525.Az

Ofelya Babayevanın şeirləri


 

Ofelya Babayevanın <b style="color:red">şeirləri</b>

VƏTƏN

Məndən sənə,
Səndən ona
Uzanan qollardı,
Vətən!
Məndən, səndən,
Ondan sonra yaşayacaq
Yoldu Vətən!
Gəldi, getdi
İgidlərim, ərənlərim.
Hey boşaldı, doldu
Vətən!
Sərhəd bilməz
Quşlar kimi
gah yaz, gah da
qışlar kimi
əbədidir...
Uçar Təbriz,
Dərbənd sarı.
Bu Borçalı,
Bu da Göyçə
Qarabağda dərdim
Sarı...
Sarı-sarı tarlaları,
Yaşıl-yaşıl bostanları,
Nəhayətsiz ostanları
Bərbəzəkli ormanları
Vaxtsız soldu...
Vətən, Vətən...
Yollar  çəkdik,
Dağlar boyu.
Körpü saldıq
Namərd keçdi.
Unutmadıq
Neçə soyu,
Neçə boyu.
Vətən, Vətən...
Anam  getdi,
atam getdi.
Dərd içində yandım,
yandım...
Torpağımı yağı çaldı
Diri ikən
ömür getdi...
Məlul, məlul dolanıram.
Yoxdu kölgəm,
izim mənim.
Tanıdınmı?
Mən ki, ruham.
Axı yoxdu
üzüm mənim.
Ancaq qəlbim,
Duyğularım
Hey yanacaq, yaxılacaq
Sənin üçün,
onun üçün,
Bizim üçün...
Vətən, Vətən...

QARABAĞDA

Bu nəğmələr, bəstələr,
Qəlb yaxan şikəstələr,
Eh daha nələr, nələr
Qəribdi Qarabağda.

Yol gözləyən elləri,
Nəğmə deyən dilləri,
O bənövşə telləri
Səribdi Qarabağda.

Bir igid inadını,
Bu ellər öz adını,
O qartal qanadını
Gəribdi Qarabağda.
 
MƏNİM XIZIM

(nəğmə)

Başın üstə ulu Dubrar,
Ayağını Xəzər yuyar,
Hər gözəlin nazlı Nigar,
Anam, atam, oğlum, qızım -
Mənim Xızım.

Cəfər, Müşfiq şöhrət tacın,
Cabir oğlun, Zeynəb bacın,
Neçə-neçə ağrın-acın,
Anam, atam, oğlum, qızım -
Mənim Xızım.

Güneylərin yazdı, yaydı,
O kükrəyən Ataçaydı.
Hər dalğası hay-haraydı,
Anam, atam, oğlum, qızım -
Mənim Xızım.

ANA

Sənsiz bu yerlərə yenə də gəldim,
Hələ gələcəyəm... canımda can var.
Hələ döyünəsi qəmli ürəyim,
Hələ sənsiz mənə zindan cahan var.

Oğlumun, qızımın təəssüf dolu
Qara gözlərində mərhəmətə bax.
İllər hər yaranı sağaltsa belə,
Sağalmaz yaram da, bu hikmətə bax.

Zaman da, məkan da ayırdı bizi,
Qalmışam aranla, dağ arasında.
Gəzirəm sən gəzən cığırı, izi,
Hələ də çəmənlə bağ arasında...

lll

Anasız bir ömür heçdi, hədərdi,
Anasız bir ömür qəmdi, kədərdi.
Anasız bir ömür tale, qədərdi,
Qoruyaq anaları...

Yuxusu çəkilmiş gözdü analar,
Bir şirin nəğmədi, sözdü analar,
Neçə nazımıza dözdü analar,
Qoruyaq anaları...

Qəmli bayatıdı, şirin nağıldı,
Ürəkdə abidə, başda ağıldı.
O getdi nəğməli dünyam dağıldı,
Qoruyaq anaları...

Başımın üstündə hey çaxar şimşək,
Onsuz dünyam viran, dözməyir ürək,
Dili dualıdı, özüsə kövrək,
Qoruyaq anaları...

lll

Min ildir yol gəlirəm,
Mənzilə çatmamışam.
Nə bir dost, nə bir həmdəm
Arayıb, tapmamışam.

Cismim dərdə aşiyan,
Ruhum göylərə uçdu.
Mənzilim göy, kəhkəşan,
Yolum eniş-yoxuşdu...

Mən dağlar övladıyam,
Anam dağ, atam zirvə.
Heç nə əbədi deyil,
Ömür yol gedir hələ...

Sanma dağ-daş əbədi,
Hər şey ürəkaçandı.
Sənə doğru, ilahi,
Yol gəlirəm haçandı...

Könül qırıq, ruh xəstə,
Sanki axır-zamandır.
Vaxt ötür asta-asta,
Dövran yaman dövrandır...

lll

Ömrüm ömürlərə calandı, getdi,
Yad-yalan odumda qalandı, getdi,
Beləcə bir ömür talandı, getdi,
Daha nə umarsan dünyadan, könül?

Sən görən zirvələr ucadan-uca,
Çatmaz neçə ömür düysəm uc-uca.
Kimdi qiymət verən mənəvi borca,
Daha nə umarsan dünyadan, könül?

Ağıllı ötürür bir-bir ayları,
Dəli vurub keçir coşqun çayları.
Qiymətə mindirdik ağlı zayları,
Daha nə umarsan dünyadan, könül?

Bir ömür verilib, vallah, hərəyə,
Gözləmə o dağı durub yeriyə...
O yaz bəlkə döndü bir gün geriyə,
Daha nə umarsan dünyadan, könül?

Dinsəm deyəcəklər, dinmə qonaqsan,
Dünya, çoxuna yay, mənə sazaqsan.
Yol çəkən gözlərim, yoldan uzaqsan,
Daha nə umarsan dünyadan, könül?

Eləcə mavidir o göy, o dəniz,
Hələ də sayrışır o uzaq yıldız.
İlahi, beləcə kirimiş, yalqız
Daha nə umarsan dünyadan, könül?

lll

Heç yadımdan çıxmadı,
O yaz, o qış, o bahar.
Sonuncu nəfəsədək
Yol gələcək arzular.

Solacaq o bağça-bağ,
Ağacdakı son yarpaq...
Hər şey bəyaz, ağappaq
Yol gələcək arzular.

Çıxacaq mənvərindən,
Bu yer, bu göy, kainat.
Adiləşəcək dünya,
Adiləşəcək həyat.

Təptəzə sevgilər də
Olacaq bir az boyat.
Yol gələcək arzular,
Yol gələcək arzular.

BİLMƏDİM

Min illərin qoxusunu,
Ata bilmədim, bilmədim.
Yuxularım quş yuxusu,
Yata bilmədim, bilmədim.

Yer gizlədi igidləri,
Hər biri bir dünya idi.
Dəli könül, ağla, kiri,
Taleyə bata bilmədim.

Fələk necə yazdı, pozdu
Bilmədim ki, qışdı, yazdı.
Sabaha inamım azdı,
O dağa çata bilmədim.

Ömrümün mənası budur,
Zaman hər şeyi doldurur.
Dəli şeytan, uzaqda dur,
Günaha bata bilmədim.

Yol gedirəm yorğun-arğın,
Öndə dağlar, mənzil uzun.
O illər qar, boran, çovğun,
Gəldim həyata, bilmədim.

Neynim saçımda qırovu,
Ağlım qəlbimin girovu.
Ucuz alıb sözü-sovu,
Mən baha sata bilmədim.

Qadağalar yerli-yersiz,
Keçmədi ömrümdən izsiz.
Sevgimi duyğusuz, hissiz,
Odlara ata bilmədim.

lll

Kəsilməyə başım yox,
Sınmağa qol-qanadım.
Bir dövrə düşmüşəm ki,
Yaddan çıxıbdı adım.

Yuxum çəkilib ərşə,
Bu nə təlaş, əndişə?
Saldılar dilə-dişə
Dost oldu mənə yadım.

Yurdum paradı, neylim,
Elim darandı, neylim,
Çəkdiyim əzablardan
Dağım arandı, neylim?

Gözümün yaşına bax,
Bağrımın daşına bax,
Yad qazanda qaynayan
Elimin aşına bax...

Ofelya BABAYEVA

 





23.05.2016    çap et  çap et