525.Az

İqtisad Universitetində semestr imtahanları başladı


 

İqtisad Universitetində semestr imtahanları başladı<b style="color:red"></b>

İyunun 1-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində 2015-2016-cı tədris ili üzrə yaz semestrinin imtahan sessiyalarına start verilib.

İmtahanlara bir müddət öncə Azərbaycan Dövlət İqtisad Universitetində yaradılan "UNEC İctimai Nəzarət Şurası" üzvləri nəzarət edib.

Qeyd edək ki, 2015-2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına nəzarəti Şura həyata keçirir. Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyanın monitorinqini apararaq, nəticələri qiymətləndirəcək. İctimaiyyət nümayəndələri, valideynlər, KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri şikayət və təkliflərini, onları narahat edən sualları yalnız Şuraya ünvanlaya biləcəklər. Daxil olan müraciətlər mütəxəssislər tərəfindən şəffaf araşdırılaraq, operativ və qısa zaman ərzində tədbirlərin görülməsi təmin ediləcək. Bu məqsədlə Apellyasiya Komissiyasının işinə nəzarəti də Şura həyata keçirəcək.İmtahan dövründə universitetin Qaynar xətt xidmətinin (146-1-3) fəaliyyəti də Şuraya həvalə edilib.Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan aparacaq. İmtahan sessiyası ilə bağlı informasiyalar da Şuranın icazəsi olmadan yayılmayacaq.

"UNEC İctimai Nəzarət Şurası"nda "XXI Əsr" Təhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyev, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə  Qrupun üzvü Əliməmməd Nuriyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, elm və təhsil verilişləri departamentinin direktoru Zaur Mahmudov, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, "Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı və "525-ci qəzet"in  müxbiri Sevinc Qarayeva təmsil olunurlar.

Universitetin əsas binasında keçirilən ilk imtahanda Maliyyə və mühasibat fakültəsinin Azərbaycan və rus bölməsi üzrə 150-ə yaxın tələbəsi biliyini sınayıb. 1 və 4 kurs tələbələrinin iştirak etdiyi imtahana hər qrup üzrə 1məsul şəxs, 4 nəzarətçi, 1 tütor və 1 dekan müavini nəzarət edib. Tələbələrin işini asanlaşdırmaq üçün imtahanın sualları öncədən universitetin saytında yerləşdirilib. İmtahan zamanı tələbələr əlavə olaraq qələm və ağ kağızla təmin edilib.

Xatırladaq ki, 358 fənn üzrə təşkil olunacaq imtahanlarda ümumilikdə 12 min tələbənin iştirak etməsi nəzərdə tutulub. 

Universitetin digər korpusunda təşkil edilən imtahanda isə 220 tələbə iştirak edib. İmtahanın gedişini hər qrup üzrə 3 nəzarətçi və dekanlar izləyib.

İmtahanda yalnız 25 faiz davamiyyəti olmayan tələbələrin iştirakına icazə verilməyib.

İctimai Şuranın imtahanlara nəzarət etdiyi vaxt 146-1-3 qaynar xəttə 3 müraciət daxil olub. Onların heç biri imtahanla bağlı deyil.

Məlumat üçün bildirək ki, Şura üzvləri həmçinin universitetin nəzdində fəaliyyət göstərən Maliyyə İqtisad kollecində keçiriləcək imtahanlara da nəzarət edəcək. İmtahanı izləyən "UNEC İctimai Nəzarət Şurası"nin üzvü, "XXI Əsr" Təhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyevin sözlərinə görə, imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub.

"Bunun tələbələrlə söhbətdə də şahidi olduq. Tətbiq olunan imtahan metodu şəffaflığın təmin olunmasına xidmət edir".

Şuranın üzvləri gündəlik monitorinqin nəticələri barədə KİV-lərə məlumat verəcək. Ali məktəbin rəhbərliyi tələbə, müəllim və valideynlərin Şura ilə əlaqələrini yüksək səviyyədə qurub. Monitorinq və qaynar xəttə daxil olan müraciətlər əsasında imtahanların gedişatına gündəlik qiymət veriləcək.

"Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev isə bildirib ki, imtahan tam şəffaf keçib və proses zamanı neqativ hallara rast gəlinməyib:

"İmtahan zamanı Şura üzvlərinin tələbələrlə rahat ünsiyyət qurması üçün şərait yaradılıb".

S.QARAYEVA

 





02.06.2016    çap et  çap et