525.Az

Sonun şifrəsi


 

Sonun şifrəsi<b style="color:red"></b>

Xahiş-minnətə bükülmüş yazılar: “Gələn ay... yaşım tamam olur, filan ay yubileyimdi,... 23 kitabım çıxıb, 33 xarici ölkədə çap olunmuşam...” Hələ üstəlik, “haqqında bir yazı” təmənnası.

Hətta o “yazını” özü gətirənlər...

Bu məğmun yetikliyin sonrası ədəbiyyatın üstünə atılmış daş qalağı olur, vəssalam!

...Yağır olmuş bir ifadə: ədəbiyyatda külüng vurmaq!

Ədəbiyyatda külüng vurmurlar!

Ədəbiyyatda yaşayırlar!

Ədəbiyyata İstedadın gəlişi nələrisə dəyişir; havanı, ovqatı dəyişir, səmti, zövqü dəyişir, Davam olur, Yeni sətir olur.

İstedad “mən də varam” - deyib sıtqamır, “Mən gəldim!” - deyir.

İcazə istəmir, xəbərdar edir!

Hara gəldiyini, niyə gəldiyini bildiyindən, intonasiyası da dəqiq, aydın olur! 

Onun kimi - Vaqif Səmədoğlu kimi!

lll

“Teleqram” - bir damar nigaranlıq deməkdi, bir damar da xatircəmlik. Qəfil və gözlənilən anlamı ilə kommunikasiyanın iki ovqatı ifadə edən bu forması gedənlə qalanlar, keçmişlə bu gün arasındakı körpüdən soraq verir həm də; gedibsə, əvvəl burdaydı, tanış deyilsə də, maraqlıdır, nam-nişanı ilə gözlədiyimizi xatırladacaqmı görən?

Vaqif Səmədoğlunun Xəbəri də teleqram effektində oldu; qəfil və gözlənilən. İlk şeir kitabı “Yoldan teleqram”ın rezonansı kimi. Sonralar da belə oldu: Vaqifin hər Xəbəri havanı dəyişirdi, ovqatı yeniləyirdi...

“Yoldan teleqram” gələndə ideoloji ştampda millilik anlayışını ən ümumi halda əyalət koloriti kimi qavrama güclü idi. Səməd Vurğunun gedişindən 12 il sonra gələn bu “teleqram” və ədəbiyyatın “astronomik tsikli”nin tamamlanması zamanın həqiqətləri ilə bağlı konseptual baxışı fərqli olan bir şairi təqdim etdi.

“Vaqif seçməkdən daha çox mənalandırmağa səy edir. Aləmə özünə məxsus görüş bucağı altından baxmağa, yeni xüsusiyyətlər, yeni cəhətlər kəşf etməyə çalışır. Bax, elə bu bucaq altında da onun öz fərdi üslubu yaranır” (İ. Qasımzadə.”Yoldan teleqram”1968).

Ənənə və müasirlik adı altında fikir qütbləşməsinə meylli düşüncə daşıyıcılarının arşını da hazır idi: Görən bu “teleqram” Səməd Vurğunun Yolundan vurulubmu? Əlbəttə, qınanılası da deyildi; günü bu gün də Səməd Vurğun şeiri azərbaycançılıq ruhunun ifadəsi kimi qəbul edilir, bu gün də onun bostanına atılan daşlar xalqın heysiyyət damarına toxunur. Və kimsə düşünürsə ki, Səməd Vurğunun yaradıcılığı məhəlli düşüncənin ifadəçisidir, şübhəsiz, yanılır. Çünki Səməd Vurğunun böyüklüyü, bütün böyük fikir adamları kimi, öz xalqının milli xarakterini, mənəviyyatını ifadə etməklə, onu bütövlükdə bəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevirə bilməsindədir. Bu mənada Səməd Vurğunu qapanmış səhifə kimi təqdim etmək cəhdlərinə ən yaxşı cavab Vaqif Səmədoğlu yaradıcılığıdır. İntellekt, təcrübi bilik və fitri istedadın zəki və zərif zövqlə uzlaşması ilə bir mədəniyyət hadisəsi olan Vaqif Səmədoğlu yaradıcılığı, birmənalı şəkildə ehkamçılığa yad idi.

Yaradıcılıq dediyin keyfiyyətcə yeni sərvət yaratma deyilmi və burada təxəyyül, təcrübə, bacarıqdan başqa, ictimai münasibətlər amilinin fərqli biçimi necə unudula bilər?!

..Bu gecə bir də oxudum məktublarını,
 Dünyanı, İnsanları, Vətənini
sənin qədər sevən bir adamın məktublarını
Qələmin möhkəm,
dilin duzlu,
ürəyin nigarançılıqla dolu...
Səndən qalan nə varsa:
ümidlər, insanlara inam, dosta sədaqət,
Hər vergülünün, nöqtəsinin
 keşiyində dayandığın
 ana dilimiz,
 Bu var-dövlət
çatar bizə də,
nəvələrinə də,
onlardan sonra gələnlərə də,
Arxayın ol hər şeydən!...
(V.Səmədoğlu. “Atamın məktublarına cavab”).

lll 
 
İdeya, İradə, Xeyir, Hərəkət, İşıq və Harmoniya. Və bütün bunların cəmi - Həqiqət. Bu metaforik zəmində onların üçü də - ata və oğullar - birlikdə genetik varisliyin sadə, aydın təcəssümüdür. Ümumən bu üçlüyün yaradıcı ömrü parlaq polifonizmi ilə bədii və estetik fəaliyyətin fəlsəfəsini ifadə etmək nümunəsidir. Əlbəttə, başqa cür düşünənlər də var, nə etməli?! “Dünyanın gərdişi elə bundan ibarətdir: inanan inanır, inanmayan inanmır!” (Yusif Səmədoğlu). Və bu üçlük “gərdişi - dövranın” hər dönəmində “ ömür elə qısadır ki...” təəssüfünü o qədər tez - tez, o qədər çeşidli halətlərdə xatırladır ki, ömrün yetmişbeşinə az qala qəhrəmanlıq, möcüzə kimi baxmaqdan başqa əlacın qalmır.

Hara çıxıb gedə billəm
Bu sürətlə, bu cürətlə?
İzin ver, yalan danışım,
Sıxılmışam həqiqətlə...

Onun yetmişbeşi “şükürlük” deyildi, heç deyildi... amma həm də o qədər şükürlüydü ki... Onu şükürlük eləyən 63 yaşın

Əcəldən möhlət istədim,
Möhlətini əsirgədi -

(Yusif Səmədoğlu, “Qətl günü”) yaxıcı təəssüfüydü, onu şükürlük eləyən 50 yaşın Heç yana, heç yerə mən tələsmirəm - (Səməd Vurğun) deyən həyat eşqinə məhəl qoymamış əcəlin amansız laqeydliyiydi.... və Vaqif Səmədoğlu:

Anladı
belə nəhəng şeylər içində
Ümidin necə gərək olduğunu...

Vaqif Səmədoğlu Yetmişə yetməmiş ömürlərin əvəzinə də Azərbaycan səhnəsində ümidin, sevginin son monoloqunu söyləyirdi.

Dalamır indi məni
Artıq illərin
Başyuxarı axarı,
Və ömrün üzüqoylu axırı!
Bilirəm,
Yer üzündə bütün izlər
Ömürdən gedir...
Mənsə gah həyata,
Gah ölümə səbəb gəzirəm.
Yaşayıram, dözürəm...

lll

Hələ də başa düşə bilmirəm ki, Vaqif Səmədoğlunun 75 illik yubileyində Şuşaya gələn yolları, Şuşadan gedən yolları niyə düşünürdüm... Şuşaya möhtəşəm dönüşümüzün zəfər yollarını niyə düşünürdüm. Yolların zamanını dəyişəcək İnsanları niyə düşünürdüm!.. Niyə Şuşa yolunun Məkkə yolu kimi ağırlığını və müqəddəsliyini azərbaycanlılar üçün iki dünya sınağı kimi düşünürdüm... Səhnədə həyata, qadına, insana sevgisini paylaşan şairi dinləyə-dinləyə onu da düşünürdüm ki, Vaqif Səmədoğlu - atası Səməd Vurğun kimi, qardaşı Yusif Səmədoğlu kimi - Azərbaycan mədəniyyətinin canlı klassiki ola bilmiş bu nadir İstedad da, Şuşamız kimi, Seçilmiş Tale yaşayır. Və onda mən bu dördlüyü bir də heç vaxt ayrılıqda düşünə bilməyəcəyimi başa düşdüm.

Səməd Vurğun:

Şuşa bir Günəşdi, Şuşa bir Aydı,
Parisə bənzərdi dağılmasaydı - misraları ilə,
Vaqif Səmədoğlu :
Hansı rənglə çəkəcəklər
xəritələrdə ölkəmi?

- sualı ilə “Kasandra sindromu” anlayışını mənfi çalardan xilasının böyük istedadın sayəsində mümkünlüyünü təsdiq edir.

Sual təkcə inamsızlıqdan, şübhədən doğmur, təxəyyül üfüqlərinin ölçüsü də deyil, sual, həm də dəyişmək zərurətinin bəlirtisidir, nə isə fərqli, bir az başqa... Vərdiş etdiyin, adətkərdə olduğun düşüncənin alt-üst edilməsilə “gördüyümüzdən artıq görmək istəyi”nə (Rəsul Rza) yoluxdurmaqdır. Bədii suallar bəzən patetika, pafos, şablon, stereotip yozum tələskənliyinə tuş gəlsə də, əslində, köməksiz zamanın, qapıdan, özündən, yaddan çıxıb gedən dostların qoyub getdiyi məğlub kədərin qorxuqarışıq ümidsizliyini həyatın gözəlliyi ilə ovutmaqdır.

Səməd Vurğunun “Qalib gələcəkmi cahanda kamal?” sualından yola çıxan Yusif Səmədoğlu “Görəsən bu dünyada çörəyi halal adamların diyarı hardadır?” labirintinə saldı yaddaşı.

Vaqif bu labirintdə çaşbaş qalıb qəribsədi:

Qağayı, axtar məni,
Bu yerdən apar məni...
İçim qara gecədir,
səkisiz dar küçədir.
qağayı, dəniz üstdə,
Söylə, saat neçədir?

Vaqif Səmədoğlu Cavabı çox gözləməli (və gözlətməli!) oldu... Uzun bir ayrılıqdan sonra bu cavabsızlığın sükutunu silkələdi:

Eşidirsənmi?... Mən burdayam...

Sözlərin Allaha, bir də Qadına deyilməkçün yarandığını pıçıldayan heykələ dönmüş Gözləri oxuyanacan Vaqif az qala bütün sualları verdi; əyri yoldan, yetim dalandan, tək vələsdən, uzaq səsdən, yaxın kölgədən soruşdu, ötən atlıdan, ağacdan, küləkdən, birlikdən və təklikdən, ruhdan, Allahdan... soruşdu. Bu tərs sualların cavabını gözləyə - gözləyə mehriban ayrılıqların, yanan yağışların, yerdən göyə yağan qarın altında əriyən tənhalığın şəklini - dadını qorxuların yaddaşına yazdı. Yaddaşda susuzluq yatıran bir şey görməyəndə Səsini xatırladı:

Milyon insan səhrasında
Yalqızlıqdan dona-dona
Günəşlə aram soyuyur
Səsim hardadır, ay ana?

Təkcə naqolay sualları deyildi onu “yad “ göstərən. Vaqif Səmədoğlu şeirinin intonasiyası epiqon - birtipli ənənənin, “ekzotik milliliyin” intonasiyasını diksindirdi.

Çörək pulu tutdu
Ayın-günün qabağını.
Qara gün gəldi.

Vaqif heç bir halda ənənəni qovmurdu, keçilmiş yolu rədd etmirdi, ənənə ilə köhnənin fərqini - eyniliyini kəsən nöqtəni görə bilirdi:

Keçmişə əlvida demək olmaz,
gələcəklə
vidalaşa bilər insan ancaq.

Onun keçmişə və gələcəyə baxışı o qədər aydın, rahat idi ki, “nadan yüz yol oxusa, anlamazdı”.

Bizdən qorxmayın, yox,
Qorxun bizdən sonra gələnlərdən...
Bir kəs bilmir niyə, nəylə,
Hansı niyyətlə gəlir onlar.
Bir kəsin də ağlına gələ bilməz
Haradan çıxacaqlar
Bizdən sonra gələnlər...
Nəğmələri necə, nəğmələrinin sözü necə,
Nədən olacaq?
Öldürməyəmi gələcəklər ancaq,
Yoxsa
Nəsə deyəcəklər sizə
Başınız üstə
Qılınc qaldırmaqdan qabaq?
Qorxun,
Qorxun bizdən sonra gələnlərdən...


Vaqif Səmədoğlu, bütün gerçək və böyük istedadlar kimi, şair obrazı yaratmaq haqqında düşünmədi, Vaqif Səmədoğlu Obraz oldu. Vaqif Mustafazadə muğamla cazın təfsirində yeni bir səhifə açdığı kimi, Vaqif Səmədoğlu şeirin “caz və saz” təfsirini yaratmaqla milliliyin mahiyyətinə endi - milli-mənəvi varlığın ümumbəşəri ifadəsini verməklə yanaşı, milliliyin həm də ciddi sosioloji problemlərin daşıyıcısı olduğunu bir daha təsdiq etdi.

Sən ki neçə dildə eşitmişdin
Azadlıq sözünü.
Sən ki seçə bilirdin
Dünyanın əyrisini, düzünü.
Sən ki oxumuşdun,
ümidin göz yaşını,
Dəsmal kimi silməkçün
 yazılmış şeirləri.
Sən ki
Dünyanın neçə pəncərəsindən
görmüşdün səhəri...

Vaqif Səmədoğlu həmişə ürəyini Səməd Vurğunun - azadlığı boğulan zəncinin qəzəbindən dümağ olmasını görüb - yaşamış atasının - xatirəsinə söykəyib üşüyən azadlığı sığalladı:

Yad ellərin qarı yağır,
Nə vaxtdır elimizə.


Vaqif Səmədoğlunun sualları passiv romantik şair düşüncəsində ilişib qalmırdı, 60-cı illərin sonunda ittiham ladında Birləşmiş Millətlər Təşkilatına tuşlanırdı, Vyetnam dərdinə diqqət çəkməklə, ikiyə bölünmüş vətən ağrısının tanış qəmli ağrısına resept yazırdı.

Vətən şirin şeydir,
şirindir, talan olsa da...
Amma ikiqat şirindir
İkiyə bölünmüş Vətən!
...Onda ikiqat cəsarətdən,
 vaxtında silaha dönə biləcək qeyrətdən
asılıdır onun taleyi.


Vaqif Səmədoğlu Vətən dərdini İnsan ümidinin özü bilirdi. Vaqif Səmədoğlu heç vaxt Vətənə tribunalardan, rəyasətdən sevgi söyləmədi. Vaqif Səmədoğlu Vətəni yaşadı - sevgi kimi yaşadı, bütöv yaşadı. Vaqif Səmədoğlu ölümə, həyata, cəmiyyətə, hakimiyyətə... müxalifət mədəniyyəti - birlik nümunəsi yaşamağa və yaşamağı öyrətməyə gəlmişdi...

Məndən uzaq gəzməyin,
bir-birinizdən də.
Tək qoymayın məni
bir-birinizi də.


Vaqif Səmədoğlu hansı janrda nə yazdısa, insanları sevgiyə öyrətməkçün yazdı. Yazdıqları ilə Janr ola bildi.
O, şeiri kimsədən öyrənmədi; o, Sözdən doğulmuşdu.

Mənə şeir yazmaq öyrət,
öyrət, canavar izi...
Bilinsin ki, hardan gəlib,
Hara gedir sözlərim.
Yaşamağa,
Torpaqda sənin kimi qalmağa
Haqqı olsun şeirlərimin,
Olsun, canavar izi.

Vaqif Səmədoğlu insanı rəng kimi, səs kimi, söz kimi görə bilməyə öyrədirdi oxucusunu. Onun yaradıcılığının rəngi qarışıq rəng olan bənövşəyiyə daha yaxındır. Bu rəngdə üç xalis rəngdən ikisi - qırmızı və göy iştirak etsə də, qırmızı kimi isti deyil, onun kimi imtinaya meyllidir, daxili enerjinin sərbəstliyini ifadə edir, göy rəng kimi, qaranlıq üzərində işığın qələbəsini təmsil edir. Bənövşəyidə həm də sarı rəng var - göylə qırmızının arasında mövqe; bir az bədbin, bir az yorğun... Vaqif Səmədoğlu yaradıcılığı bənzədiyi bənövşəyi rəng kimi - sintezdir. Dövr, tərz, mədəniyyətlərin müqayisəsinə səsləyən əlahiddə təqdimat nümunəsidir. Hansısa bir zamandan, hansısa bir düşüncə mədəniyyətindən gəlmiş, yaxud qopub ayrılmış bir meteoru xatırladır.

Poetik sintaksisi son dərəcə dramaturji, son dərəcə kübar, son dərəcə bəşəri... Həmişə maraqlı olacaq, ünsiyyətə səsləyəcək.

Vaqif Səmədoğlunu yad etmək sözü artıq görünür - yad etməkçün unudasan gərək.

Vaqif Səmədoğlunu oxumaq da gərək deyil - ruhu oxumaq olmur.

Vaqif Səmədoğluya heyran olmaq da yetmir.

Vaqif Səmədoğlunu ,sadəcə, yaşamaq gərək.

Başqa yol qoymur axı...

Birdən çaşıb
Məktub yazmaq istəsən mənə
Belə yaz
Üstünü məktubun:
“..........
Do vestrebovaniya.
Samomu nesçastnomu”
Dar teleqraf pəncərəsindən
Neçə insan əli
Uzanacaq məktubuna.
İtəcək əlimin tənhalığı
əllər içində...

 





06.06.2016    çap et  çap et