525.Az

“Hay ver mənə, leytenant...” - Fotoreportaj


 

Vətəni qibləgah edən şəhidlər

“Hay ver mənə, leytenant...” - <b style="color:red">Fotoreportaj</b>

...Əmisi Seymur İsgəndərovun qucağında maddım-maddım insanlara boylanan, sinəsinə taxılan ulduzun bir oyuncaq olduğunu zənn edən 10 aylıq Elman bala... Sən nə biləsən ki, o adi bir ulduz deyil, o bir anın içərisində 95 şəhidimizin hər biri kimi Azərbaycanın həsrətində olduğu Qələbə və Qalibiyyət məqamını bizə bəxş edən cənab leytenant Elnur İsgəndərova Vətən qarşısında, torpaqlarımızın azadlığı uğrunda canından keçdiyi üçün verilən “Vətən uğrunda” medalıdır. Körpəm, balam, övladım... Sən hələ bilmirsən ki... o sarışın gözəl Məlakə ananın yaddaşında nələr qoyub gedib Elnur. Sən hələ bilmirsən ki, nənən Gülnar müəllimə, baban İsgəndər müəllim atanın ətrini səndən almaq istəyirlər...

Ancaq biləcəksən... Böyük oğlan olanda, məktəbə gedəndə, dərs oxuyanda, insanlarımızın qibləgah yeri olan Şəkidəki Şəhidlər Xiyabanına gedəndə biləcəksən ki, atan Elnur İsgəndərov azərbaycanlılara Qələbə sevincinin bir damla dadını verib. Tamı dodağımızda qalıb. Şirinliyi dodaqlarımızı, qəlbimizi çat-çat edib.

Sən hələ bilmirsən ki, may ayının sərin bir gecəsində qapınızı döydüyüm zaman, evinizdə hüzn var idi. Nənən Gülnar, bibin Sevinc, əmin Seymur, anan Məlakə xatirəyə çevrilmiş qəhrəman atandan danışdılar... Bilirsən, atanın “Sarı gəlin”-deyib sevdiyi, könlünün sevgili-məhbubu olan anan gəlin Məlakə nələr danışdı... İndi yazıram. Böyüyəndə oxuyub biləcəksən ki, sinəsini “Vətən uğrunda” medala meydan edən qəhrəman oğlumuzun oğlusan. 

“Mən elə bilirdim, sənsiz ölərəm...” 

Qarşımda əlinin xınası getməyən bir gəlin oturub. Qaynanasına “ana” deyib sığınıb. Sağında-solunda görmək istədiyi, nəfəsini hiss etmək istədiyi yarısı, ömrünə ömür-gün yoldaşı ola bilməyən sevgisindən, istisindən doymadığı əri haqqında indi xatirələr danışır. Bu sarışın gözəl sakit, mülayim səslə elə sağlığında olduğu kimi danışır Elnurdan. Xəbəri yoxdur dünyadan, bir özüdür, bir də Elnur:

- Martın 27-si idi. Pul kartını mənə verdi. Kodunu da yazdı. Qəribə sözlər danışırdı. Evdə, həyatda özümü necə aparmaq lazım olması barədə sözlər deyirdi. Əlimlə tez-tez ağzını tuturdum ki, eyyyyyy... belə demə... Ancaq o yenə tapşırıqlar verdi. Dedi, güclü ol, heç vaxt zəif olma. Hələ oğlumuz dünyaya gəlməzdən əvvəl mənə deyəndə ki, mənə bir şey olsa, sən neylərsən?! O zaman cavab verirdim ki, sənsiz həyat nəyimə gərəkdir?! Uşağımız doğulandan sonra da bir-iki dəfə belə soruşdu. Bu dəfə, “ölərəm” demədim, dedim ki, axı oğlumuz var, onu böyütməliyik. Ancaq Elnur mənə dedi ki, sənə bir şey olsa, mən ölərəm. Bir məşhur şeir var, indi onu tez-tez xatırlayıram:

Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla.

27-si martda yola saldım... Günorta üstü yenə zəng vurdu. Evə bazarlıq etmək üçün nə lazım olduğunu soruşdu. Dedim ki, bəs getmədin? Cavab verdi ki, sabaha qaldı... Elə sevindim ki... Allahım həmin günü də bizə bir yerdə qalmaq üçün bir gün də möhlət veribmiş. Onunla keçirdiyim hər saatı ömrümə Allahdan hədiyyə, sevinc payı sayırdım. Keçib uşaqla oynadı, mətbəxdə yemək hazırlayırdım. Yataq otağına keçəndə gördüm ki, oğlum çarpayının bir tərəfində, Elnur da o biri tərəfində qollarını geniş açıb elə rahat, elə şirin yatıblar ki... Həmin günü gedib hərbi şəhərcikdə qonşumuz olan dostu ilə görüşmək istədi. Qoymadım. Yalvardım ki, heç yerə getmə yanımızda otur. 28-i səhər tezdən yol çantasını hazırladım. Qapıdan ötürəndə, xeyli arxasınca baxdım, dönüb gəlib, bir də vidalaşdıq, dedi ki, dua elə ki, getməyim...

Sonra telefonla mesaj yazdı: “Mən gedirəm... Özünüzə yaxşı baxın...” Həmin axşam ana gəldi bizə-qaynanam Gülnar müəllimə. Başımız uşağa qarışdı. Aprelin 1-nə kimi telefon zənglərimiz olurdu. Ancaq hadisələrdən xəbərimiz yox idi.

Birdən uzaqlara baxdı Məlakə. Gözlərində işıq gördüm. Üzünə təbəssüm də qondu. Gülümsəyə-gülümsəyə söhbətinə davam etdi:

- Hərbi formasını elə xoşlayırdı ki, leytenant idi, axı... Geyinib güzgünün qabağında özünə baxardı. Mən də qısqanırdım... güzgüyə də... Deyirdim ki, kimin üçün elə fors edirsən? Deyirdi ki, bax gör, məndən general olar?! İndi o leytenantın xəyalı durur gözlərimin önündə və tez tez sevdiyi “Cənab leytenant” mahnısını xatırlayıram:

Barıt qoxulu o yollar, o yollar
Səni bəs nə vaxt qaytarar, qaytarar.
Səndən təsəlli bir zabit mundiri
Bir cüt ulduzlu, aylı paqonlar.
Hay ver mənə, cənab leytenant,
Hay ver mənə, leytenant.
Xoş müjdəli bir savaşdan
Pay ver mənə leytenant.

Gəlini danışdıqca xırda-xırda hıçqırıqlarla ağlayan ananın göz yaşlarını görmək, onları seyr etməyin necə çətin olduğunu əslində qələmlə də yazmaqda çətinlik çəkirəm. Göz yaşları içərisində Gülnar müəllimə də söhbətimizə qoşuldu:

- Elnur təlimlərdə olanda, mən adətən Bakıya gedib gəlinin yanında qalırdım. Elnurun toyunun ab-havası hələ çəkilməyib bu həyətimizdən... Hələ toydan qalan izlər, xatirələr var evimizdə. Vağzalının səsi hələ də qulaqlarımdadır. Atası İsfəndiyar 11 saylı Şəki şəhər məktəbində idman dərsi deyib, mən də 7 saylı məktəbdə sinif müəlliməsi işləmişəm. Üç övlad böyütmüşdük. Neylədiksə, Elnuru hərbiçi olmaq istəyindən çəkindirə bilmədik. Sonda da sinəsini düşmənə sipər etdi ki, Vətən torpağını qorusun. Deyirdi ki, general olacağam, mənimlə fəxr edəcəksən. Bu hadisəni, yəni ermənilərin torpaqlarımızda yenə də qan tökmələrini təsadüfən televizordan eşitdik. Elnurun telefonuna zəng çatmayanda isə narahat da olmadıq. Biz bilməzdik ki, onlar da həmin cəbhədədirlər. Narahatçılığımız var idi, bütün vətən haqqında, ancaq Elnur ağlımıza da gəlmirdi. Aprelin 3-ü yenidən Bakıdan Şəkiyə qayıdanda gördük ki, həyət adamla doludur. Sonradan bildik ki, Elnurdan xəbər yoxdur, onun haqqında xəbər gözləyirlər. 

Bacılar yanar ağlar 

Sevinc də hərdən söhbətimizə qoşulurdu:

- Qardaşımın toyunu 2014-cü ilin avqust ayının 3-də etdik. Bu həmin vaxtlar idi ki, ermənilərin təxribatı nəticəsində yenidən təmas xəttində atəşkəs pozulmuşdu. Həmin döyüşlərdə Vətənimiz 15 şəhid verdi. Onların bir neçəsini Elnur da tanıyırdı. Hətta zəng vurub bizə dedi ki, gələ bilməsə, toyu bəysiz etsinlər. Ara sakitləşəndə 1 həftəliyə gəldi. Qardaşımın toyunu çaldırdıq. Ancaq hərbçi dostlarının heç biri gəlməmişdi. Hamısı vəziyyət gərgin olduğundan döyüş bölgəsində idilər. Qardaşım öz sənətini çox sevirdi. Bir neçə dəfə Müdafiə Nazirliyi tərəfindən Fəxri diplom və medallara layiq görülmüşdü. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdu. 2010-cu ildə həmin məktəbin motoatıcı ixtisası üzrə bitirdi. 2010-cu ildən 2011-ci ilə qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dunləyicisi oldu. Kursu bitirəndən sonra hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində xidmət etdi. 2011-ci ildən 2012-ci ilin ortalarına kimi Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib, 2014-cü ildən isə N saylı hərbi hissəyə Xüsusi Təyinatlı Qrup komandirinin müavini vəzifəsinə təyin olunmuşdu. Hərbi xidmətdə göstəriciləri nəzərə alındığından son dəfə Xüsusi Əməliyyat Briqadasının Xüsusi Əməliyyat taborunun qrup komandiri müavini vəzifəsinə təyin edilmişdi. Qardaşım Elnur İsgəndərovu bu səviyyəyə çatdırmaq üçün dövlət özü nə qədər xərc çəkmiş, vəsait xərcləmişdi. 2-5 aprel döyüşlərində görün bir neçə-neçə Elnur kimi cəsur və hazırlıqlı oğullarımız qurban getdi. Onların hər biri bir tabor əsgərə bərabər idi. Kaş ki, qardaşımın və onun döyüş dostlarının qanı yerdə qalmasın... Qardaşı Seymur İsgəndərov:

- Ailənin böyük oğluyam. Atam o hadisədən sonra özünə gələ bilmir. 70 yaşı olsa da, bu hadisə onu lap qocaltdı, taqətdən saldı. O xəbər çıxan gündən bu yollarda qaldıq. Qardaşımın cansız bədənini yalnız aprelin 10-u Qırmızı Xaç Cəmiyyətinin vasitəsilə ala bildik. Qardaşımla və Vətən torpaqlarını azad edən bütün şəhidlərimiz və əsgərlərimizlə fəxr edirəm. Aprelin 11-i günü qardaşımı sevdiyi Vətən torpağına əmanət etmək üçün qapımıza bütün Azərbaycan gəlmişdi. Dostları da , qardaşımın dəfnindən sonra Oğuz-Şəki yolunun girəcəyi ilə üzbəüz dayanan-da silsiləsinin zirvəsinə çıxıb, Azərbaycanın üçrəngli bayrağını oraya sancdılar. Elnurun şəklini də o zirvəyə əmanət edib, adına “Elnur zirvəsi” dedilər.

...Şəki şəhərindəki 21-ci rayon, Əlişir Nəvai küçəsindəki 10 saylı evdə dünyaya gəlib, bir məhəllənin, bir məktəbin, sonra bir taborun tanıdığı oğlan, dönüb Azərbaycanın dillər əzbəri oldu. Bu yazını yazmağa hazırlaşarkən, gəlin Məlakə mənə bir yazı göndərdi. Yazdı ki, bu qaynanamın Elnura məktubudur. Sizinlə olanda danışa bilmədiklərini indi yazıb. Bir şəhid anasının əlləri əsə-əsə oğlu haqqında yazdıqları sətirlərdəki ağrını ölçmək üçün hələ ki, dünyada heç bir alim cihaz icad etməyib. Gülnar müəllimə mənə deyə bimədiklərini belə ifadə etmişdi: “2011-ci ilin dekabr ayında Elnur mənə zəng etdi. Dedi ki, ana məndən 6 ay xəbər tuta bilməyəcəksiniz. Ancaq narahat olmayın. Buralardayam. İnşallah salamat qayıdacağam. Mənə hər gün dua et, xeyir-duanı əksik etmə. Mən özüm Sizə zəng edəcəyəm. Bu bizim üçün nə qədər ağır olsa da gözlədik. Bütün ailə üzvlərimizə tapşırdım ki, zəng edib, uşağımın dərsini pozmasınlar. Yoxsa ki, işdə bizə görə üzünə söz gələr. 2012-ci ilin iyun ayında Elnur zəng edib Şəkiyə gəldiyini dedi. Görüşdük. Evimizdə də bayram idi, Elnur da elə sevincli görünürdü. Səbəbini soruşanda dedi ki, mən Xüsusi Təyinatlı Qüvvələr qrupuna keçmişəm. Bir ana kimi mənim üçün nə qədər çətin və ağır olsa da onun sevincinə sevinməyə bilməzdim. Elnur öz arzusuna çatmışdı. Ancaq sən demə, bu, Elnurun əbədiyyətə qovuşmaq arzusunun başlanğıcı idi”.

 





05.06.2016    çap et  çap et