525.Az

Ədəbiyyatımızın - mənəvi həyatımızın bölgələrdəki mənzərəsi


 

Ədəbiyyatımızın - mənəvi həyatımızın <b style="color:red">bölgələrdəki mənzərəsi</b>

Ədəbiyyat - söz sənəti zaman və məkan hüdudlarına sığmayan, əsrlər və nəsillər sınağından keçən, hər hansı xalqın mənəvi həyatının yol yoldaşı olan milli sərvətdir.
 
Dünya xəritəsində bir bənövşə yarpağı qədər yeri olan Azərbaycan bəşər mədəniyyəti tarixinə elə sənətkarlar-söz ustaları bəxş etmişdir ki, onların yaratdıqları əsərlər bu gün də Şərqin və Qərbin bədii idrak sərhədlərini dolaşmaqdadır. Qətran Təbrizi, Xətib Təbrizi, Xaqani Şirvani, Nəsimi Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Füzuli Bağdadi... 

Təbriz, Gəncə, Bağdad, Şirvan adları ilə təmsil olunan Azərbaycan ədəbiyyatı ayrı-ayrı mədəniyyət mərkəzlərinin - ədəbi regionların çevrəsində yaranmış, dünya mədəniyyətinə də ilkin olaraq elə bu ərazilərin adları ilə daxil olmuşlar. Lakin bu ədəbi məkanları bütünlükdə özündə birləşdirən böyük-ulu bir məkan var ki, o da tarix boyu ərazilərinin çox hissəsini itirsə də, dünya mədəniyyəti çevrəsində həmişə öncül mövqeyini hifz edən Azərbaycan və onun mədəni sərvətləridir. Ona görə də bizdə ayrıca Gəngə ədəbiyyatı, ayrıca Şirvan ədəbiyyatı, ayrıca Təbriz ədəbiyyatı, ayrıca Naxçıvan ədəbiyyatı, ayrıca Quba ədəbiyyatı deyilən anlayış yoxdur, o taylı-bu taylı vahid Azərbaycan ədəbiyyatı reallığı var. Kiçik çaylar böyük çaylara, o böyük çaylar da dənizə qovuşduqları kimi, bölgələrdə yaranan ədəbiyyat da böyük Azərbaycan ədəbiyyatının tərkib hissəsinə çevrilir. Amma təbiətin pozulmaz bir qanunu var: ən dərin dəryalar öz mənbəyini çaylardan götürür, meşələr, ormanlar ayrı-ayrı ağacların, bitki örtüyünün, quşların, heyvanların vəhdətini özündə əks etdirir, bunların biri olmazsa, ekoloji faciə baş verər.
 
Çayları qorumaq, ağacları, quşları hifz eləmək lazımdır ki, dəniz qurumasın, meşə gözəlliyini itirməsin.

Ədəbiyyata da bu meyarla yanaşsaq, bölgələrdə yaranan ədəbiyyatı, bu ədəbi nümunələri meydana gətirən yazarları unutmaq olmaz, çünki ədəbiyyat təkcə qaynar ədəbi mühit olan Bakıda yaranmır, həm də bölgələrdə yaranır. Məlumat üçün deyim ki, Azərbaycan Yazıçılar Birliyinin ayrı-ayrı bölgələrdə və həmçinin Azərbaycandan kənarda iyirmiyə yaxın bölməsi fəaliyyət göstərir. Naxçıvan, Gəncə, Qarabağ, Qazax, Lənkəran, Şəki, Quba, Aran, Mingəçevir, Sumqayıt, Şirvan, Şamaxı, Muğan, Beyləqan - bu bölmələr ayrı-ayrı rayonlarda yaşayıb-yaradan ədəbi qüvvələrin yaradıcılıq səylərini bir araya gətirir, ədəbi həyatın bölgələrdə reallığını təmin edir. Bundan başqa Yazıçılar Birliyinin Gürcüstanda, Moskvada, İstanbulda və Pribaltikada da bölmələri fəaliyyət göstərir və bu faktın özü də son dərəcə əhəmiyyətlidir. Çünki Azərbaycan hüdudlarından kənarda da hansı dildə yazılmasından asılı olmayaraq milli-mənəvi dəyərlərimizi yaşadan ədəbiyyat mövcuddur. Daha bir faktı da qeyd etməyi lazım bilirəm - Azərbaycan Yazıçılar Birliyində uzun illərdir Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi fəaliyyət göstərir ki, böyük Azərbaycan ədəbiyyatının iki ayrılmaz qolunu -Cənubu və Şimalı bir məcraya qovuşdurur.

Sənətin əsas qanunlarından biri və bəlkə də birincisi istedad amili ilə bağlıdır. İstedad elə bir mayeyi-cövhərdir ki, o, fitri qabiliyyətlə zəhmətin vəhdətindən yaranır, Abdulla Şaiqin təbirincə desək: "Dünyada istedad, hər böyük hünər, daima vərdişlə inkişaf edər". Mehdi Hüseyn bir məqaləsində yazırdı ki: "Ancaq Səməd Vurğunun bir misrasını yazmaq üçün gərək onun kimi nadir bir istedad olasan". Və istedad üçün məkan məfhumu şərti məna daşıyır. Dahi Nizami Gəncəvi dünya ədəbiyyatının nadir incisi olan "Xəmsə"ni kiçik bir məkanda-kənddə qələmə almamışdımı? Nobel mükafatçısı Mixail Şoloxov ömrü boyu doğulduğu stanitsada yaşadı. Yəni böyük istedadlar üçün harada-kənddə ya şəhərdə qərar tutmaları elə bir əhəmiyyət daşımır.

Məsələyə bu yönümdən yanaşanda Azərbaycanın ayrı-ayrı bölgələrində yazıb-yaradan, lakin təkcə yaşadıqları məkanda deyil, bütün ölkədə tanınan, sevilən istedadlı yazarlar az deyil. Musa Yaqub (İsmayıllı), Asim Yadigar, Yavuz Axundlu, Hüseyn Həşimli, Rəhilə Elçin, Qafar Qərib, Xanəli Kərimli, İbrahim Yusifoğlu, Hüseyn Bağıroğlu (Naxçıvan), Qərib Mehdi, Xəzangül, Bahadur Fərman (Gəncə), İltifat Saleh, Tərlan Əbilov, Anar Həbiboğlu, Ağamir Cavad (Lənkəran), Barat Vüsal, Saqif Qaratorpaq, Məhəmməd Astanbəyli (Qazax), Vaqif Aslan, Qoca Xalid (Şəki), Böyükxan Bağırlı, Əlirza Həsrət, Ədalət Salman, Əlizadə Nuri (Cəlilabad), Məmməd Kazım, Arif Fərzəli (Masallı), İsmayıl İmanzadə, Elşən Əzim (Mingəçevir), Ramiz Qusarçaylı, Zakir Məmməd (Quba), Məzahir Hüseynzadə (Şəmkir), Sabir Sarvan, Əşrəf Veysəlli, Zirəddin Qafarlı, Əyyub Qiyas, Ofeliya Babayeva, Məmməd İlqar, İbrahim İlyaslı, Rafiq Oday, Gülnarə Cəmaləddin (Sumqayıt), Nisə Bəyim (Sabirabad), Mirdaməd Əziz (Ağdaş), Ağasəfa Yəhyayev (Xızı), Aydın Tağıyev, Novruz Nəcəfoğlu, Aybəniz Əliyar (Şabran), Qədiməli Əhməd (Lerik), Məmməd Qədir (Xaçmaz), İsa Sevər (Bərdə), Valeh Bahaduroğlu (İmişli), Aslan Quliyev, Sakit İlkin (Yardımlı), Tofiq Hüseyn (Şirvan), Rafiq Hümmət, Səməd Qaraçöp (Gürcüstan), Tofiq Məlikli, Nəsib Nəsibzadə, Afaq Şıxlı (Moskva) ...  adlarını çəkdiyim bu müəlliflərin əksəriyyəti müasir ədəbi prosesdə fəal iştirak edirlər. Musa Yaqub İsmayıllıda-Buynuz kəndində müasir Azərbaycan poeziyasının ən gözəl incilərini yaratmaqda davam edir.

Görəsən, mən niyə tənhayam, təkəm,
Mən gərək yanımda bir ağac əkəm;
Əllərim isinsin budaqlarıyla,
Silim gözlərimi yarpaqlarıyla.

Müasir Azərbaycan poeziyasında təbiət lirikasının oynadığı rol, tutduğu mövqe gün kimi aydındır: təbiəti sevmək, onun qayğısına qalmaq, ekoloji fəlakətlərdən qorumaq, insanla təbiətin ünsiyyətinə, birliyinə nail olmaq! Axı, təbiət mehriban bir anadır, öz sərvətlərini insandan əsirgəmir. Təbiət-həm də tarixdir, insanın, onun əcdadının keçib gəldiyi yolu təbiət qədər özündə əks etdirən bir güzgü varmı? "Mənəvi həssaslıq, əxlaqi kamillik, sədaqət, hünər, cəngavərlik hisslərinin tərbiyəsində təbiət poeziyaya müharibədən az mövzu vermir. Məhz təbiət meyarının sınağında insanın təbiiliyi və gözəlliyi bütün həqiqiliyilə üzə çıxır" (Yaşar Qarayev).

Bölgələrdə XIX əsrin ədəbi məclislərinin ənənələrini davam etdirən ədəbi birliklərin -  Qubada "Ay işığı"nın, Sumqayıtda "Əli Kərim poeziya klubu"nun, "Zərif qadınlar məclisi"nin, Cəlilabadda "Söz işığı"nın illərdən bəri davam edən toplanışları bir daha sübut edir ki, bölgələrdə ədəbi həyat səngiməmişdir.

Bunu bir də onunla izah etmək olar ki, vaxtaşırı olaraq bölgələrin ədəbi həyatını canlandıran toplular nəşr olunur. Xaçmaz ədəbi mühitini əks etdirən "Duyğu yarpaqları" kitabı nəşr edilib. Qubada"Ay işığı" ədəbi məclisinin yaradıcılığı artıq iki kitabda öz əksini tapmışdır. İsmayıllıda yaşayan şair və nasirlərin "Dağ çiçəkləri" ədəbi toplusu çap olunub. Lənkəranda yaşayan ədəbi qüvvələrin "Ömürdən yarpaqlar" toplusu hər beş ildən bir işıq üzü görür. Masallıların "Masallının söz çələngi", ucarlıların "Həbibiyurdunun nəğmələri", yardımlıların "Dağların söz xəzinəsi", qubadlıların "20 il Qubadlı həsrəti ilə", laçınlıların "Laçın antologiyası", leriklilərin "Lerikin söz ətri" topluları bölgələrin ədəbi həyatı barədə mükəmməl təəssürat yaradır. Cəlilabadın Alar kəndində iyirmidən artıq yazarın yaradıcılığını əks etdirən ona yaxın kitabın çap olunmasını da buraya əlavə etsək, bu ədəbi mənzərənin necə xoş bir təəssürat yaratdığını söyləmək olar. Şair Əkbər Qoşalının layihəsi ilə "Bölgələrdən səslər" adlı toplu da nəşr edilib ki, burada bölgələrdə yaşayan gənc şair və nasirlərin şeir və nəsr nümunələrindən seçmələr təqdim edilir.

Yeri gəlmişkən qeyd edim ki, bəzi bölgələrdə, məsələn, Naxçıvanda və Lənkəranda ədəbi jurnalların nəşri də az əhəmiyyət daşımır. Nəhayət, belə bir faktı da qeyd edim ki, son illərdə Azəırbaycanın ayrı-ayrı bölgələrinin ədəbi həyatı elmi tədqiqat əsərlərində də öz əksini tapır. Akademik İsa Həbibbəylinin "Naxçıvandan Naxçıvana" 850 səhifəlik monoqrafik tədqiqatında 200 səhifə - böyük bir fəsil Naxçıvan ədəbi mühitinə həsr olunmuşdur. Bu sırada İlham Məmmədlinin "Kəlbəcər ədəbi mühiti", Mirhaşım Talışlının "Fövcül-füsəha" ədəbi məclisi", Kamil Adışirinovun "XX əsr Şəki ədəbi-mədəni mühiti" tədqiqatları son dərəcə əhəmiyyətlidir.
 
Əlbəttə, ədəbiyyatda əsas məsələ yaradıcılıqdır, istər qaynar Bakı mühiti olsun, istərsə də bölgələrdə yaşanan ədəbi həyat, əsas odur ki, kim nə yazır, necə yazır və ədəbiyyatımızı zənginləşdirən əsərlər yaranırmı? Mən burada bölgələrdə yaşayan bütün yazarların yaradıcılığını əhatə edə bilmərəm, janrlar üzrə də təsnifat aparmaq fikrində deyiləm, lakin ədəbi -tənqidi yazılarda adları unudulan yazarların bir neçəsi haqqında söz açmaq istərdim.
Sumqayıtda yaşayan Əşrəf Veysəlli ədəbiyyata 60-cı illərdə gəlib, ancaq kifayət qədər təbliğ olunmayıb. "Kirpiyimlə ocaq çatıb, od götürürəm, Deyilməli bir kəlməni deyənə kimi"- bu misralar təsadüfi qələmə alınmayıb və doğrudan da, o, əlli ildən artıqdır ki, sözün əzabına dözə-dözə yazır. Yolu ənənəvi şeir yoludur. Bu yolda onun bir müəllim kimi qəbul etdiyi və təsirləndiyi şairlər olub: B.Vahabzadə, X.Rza, Qabil, M.Araz, H.Arif, S.Tahir. Amma Ə.Veysəlli elə ilk şeirlərindən özü olmağa çalışıb. Mən onun Qarabağ həsrəti ilə bağlı şeirləri üzərində dayanmaq istəyirəm.
 
...Dünyanın özündən əzəl Qarabağ,
 Düşmən tapdağında xəzəl Qarabağ.
 Gözəl sözündən də gözəl Qarabağ,
 Yanır, tüstülənir, uçur, göynəyir.

... Ay Əşrəf, taleyim hey döyür məni,
Dağılmış bir səhman gözləyir məni.
Atamın məzarı səsləyir məni,
Mənimçün burnunun ucu göynəyir.

Başqa bir şeirində:

Gözəl Qarabağın acı həsrəti,
Ömrümü talayır, könlümü didir.
Orda uşaqlığım əsirlikdədir,
Burda qocalığım xəcalət çəkir.

Çoxları elə fikirləşir ki, indii "yeni şeir" axtarışlarında poeziyamızda əsrlər boyu yaranan bir çox yaşarı ənənələrdən üzülüşmək vaxtıdır. Onların fikrincə, "yeni şeir" mütləq dərəcədə "modern" olmalıdır və bu tipli şeirlər isə müasir dövrün qloballaşma səviyyəsinə uyğunlaşdırılmalıdır. Yəni Azərbaycan şeiri Avropa şeirinin dəbdə olan "izmləri" ilə "zənginləşməlidir". Təbii ki, hər hansı milli poeziya dünya poeziyasında baş verən yeniliklərə biganə qalmamalıdır, lakin əsas özül milli şeirin yaşarı ənənələri və ən başlıcası, özünün novatorluq, yenilikçilik meylləridir. Kənardan, dəb xatirinə Azərbaycan poeziyasının "ərazisində" əkilən hər hansı "izm" ağacı bar verməz və biz bunu poeziyamızın tarixi boyu müşahidə etmişik. Lənkərandan (çox təəssüf ki, artıq mərhum!) Anar Həbiboğlunun bir şeirindən bu iki bəndə diqqət yetirin:
 
Bəmbəyaz qar yağdı, bürüdü kəndi,
Ac quşlar torpaqda qaraltı gəzir.
Hardasa quşbeyin qızlara indi,
Dən səpir hansısa xırman yiyəsi.

Ac quşlar, qar sizi sevindirmədi,
Mən də sevinmirəm builki qara.
Gözümün nurunu taxıl eylədim,
Əkdim buğda-buğda ağ varaqlara.

Bu, sırf Azərbaycan şeiridir, misralara bir zərrəcik də yad nəfəs qatılmayıb. Həm də obrazlı şeirdir.

Siz intihar edən qar dənəciyi görmüsünüzmü? Əvvəla, bunun özü obrazlı bir ifadədir. Şeirin müəllifi Gülnarə Cəmaləddindir (Sumqayıt). Qadın yazarlar arasında özünəməxsus fərdi deyim tərzi ilə seçilir. Gülnarənin həmin şeirində bir qar dənəciyi yer üzünə özünü atıp ki, onu çirkabdan təmizləsin, dünyaya bir saflıq yaysın. Amma qar dənəciyinin ömrü nə qədərmiş ki? Doğrudanmı onun ölümü - "intiharı" insanları müdhiş olan ölüm barədə düşünməyə sövq edir?

İntihar eləyən qar dənəciyi,
Çırpırsan özünü torpağa, suya.
Qorxuram hamını çəkə intihar,
Dünyada bir təmiz adam qalmaya.

Bu da təmiz Azərbaycan şeiridir. Milli poetik ənənələrimizlə bağlı daha iki şairdən qısaca söz açmaq istəyirəm. Elşən Əzimdən (Mingəçevir;  əslən kəlbəcərli) və Hüseyn Bağıroğlundan (Naxçıvan). Bu iki şairin şeirlərində bir-birinə doğma, məhrəm duyğular gördüm. Bu doğmalıq nə eyni mövzuda, nə eyni vəzndə, nə də eyni şeir formasında yazdıqları şeirlərdədir. Yox, mətləb tamam ayrıdır. Mətləb ondadır ki, onların hər ikisi dilimizin gözəlliyini, zərifliyini, obrazlılığını yaşadırlar.Sadə yazırlar, amma bu sadəlikdə primitivlik, bəsitlik nəzərə çarpmır. Şeirdə fikirlə hissin, ürəklə ağlın vəhdəti yaranırsa, deyirik ki, səslərdən sözlərə, sözlərdən şeirə, şeirdən poeziyaya gedən yolun başlanğıcı da, sonu da budur. Sonra gəlir o şeirin oxucuda oyatdığı emosional hiss və duyğular.

Bir dəryadan üzüb keçdim,
Batdığım günaha qədər.
Tamahın içindən keçdim,
Diş altdan iştaha qədər...

Bir olanı bir istərəm,
Pir olanı pir istərəm,
Elşənə ömür istərəm,
Ölümdən Allaha qədər.

Elşən Əzimin bu şeirində ömrün on iki misraya sığışan keçmişi və bu günü öz əksini tapır. "Ölümdən Allaha qədər" gedən yol isə sufiyanə düşüncə tərzinin ən sadə modelidir. Elşən Əzimin şeirlərində kifayət qədər poetik yükü ilə seçilən nümunələr var və deyim ki, bu şeirlərdə qətiyyən əllaməçilik, sözlə "oyun oynamaq" iddiası yoxdur.

Hər təzə şair və hər təzə şeirlə tanışlıq oxucu üçün gözlənilməz bir hadisə təsiri bağışlayar. Bu tanışlıq ani deyilsə, sonralar da davam edirsə, deməli, yeni bir şair doğulur oxucu üçün.Dünyadakı bütün mövzular tükənmiş kimidir; daha nədən yazasan ki? Amma ŞAİR üçün işlənmiş mövzu anlayışı yoxdu. Hüseyn Bağıroğlunun şeirlərində də hamımızın tanış olduğu mövzularla qarşılaşırıq.Məsələn, ilin payız fəsli haqqında nə qədər yazarlar...  

Təbii ki, payızdan yazılan hər şeir də ŞEİR deyil. Hüseynin təsvir etdiyi payız isə təzə boyalarla diqqəti cəlb edir.

Həsrətin boynuma elə sarılar,
Sinəmdən qılınctək bir ah sıyrılar.
Mənim gözlərimin kökü saralar,
Ağacların yarpaqları payızda.

Əslində, burada əsl payızdan deyil, qəlbin, hisslərin, duyğuların payızından söhbət gedir. Əlbəttə, Elşən Əzimin də, Hüseyn Bağıroğlunun da şeirlərində zəif nöqtələr tapmaq olar. Amma məsələ burasındadır ki, onlar şeirə - Füzuli demişkən: bu "xirəndməndlər sənətinə" məsuliyyətlə yanaşırlar. Mən bölgələrdə yaşayan Məmməd İlqarın, Sabir Sarvanın, Tərlan Əbilovun, Nisə Bəyimin, Asim Yadigarın, Arif Fərzəlinin, Zakir Məmmədin, Əlizadə Nurinin, Məhəmməd Astanbəylinin, Bahadur Fərmanın şeirlərindən də beləcə misallar gətirə bilərəm. Xalq yazıçısı Elçinin Qazaxda yaşayan Məhəmməd Astanbəylinin şeirləri haqqında ayrıca məqalə yazması,digər müəlliflərin Məmməd İlqarın, Sabir Sarvanın, Tərlan Əbilovun, Nisə Bəyimin şeirləri barədə mətbuatda çap olunan təqdiredici məqalələr yazıldığından bu xüsusda söhbəti uzatmaq istəmirəm.

Bölgələrdə yaşayıb-yaradan yazarlar arasında Qərib Mehdi, Aslan Quliyev, Aydın Tağıyev, Novruz Nəcəfoğlu, Əyyub Qiyas kimi tanınmış nasirlər də var. Oxucular Qərib Mehdinin "Rast", "Ucalan dağlar", "Təmiz hava", "Müsabiqə" və s.povest və romanları ilə tanışdırlar, son illərdə də bu 80 yaşlı sənətkar yorulmaq bilmir. "Azərbaycan" jurnalında Qəribin "Skripka üçün mi simi" adlı maraqlı bir povesti ilə tanış olduq.

Şabranda yaşayan Aydın Tağıyev də müasir nəsrimizdə istedadlı bir hekayəçi kimi diqqəti cəlb edir. Aydın kiçik şəhərin yetirdiyi, amma istedadı və bacarığı ilə bu kiçik şəhərin hüdudlarından kənarda tanınan, sevilən nasirdir. Onun hekayələri çox vaxt 2-3 səhifədən ibarət olur, amma bu hekayələr son dərəcə maraqlıdır, psixoloji anların təsviri, mahiyyətə, alt qata enmək məharəti, dilinin, təhkiyə tərzinin təzəliyi onun özünəməxsus üslubunu səciyyələndirir.

Əyyub Qiyas (Sumqayıt) və Aslan Quliyev (Yardımlı) müasir nəsrimizdə bir romançı kimi tanınırlar. Əyyubun "Qara işıq", "Sonuncu büt" və "Köpək bürcü" romanları çap olunub və bu romanlarda artıq püxtələşmə hiss edilir. Eyni fikri Aslan Quliyevin "Yazıçının savaşı", "Payız" romanları haqqında da söyləyə bilərik. Yeri gəlmişkən deyim ki, bugünkü roman bolluğunda seçilmək, özünü bir romançı kimi təsdiq etmək çətindir, hamı roman yazmağa girişib və ortada nə "Qətl günü", nə "Mahmud və Məryəm", nə "Fətəli fəthi", nə də "Dünyanın arşını" səviyyəsində roman görünmür. 
 
"Bölgələrdə ədəbi həyat" mövzusunda bu qeydlərimi başa çatdırarkən bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan ədəbiyyatının inkişafında bölgələrdə yaşayan yazarların da rolu var və gəlin, onları unutmayaq...

 





26.05.2016    çap et  çap et