525.Az

İran Xarici İşlər Nazirliyinin rəsmisi Şərqşünaslıq İnstitutunda


 

İran Xarici İşlər Nazirliyinin rəsmisi Şərqşünaslıq İnstitutunda <b style="color:red"></b>

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Təhqiqatlar və Tədris Mərkəzinin sədri Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 3-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
 

Bu barədə İnstitutun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Vüqar Məmmədov məlumat yayıb.

Qonaqları İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin və səfirliyin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi müşayiət ediblər. Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri barədə məlumat verərək, iranşünaslıq sahəsində aparılan tədqiqatlardan, görkəmli alimlərimizin elmimizə bu sahədə verdikləri böyük töhfələrdən ətraflı danışıb. Ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların açıldığını deyən direktor bu cür görüşlərin hər iki tərəfin elmi əlaqələrinin genişlənməsinə böyük fayda verdiyini qeyd edib.

Hadi Süleymanpur Azərbaycanın mədəniyyətlərin beşiyi olduğunu deyərək, hər iki ölkə xalqlarının müştərək irslərinin dünyaya tanıtdırılmasında qarşılıqlı əməkdaşlığın böyük faydasının olduğunu vurğuladı.

Şərqşünaslıq İnstitutunun İranın istənilən universiteti ilə əlaqələr qurmasına yardım etməyə hazır olduqlarını deyən H.Süleymanpur qarşılıqlı əməkdaşlıq sahəsində bir çox işlərin görülməsinin mümkünlüyündən danışaraq, tarixi sənədlər sahəsində müştərək elmi əsərlərin ortaya qoyulması, müvafiq sahədə sərgilərin təşkili təkliflərini irəli sürüb. İranlı diplomat ölkəsinin Xarici İşlər Nazirliyinin nəzdindəki Diplomatik Universitetdə azərbaycanlı bakalavrların bir illik təhsil alaraq magistr dərəcəsinə çatmaq imkanlarının olduğunu və bu işdə hər cür yardımın göstərilməsinə hazır olduqlarını açıqlayıb.

 





07.06.2016    çap et  çap et