525.Az

Ruhumuzun Bayrağı, Bayrağımızın ruhu


 

Ruhumuzun Bayrağı, Bayrağımızın ruhu<b style="color:red"></b>

Bu neçə gündə ürəyim də Lələtəpə deyib, dilim də...

Düşüncələrimdə gecənin içiylə bir Qələbə irəliləməkdədi...

Nələr köçür ürəyimə?!.      

Bunun fərqində deyiləm. Nə köçürsə, ruhumun qazancıdı...

Bu da həsrətində olduğumuz yüksəkliklərdən biri! Ötən il Cocuq Mərcanlıdan qədərsiz həsrətlə baxdığımız Lələ-İlahi adıyla tanınan təpənin duruşu göz doydurur. Könlümdən keçənlər əllərimdən yapışıb məni ora çəkir. Xeyli aralıdan gördüyüm bayrağımıza yaxınlaşdıqca gözlərimin nuru artır elə bil; göy üzünün yaraşığıdı üçrəngli bayrağımız. Aprelin 1-dən 2-nə keçən gecə yan-yörəsinə düşən mərmilərdən qırpınmayıb, hardan atıldığını, kimin atdığını bildiyindən Lələtəpə bir boy da dikəlib, qınından sıyrılan qılınc misallı bir gəlişə qucaq açıb. Gələnlərin qətiyyəti dikəldib onu. Dili olsaydı, "Bu gəlişi 23 ildi gözləyirəm. Gəlin!" - deyərdi...

Zirvəyə beş-altı addım qalıb...

Beş-altı addımlıq yol 23 il qədər uzun görünür mənə...

Bu da zirvə!

Bu da aprelin 2-si dan yeri sökülər-sökülməz Azərbaycan əsgərinin qətiyyətini, cəsarətini, Vətən sevgisini bağrına basan qürurum zirvə! Bu anlarda mənim üçün dünyanın ən uca zirvəsi Azərbaycan əsgərinin cəsarət rəmzi olan Lələtəpədi!..

Bu neçə gündə gündüzlər xəyallarımda, gecələr yuxularımda şahlıq eləyən həsrətimin ünvanlarından birinin ziyarətindəyəm! Var səsimlə üzü qarşı tərəfə qışqırmaq istəyirəm: bu bayrağın işığı gözlərini qamaşdırmalıdı, mərə yağı! Qarşıda səngər qazmağa da həvəslənmə. Döyüşsüz çəkilib getməsən, o səngərlər səngərləri qazanların qanına bələnəcək. Əsgərlərimiz bu bayraq eşqinə, torpaq eşqinə, Vətən naminə döyüşəcək. Get. O gecə "Qaçaq!" - harayına qarışıb qaçanlar canını qurtardı, canından bezməmisənsə, sən də qaç, uzaqlaş!..

Göy üzünə yayılan bayrağımızın önündə diz çökürəm. Özümü o ucalıqda ruhumla yanaşı hiss eləyirəm...

Bayrağımızı Lələtəpənin zirvəsinə leytenant Zülfü Rzayev, kiçik çavuş Elgün Bədəlov, Rövşən Rəhimov, Üzeyir Nəcəfov, İsmayıl Nəsirov, Teymur Əliyev, Nemət Haqverdiyev sancıb. O anlarda nələr düşünüblər görəsən? Duyumum deyir ki, Əsgəranı, Şuşanı, Dəlidağı, Ərgünəşi, ... xatırlayıblar. Bu bayrağı Cıdır düzündə dalğalandırmaq keçib könüllərindən.

Bayrağımızı zirvəyə sancanların əllərindən öpmək istəyirəm, qoymurlar...

İkiqat parolimpiya çempionu İlham Zəkiyev zamanında əsgər olub, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində yaralanıb, gözlərinin işığını itirib. I Avropa Oyunlarının qalibi kimi dalğalandırdığı bayrağı ötən il döyüşçülərlə görüşündə "İşğaldan azad edəcəyiniz ərazidə dalğalandırarsınız" xahişiylə onlara vermişdi. Lələtəpədə dalğalandırılan həmin bayraqdı! Bayrağımız  burda qələbə rəmzidi!..

Həmin gecə bura addım-addım, səssiz-səmirsiz, ehtiyatla, bir-birinin izinə iz qoymaqla yaxınlaşıblar...

Düşmənin mövqelərinin yerini təxmini bilirdilər. Həmin mövqelərin "beş-altı addımlığında" ayaq saxlayıblar. Bir qədər nəfəs dəriblər. Komandirin tapşırığıyla mövqe tutublar. Bir azdan mövqe qələbəsi üçün döyüşəcəkdilər.

Atışıblar (az sonra məlum olacaqdı ki, bura Lələtəpə istiqamətində düşmənin başlıca dayaq məntəqələrindən biri olub)...

Düşmənlərdən biri qaçmaq istəyib. Leytenant Zülfü Rzayev ona uzaqlaşmağa imkan verməyib; düşmən torpağa sərili qalıb.

...Hiss eləyiblər ki, snayperlərin atışı altındadırlar. Bir qədər daldalanaraq müşahidə aparıblar. Çətin də olsa atəşin mənbəyini müəyyənləşdiriblər.  İsrafil Əhmədovun atdığı qumbaraatan mərmisi mövqeni snayper qarışıq  "didik-didik eləyib..."...

Vurulan tankdan çıxıb başqa tankla döyüşə qoşulan Hacı Əhmədovun, tuşlayıcı Yalçın Abbasovun, sürücü-mexanik Rövşən Manafovun cəsarətinin cazibəsindəyəm...

Gecənin gecə vaxtı təpəlikləri aşa-aşa bu səmtə irəliləyənlərin, cəsarətlə döyüşənlərin könül sirdaşı olmaq keçir könlümdən; o gecəni bu igidlərin təəssüratlarıyla yaşamaq istəyirəm. Hamısı "Döyüşdük, qələbə qazandıq..." - deyir. "Belə döyüşdüm..." - demir.

...Mayor Rasim Məmmədov şəhid olmuşdu. Səhərisi gün döyüşə göndərilən əsgərlərdən birinin rəngi-ruhu polkovnik Rauf Dəımirovun diqqətindən yayınmır. Əsgəri sıradan çıxartmaq istəyir. Əsgər xahişlə, yalvarışla "İcazə verin mən də gedim. Komandirimin qisasını almasam..." -  deyir.

Aprelin 4-də həmin əsgər də mərdliklə döyüşüb. Dediyini eləyib!

Bu qətiyyətin eynini bir az əvvəl polkovnik-leytenant Elşən Qarayevin, mayor Ceyhun Bağırovun (o, döyüşə başqa hərbi hissədən ürəyinin hökmüylə könüllü gəlib), tank komandiri Vasif Məmmədovun, gizir Bəşir Yolçuyevin,... səsində görmüşdüm. "Ruhun yaşı olmur. Ruh həmişə eyni yaşda qalır. Ruhun yaşını Vətən sevgisi müəyyənləşdirir..." - düşüncələrimdə ilahi bir işıq hiss eləyirəm, bu işıqda işğal olunmuş bütün kəndlərimizdə də dalğalanacaq bayraqlarımızı görürəm. Lələtəpə bu istəyin başlanğıcı olacaq...

...Lələtəpədən qarşı yaxaya barmaq qıcayıram. Azərbaycan əsgərinin adından!

...Lələtəpədən enmək istəmirəm. Qədərsiz sevginin - Vətən sevgisidi bu sevgi - cazibəsindən qopa bilmirəm...

Diqqətimi Lələtəpənin zirvəsindən sağa tərəf uzanan yol çəkir. Səbirsizliklə soruşuram: "Bu yol hara aparır?" Əsgərlərdən biri tələsik dillənir:

- Böyük qələbəyə aparır!

Kövrəkliklə əsgəri bağrıma basıram...

Yusifi Ağdərədə bağrıma basdığım kimi, Vəziri Tərtərdə bağrıma basdığım kimi. Koroğlunu Madagizdə bağrıma basdığım kimi...

Nə o bir kəlmə deyir, nə də mən. Eyni istəyin pərvanələriyik. Bu istəyin istinad nöqtəsi Lələtəpədi...

Bayaqdan bəri düşüncələrimə çökənlər, düşüncələrimin boz buluduna dönənlər.  

Yarımçıq məzuniyyət 

kimi uzun illər mənim də dərd köynəkli, dərd göynəkli könül qubarım olacaq. Bu biçimsiz, bu Allahsız göynəyin təsəllisi İsa bulağının bir qurtum suyudu, Dəlidağın, Ərgünəşin sinəsindən sürüşən, Cıdır düzünün sinəsinə sığal çəkən küləklərdi, Qırxqız yaylağının ləçəkləri şeh dolu çiçəkləridi - Vətən torpağıdı, Vətən torpağı!..

...Samir on günlük məzuniyyətə buraxılmışdı.

Sevdiyi qızı görmək, ürəyini açmaq istəyirdi. Bu gün açacaqdı. Dilsiz sevdasının dili sabah açılacaqdı...

Açıq pəncərədən otağa dolan səhər yeli şahlıq eləyirdi. Vaxt öldürmək üçün televizoru açdı. Aparıcının dediklərini eşidincə qanı damarında dondu elə bil: düşmənlər onun xidmət elədiyi ərazidə də atəşkəsi pozmuşdu. Ağır döyüşlər gedirdi...

Məzuniyyətini yarımçıq qoyub hərbi hissələrinə qayıtdı...

Döyüşlər gedirdi. Samir də döyüşürdü. Hansı duyumun təsirindənsə, sağ cinaha baxdı. Üç erməni yaxınlaşırdı. Atışın səmtini ora yönəltdi. Biri öldü. Digər ikisi qeyb oldu elə bil...

Atışı davam etdirirdi. Qəflətən diz çökdü - sinəsinə qəlpə dəymişdi...

Gözucu sağına-soluna boylandı...

Göy üzündə gördüyü qara buludlar ağır-ağır üstünə enirdi. Özünü toplayıb ayağa qalxmaq istədi, qalxa bilmədi. Şəhid olmuşdu...

Samirin məzuniyyət vərəqi köz olub komandirin əllərini yandırırdı: məzuniyyətin qurtarmasına üç gün vardı...

Ürəyimin gözüylə Lələtəpənin ətəklərinə sarı baxıram.

Hər zabitin, hər əsgərin baxışlarından oxunan mətləbə bağır basıram: "Ölümdən ömürə gedənlərdənik!.."...

Lələtəpə ətrafında gedən döyüşlərdə öldürülən erməninin anasına deyilən

"Oğlunun burda nə ölümü varıydı?" 

kəlmələrinin mətləbi də bu inamdan, bu qətiyyətdən qaynaqlanır...

Bu kəlmələr necə deyilib?..

Mövqe uğrunda döyüş başa çatmışdı. Döyüşçülərimiz qələbə ovqatının kölgəliyində üzü Cəbrayıla sarı baxmaqdaydı. Cəbrayıldan o yandakı torpaqlarımıza meyillənmişdi Bu müqəddəs istək onların günlərini ömür eləyəcək. Lələtəpənin gen sinəsi bu istəyə darlıq eləyirdi. Şahinləşən bu istəyin qoşa qanadları əzəli sərhədlərimizin göylərində gərilməyin təşnəsiydi. Hamısı Oğul baxışlarıyla qarşıda sezilən, sürünən, görünən qaraltıları süzürdü...

Sağ tərəfdən uzanan yolları görüncə döyüşçülərin ürəyi titrədi; o yolun da yolçusu olmaq istəyirdilər. Həm də elə indi...

Qəflətən öldürülmüş əsgərlərdən birinin mobil telefonuna zəng gəldi. Hamısı bu səsə sarı boylandı. Ürəyinə nə damdısa, zabitlərdən biri tələsik telefonu götürdü. Azərbaycan dilində cavab verdi. Qalib azərbaycanlı zabitin səsini eşidəndə döyüşdə öldürülmüş erməninin anasının nə günə düşdüyünü təsəvvür eləmək çətin deyil. Qadın Azərbaycan dilini bilirmiş (bəlkə də zamanında Bakıda yaşayıbmış). "Niyə öldürdünüz oğlumu?" - Azərbaycan dilində soruşub. Niyə öldürüldüyünü bilsə də soruşub. Dişi bağırsağını kəsə-kəsə soruşub. Erməniliyinə dirsəklənərək soruşub. Zabitin kəskin cavabını eşidib: "Sənin oğlunun Azərbaycanın torpaqlarında nə ölümü varıydı?". Bu tutarlı cavab ölümünü özgə torpağında tapan əsgərin anasına bir mətləbi xatırladıb: işğalçı dövlətin əsgəri ölümə məhkumdu! Ona ölüm hökmünü bəd niyyətlə gəldiyi torpaq verib. Bu ölümün baiskarı onu bura göndərənlərdi. Onlardan soruş: "Oğlum niyə öldü?"...

Zabit öldürülmüş erməni əsgərinin telefonunu iyrənc bir əşya kimi daşa çırpdı; döyüşdə öldürülmüş əsgərin anasının çimçəşdiyi səsini eşitmək istəmədi...

Göy üzü elə təmizdi ki!

Göy üzü özü boyda könül xoşluğudu. 

Səs, işıq və Vətən

kəlmələri bu anlarda da istəyimin üzərriyidi...

Sözün işığı da Vətəndi, işığın sözü də...

Gün çeşt yerindədi...

Abdulla Qurbani Lələtəpədən - Lələmiz təpədən o yana baxanların sırasındadı. Baxışları əsgər baxışlarının qaynarlığına qarışıb. Bu munis görüşün məhrəmliyi sözə sığası deyil; əl əli isidir, göz gözdən - baxış baxışdan doymur. Doya bilmir. Hamı qarşı tərəfdə qımıldanan qaraltıların yox olmasının, əzəli sərhədlərimizin o üzünəcən uzaqlaşmasının təşnəsidi. Hər baxış Xəlil Rza Ulutürkün bir misrasıdı elə bil: "Çəkil, çəkil, ey qəsbkar!.."...

Bu görüşün də dönməzliyindən qələbə qoxusu gəlir...

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Teymur Əliyev də danışmaq istəyir. Tərəddüdünü əridib danışır. Kəlmələri qırılır. Qırıq səs, qırılan kəlmələr Abdullanın ürəyini qana dön-dərir...

Teymur da döyüşüb. Cəsarətlə döyüşüb...

O da təltif olunub. "İgidliyə görə" medalı  sinəsindədi. Abdulla ehtiramlarla əsgərə baxır, medala baxır. Bir az əvvəl Teymurun səsinin - kəlmələrinin qırıqlığını hiss eləməmişdi...

Niyə qırılır bu səs, bu səsin kəlmələri? Bu səs ki, yaxın vaxtlaracan daşları da dikəldərdi. Bu səs Vətən deyirdi, torpaq deyirdi. Bu səs əllərindən yapışıb qarşı tərəfə çəkirdi onu....

Aprel döyüşləri ərəfəsində Hərbi həkim komissiyasındaydı Teymur...

Tərxis eləmək istəyiblər. Ürəyi düşüncələrinə, düşüncələri ürəyinə də  hökm eləyib: "İşğal olunmuş torpaqlarımız azad edilənə kimi tərxis olunmayacaqsan!".

Bir vaxtlar çiçəklərin ləçəklərinə sığal çəkən, dan yerinə qızartı düşəndə dağların-daşların yuxusunu dağıdan səsi haraylayırdı onu - hospitalda qərarlaşa bilməyib...

...Döyüşdə qırılıb səsi.

Yaxın vaxtlaracan Lələtəpənin harayına hay verən, o haraya sarılan, o harayın can köynəyinə dönən səsə sədəmə döyüşdə toxunub. Abdulla Qurbani o səsi görür - ürəyinin gözüylə görür. Qələbənin işığını görür o səsdə. O səsin ifadə eləmək istədiklərini yazdığı kitaba şəhd-şəkər bilib baxır o səsə. O səsi eşitmək istəyir, o səsin əlindən tutub Lələtəpəni aşmaq, Cəbrayıla, Şuşaya getmək istəyir. O səsin Xarı Bülbülün ləçəklərinə sığal çəkəcəyi anların təşnəsidi. O anlar eşqinə bu anları gözlərinə, gözlərindən ürəyinə köçürür. Səngər ünvanlı düşüncələrində "Aprel döyüşləri - ruhumuzun qələbəsi" kitabı yazılmaqdadı...

Nəsə eləmək istəyir. O "nəsə"yə görə ürəyi kürlük eləyir...  

İlham Zəkiyev düşür yadına...

İlham Zəkiyev əsgəriydi - kəşfiyyatçıydı, döyüşçüydü. Qarşı tərəfə meyllənən ayaqları daş əzirdi. Ayaqlarına ilişən daşları qarşı səngərlərin başına ələmək keçirdi könlündən...

1993-cü iliydi.

Döyüşdə ağır yaralandı. Gözlərinin nurunu itirdi...

İndi 2016-cı ildi...

Abdulla Qurbani Teymur Əliyevin səsini belə görüncə İlham Zəkiyevə zəng eləyir...

Az sonra hamısı dalğalanan bayrağımızın kölgəliyində kövrək bir mükalimələşmənin cazibəsindəydi.

- Mənim gözlərimin nuru, sənin qırılan səsin Vətənimizin sadağası olsun, qardaş!, - deyir İlham Teymura.

Teymurun qırılmış səsini ürəyiylə eşidirlər:

- Elədi...

Lələtəpə bir boy da dikəlir. Baxışları qarşı yaxadan yığılmayanlara "Bu itən nurla bu qırılmış səsin mükalimələşməsi sənin qələbə üverturan olacaq, əsgər! - deyirdi sanki. Bu səsi hamı eşidirdi...

Teymurun yaralanmış səsi baxışlarına hopub. O baxışlarda görünənləri hamı duyur: Səsim İsa bulağında sağalacaq!..

Lələtəpədə dalğalanan Bayrağımızın ruhu da bunu deyir!..

Rəşid FAXRALI
Yazı "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda keçirilən müsabiqəyə təqdim olunur

 





07.06.2016    çap et  çap et