525.Az

Vərəmlə mübarizədə Azərbaycan təcrübəsi


 

ƏDLİYYƏ NAZİRLİYİ TİBB BAŞ İDARƏSİNİN PENİTENSİAR MÜƏSSİSƏLƏRDƏ VƏRƏMLƏ MÜBARİZƏDƏ ƏLDƏ ETDİYİ UĞURLAR DÜNYANIN DİQQƏT MƏRKƏZİNDƏDİR

Vərəmlə mübarizədə Azərbaycan təcrübəsi<b style="color:red"></b>

Azərbaycanın ədliyyə sistemində aparılan genişmiqyaslı islahatlar, penitensiar müəssisələrdə tətbiq edilən yeniliklər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Əldə edilən təcrübələr bir çox xarici dövlətlər tərəfindən maraqla qarşılanır, örnək model kimi tətbiq olunur. Xüsusilə, bu, məhkumluq həyatı yaşayan insanların islah olunaraq cəmiyyətə sağlam şəkildə qaytarılması məsələsidirsə, ikiqat əhəmiyyət daşıyır. Söhbət Ədliyyə Nazirliyi Tibb baş idarəsinin son illər penitensiar müəssisələrdə vərəmlə mübarizə sahəsində əldə etdiyi böyük uğurlar, dünya təcrübəsinə qazandırdığı yeniliklərdən gedir. 

Ümumiyyətlə, son dövrlər nazir Fikrət Məmmədovun rəhbərliyi altında ədliyyə orqanlarının beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində yüksək səviyyədə həyata keçirdiyi fəaliyyət nəticəsində həm cəmiyyət cinayətkarlardan mühafizə olunur, həm də törətdiyi müxtəlif qanunsuz əməllərə görə məhkumluq həyatı yaşayan insanlar islah olunduqdan sonra cəmiyyətə sağlam şəkildə qaytarılırlar.  Bu mənada, məhkumluq həyatı yaşayan insanlar arasında vərəmə yoluxma hallarının kəskin şəkildə azalması Tibb baş idarəsi tərəfindən bu istiqamətdə görülən işlərin müsbət nəticə verdiyini bir daha təsdiq edir.

Həmsöhbətimiz Ədliyyə Nazirliyinin Tibb baş idarəsi Müalicə işinin təşkili idarəsinin vərəm üzrə baş inspektor-həkimi, tibb xidməti polkovnik-leytenantı Füzuli Hüseynov bildirib ki, ilk dəfə 1995-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsilə əməkdaşlıq çərçivəsində Azərbaycanın penitensiar müəssisələrində vərəmlə mübarizə sahəsində pilot layihə həyata keçirilib: “Bu istiqamətdə kompleks tibbi tədbirlərin ardıcıl və effektiv aparıldığına, üçillik pilot layihənin icrasından sonra işin nəticə verdiyinə əmin olan Komitə Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində ümumi müqavilələr əsasında tədricən birgə fəaliyyət aparmağa qərar verib. 2011-ci ildə isə görülən işlərin gözləniləndən daha artıq nəticə verdiyini görən beynəlxalq təşkilat bu sahədə həyata keçirilən layihələrdə özünün iştirakına artıq ehtiyac olmadığını bəyan edib. Sonrakı illərdə Tibb baş idarəsi tərəfindən bu istiqamətdə fəaliyyət müstəqil olaraq uğurla davam etdirilib”. 

“İxtisaslaşdırılmış müalicə müəssisəsində aparılan müayinələrin nəticələrinə tam zəmanət verilir” 

1998-ci ildə İxtisaslaşdırılmış müalicə müəssisəsi yaradılıb. Burada cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların vərəmə görə tam diaqnostikası və mərkəzləşdirilmiş qaydada müalicəsi həyata keçirilir.

Müəssisənin fəaliyyətindən danışan F.Hüseynovun sözlərinə görə, infeksiya-nəzarət tədbirləri çərçivəsində müəssisədə bir çox kiçik şöbələr yaradılıb: “Burada qeyri-adilik ondadır ki, vərəmin forması, xəstəlik törədicisinin dərmanlara həssaslığı, habelə məhkəmə tərəfindən verilən cəza növündən (saxlanma rejimindən) asılı olaraq məhkumlar müəssisədə ayrı-ayrı saxlanılırlar”. O bildirib ki, müəssisədə müasir səviyyədə müayinələrin aparılması mümkün olan laboratoriya yaradılıb: “Burada ən müasir avadanlıqlarla qısa müddətə vərəm çöpləri aşkarlanır, birinci və ikinci sıra vərəm əleyhinə dərmanlara həssaslıq müəyyən edilir, molekulyar -genetik metodlar tətbiq olunur. Bu laboratoriyada aparılan müayinələrin nəticəsi hər il Almaniyanın Borstel şəhərində supranasional laboratoriyada bir daha yoxlanılır. Son 10 il ərzində apardığımız bütün müayinələrin nəticələri orada təsdiq olunub. Bu da bizə vərəmlə mübarizə sahəsində fəaliyyətimizi davam etdirərək ciddi uğurlar qazanmağımıza imkan verib”. 

“Bütün cəzaçəkmə müəssisələrində vərəmə görə kütləvi müayinələr aparılır” 

F.Hüseynov qeyd edib ki, 2006-cı ildə cəzaçəkmə müəssisələrində sistemli olaraq vərəmə görə kütləvi müayinələrin aparılmasına başlanılıb: “Sonrakı illərdə bu iş tədricən intensivləşdirilib və 2011-ci ildən etibarən bütün müəssisələrdə ildə azı bir dəfə kütləvi müayinələr keçirilir. Bu illər ərzində aşkar edilən 1414 vərəmli xəstə spesifik müalicəyə cəlb olunub. 2012-ci ildən isə vərəmə yoluxduğu ehtimal olunan məhkumların bəlğəm nümunələrinin penitensiar müəssisələrdən xüsusi ayrılan nəqliyyat və ekspeditor xidməti vasitəsilə laboratoriyalara daşınması həyata keçirilir”.

2007-ci ildən vərəmin sürətli diaqnostikası üçün innovativ texnologiya, avadanlıq və sistemlərin tətbiqinə start verildiyini deyən baş inspektor-həkim qeyd edib ki, həmin ildə ölkədə ilk dəfə vərəm mikrobakteriyalarını qısa müddətdə aşkarlamağa imkan verən “Bactec MGİT 960” laborator avadanlığının tətbiqinə və dərmanlara davamlı vərəmin 2-ci sıra dərmanlarla müalicəsinə başlanılıb: “2008-ci ildən İxtisaslaşdırılmış müalicə müəssisəsində dərmanlara davamlı vərəmi qısa müddətdə aşkarlayan molekulyar-genetik texnologiyaya əsaslanan HAİN testlərindən istifadə edilir. 2009-cu ildə isə vərəm mikrobakteriyalarını və onların dərmanlara davamlılığını 2 saat ərzində təyin etməyə imkan verən “GeneXpert” diaqnostik sisteminin tətbiq ediliməsinə start verilib”.

İdarə əməkdaşının dediyinə görə, indi Azərbaycanın penitensiar müəssisələrində  vərəmin aşkarlanması, diaqnostikası və müalicəsi üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi innovativ texnologiyalara əsaslanan avadanlıqlar istifadə olunmaqla bütün müasir metodlar və müalicə sxemləri tətbiq olunur: “2013-cü ildə İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxan xüsusi kontingent arasında vərəmin profilaktikası ilə əlaqədar dövri tibbi müayinələrin və İzaniazidlə Preventiv Terapiyanın həyata keçirilməsi üçün səyyar briqadalar təşkil olunub. 2013-2015-ci illərdə İİV-ə yoluxan 568 məhkum bu terapiyaya cəlb olunub”.  

Tibb baş idarəsinin dünyada analoqu olmayan Vərəm üzrə Təlim Mərkəzi 

Kadr hazırlığı prosesinin həyata keçirilməsi məqsədilə 2012-ci ildə ədliyyə naziri Fikrət Məmmədovun əmrilə İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə Təlim Mərkəzi yaradılıb. Dünyanın heç bir ölkəsində bu mərkəzin analoqu yoxdur.  2014-cü ildə ÜST Avropa Regional Bürosu Təlim mərkəzinə 4 il müddətinə “Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi” beynəlxalq statusu verib.

Təlim mərkəzinin fəaliyyətindən danışan F.Hüseynovun sözlərinə görə,  2012-2015-ci illər ərzində mərkəzdə ümumilikdə 830 dinləyicinin iştirak etdiyi 61 treninq keçirilib: “Bu treninqlərin 58-də 817 yerli, 3-də isə 13 əcnəbi dinləyici iştirak edib. 2015-ci ilin mayında Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin penitensiar müəssisələrində vərəməleyhli xidmətlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən həkimlər və rəhbər vəzifəli şəxslər üçün Əməkdaşlıq Mərkəzində “Çoxsaylıgeniş dərmanlara davamlı vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda beynəlxalq tədris kursu keçirilib. Bu kursda İtaliya, Monqolustan, Cənubi Afrika Respublikası və Özbəkistandan olan nümayəndələr daxil olmaqla, ümumilikdə 15 dinləyici iştirak edib. Bu ilin mayın 16-dan 20-dək isə Əməkdaşlıq Mərkəzində Filippin, Ukrayna, Moldova, Qırğızıstan və Gürcüstandan olan 17 dinləyici üçün analoji tədris kursu təşkil edilib. Hazırda Ukrayna və Tacikistandan olan nümayəndə heyətləri üçün 2016-cı ilin sonlarında növbəti tədris kurslarının keçirilməsi barədə qarşı tərəflərlə yazışmalar gedir.

Təlim mərkəzində həyata keçirilən tədbirlərin həm də onlayn rejimdə xarici ölkələrdə izlənilməsinin təşkil edildiyini deyən İdarə əməkdaşı qeyd edib ki, belə təlimlərdən biri cari ilin martında baş tutub: “Vərəm və Ağciyər xəstəlikləri üzrə Beynəlxalq Birlik və  Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Həbsxanalarda vərəm” mövzusunda beynəlxalq seminar təşkil edilib. Müxtəlif ölkələrdən 150-dən artıq şəxs seminarı canlı izləyib”. Son illər ərzində Əməkdaşlıq Mərkəzinin əməkdaşları digər ölkələrdə: Makedoniyada, Özbəkistanda, Belarusiyada, Moldovada, Tacikistanda və Gürcüstanda beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən vərəmə nəzarət proqramlarının qiymətləndirilməsi işlərinə ekspert qismində cəlb olunurlar. 

“Azərbaycanda vərəm xəstələrinin uğurlu müalicə faizi ÜST-ün tövsiyə etdiyi hədəf göstəricisini keçib” 

Son illər penitensiar müəssisələrdə vərəm xəstəliyinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticələri barədə məlumat verən F.Hüseynov qeyd edib ki, dərmanlara həssas vərəm xəstələrinin uğurlu müalicə faizi ilbəil yüksələrək  91-92 faiz təşkil edib, ÜST tərəfindən tövsiyə olunan 85 faizlik hədəf göstəricisini keçib. Onun sözlərinə görə, çoxsaylı dərmanlara davamlı vərəm xəstələrinin beynəlxalq ekspertlər tərəfindən təsdiq edilən uğurlu müalicə faizi isə 78 faiz təşkil edir: “Bu əksər dünya ölkələri üçün əlçatmaz göstəricidir. Ümumiyyətlə son dövrlər penitensiar müəssisələrdə vərəm hallarının sayı kəskin azalıb. 2011-ci illə müqayisədə 2015-ci ildə bütün vərəm hallarının sayı 2,3 dəfə, çoxsaylı dərmanlara davamlı vərəm hallarının sayı isə 2,5 dəfə az olub. Penitensiar müəssisələrdə saxlanılan xüsusi kontingent arasında vərəmdən ölüm faizi 2015-ci ildə 1995-ci illə müqayisədə 96 dəfə, 2006-cı illə müqayisədə 15 dəfə, 2011-ci illə müqayisədə isə 2,6 dəfə azalıb. İslah müəssisələrində saxlanılan xüsusi kontingent arasında yüz min nəfər populyasiya üzrə hesablanan xəstələnmə göstəricisi 2015-ci ildə 2006-cı illə müqayisədə 2,6 dəfə, 2011-ci illə müqayisədə 3 dəfə azalıb. Bu baxımdan biz faktiki olaraq inkişaf etmiş Avropa dövlətlərinə yaxınlaşırıq”.  

“Azadlığa çıxan şəxslərin vərəm əleyhinə müalicəsinin sonadək aparılmasını təmin edirik” 

F.Hüseynov vurğulayıb ki, əldə etdikləri uğurlara müsbət təsir edən amillərdən biri də azadlığa buraxılan şəxslərin vərəm əleyhinə aparılan müalicəsinin qeyri-hökumət təşkilatı vasitəsilə sonadək izlənilməsi və başa çatdırılmasının təmin edilməsi istiqamətində təcrübələridir: “Bu çox önəmli bir fəaliyyət istiqamətlərimizdən biridir. Çünki əksər hallarda məhkumlar azadlığa çıxandan sonra səhlənkarlıq edərək vərəmə qarşı müalicəni davam etdirmirlər. Bu da onlarda dərmanlara qarşı davamlılığın əmələ gəlməsinə gətirib çıxarır və gələcəkdə həmin şəxslərin müalicəsi daha da çətinləşir. 2011-ci ildən “Sağlamlığa Xidmət” İctimai Birliyi vasitəsilə Səhiyyə Nazirliyinin vərəm əleyhinə tibb müəssisələrində bu fəaliyyət təmin olunduqdan sonra azadlığa çıxan vərəm xəstələrinin müalicədən yayınması və müalicəyə nəzarətin itirilməsi halları minimuma enib. Bu da öz növbəsində ölkə əhalisi arasında vərəmə yoluxma hallarının kəskin azalmasına gətirib çıxarıb”. 

“Azərbaycanın əldə etdiyi təcrübə region ölkələri üçün nümunə hesab olunur” 

Ümumiyyətlə penitensiar müəssisələrdə vərəmlə mübarizə sahəsində Ədliyyə Nazirliyinin Tibb baş idarəsi müxtəlif beynəlxalq təşkilatlar - Qlobal Fond, Vərəm və Ağciyər xəstəlikləri üzrə Beynəlxalq Birlik, ÜST Avropa Regional Bürosu, ÜST “Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq” və “Qlobal Laborator Təşəbbüs” layihələri, İsveçrənin “FİND” təşkilatı, ABŞ-ın “İdarəetmənin elmi metodları səhiyyə üçün” təşkilatının “Əczaçılıq sistemlərinin gücləndirilməsi” proqramı, USAİD-in “Abt Associates.İnc” təşkilatı ilə səmərəli əməkdaşlıq aparır. Azərbaycanın penitensiar müəssisələrində həyata keçirilən vərəmə nəzarət tədbirləri, bu sahədə toplanan təcrübə və əldə edilən nailiyyətlər 2006-cı ildən başlayaraq Vərəm və Ağciyər xəstəlikləri üzrə Beynəlxalq Birliyin İllik Konfranslarında müntəzəm olaraq dünya vərəm ictimaiyyətinə təqdim edilir.

F.Hüseynov qeyd edib ki, ÜST Avropa Regional Bürosunun 61-ci sessiyasında Azərbaycanın penitensiar müəssisələrində həyata keçirilən vərəmə nəzarət tədbirləri region ölkələri üçün nümunəvi təcrübə kimi qiymətləndirilib: “Bundan sonra bizim təcrübəni öyrənmək üçün son illərdə 12 ölkədən - Birləşmiş Krallıq, Filippin, İraq, Çin, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistandan 17 nümayəndə heyətinin tərkibində 111 nəfər mütəxəssis Bakıda səfərdə olaraq bu istiqamətdə Azərbaycanın əldə etdiyi təcrübədən bəhrələniblər. Bu nümayəndə heyətlərinin əksəriyyəti qarışıq tərkibli olmuşdur, yəni heyətdə nəinki tibb ixtisaslı işçilər, eləcə də cəza-icra sistemlərinin rəhbər vəzifəli inzibati və rejim xidmətlərinin əməkdaşları olmuşlar. Bizdə olan məlumata görə, artıq bir neçə ölkə Azərbaycan modelini tətbiq etməyə başlayıb”. 

Tibb baş idarəsinin vərəmə nəzarət proqramı ABŞ-ın beynəlxalq Səhiyyə Mükafatına layiq görülüb 

Tibb xidməti polkovnik-leytenantı söyləyib ki, 2013-cü ildə Azərbaycanın penitensiar müəssisələrində uğurla həyata keçirilən vərəmə nəzarət proqramı ABŞ-ın Beynəlxalq İslah müəssisələri və Həbsxanalar Assosiasiyasının (İCPA) Səhiyyə Mükafatına layiq görülüb: “Həmin il Beynəlxalq Qızıl Xaç Komitəsi xarici ölkələrdən xüsusi çəkiliş qrupu dəvət edərək Azərbaycanın penitensiar müəssisələrində vərəmlə mübarizəyə aid sənədli-publisistik film çəkib. Hazırda həmin film bir neçə xarici dilə tərcümə edilərək Komitənin nümayəndəlikləri yerləşən bütün ölkələrdə əyani tədris-metodiki vasitə kimi nümayiş etdirilir”.

Göründüyü kimi, Ədliyyə Nazirliyi Tibb baş idarəsinin Səhiyyə Nazirliyi ilə sıx əlaqədə islah müəssisələrində vərəmlə mübarizə sahəsində həyata keçirdiyi işlər kifayət qədər ciddi nəticələr verib. Ölkədə vərəmə yoluxma halları kəskin şəkildə azalıb. Bu tendensiya daim müsbət istiqamətdə dəyişməkdədir. Əlbəttə, bütün bunlar dünya ictimaiyyətinin diqqətindən kənarda qala bilməzdi. Beynəlxalq təşkilatlar vərəmlə mübarizədə Azərbaycanda həyata keçirilən işləri, əldə olan uğurları ən yüksək səviyyədə qiymətləndirir. Ona görə də, istər müasir üsulların tətbiqi, xarici təcrübənin öyrənilməsi, istərsə də yeni yanaşma-modelin ortaya qoyulması, kadr hazırlığının yüksək səviyyədə həyata keçirilməsi bu istiqamətdə yaxın gələcəkdə daha böyük uğurların əldə ediləcəyinə əminlik yaradır.

Ceyhun ABASOV

 





06.06.2016    çap et  çap et