525.Az

“Qarabağ münaqişəsinin uzun müddətdir davam etməsi çox üzücüdür”


 

İORDANİYA HAŞİMİLƏR KRALLIĞININ AZƏRBAYCANDAKI SƏFİRİ NASSAR İBRAHİM MƏHƏMMƏD ƏL-HABAŞNEH: “BU GÜN İORDANİYA İLƏ AZƏRBAYCAN RESPUBLİKASI ARASINDAKI ƏLAQƏLƏR ƏN YAXŞI VƏZİYYƏTDƏDİR”

“Qarabağ münaqişəsinin uzun müddətdir davam etməsi çox üzücüdür”<b style="color:red"></b>

-Cənab səfir, Azərbaycanla İordaniya arasında  münasibətlərin hazırkı səviyyəsi barədə nə deyə bilərsiniz? İki ölkə arasında hansı sahələr üzrə daha sıx əlaqələr qurulub?

- Bu gün İordaniya ilə Azərbaycan Respublikası arasındakı əlaqələr ən yaxşı vəziyyətdədir. Əlahəzrət Kralla Prezident İlham Əliyev arasında xüsusi dostluq münasibətləri var. Eyni zamanda xalqlarımızı ümumi bir məhəbbət, qarşılıqlı hörmət birləşdirir. İordaniya  dünyanın ilk dövlətlərindən biri olaraq Azərbaycanın müstəqilliyini tanıyıb. 2006-cı ildə İordaniyada Azərbaycan səfirliyi, 2007-ci ildə isə Bakıda İordaniya səfirliyi açılıb. İkitərəfli əlaqələri inkişaf etdirmək üçün xeyli işlər görülüb. Əməkdaşlığımızın  hüquqi bazası mövcuddur. Ötən müddət ərzində 35-dən artıq saziş və protokollar imzalanıb. Bu sənədlər bütün sahələri əhatə edir.

Əlahəzrət Kral ən azı iki ildən bir Azərbaycana səfər etməyə çalışırdı. Xatırlayırsınızsa, vaxt olurdu ki, kral bir il gəlirdi, növbəti il isə Azərbaycan prezidenti səfər edirdi. Bu da bir daha hər iki ölkənin  bir-birinə  olan marağından irəli gəlir.

Təbii ki,  kralın Azərbaycana səfəri zamanı onu  bütün sahələri əhatə edən geniş  tərkibdə nümayəndə heyəti müşayiət edirdi. İordaniyalı iş adamları Azərbaycana böyük maraq göstərirlər. Eyni zamanda bura turizm sahəsində olan marağı da əlavə etmək lazımdır. Baxmayaraq ki, bu sahə hələ başlanğıc mərhələsindədir, indiyə kimi çox gözəl uğurlar əldə etmişik, amma qarşımızda böyük və uzun yol dayanır.

İordaniya və Azərbaycan mürəkkəb regionlarda yerləşir, onların hər ikisi sabitliyin, təhlükəsizliyin, qurub yaratmağın və əldə olunmuş tərəqqinin qorunub saxlanılmasında, gələcək nəsillərin gələcəyinin təmin olunmasında ciddi çağırışlarla üzləşir. Hər iki ölkə müdrik rəhbərliklərinin sayəsində gələcəyə doğru inamla gedirlər.

- İordaniya ilə Azərbaycan neft qaz sahəsində danışıqlar aparırdı. Bu məsələ indi nə yerdədir?

- Müəyyən mərhələdə, səfərlərin birində bu məsələyə toxunulmuşdu. Azərbaycan o zaman İordaniyanı neft məhsulları ilə təmin etməyə hazır olduğunu bildirmişdi. Həqiqətən də bu məsələ üzrə danışıqlar aparılmışdı. Lakin bu danışıqlar Suriyadakı hadisələrlə bağlı dayandırıldı. Əgər tərəflər anlaşsaydı,  o zaman İordaniya Azərbaycan neftini Türkiyə, sonra isə Suriya ərazisi ilə aparmalı idi. Amma hələ də bu mövzuya maraq göstəririk.  Münasib şəraitdə bu layihəni davam etdirməyə hazırıq.  Bununla da İordaniyanın  böyük problemlərdən biri aradan qaldırılmış olacaq.

- Bu yaxınlarda Azərbaycandakı digər diplomatlarla birgə cəbhə xəttinə baş çəkdiniz. Erməni silahlı qüvvələrinin mülki əhaliyə vurduğu ziyanla yerində tanış oldunuz. Gördüklərinizlə bağlı nə deyə bilərsiniz?

- Xarici İşlər Nazirliyinin  bu təşəbbüsünü təqdirəlayiq hesab edirik. Səfirlər və diplomatik korpus üçün xüsusi bir səfər təşkil etdi. Münaqişə nəticəsində zərər çəkmiş regiona səfər etdik. Təbii ki, biz azərbaycanlı bacı və qardaşlarımızın başına gələnlərdən  narahatıq və cəbhədə baş verənləri yaxından izləyirik. Ona görə özüm şəxsən bu səfərdə iştirak etdim. Cəbhə xəttində atəş nəticəsində böyük zərər çəkmiş kəndləri gördük. Bu münaqişənin uzun müddətdir davam etməsi çox üzücüdür. Biz də elə regionda yerləşirik ki, orda da müharibə gedir, ərazilər xarabazara çevrilib. Fələstin, Suriya, İraqda müharibələr davam edir. Ölüm hadisələrini, xarabalığa çevrilmiş əraziləri hər gün görürük. İstəməzdik ki, bunları bizim doğma, dost Azərbaycanımızda da görək. Həmişə  müharibələrin baş verməsi üzücü, kədərli hadisədir.

Təəssüf ki, belə münaqişələrdə ən çox ziyan çəkən dinc insanlar olur. Dağlıq Qarabağ  münaqişəsi çox uzanıb. İstərdik ki, münaqişə tezliklə ədalətli şəkildə həllini tapsın. Ümid edirik ki, müdrik Azərbaycan xalqı və onun müdrik rəhbəri bu münaqişənin həlli yolunu tapacaq və problemə nəhayət son qoyulacaq. Münaqişə beynəlxalq hüquqa uyğun olaraq, BMT - nin qətnamələri çərçivəsində öz  həllini tapacaq.

- İordaniya da münaqişə zonasında yerləşir və Türkiyədən sonra ən çox qaçqın qəbul edən ölkədir. Suriya probleminin həllini necə görürsünüz və İordaniyanın bu prosesə baxışı barədə nə deyə bilərsiniz?

- İordaniya və Livan bu münaqişələrdən ən çox ziyan çəkmiş ölkələrdən hesab olunurlar. Hər iki ölkə münaqişə tərəfi, iştirakçısı deyillər. Buna baxmayaraq daha çox ziyan çəkiblər, İordaniya əhalisinin sayına görə ən çox qaçqın qəbul edən ölkə sayılır. Elə bir dövlət yoxdur ki, onun ərazisində yaşayan qaçqınlar ölkə əhalisinin 30 faizini təşkil etsinlər. Baxmayaraq ki, biz bu problemlə üzləşdik və hələ də davam edir, fəxr edirik ki, humanitar sahədə öz rolumuzu oynayırıq. Bu müddət ərzində siyasi sahədə İordaniya öz bitərəfliyini qoruyub saxladı. Bizim bu məsələdə mövqeyimiz sabitdir, dəyişməzdir və indi də olduğu kimi qalır.Həmişə Suriyadakı münaqişənin dinc və sülh yolu ilə həllinə çağırırıq. Beynəlxalq səviyyədə bu xüsusda aparılan bütün danışıqları dəstəkləyirik. Suriya böhranı ətrafında gedən bütün görüşlərdə danışıqlarda İordaniyanın iştirakı çox fəaldır. O cümlədən, qaçqınlara yardım məsələsində də çox yaxından iştirak edir. Bu dövr həqiqətən çox çətin və üzücü dövrdür. Biz yalnız ümid edirik ki, tezliklə münaqişə həll olunsun. Böhran aradan qalxandan sonra Suriyada, regionun başqa dövlətlərində də əmin-amanlıq bərpa olunacaq. İnsanlar əvvəlki şəraitdə öz həyatlarına qayıdacaqlar. İordaniya təhlükəsizliyin və nikbinliyin, daha yaxşı gələcəyin vurğunudur.

- Cənab səfir, gələn il Azərbaycanda növbəti İslam Həmrəyliyi Oyunları keçiriləcək. İordaniya bu idman tədbirində hansı şəkildə iştirak etmək istəyir?

- Biz bu oyunlara böyük maraq göstəririk, çünki çox mühüm tədbirdir. Azərbaycan bir çox bu kimi tədbirlərə ev sahibliyi edib. İslam dövlətləri ilə də bu sahədə əməkdaşlıq edir. Belə tədbirlər mədəniyyətlər arasında əlaqələrin yaranmasında və onlar arasında körpü salınmasında böyük rol oynayır. Azərbaycanda bir il əvvəl Avropa Oyunları keçirildi, gələn il isə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Bunların arasındakı müddət arzində BMT- nin Svilzasiyalar Alyansının VII Qlobal Forumu və Sivilizasiyalararası Dialoq keçirilmişdir. Bundan gözəl nə ola bilər. Bütün bunlar Azərbaycan barədə  dünyada çox gözəl təəssürat yaradır. Əlbəttə, İordaniya mütləq bu oyunlarda iştirak edəcək, ancaq hansı komandalarla iştirak edəcəyini indidən demək hələ tezdir.

Pərvanə SULTANOVA

 





21.05.2016    çap et  çap et