525.Az

“Aparılan pul-kredit siyasəti narahatlıq doğurur”


 

VAHİD ƏHMƏDOV: “PUL-KREDİT SİSTEMİNDƏ, BANK SEKTORUNDA YARANMIŞ VƏZİYYƏT KOMPLEKS ŞƏKİLDƏ MÜZAKİRƏ OLUNMALIDIR”

“Aparılan pul-kredit siyasəti narahatlıq doğurur”<b style="color:red"></b>

“Kifayət qədər sanballı və mükəmməl qanun layihəsi hazırlanıb. Hesablama Palatasının rəyi də vaxtında daxil olub”.

Bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında “2015-ci iln dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, millət vəkilləri də sənədlə tanış olublar: “Qeyd edim ki, 2015-ci ildə dünyada gedən məlum iqtisadi proseslərlə bağlı Azərbaycanda da müəyyən qədər sıxıntılar yaşanmışdı, amma buna baxmayaraq, həmin müddətdə ölkəmizdə heç bir layihənin icrası dayandırılmamışdı, qarşıya qoyulan vəzifələrin icrası yönündə addımlar atılmışdı. Yəni, Azərbaycan iqtisadiyyatı öz inkişaf yolu ilə addımlamaqda davam etmiş və bu gün də etməkdədir”.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, 2015- ci ildə dünya üzrə iqtisadi artım göstəriciləri pişləməyə doğru gedib. Nazir qeyd edib ki, bunun Azərbaycan iqtisadiyyatına da müəyyən təsirləri olub:

“Bank sektorunun maliyyə dayanıqlığı zəifləyib. Bütövlükdə isə əsas öhdəliklərin maliyyə təminatına nail olunub. İcmal büdcənin gəlirləri 18, 4 milyard manat, xərcləri isə 21 milyard manat icra olunub.

Qeyri-neft daxilolmaları üzrə 2015-ci il üçün 7 milyard, yaxud 107,8 faiz icra edilib. Ümumiyyətlə, qeyri- neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi büdcədə 41, 6 faiz təşkil edib”.

Nazir həmçinin bildirib ki, hökumət 2015-ci ilin ortalarından qənaət rejiminə keçib: “Ancaq sosial öhdəliklərin tam icrası təmin olunub. Bəzi lüzumsuz xərclər, investisiya layihələri isə təxirə salınıb. Bunun hesabına xərclərin qənaətinə nail olunub”.

“2015-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı Dövlət Statistika Komitəsinin, Mərkəzin  Bankın, həmçinin, nüfuzlu beynəlxalq maliyyə mərkəzlərinin göstəriciləri də nəzərə alınıb”. Bunu Milli Məclisin keçirilən iclasında “2015-ci iln dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının  sədri Vüqar Gülməmmədov deyib. Palata sədri deyib ki, dünyada yaşanan məlum qlobal maliyyə-iqtisadi proseslərin, böhranın ötən il  Azərbaycan iqtisadiyyatına da müəyyən təsirləri olub və nəticədə də 2015-ci il tədiyə balansının həssaslığının artması, orta inflyasiya həddinin daha da artması, manatın məzənnəsinin aşağı düşməsi  kimi amillərlə səciyyələnib. Onun sözlərinə görə, lakin bütün bunlara baxmayaraq, ölkə başçısının düşünülmüş siyasəti,  iqtisadiyyatda şaxələndirmə və digər məqamlar nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafında dayanıqlılıq təmin olunub. O, deyib ki, 2015-ci ildə həmçinin, xarici borclanmanın həddi təmin olunub, yəni, bu hədd əvvəldən müəyyən olunduğu kimi qalıb-1 milyard 500 milyon manat.

Sözügedən komitənin üzvü Vahid Əhmədov isə  qeyd edib ki, dünyada yaşanan qlobal-maliyyə iqtisadi böhran ötən il Azərbaycana iqtisadiyyatına da müəyyən mənfi təsirlərini göstərib:  “Yəni, bu proseslər neftin qiymətinin azalmasına, manatın iki dəfə devalvasiyasına gətirib çıxarıb.  Ancaq bununla belə, Azərbaycan ÜDM-də bir faizlik artıma nail olub. İnflyasiyada böyük yüksəliş olmayıb”. Çıxışı zamanı sosial evlərin tikilməsi, sosial ipoteka kreditləri məsələlərində ötən il problemlərin yaşanmadığını qeyd etsə də, millət vəkili təklif edib ki, bu məsələ 2016-cı ilin büdcəsinin icrasında da ön yerdə saxlanılsın. “Eyni zamanda, Azərbaycanda aparılan pul-kredit siyasəti bizdə narahatlıq doğurur. Bank sistemi demək olar ki, çöküb. Nə fiziki, nə hüquqi şəxslər kreditlər ala bilir, faizlər yenə də yüksək həddədir. İnsanlar kreditlərini ödəməkdə çətinlik çəkirlər, onlarda naümidlik var. Bizim bu məsələ ilə bağlı 14 səhifəlik təkliflər paketimiz də var və onu üç quruma təqdim etmişik, hazırda cavab gözləyirik. Yəni, pul-kredit sistemində, bank sektorunda yaranan məlum vəziyyət kompleks şəkildə müzakirə olunmalı və müvafiq addımlar atılmalıdır”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





21.05.2016    çap et  çap et