525.Az

VI Şairlər Günü keçirildi - Fotoreportaj


 

ƏNƏNƏVİ POEZİYA BAYRAMI BU İL XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA HƏSR EDİLİB

VI Şairlər Günü keçirildi - <b style="color:red">Fotoreportaj</b>

İyunun 5-də qeyd edilən VI Şairlər Günü Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunub.
 
Öncə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Səməd Vurğunun Ev Muzeyi ziyarət edilib, gəmi ilə gəzintiyə çıxan iştirakçılar unudulmaz şair Mikayıl Müşfiqin rəmzi məzarına gül səpiblər.

Əsas tədbirdən əvvəl "AYBkitab" layihəsi çərçivəsində nəşr olunmuş kitabların - V. Səmədoğlunun "Sandıq şeirləri"nin və Türkiyənin tanınmış şairi Mehmet Nuri Parmaksızın "Həsrət, eşq və sükut"unun təqdimatı keçirilib.

M.N.Parmaksız azərbaycanlı oxuculardan məmnunluğunu bildirib: "Kitabın tanıtımını sosial şəbəkələr üzərindən də həyata keçirdik və oxucuların maraqlanmasından, suallarından məmnun oldum. Duyğularımı, fikirlərimi azərbaycanlı oxucularıma çatdıra bilmək mənim üçün xoşbəxtlikdir. Zamanla buradakı oxucularımın artacağını, daha çox insana səslənə biləcəyimi düşünürəm".

Layihə rəhbəri Xəyal Rza digər kitabla bağlı məlumat verib: "Vaqif Səmədoğlunun "Sandıq şeirləri" adlı yeni kitabını nəşr etmişik. Kitabda şairin indiyədək çap olunmayan şeirləri toplanıb. Kitabın tərtibçisi və redaktoru Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Vəkilovadır".

X.Rza Şairlər Günündən danışıb, hər il müxtəlif ölkələrdən qonaqların qatıldığı tədbirin artıq 6 ildən bəri ənənəvi şəkildə təşkil edildiyini deyib. AYB katibi bu dəfə Şairlər Gününün Vaqif  Səmədoğluya həsr olunduğunu bildirib. Daha sonra şairlə həyat yoldaşı Nüşabə Vəkilovanın söhbətindən ibarət sənədli film təqdim olunub.

AYB sədri, Xalq yazıçısı Anar çıxış edərək bu günün əlamətdarlığından söz açıb: "Bu gün həm sevincli, həm də kədərli bir gündür. Sevincli gündür, ona görə ki, bu gün tale bizə iki böyük şairi - Mikayıl Müşfiqi və Vaqif Səmədoğlunu bəxş edib. Ancaq həm də kədərli gündür, çünki onlar ad günlərində burada deyillər. Amma şairlər ölmürlər. Öz əsərləri, şeirləri ilə yaşayırlar. Bu gün biz Vaqifin sağlığında çıxmayan yazılarını, şeirlərini burada görəndə elə bil onun səsini eşidirik və o yenə də bizimlədir".

Tədbirdə çoxsaylı iştirakçılar şeirlərini səsləndiriblər, Xalq artisti Aygün Bayramova, Əməkdar artist Gülüstan Əliyeva mahnılar oxuyublar. Şairlərdən Nəriman Həsənzadə, Mehmet Nuri Parmaksız, Rəşid Faxralı, Təranə Turan, Nilufər Şıxlı və Əkbər Qoşalıya, həmçinin bir sıra əcnəbi söz adamlarına Mikayıl Müşfiq Mükafatı təqdim edilib.

Müşfiq ŞÜKÜRLÜ

 





07.06.2016    çap et  çap et