525.Az

Azərbaycan və Dağıstan alimləri bir arada


 

Azərbaycan və Dağıstan alimləri bir arada<b style="color:red"></b>

Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunda Azərbaycan və Dağıstan alimlərinin görüşü keçirilib.

“Azər-İlmə” Xalçaçılıq Mərkəzindən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Milli Elmlər Akademiyası, “Azər-İlmə” Xalçaçılıq Mərkəzi və Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə həyata keçirdiyi “Dərbənd xalçaçılığı” fundamental elmi layihəsinin nəticələri müzakirə edilib.

Layihənin rəhbəri və təşəbbüskarı bu mərkəzinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Vidadi Muradov layihənin prinsipləri, aparılan ekspedisiya-çöl tədqiqatları haqqında məlumat verib. Alim qeyd edib ki, layihənin nəticələri «Дербентское ковроткачество: соистория культур» (“Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi”) kitabında əksini tapıb. Layihə çərçivəsində Rusiyanın Şərq xalqlarının incəsənəti Dövlət Muzeyi, Dövlət Tarix Muzeyi, Etnoqrafiya Muzeyi, Antropologiya və Etnoqrafiya Muzeyində, Dövlət Ermitajında və s. kimi məşhur muzeylərində qorunan Dərbənd bölgəsində toxunan qədim xalçalar da tədqiqata cəlb olunub.

Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri namizədi Mahaç Musayev, tarix elmləri doktorları Camal Mustafayev, Məhəmmədxan Məhəmmədxanov, Nazim Məhəmmədov, tarix elmləri namizədləri Emil Kərimov, Qoşqar Qoşqarlı, Şərafəddin Məhərrəmov, filologiya elmləri doktoru Tehran Alışanlı, Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunun direktoru Əli İbrahimov və digərləri çıxışlarında layihənin aktuallığını qeyd edərək, onu Azərbaycan və Dağıstan alimlərinin ilk birgə nailiyyəti kimi yüksək dəyərləndiriblər. Görüşdə layihənin nəticələrinin təbliği, beynəlxalq miqyasda işıqlandırılmasına dair məsələlər, Dərbənd şəhərinin iqtisadi, ticari, mədəni, sosial tarixinin öyrənilməsində Azərbaycan və Dağıstan alimlərinin birgə fəaliyyət perspektivləri müzakirə edilıb, həmçinin “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” kitabının siqnal buraxılışına dair rəy və təkliflər səsləndirilib.

 





06.06.2016    çap et  çap et