525.Az

Mənim ədəbi taleyim


 

Mənim ədəbi taleyim<b style="color:red"></b>

Nazim Hikmət “Ceviz ağacı”nı yazan ilin -1957-ci ilin payızında doğuldum.  Bir yaşımın tamamında, ölüb ölümdən qayıtdığım o günlərdə səsli-avazlı qığıltıma nənəm də məəttəl qalıb ki,  bu çəlimsiz uşaq nə dildə danışır?

Boğazımın çöpünü çıxaran Qədimalı kişinin əli bala batmışdı o gün, ballı barmağı ilə boğazımı basmışdı. Ölüb ölümdən qayıtmışdım. Dirilmişdim. Dirildiyim  bir yaşımdakı o gündə rabitəsiz ifadələr söyləmişdim. Və sonralar hər zaman nənəmin dilindən eşitdiyim oxşamalar onun “bismillahı” kimi mənə çox doğma və şirin idi: “Mənim balam bal dadır”. Bu mənim bir yaşımda taleyin əli ilə yazacağım şeirin ilk rüşeymi idi...

Təbii ki, heç kəs qundaqda şeir yazmamış və heç kəs yaza bildiyi günündə, ayında, ilində şeirin nə olduğunu kəsdirə bilməmişdi. Şeir mənim həyatıma qorxu ilə daxil olmuşdu, şan balının teştdəki yapışqanlığından qolumu çıxara bilmədiyim, qolumda təbii bilərzik-gözmuncuğu vardı, qorxudan, dəhşətdən cihnə verib ağladığım o səhər kimi gəlmişdi. Balla dolu teştdən qolumu kimin çıxardığı yadımda deyil, amma biləyimdə nazik sapa düzülmüş dənələr - gözmuncuqları öz rəngində idi.  Arıçı Həsənxan babamın  körüyünün tüstüsü ilə zərərsizləşən arıların vızıltısı o qorxunu daha sonralar da adiləşdirə bilməmişdi.  İndi də elə bilirəm ki, arı şanının o bal  təamının 6 guşəli hücrəsinin içindəki ölü arının dəmbə gözləri məni təqib edir. Bu mənim özümün düzüb qoşduğum sözlərlə üç yaşımda ağladığım şeirlər idi. Bilim adamının təcrübəsində deyilir ki, uşaq 3 yaşından sonra öz xatirələrini yaddaşa köçürə bilir. Yaddaşımın uzaq küncündə qalan o arı  sancılı yaşımın üstündən aylar, illər ötsə də yararlıq qabiliyyətini saxlamış toxum misralar cücərməyə başlamış və 13 il sonra  günəş işığına çıxmışdı.

Bir neçə il sonra babam öldü. Nə atam, nə də mən yaxşı arıçı - təsərrüfatçı ola bildik. Bağımız satıldı, arılarımız beçə verib perik düşdülər. Atam hərbi qulluğun,  mən də oxumağın tərkində illərin, ayların içərisində itib-batdıq, amma təmiz nəfsimiz, təmiz adımızla bizdən sonrakı nəsillərə başucalığı gətirdik.

Qardaş ölümü isə bir damla göz yaşı ilə bitdi 

Beləcə  ifadəli səslərlə bir də 13 yaşımda bibimin gecəyarısı ölümünü yaşadığım bir yay gecəsində görüşdüm. Bibimin sirli ölümü bütün nəslimizi sarsıtmışdı. Nənəmin göz yaşları qurumuşdu, o qızının ölümünə inanmırdı, “balam bazara, dükana gedib” deyirdi, inanmırdı ki, Quran oxuyan, dili dualı bu qarının gəlin qızı ölə bilər və onun 9 uşağı anasız qalar. Allah qoy məni öldürsün deyirdi,  ağıları  və  tez-tez təkrar etdiyi “mən öldüm anam qaldı” sözləri beynimdə ilişib qalmışdı. Dərdli anaların üzünü görmək, bala itkisini yaşayan ana ilə üz-üzə qalmaq böyük dərd idi. Mənə inandığı və güvəndiyi üçün “get mənim balamı dükandan çağır, gətir” deyirdi. Hərəkətsiz göz yaşları içərisində boğulduğumu görmürdü- nənəmin ağlamaqdan gözləri torramışdı. Ağladığımı seçə bilmirdi. Donub qalmışdım, acizlikdən nə edəcəyimi bilmirdim, nə qədər hərəkətsiz qaldığımı unutmuşdum və qəflətən düyünlənmiş yumruqlarımda qupquru tor əmələ gəldiyini gördüm. Bu misra  mənim acı günlərimdə acizliyimin poetik ifadəsinə çevrilmişdi:

Hörümçək tor qurdu yumruqlarımda...

İllərdən sonra bibim uşaqları - mənim nəsil ağacımın bu budaqları öz təhsili,  əxlaqı və işgüzarlıqları ilə sayılıb-seçildilər, ev-eşik sahibi oldular.

... Tələbəlik illərim əsasən Gəncə şəhəri Bağmanlarda - Ozan küçəsində keçdi, 5 il tez keçmədi - çox uzun oldu bu illər, dərslər, kitabxana, teatr tamaşaları və s. O vaxtlar “bütün yataqxanada  hamıdan sonra söndürərdim işığı”- bu hisslər mənim ilk mətbu şeirimdə öz ifadəsini tapdı- deyəsən ağzım isti yerdə idi, özümü xoşbəxt tələbə sayırdım -kitab acı idim - yolumu gözləyən kitabxanaçı qızı bir xeyli unuda bilmədim, sonra gözlərim qabar-qabar oldu - tam kursu bitirib rayona qayıtdım.

Tələbə olduğum ilk illərdə Gəncə qəzetinə şeirlərimi təqdim etdim, lakin redaksiyada Məmməd Alim bu şeirləri çap etdirməkdən imtina etdi və sözarası mənə “səndə Dostoyevskinin təsiri var”  söylədi. Ay toba isə o vaxta qədər Dostoyevskini oxumamışdım,  bir neçə illər sonrası oxudum, Dostoyevskinin Azərbaycan dilinə tərcümə edilmiş nəyi var idisə  oxudum və  Məmmədin o fikrinə şübhəm bir az azaldı. Əsərlərinin təsirliliyi və hissiyyatı mənə doğma göründü.

Nəhayət, “İlham” Ədəbi Birliyinin ilk üzvlərindən biri oldum, şeir mənim həyat evimə ilk addımını atdı. Şeir evimə girdi və ilk illər mənim boğazıma şərik olan şeir, sonra gecəmə, gündüzümə, hətta yuxularıma anlaşılan poetik ifadələri diktə etməyə başladı.

Gəncədə 1976-81-ci illərdə dəfələrlə şeirim çap edildi və “İlham”ın məzunu olandan bir neçə il sonra da şeirlərimi Qərib Mehdi çap etdirir və mənə, rayona - Zəngilana göndərirdi. Bu sayğıya qarşılıq vermək üçün o qədər də gücüm və həvəsim yox idi.  Şərabçı işləyirdim, şərabın istisi qafamda şeirə yer saxlamırdı, düz yeddi il heç nə yazmadım. O zaman mənə elə gəlirdi ki, biz araq içmək üçün böyüyürmüşük. Şeiri, qorxunu və göydə Allahı belə unutmaq istəmişdim bu arada.

Və qəflətən Natil  öldü. Bir yaşı vardı oğlumun. Və adımın ikiləşdiyi gün - Xosrov Natil doğuldu. Bir yaşı vardı, Natilin. Kirayə yaşadığım qəsəbədə populyar bir işdəydim, şərab zavodunda baş şərabçı işləyirdim və mənzil almaq üçün məndə heç bir şans qoymayan rayon rəhbərlərinin əlində girinc qalmışdım. Ev ala bilmirdim. Kirayə qaldığımız həmin o bəxti soyuq otaqda o qədər bu mövzuda danışmışdıq ki:

Kirayə evlərin Allahı yoxdu,
Kirayə evlərdə tez düşür axşam...

Oğlum “ev” deyib ilk dəfə   dil açdı - bir yaşı vardı. Bu ilk sarsıntımı Zamin, deyəsən, “Rezanans”damı, yoxsa “Avropa”damı yazmışdı. Sonralar ikili adımda yazacaqdım -

Allaha qurban olum,
İndi iki oğlum əsgər yaşında -

Və ölüm qorxusu məndən beş ağac uzaq qaldı. Çevrəmdəki bütün ölümlər adiləşdi, amma bu sevgili ölümlər hər gün mənim üçün təzə idi:

Allahdan aşağı sevgilər yetim,
Sevdalı ömürlər kəpənək kimi.
Allahdan aşağı
... sevgili ölümlər hər gün təzədi
Atam öldü.
Atam öldü 98-də, 
sonra ürəyim,
bir ömrü verdim yelə
sonrada belə...

Sonra Eldar Baxışı “azadlıq” apardı, dəfnində iştirak etdiyim ilk şair oldu, İsa İsmayılzadəni “Baksovet” apardı ölümə. Tofiq Abdin ölüm qorxusuyla getdi, bir az atama oxşarı vardı. Zəngilanlı şair Məhərrəm Mahi dünyasını dəyişib köçkünlük statusunu birdəfəlik itirdi. Məmməd İsmayıl qürbət şeirlərini yazdı, Qərib Mehdinin 80 yaşının fərqinə varan bir hökumət adamı olacaqmı, hələ bilinmir. Musa Yaqubla şərab və sevdiyim bir neçə  şair və yazarlarla spirtli içkilər içdim. Və Ramiz Rövşən zirvəsinin ətəyində bir-iki şeir oxudum...  Qulu Məhərrəmlinin həm ekranda, həm də həyatdakı xoş təbəssümü həmişə mənim  üçün çox əziz, həm də doğmadır.   Sevimli bəstəçimiz  Cavanşir Quliyevə - şeirlərimin təbliğ edilməsində audio kaset buraxılmasına təmənnasız yardımına görə, şeirlərimi səsləndirən Mərcanlı qızına- Məleykə xanıma sayğılarım sonsuzdur. 

Sonra Q.Q. Markesə - 2000-ci ildən sonra - silsilə şeirlər yazdım, bildirdim  ki:

Bir eygili  zamanda bəlkə yurda dönəcəm -
Gözünə su ver, dostum, bir gün mən də öləcəm.

Ona uzun yaşamaq, mənə də evimə dönmək qismət olmadı -  həm də bir itkimi  ona bildirdim:

Sağlığını görüm, qadınım öldü.

Markes də öldü (yaşasın Markes!)  və dedim ki:

Abşeron torpağı istəyimiz qədər lalə bitirməz.

Vaqif Yusiflinin haqqımda yazdığı bir məqalə qeydiyyatsız ilk və son kitabımın ön sözünü əvəz etdi. Tehran Əlişanoğlu görməzə-bilməzə bir şeirimə “Bizim əsr” qəzetində  müsbət münasibət bildirdi. Cavanşir Yusifli “Mehdi Bəyazid”ə yazdığım bir şeiri (“Ciyərli oğlansan Mehdi Bəyazid”) çap etdirdi. Bu xeyirxah insanlar mənim ədəbi taleyimdə unutmadığım adamlardı və onlara sayğım vardı.

“Azərbaycan” jurnalının redaksiyasından heç vaxt ümidsiz qayıtmadım, digər qəzet və məcmuələrdən fərqli olaraq çap edilən bütün yazılarıma qələm haqqı da aldım. Bu, AYB və redaksiya rəhbərliyinin  geniş ürəkliliyinə, ədəbi zövqünə minnətdarlığımın ifadəsidi.

Bir hekayəmi (“Uzaqdan gələn səs”) “Qala” qəzeti - Məmməd Kazım çap etmişdi,  “Mühakimə”ni isə elə əlyazma şəklində itirmişdim. “Gün əyiləndə və yaxud ölümə abunə yazılanlar” pyesim hansısa teatrda it-bata düşdü,  ekoloji mövzuda yazdığım “Çiyələk ağacından asılan qadın” kompüterdə koda düşdü,  hələ də aça bilmirəm, nəzmlə yazıldığından təkrar bərpa etmək həvəsində deyiləm.

Ən böyük itkim torpaq oldu, o torpağın altında dədə-babamın sümükləri, üstündə Zəngilan adlı oba və o obanın təzəcə inşa edilmiş odasının uçuqları altında bəndənizin  cızma-qaraları - əlyazmaları qaldı.  O vaxtdan gücsüz qaldım, torpaqsız qaldım, “özgənin olan qədər mənim olmayan Vətən”siz qaldım...

Bir ev qaraladım çıxdı əlimdən...

Və mənim ədəbi taleyim ədəbiyyatımızın taleyinin oxşarı olduğunun fərqindəydim.

Baş Botanika bağında təcrübə sahəsində müşahidə apardığım anlarda da şeirlərin məni rahatsız etdiyini unutmasam da,  mən öz İlhamımı öz mətbəximizdə bişirib  iştahla yeyirdim. Təbii ki, ailəlikcə.  Bu canavar iştahım  nəinki aylarla, bəzən illərlə təkrar  olunurdu. Xatirimdədir ki, düz səkkiz il, sonra dörd il  fasilələrlə şeirlər yazmadım. İçimdə olan poetika doğulmamış tələf olurdu...

Başım dolanışığa  qarışmışdı...
Vətəndaşlıq borcum vardı...

... Və hər dəfə gec qalırdım. Yazmağa gec qalırdım, deyəsən, ədəbiyyatda elə əsas şərtlərdən biri də  budur. Jül  Renar deyən kimi, nə qədər ki, ədəbiyyata həvəsin var yaz, sonra gec olacaq.

Əslində, mənim yaradıcılıq taleyim, ədəbiyyatımızın taleyinin oxşarıdı. Müstəqillik və torpaqlarımızın azadlığı uğrunda mücadiləyə qarışan başdan böyük ədəbiyyata gedən yolda təbii ki, fasilələr olmalıydı.

Bir zamanlar şeirin meydanı darıydı, qəzetlər şeir dərc etmirdi, TV kanallarında poeziya verilişləri aydan-aya keçirilirdi, yalnız xarici azərbaycandilli radio verilişlərində dəqiqələrlə sayılan şeirlər səsləndirilirdi.

Elə o zamanlar idi.

O zaman  ədəbiyyatı  bozluq  bürüyürdü,  bəzi müəlliflər boşluqdan məharətlə istifadə edərək  şar kimi  süni şəkildə üfürülürdü, şişirdilirdi. “Mənim Qarabağ problemim yoxdur” deyərək  guya  bəşəri  hisslərlə yaşayan müəlliflər qadın mövzusundan - qısır şeirlər yazmaqdan uzağa gedə bilmədilər. Və indi də gedə bilmirlər. Hətta elə ütük müəlliflər tapıldı ki, onlar bir neçə klassikin kölgəsində özlərinin yamaq materiallarını rus, bolqar və s. ölkələrinin oxucularına sırıya bildilər. Nobel mükafatı almaq üçün maliyyəsinin çatmadığını söyləyib özlərini güldürənlər də yox deyildi, buna diqqət yetirən olmasa belə, qəzetlərdə və başqa KİV-də  səhifə-səhifə yazılarla  gündəmdə qalmaq istəyənlər də oldu. Yazılar  yazıldı...

Mən heç bir normal yazara belə ütüklük arzulamazdım. Bizim  dövranda  və bizim məkanda ədəbiyyatı  dolanışıq yeri də hesab etmirəm. Bu, yalnız tək-tək peşəkarlara aid olan işdi...

 





21.05.2016    çap et  çap et