525.Az

Öz ürəyinə aldanan adam


 

ŞAİR-PUBLİSİST TOFİQ HÜSEYNİN 70 YAŞINA

Öz ürəyinə aldanan adam<b style="color:red"></b>

Sözün səsini eşidən, sözün rəngini duyan, poeziyada öz səssiz-küysüz, haray-həşirsiz, saxta emosional coşqularsız yoluna davam edən, “yerli şair”, “əyalət şairi” kimi eyhamlara rəğmən sonun əvvəlinə-əvvəlin sonuna yol gedən şair-publisist, “Tərəqqi” medallı, Əməkdar jurnalist, uzun illər müxtəlif mətbu orqanlarda, o cümlədən, “Respublika” qəzetində bölgə müxbiri kimi fəaliyyət göstərən, ömrü boyu imkanı daxilində (ən çox da imkanı xaricində) haqq sözün keşiyində dayanan Tofiq Hüseyn yaşının 70 zirvəsinə çatdı.

Aman Tanrım, 70 sanki bir göz qırpımında baş verdi. Ərkyana, dostcasına soruşmaq istərdim; üşümürsənmi, Tofiq müəllim? Ömrün 70-ci qarlı-şaxtalı zirvəsində nə var, nə yox? Bu zirvədən necə görünür bizim “bahalı quldurlar, ucuz qullar” dünyamız? Az qala şivən qoparmaq istəyirəm. Nə tez 70-i qatlayıb dizinin altına qoydun, şair? Bəlkə təvəllüdün səhv düşüb, axı sənə bu yaşı vermək adama mümkünsüz görünür. Amma yox, əlahəzrət zaman öz hökmünü verib.

Tam iddiasız, ədəbiyyata səmimiyyətdən yoğrulmuş yüzlərlə gözəl şeir, dəyərli publisistika bəxş edən, əvəzində ədəbiyyatdan heç nə, hətta Yazıçılar Birliyinə üzvlük bileti belə ummayan Tofiq Hüseyn yaradıcılığını sərf-nəhv etmək fikrindən uzağam. Sağ olsunlar, vaxtında şair yaradıcılığına söz ustadları - Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Oulu Xəlilli, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Tofiq Abdin, Əjdər Ol və başqaları öz qiymətlərini veriblər. Mənsə gözümün qabağında olan Tofiq müəllim haqqında onu deyim ki, “Bir şair taleyi qoydum sapanda” yazan şair bir insan, bir ziyalı ömrü yaşadı.

Ömrüm yelkənini sahilə çəkir,
Qazandığım nədir, itirdiyim nə.
İlahi, bir kimsə inanmadı ki,
Şair doğulmuşdum doğulanda mən.

Şeirin məsuliyyətini dərindən duyan az qisim şairlərdəndir. “Şair” sözünün xofu həmişə onu qorxutmuşdür.
O, poeziyada və bütövlükdə həyatda “Kəbirlinski” olmağın dəhşətini yaxşı anlayıb. Addımbaşı Sovet dövrünün “çap şlaqbaumlarına” tuş gələn gənc şairin - onsuz da təbiətən bir az ürkək və utancaq olan Tofiqin ilham pərisini perikdirsələr də özündə güc tapıb, ruhdan düşmədi. “Ağlamalı olduğu qədər də gülməli şeylərlə dolu olan” ömrünə güzgü tutdu. Əyalətdə yaşayıb “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, “525-ci qəzet”də ardıcıl çap olunmağa başladı. Nəşriyyatların qapıları açıldı. Və nəticədə səmimiyyət dolu bir ev ucaltdı.

Tikdiyim bu evin üstə çıxacam,
Ordan yaşadığım ömrə baxacam.
Baxacam, görəcəm bu ömrə ancaq
Gülməkdən savayı işim qalmayıb.

Yaşanmış ömrün panoramını bundan da gözəl cızmaq mümkün deyil. Həyatda və yaradıcılığında çeşidli çətinliklərə sinə gərib “infarktın atasını yandıran”, çoxlu badalaqlara tuş gələn, bəzən yaşanmış ömrə ağı deyən Tofiq Hüseyn öz poetik dünyasında İNSANA inamı itirməmişdir.

İnsana inamla köklənib sazım,
O, mənimlə yaşar, necə ki, sağam.
Arxadan badalaq atmaq nə lazım,
Qarşıma çöp atsan yıxılacağam.

Bu, şair səmimiyyətinin və uşaq məsumluğunun poetik etirafıdır. Tofiq Hüseyn poeziyasında səmimiyyət və uşaq məsumluğu qədərindədir. Necə deyərlər dünyada hər şey dərmandır və eyni zamanda zəhərdir. Hər şey DOZADAN asılıdır. Tofiq Hüseyn poeziyası qədərində olan SƏMİMİYYƏT və MƏSUMLUQ poeziyasıdır.

Dərd-qəmin səsini eşidən, onun qoxusunu duyan şairin səmimiyyətinə inanmamaq mümkün deyil.

Daha dərd çəkməyə canda yox təpər,
Ömrün əcəl adlı bazarındayam.
Yorulmuş atları güllələyirlər,
Buyur, Tanrım, buyur, hüzurundayam.

Tofiq Hüseyn bir-birindən gözəl bir neçə ürək şeiri yazıb. İnfarkt keçirdən ürəyindən:

Bir az gecikibdir bu dərd, bu düyün
Əvvəldən qədrini biləydim gərək.
Ayaqlar altına atdığım üçün
İndi ayağına düşmüşəm ürək,

- deyərək üzrxahlıq edib.

Tofiq Hüseynin “Güllütəpə kəndinin alatoranlığı” adlı şeiri var. Bir alatoranlıqdan çıxsa da, qarşıda yaşanmamış çeşidli alatoranlar dayanır. Amansız olaylar həyatın axarını dəyişə bilər. Şair həyatının məcrası isə dəyişilməzdir. Allah tərəfindən göndərilən hər şey gözəldir. Sevinc də, kədər də. Bütövlükdə bunun bir adı var: HARMONİYA. Tofiq Hüseynin poeziyasında bu harmoniya var və hələ uzun illər biz, bu harmoniyanın orbitində olacağıq.

70 yaşın mübarək, dostumuz, dəyərli şairimiz!

Şahid ƏFƏNDİYEV
Şirvan şəhəri

 





05.06.2016    çap et  çap et