525.Az

Səni küləklərmi apardı, qardaşım... - Fotolar


 

Vətəni qibləgah edən şəhidlər

Səni küləklərmi apardı, qardaşım... - <b style="color:red">Fotolar</b>

İndi Qurbanlılar ailəsi Binəqədi rayonunda 1-ci mədən ərazisində yaşayır.
 
Münaqişənin qızğın vaxtında İrəvandan köçkün gəliblər. Bütün şəhid evlərinin darvazasında gördüyüm üçrəngli bayrağımız dalğalanır və qırmızı yaylıq bağlanıb qapıya. Qırmızı yaylıq o deməkdir ki, bu evdə ölən cavandır, nakamdır, toyu olmayıb. Bir az toxtayıb ailələr, bir az da inanmağa başlayıblar əzizlərinin, bircəciklərinin, ocaqlarının son ümidi olan övladlarının yoxluğuna.

Qapısını döydüyüm evlərdə ağbirçək, ağsaqqal görəndə bir az ürəkli oluram. Onlarda dözüm olur, iradə olur. Dərdə arxa çevirməyi bacarırlar. Ən azından ağır məqamlarda özlərindən kiçiklərə nümunə olur, çətin vəziyyətdən çıxış yolu tapır , dərdə sinə gərməyi öyrədilər. 2-5 aprel döyüşlərində şəhid olmuş 23 yaşlı Fəxrəddin Qurbanlının da ailəsinin ağbirçəyi Hava ananı gördüm:

- Balam getdi əlimdən. Erməni sinəmə dağlar qoydu, məni yenə ağlar qoydu. Məni məzara o qoymalı idi. Mən onun toyunu görməliydim, vayını gördüm. Nəvəmin 7 murazından biri tutmadı...

Söhbətimizə şəhidimizin anası Həzimə də qarışdı:

- Mən bir gündə həm oğlumu, həm də böyük qardaşımı itirdim. Fəxrəddinlə ayın 1-i telefonla danışdıq. Heç 1 dəqiqə danışmadım. Ara kəsildi. O gündən balamın səsini eşitmədim. Hara zəng elədiksə, o danışan telefonlar bağlı oldu. Ayın 8-i böyük qardaşım Malik qızına toy çadırı qurmuşdu. Dəvətnamələr paylanmışdı. Oğlumdan bir xəbər çıxmayanda , əmisi, atası, dayısı getdilər Seysulan tərəfə, onun hərbi xidmətdə olduğu yerlərə. Biz də burada ümidlə xeyir xəbər gözləyirdik. 8 apreldə qardaşım Malik kiçik qardaşıma zəng vurub görür ki, telefonlar bağlıdır, kresloda oturduğu yerdə deyir ki, açın qırmızıları toyxanadan, toy olmayacaq. "Mənim ömrüm bura qədərdir!" - deyib, oturduğu yerdə canını tapşırır. Qardaşım bilir ki, bu neçə günü Fəxrəddindən xəbər yoxdursa, deməli, həlak olub. Və dərdə dözmədi, 51 yaşında gözlərini dünyaya yumdu. Mənə zəng edib dedilər ki, qardaşın da öldü. Onlar Pirşağıda olurlar. Başıma yığılan qohum-əqrabadan soruşdum ki, oğlumun tabutunu nə vaxt gətirəcəksiniz, o gəlincə gedim qardaşımla görüşüm. Getdim, ağladım qardaşımı. Qardaşımla vidalaşıb, anama dedim ki, sən öz oğluna layla çal ağla, mən də gedim, yol gələn balama ağlayım, layla çalım.  Nə danışım oğlumdan? Diplomlu, savadlı, tərbiyəli, etibarlı balamdan, daha nə deyim. Deyimmi ki, məhəllədə hamının sevimlisi idi? Deyimmi ki, bilmədim sevdiyi, sevdiciyi kim idi? Deyimmi ki, diplom alıb, sevdiyi işinə gedə bilmədi... Deyimmi ki, məni vüqarlı analar sırasından sildi. Hansı birini deyim? Bu hadisədən 5-10 gün əvvəl rəhmətlik qaynatam gəldi yuxuma. Gördüm ki, bu həyətdə yer əkib-becərmişəm. Bir tərəfdə bitkilərin yarısı quruyub, o biri tərəfdəki, əkdiklərim bar tutub, çiçək açıb. Qaynatama şikayət edirəm ki, bunlar niyə belə solub. Kişi qayıdıb mənə dedi ki, ay gəlin, o yanan tağlardan əlini üz, səninki o çiçək açanlardır. Bu da Allahın mənə işarəsi idi. Bir dəfə də soruşdum ki, ay oğul əsgər gedirsən, bəlkə bir gözaltı etdiyin var. Cavab verdi ki, ana, kimisə gözaltı etmək olmaz, bəlkə heç sözumə vəfalı çıxmayacağam. Əmin olmayınca, qıza söz verib, söz almaq, qəlbini incitmək olmaz. Bu şərəf məsələsidir, vicdan məsələsidir. Fəxrəddin belə oğul idi.

Qurbanlılar ailəsi Fəxrəddinə aid olan kitabları, şəkilləri indi evin bir küncündə olan dolabın üstünə düzüblər. Burada onun institutda oxuyarkən aldığı diplomları, sevdiyi əşyaları, yazıları, əlinə alıb, ləzzətini görmədiyi Azərbaycan Universitetinin Sosial iş fakültəsini bitirməsi barədə diplomu, Azərbaycan bayrağı var. Atası Seyfəddin Qurbanlı dayanıb guşənin qabağında... İndi əli ancaq xatirələrə çatır. Gözünə çıraq olacaq, özünə dayaq olacaq oğlu haqqında xatirələr danışmaq ata üçün ən böyük əzabdir:

 - Fəxrəddin çox zəhmətsevər, dürüst insan idi. Oxuduğu universitetdə də birincilərdən idi. 200 manat tələbə təqaüdü alırdı. O bir dəfə bizi problemə çəkmədi. Bütün imtahanlarını öz gücünə verirdi. Məndən bir dəfə də xərclik istəmədi. Həmişə xeyirli, sevincli xəbərlərini eşitdik. İnstitutda təhsil ala-ala işləyirdi. Arzusu var idi ki, təhsilini Türkiyədə davam etdirsin. Hansı işin qulpundan yapışsa, uğur qazanırdı. Oğlumun darda olduğunun fərqinə aprelin 6-dan sonra vardım. Çünki o vaxta qədər elə ancaq televizorda bütün Azərbaycanın da izlədiyi xəbərlərə baxır, həyəcanlanırdıq. Fəxrəddinə nəsə ola biləcəyi heç ağlımıza gəlmirdi. Anası, şəhid olan əsgərlərə baxıb, onların analarının halına acıyırdı. Sən demə, özümüzün də taleyimizdə belə qara xəbər var imiş. Ayın 6-dan sonra getdik cəbhə boyu rayonlara, Tərtərdə axtardıq... Ayın 8-i əmin oldum ki, balam düşmənlə üzbəüz döyüşlərdə cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olub. Bir ondan rahatam ki, Fəxrəddinin ruhu şaddır. O həmişə, erməni işğalında olan torpaqlarımızın dərdini çəkirdi. Deyirdi ki, Zəngəzur da, bütün işğalda olan rayonlarımız da qaytarılmalıdır.

Həmişə qonaqlı-qaralı olan Qurbanlılar ailəsini qohum-qonşular indi heç tək qoymurlar. Məhəllə cavanları tez-tez Seyfəddinə baş çəkirlər. 1-ci mədən məhəlləsində yaşayan Kamil Zeynalov:

- O, bir başqa cavan idi. Az danışan, çox dinləyən. Bizdən balaca da olsa, onunla söhbət edəndə sözümüzə sərhəd qoyurduq. Hər addımda hiss olunur yoxluğu. Təsəllimiz budur ki, indi küçəmizdən asılan bayraqların Fəxrəddinə görə dalğalandığını balaca uşaqlar da bilirlər. Binəqədi rayonu bu döyüşlərdə iki şəhid verib. Onların şəkillərini rayonumuzun görkəmli yerlərində reklam lövhələrinə vurublar. Bu bizdə vətənpərvərlik ruhunu bir az da artırır.

Hamı danışmışdı. Ancaq söhbət bitmək bilmirdi. Yanımda oturan arıq, sısqa bir qız kədərlə susurdu. Bu Fəxrəddinin bircə bacısı Fəxriyyə idi. Dedim ki, ay qızım, sən də danış qardaşından. Gözləri doldu, səsi titrədi. Bütün bacılar kimi ilk sözü bu oldu:

- Mən qaqaşımı çox istəyirdim, onunla nəfəs alırdım. İnstituta bir gedib-bir gəlmişik. Onun bütün məsələlərə, hadisələrə özünün yanaşma tərzi var idi. Biz belə fikirləşməmişdik. Mən onu gözləyirdim. İndi ətrafda olanlar onun haqqında keçmişdə olduğu kimi danışanda, istəyirəm qışqırıb deyim ki, mənim qaqaşım haqqında elə deməyin. Mənim üçün diridir, sağdır Fəxrəddin.

 Fəxriyyə qardaşından iki yaş böyükdür. İndi Fəxriyyənin iki övladı var. Qızı qardaşının dəfnindən 20 gün sonra dünyaya gəlib. Deyir ki, heç balaca uşağın qayğıları da qardaşımın acısını unutdura bilmir, amma uşaqlara görə gərək güclü olmağı öyrənəm...

İndi unudulmaz sözləri, gülüşləri, davranışları ilə xatirələrdə yaşayacaq gülərüz Fəxrəddin!

Fəxrəddin Qurbanlının Binəqədi rayonunda torpağa əmanət edilməsinin 40-cı günü Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı onun atası Seyfəddin Qurbanlıya verildi. Məzunu olduğu Azərbaycan Universiteti də Fəxrəddin Qurbanlının xatirəsini əziz tutur. Artıq Universitet "Fəxrəddin Qurbanov adına fəxri futbol kuboku" təsis edib. İlk olaraq, bu kubok universitetdəki kurslar arasında futbol yarışında qalib gələn tələbələrə verilib. Universitet rəhbərliyi bildirib ki, gələcəkdə kubok uğrunda universitetlərarası yarışlar da keçiriləcək.

 





07.06.2016    çap et  çap et