525.Az

Azər Həsrət daxili işlər nazirinə təşəkkür edib


 

“AZƏRBAYCAN DÖVLƏTİNİN VƏTƏNDAŞI KİMİ DÖVLƏTİMİN ƏN ÖNƏMLİ QURUMLARINDAN BİRİ OLAN DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MÜRACİƏTİMƏ BU QƏDƏR HƏSSAS YANAŞMASI MƏNİ HƏDDƏN ZİYADƏ MƏMNUN ETMƏKDƏDİR”

Azər Həsrət daxili işlər nazirinə təşəkkür edib<b style="color:red"></b>

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət daxili işlər naziri Ramil Usubova təşəkkür edib.

Nazirin ünvanladığı müraciətdə A.Həsrət R.Usubova ünvanladığı şikayətə qısa zamanda baxıldığı və həllini tapdığı üçün təşəkkür edib:

“Bu ilin 6 may tarixində sizə ünvanladığım, barəmdə tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olması və həmin ərazidə yol hərəkətinin təşkililə bağlı müəyyən təkliflərin də yer aldığı müraciətimə operativ reaksiya verildiyinə, qaldırılan problemlər ən qısa müddətdə həllini tapdığına görə, şəxsən sizə və sizin şəxsinizdə bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Azərbaycan dövlətinin vətəndaşı kimi dövlətimin ən önəmli qurumlarından biri olan Daxili İşlər Nazirliyinin müraciətimə bu qədər həssas yanaşması məni həddən ziyadə məmnun etməkdədir. Ona görə də sizə və tabeliyinizdə olan müvafiq xidmət əməkdaşlarına dərin təşəkkürümü ifadə etməyi özümə borc bilirəm”.

A.Həsrət daha sonra yazıb: “Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubova açıq məktub” adlı yazımda aprelin 28-də Bakıdan Xaçmaza gedərkən Ceyranbatanı çıxdıqdan sonra, yəni yaşayış məntəqəsindən kənarda radara düşməyimdən şikayətimi ifadə etmişdim. Eyni zamanda həmin yolda bir sıra uyğunsuzluqların da olduğuna inandığımı nəzakətli bir dildə qələmə almışdım. Bu açıq məktubu öz şəxsi saytımda dərc edib, elə həmin gün DİN-in internet saytı üzərindən cənab nazirə müraciət ünvanlamışdım. Üstündən bir neçə saat keçmiş nazirlikdən edilən zənglə şikayətimin ünvana çatdığı, müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verildiyi bildirildi. Sevindim. Doğrusu, bu qədər çevik reaksiyaya sevinməmək olmazdı. Həftə sonu idi, təbii ki, bir neçə gün gözləməli olacaqdım. Gözlədim də. Amma çox olmadı. Mayın 7-9-u iş günü olmadığı üçün 10-da DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə dəvət edildim. Və getdim. Şikayətimlə bağlı idi. Uyğun araşdırma aparılmış, qeyri-iş günləri olmasına baxmayaraq Ceyranbatan ərazisində və ondan sonra lazımlı yol nişanları qoyulmuş, bütün sürücüləri, təbii ki, məni də məmnun edəcək işlər görülmüşdü. Bu haqda şəxsən özümə də şifahi məlumat verildi. Bunlar öz yerində. Məni sevindirən əsas məsələ şikayətimə verilən çevik reaksiya olsa da, BDYPİ-də rastlaşdığım xoş münasibət, irəli sürdüyüm iddialara həssaslıqla yanaşılması doğrudan da ayrıca qeyd edilməlidir. Çox qısa bir müddət ərzində bu qədər işin görülməsi, üstəlik, hərəkət iştirakçılarını məmnun edəcək dəyişikliklərin gerçəkləşdirilməsi, yəqin ki, mənimlə bərabər o yoldan tez-tez istifadə edən digər sürücülərin də ürəyincədir. Qarşımda bir dövlət qurumunun vətəndaşın şikayətçi olduğu problemlərlə bağlı mümkün qədər çevik fəaliyyətə keçməsi, onları həll etməsinin çox yaxşı bir örnəyi vardı. Təbii ki, sevindiricidir. Bura, yüksək rütbəli xidmət əməkdaşlarının nəzakətli davranışını da ayrıca əlavə etmək istərdim.

Ayın 12-də BDYPİ-nin rəisi Ramiz Zeynalovun imzasıyla şikayətimə rəsmi cavab daxil oldu. Orada deyilirdi ki, “araşdırmanın nəticələrinə əsasən barənizdə elektron qaydada tərtib olunmuş... saylı protokol üzrə başlanmış icraata xitam verilib, müraciətdə qeyd etdiyiniz yol sahəsində hərəkətin təşkilinə dəyişikliklər edilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq verilib”. Göründüyü kimi, cəmi 6 gün içində şikayətimə cavab verilib. Buradan 3 qeyri-iş gününü çıxsaq, cəmi 3 günə şikayətimə də baxılıb, problemlər də həllini tapıb”.

 





21.05.2016    çap et  çap et