525.Az

Naxçıvanlı alimlər qaliblər sırasında


 

Naxçıvanlı alimlər qaliblər sırasında<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində ixtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsinin qaliblərindən olan AMEA Naxçıvan Bölməsi əməkdaşlarının mükafatlandırılmasına həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizdə elmin, sənayenin, təsərrüfatın aktual problemlərinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi məqsədilə ixtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi elan edilmişdi.

Bununla əlaqədar olaraq bu il mayın 5-də müsabiqə qaliblərinin təltif olunmasına həsr edilmiş tədbir keçirilib. Müsabiqə komissiyasının qərarına əsasən 11 ixtira patenti qalib olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinin müdiri Pəncalı Hüseynov çıxış edərək bildirilib ki, əqli mülkiyyətin idarə olunması bu gün muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsidir.

Bu sahədə dövlət siyasətini həyata keçirən Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sənaye mülkiyyəti obyektlərinin mühafizəsi ilə bağlı daxil olan hər bir iddia ərizəsi üzrə ilkin ekspertizanın aparılmasında və patentləşdirmə proseslərində iddiaçılara hərtərəfli köməklik göstərir. İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsinə komitə tərəfindən 2014-2015-ci illərdə qeydiyyata alınmış 4 ixtira patenti göndərilmişdi.

Sevindirici haldır ki, respublika əhəmiyyətli müsabiqədə qalib olmuş 11 ixtiradan biri məhz Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə məxsusdur. Bayram Rzayevin, Aliyə Rzayevanın, Əhməd Qarayevin, Rafiq Quliyevin müəllifi olduqları “Element kükürdün həll edilmə üsulu” ixtira patenti diploma və pul mükafatına layiq görülüb.         

Qeyd olunub ki, komitə bundan sonrakı fəaliyyətində də muxtar respublika rəhbərinin tapşırığına uyğun olaraq ixtiraların patentləşdirilməsi və müvafiq müsabiqələrə təqdim olunması işini davam etdirəcək.

Nərgiz İSMAYILOVA

 





21.05.2016    çap et  çap et