzərinə çatdırıldı. Təkcə vasitəçi dövlətlərin deyil, ümumilikdə Dağlıq Qarabağ ətrafında baş verən hadisələri işıqlandırmaq üçün bölgəyə səfər edən xarici media mənsublarının gözü ilə bütün dünya ictimaiyyəti şahidi oldu ki, Ermənistanın təxribatlarına qarşı Azərbaycan düşmənin hərbi obyektlərini hədəfə almaqla cavab verir. Son aprel hadisələri zamanı da ordumuzun qarşısına qoyulmuş tələblərdən biri də Dağlıq Qarabağda yaşayan mülki əhalinin hədəfə alınmaması ilə bağlı idi.

Ona görə də ekspertlərin gəldiyi qənaət belədir ki, Vyana danışıqları aprelin əvvəllərində Azərbaycan ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır.

Prezidentlərin görüşü ilə bağlı danışan Milli Məclisin deputatı Çingiz Qənizadə qeyd edib ki, Vyanada keçirilən danışıqlar Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesini həyata keçirən ATƏT-in Minsk Qrupunun və onların təmsil olunduğu ölkələrin siyasi dairələrinin təşəbbüsü ilə baş tutdu. O “SİA”ya bildirib ki, bu, Azərbaycanın aprelin əvvəllərində əldə etdiyi hərbi uğurların sözügedən dövlətləri narahat etməyə başladığını göstərir: “Bu narahatlıq Azərbaycanın xeyrinədir. Onlar artıq Azərbaycanın hərbi gücünü, lazım gəlsə, atəşə atəşlə deyil, hücumla cavab vermək imkanına malik olduğunu gördülər. Ermənistan prezidenti görüşdən sonra İrəvana qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində etiraf etdi ki, aprelin əvvəllərində Azərbaycan ordusu  böyük bir ərazini işğaldan azad etdi. Lakin o, bu dəfə də xalqına yalan danışaraq bunun 2000 hektar deyil, 800 hektar ərazidən ibarət olduğunu söylədi. O ki, qaldı Vyana görüşünə, bəzi detallar konfidensial xarakter daşıdığı üçün açıqlana bilməz. Lakin indiyədək Azərbaycan Prezidentinin Dağlıq Qarabağ məsələsində mövqeyi bizə deməyə əsas ver ki,  ermənilər problemin sülh yolu ilə həllinə məcbur ediləcək.  Bütün hallarda qəbul ediləcək qərar dövlətimizin milli maraqlarına xidmət edəcək”.

Ç.Qənizadə də hesab edir ki, Vyana danışıqları aprelin əvvəllərində Azərbaycan ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir:

İyun ayında baş tutması gözlənilən növbəti görüş haqqında fikirlərini bildirən deputat söyləyib ki, bu müddət ərzində ermənilər daha dərindən düşünə bilərlər: “Artıq həm Ermənistan, həm də ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib və bu vəziyyəti uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil. Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişəni istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Bu baxımdan  hesab edirəm ki, iyun ayında  münaqişənin sülh yolu ilə  tənzimlənməsi istiqamətində atılacaq uğurlu addımların şahidi olacağıq”.

Artıq dünya birliyi başa düşür ki, münaqişə uzun müddət həll olunmamış qala bilməz. Çünki işğalçı ölkənin “böyük Ermənistan” yaratmaq xülyaları bitmək bilmir ki, bilmir. Azərbaycanın tarixi İrəvan və Zəgəzur torpaqlarında özlərinə dövlət yaradan ermənilərin bir qismi işğal etdikləri Dağlıq Qarabağı əllərində saxlayacaqlarını zənn edərək Qafqazda növbəti etnik separatçılıq fəaliyyətinə başlayıblar. Bu işdə onlara dəstək verən erməni lobbisidir.

Hələ 2000-ci illərin əvvəllərindən ermənilər Gürcüstanın separatçı Abxaziya regionunda abxazlardan çox olduqlarını, Abxaziyanın “müstəqilliyi” uğrunda mübarizə apardıqlarını bildirir və hakimiyyətə şəriklik iddiası ilə çıxış edirdilər. Artıq ermənilərin hakimiyyətdə təmsilçilik həvəsi ərazi iddiaları ilə əvəz olunub. Adı Dağlıq Qarabağdakı separatçı hərəkatla bağlı olan “Krunk” təşkilatı Abxaziyanın Qulrıpş, Oçamçire, Tkuarçal bölgələrində muxtariyyət yaratmaq istəyir. Gürcüstanın ermənilərin kompakt halda məskunlaşdığı Cavaxetiya vilayətində də analoji fəaliyyət davam edir. Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağdakı separatçılığa göz yumması davam edəcəyi halda ermənilərin yaşadığı hər bir yerdə “öz müqəddəratlarını təyin etmək” uğrunda mübarizə aparacaqları təkzibolunmaz reallığa çevrilir. Erməni separatçıları uzun onilliklər, bəzən əsrlər boyu bir ölkədə məskunlaşaraq “sadiq icma”, “etibarlı vətəndaş” obrazı yaradır, həmin dövləti zəiflətməyə çalışır, cəhdləri baş tutanda isə dərhal ərazisinin bir hissəsini qoparıb “öz müqəddəratlarını təyin etmək” iddiası qaldırırlar. Vaxtilə Bizansa, sonra Osmanlı dövlətinə, Azərbaycana qarşı oynanılmış çirkin ssenari indi də Gürcüstana qarşı tətbiq edilir. Artıq Ukraynanın Lvov və separatçı Krım bölgələrində də bu ssenarinin tətbiq edilməsinə hazırlıqlar aparılır. Rusiya, ABŞ və Fransa kimi qüdrətli dövlətlərdə yaşayan ermənilər bu gün həmin ölkələr üçün “sadiq icma” rolunu oynayırlar, lakin gələcəkdə bu dövlətlərin də separatçılıq xəyanəti ilə üzləşəcəyi istisna deyil. Ona görə də, dünya gücləri Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli mövqe tutmalı, Ermənistanın işğal siyasətinin qarşısını almalı, təcavüzkarı, özgə torpağa göz dikən qəsbkarı öz yerində oturtmalıdır.

Ceyhun ABASOV

 





21.05.2016    çap et  çap et