525.Az

"Mahmud Kaşqari medalı"nın təqdimatı oldu


 

"Mahmud Kaşqari medalı"nın təqdimatı oldu<b style="color:red"></b>

Dünən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Mahmud Kaşqari Fondu ilə birlikdə toplantısı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik İsa Həbibbəyli əvvəlcə, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, 1932-ci ildən yaradılan institut 1969-cu ildən Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu adı altında fəaliyyət göstərir. İsa Həbibbəyli deyib ki, bu illər ərzində qurum bir sıra elmi nailiyyətlərə imza atıb, "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyi, "Ədəbiyyat məcmuəsi", "Ədəbi əlaqələr" adlı elmi jurnallar nəşr olunub. Bundan başqa ayrı-ayrı monoqrafiya və elmi nəşrlər hazırlanıb. İsa Həbibbəyli son illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun maddi texniki bazasının gücləndirildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, instututda elektron akt zalı yaradılıb. Hazırda isə elektron oxu zalının yaradılması istiqamətində iş gedir. Bu ilin sonuna qədər proses yekunlaşacaq.

Çıxışında Mahmud Kaşqari Fondunun yaranmasına da toxunan İsa Həbibbəyli deyib ki, adıçəkilən beynəlxalq fond 2006-cı ildə Xalq yazıçısı Anar, mərhum alim Arif Əmrahoğlu və şair Elxan Zal Qaraxanlının təşəbbüsüylə qurulub: "Fondun əsas məqsədi ortaq türk dəyərlərinin təbliğidir. Son on ildə Azərbaycanda və xaricdə bir sıra layihələr gerçəkləşdirən bu qurum əsasən nəşr etdiyi kitabların satışından əldə edilən vəsait və ianələr hesabına fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi 10 ildə Fondun işi əsasən Azərbaycan, Türkiyə və Qazaxıstanı əhatə edib. Hazırda fond fəaliyyət dairəsinin genişlənməsi və maddi imkanlarının gücləndirilməsi yolunda işlər aparır. Azərbaycan və ümumtürk miqyasında bu mövzuya diqqətin artırılması üçün Fond "Mahmud Kaşqari" medalı təsis edib. Medal türk dünyası qarşısında xidmətlərə, o cümlədən, mesenatlıq fəaliyyətinə görə təqdim edilir.

Fondun rəhbəri Elxan Zal Qaraxanlı deyib ki, ilkin olaraq qurumun fəaliyyətinə mənəvi və maddi dəstək olmuş şəxslər mükafatlandırılır: "Mükafatçılar sırasında AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Mahmud Kaşqari "Divan"ını Azərbaycan dilinə tərcümə edən Ramiz Əsgər, bir sıra tarixi nəşrlərin çapında öz dəstəyini göstərmiş yazıçılar Hüseynbala Mirələmov, Yunus Oğuz və Elçin İsgəndərzadə kimi tanınmış şəxslər var. Bundan başqa yaxın vaxtlarda Qazaxıstanda və Türkiyədə də bu cür təltifetmə mərasimləri olacaq". Elxan Zal Qaraxanlı onu da diqqətə çatdırıb ki, təşkilatın bir məqsədi də türk tarixinin ən az öyrənilmiş dövrlərindən biri olan Mahmud Kaşqari dönəmi barədə bədii və ya sənədli film çəkilməsidir.

Millət vəkili, yazıçı Hüseynbala Mirələmov medala görə təşəkkürünü bildirib və bundan sonra da Mahmud Kaşqari Fondunun fəaliyyətinə dəstək nümayiş etdirəcəyini söyləyib.

Mahmud Kaşqari "Divan"ının Azərbaycan dilinə tərcüməçisi Ramiz Əsgər də fondun fəaliyyəti barədə fikirlərini bölüşüb.

Tarixi romanlar müəllifi, yazıçı Yunus Oğuz belə bir mükafata layiq görüldüyü üçün minnətdarlıq edib və deyib ki, Mahmud Kaşqarinin "Divan"ı türk dünyası üçün dəyərli və qiymətli bir əsərdir. O bildirib ki, tarixi araşdırmalar zamanı bəzi terminlərin axtarışında Mahmud Kaşqarinin "Divan"ına müraciət edib. Yunus Oğuz bir yazıçı kimi türk dünyasına xidmət etməyə çalışdığını söyləyib.

Çıxışlardan sonra "Mahmud Kaşqari medalı" mükafatçılara təqdim olunub.

 





03.06.2016    çap et  çap et