525.Az

Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” əsərinin müzakirəsi - Foto


 

Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” əsərinin müzakirəsi - <b style="color:red">Foto</b>

Bu il mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” əsərinin müzakirəsi keçirilib.

Müzakirənin əvvəlində kafedranın müdiri, filologiya elmləri doktoru, professor Himalay Qasımov geniş məruzə ilə çıxış edib. H.Qasımov “Açıq kitab - “Dədə Qorqud” əsərinin məziyyətlərindən danışarkən bu kitabın düşüncəni müxtəlif yerlərə yönəltməsinə şərait yaratdığını, tədqiqatda etnogenezis və etnopoetika məsələlərinin bir-birini tamamladığını mühüm keyfiyyət kimi dəyərləndirib. O bildirib ki, “Dədə Qorqud”a həm poetika, həm mətnşünaslıq, həm də tarixilik baxımından yanaşılması tədqiqatın xeyrinə olmuşdur. Kamran Əliyevin apardığı analogiyalar və ortaya qoyduğu tipoloji düşüncə tərzi ədəbiyyatşünaslığımız üçün yeni hadisədir. Professor H.Qasımov kitabın həcmcə çox da böyük olmamasını nəzərə alaraq deyib: “Bu kitabda sözlərin meydanı dar, fikirlərin meydanı isə genişdir”.

Filologiya elmləri doktoru, professor Elman Quliyev öz çıxışında bildirib ki, Kamran Əliyevin adı ədəbiyyatşünaslıqda qəbul edilmiş ciddi imzadır. Onun şəxsində böyük ədəbiyyatşünas obrazı görünür. Professor Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” əsəri bir daha təsdiq edir ki, “Dədə Qorqud” eposunun öyrənilməsi bitmir ki, bitmir və bu kitab da hələ son deyil. Kamran Əliyev bu kitab vasitəsilə nəyi demək yox, necə demək məsələsini daha da aktuallaşdırmışdır. Professor Elman Quliyev çıxışının sonunda demişdir: “Yalnız “Dədə Qorqud” eposundan xəbərdar olanlar bu kitabdakı hər cümlənin mahiyyətini başa düşə bilərlər”.

Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi Kamran Əliyevin “Dədə Qorqud” eposuna vurğunluğunu və alimin qələminin itiliyini xüsusilə qeyd edib. Professor Kamran Əliyevin bu kitab üzərində on ildən də artıq işlədiyini, ayrı-ayrı elmi konfrans və elmi sessiyalarda bu mövzu ilə əlaqədar məruzələr etdiyini və öz elmi qənaətlərinə tam inandığını tədqiqatçının nailiyyəti kimi dəyərləndirib.

 Filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu öz çıxışında Kamran Əliyevin kitabında Qorqudşünaslığın yaxşı ənənələrinin davam etdirildiyindən söhbət açıb. O bildirib ki, Kamran Əliyevin bu tədqiqatı “Dədə Qorqud” eposunun yenidən oxunuşudur. Professor Təyyar Salamoğlu sonra demişdir: “Elm aləminə məlumdur ki, Kamran Əliyev romantizmşünasdır və bu kitabla romantizmin tədqiqatçısı eposa gəlib çıxıb. Professor Kamran Əliyev öz yaradıcı şəxsiyyəti ilə sübut edir ki, bütün ədəbiyyatların kökü eposdadır. Kamran Əliyevin kitabını orijinal və sərrast müşahidələr kitabı da adlandırmaq olar”.

 Filologiya elmləri doktoru, professor Ramin Əhmədov kitabda “Dədə Qorqud”un poetikasının daxili incəliklərinə nüfuz edilməsini xüsusilə nəzərə çarpdırıb. Həmçinin o qeyd edib ki, professor Kamran Əliyevin kitabı kompozisiyası və quruluşu baxımından da orijinaldır. Ramin Əhmədov çıxışının axırında bildirib ki, bir cümlə ilə desək, professor Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” əsərində eposa yeni baxış var.

Filologiya elmləri doktoru Yaqub Babayev öz çıxışında kitabdakı tezislərin zənginliyini təqdir edərək bir çox müddəaların yenidən inkişaf etdirilməsi zəruriliyindən danışıb. O bildirib ki, kitaba daxil edilmiş hər bölmədən bir monoqrafiya da yazmaq olar.

Müzakirədə kafedranın müəllimləri - filologiya üzrə fəlsəfə doktorları da professor Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” əsərini müxtəlif yönlərdən dəyərləndirmişlər: Nəcəf Nəcəfov problemlərin diqqətlə seçilməsindən, Qüdrət Umudov tədqiqatda subyektivlik və obyektivliyin paralelliyindən, Yaşar Rzayev səmərəli axtarışların əhəmiyyətindən, Təranə Əzimova alim nüfuzunun təsirindən, Məlahət Babayeva elm və həyatın əlaqələrindən danışıblar.

Müzakirənin sonunda professor Kamran Əliyev çıxış edərək söylənilən fikirlərə görə minnətdarlığını bildirib.

 





05.06.2016    çap et  çap et