525.Az

Təbiət vurğunu, el təəssübkeşi


 

ALİM VƏ ŞAİR HİKMƏT MAHMUDUN 80 YAŞINA

Təbiət vurğunu, el təəssübkeşi<b style="color:red"></b>

Babadağın ətəyində yerləşən gül-çiçəkli, həmişəyaşıl bir kənd var. Adına Mican kəndi deyirlər. Bu kənd çox igidlər, ərənlər, elm və sənət sahəsində xeyli sayda ziyalılar yetişdirib.

Belə ziyalılardan biri də Hikmət Mahmuddur. O, 1936-cı il may ayının 15-də məhz bu kənddə dünyaya göz açıbdır. Atası bu kənd məktəbində müəllim işlədiyindən elə ilk təhsilini də atasından alıb.

80 yaşın müdriklik zirvəsinə yenicə ucalan görkəmli alim, sevimli şair, zəhmətkeş insan Hikmət İsmayıl oğlu Mahmudovun (Hikmət Mahmudun) tərcümeyi-halına və elmi-bədii yaradıcılıq yoluna oxucu diqqətini cəlb etmək istərdim. Hikmət Mahmudov geologiya-mineralogiya elmləri doktoru, professordur. O, AMEA-nın Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri işləyir, onlarla monoqrafiya, kitab və dərsliyin, habelə 7 ixtiranın və yüzlərlə elmi məqalənin müəllifidir. O, ömrünün əsas illərini elmi-tədqiqat sahəsinə həsr etmiş, inadlı axtarışlar aparmış, nəticə olaraq dünya elmində ilk dəfə perlitdə deyterini və oksoni növ suyu aşkar etmişdir.

Hikmət Mahmudovun elmi irsi barəsində aydın təsəvvür yaratmaq üçün yalnız bir məqama diqqət yetirmək kifayətdir. O, ilk dəfə olaraq dünya elm təcrübəsində vulkanik şüşələrdən suları və qazları alaraq onların kimyəvi tərkiblərini müəyyənləşdirib. Bunun da geokimya elmində son dərəcə dəyərli olmasını bu sahənin mütəxəssisləri çox yaxşı bilirlər.

Hikmət Mahmudov 1963-1966-cı illərdə Qazaxıstanda, xüsusən də, cənubi Muqodjar sahəsində qızılın olmasını müəyyən edən ilk mütəxəssisdir. Səmərəli işinə və qazandığı çoxsaylı nailiyyətlərinə görə o, bir çox mükafatlara layiq görülərək vəzifə pilləsində də sürətlə irəliləyir. Hikmət Mahmudov 1965-ci ildə Qazaxıstan Respublikası Aktyubinsk vilayətinin Mərkəzi Geoloji Partiyasında rəis vəzifəsinə irəli çəkilir. Bu illər ərzində o, gələcək elmi işləri üçün xeyli miqdarda geoloji material da toplayır. Onu nə ilanmələyən quru səhralar, nə çılpaq dağlıq ərazilər, nə də gərgin iş rejimi qorxutmayıbdır. Çoxları təmiz əqidəli, saf, prinsipial olan bu gəncin uğurlu gələcəyinə inanırdı.

Bu tədqiqatçının elmə olan marağı onu 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasına gətirir. 1971-ci ildə akademik Mirəli Qaşqayın rəhbərliyi altında səmərəli elmi-tədqiqat işləri aparan Hikmət Mahmudov "Kəlbəcər rayonunun perlitləri, onların fiziki və kimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik işini müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülür.

Hikmət Mahmudov dəyərli alim, vətəndaş şair, ləyaqətli ziyalı kimi ölkəmizdə və onun hüdudlarından kənarda da çox yaxşı tanınır. Onun elmi və bədii yaradıcılığına mütəxəssislər yüksək qiymət veriblər. 

H.İ.Mahmudov 1992-ci ildə "Azərbaycanın mezo-kaynazoy yaşlı vulkanik şüşələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. O, geokimya, vulkanologiya və ekologiya elmləri üzrə tanınmış mütəxəssisdir.

Professor Hikmət Mahmudovun apardığı elmi tədqiqatların nəticələri onun respublika və xarici ölkələrdə çap edilmiş 20-yə qədər elmi kitablarında, 10 monoqrafik əsərində, 5 dərslik və dərs vəsaiti kitablarında, yüzlərlə elmi məqalələrində, 7 ixtirasında öz əksini tapmışdır.

Hikmət Mahmudov 50 ildir ali məktəblərdə dərs deyir. Hazırda o, Bakı Dövlət Universitetində öz pedaqoji fəaliyyətini davam etdirir. Bu böyük şəxsiyyət öz ömrünü yeni nəslin savadlı, sağlam şüurlu, təmiz böyüməsinə sərf edir. O, Vətənə, elmə, gənc nəslə çox böyük töhfələr vermişdir. Bunu bilmək üçün 2006-cı ildə AMEA Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının tövsiyəsi ilə "Səda" nəşriyyatı tərəfindən buraxılmış "Biblioqrafiya" kitabını oxumaq kifayətdir. Onun 2008-ci ildə "Qıyma gözəlliyə", 2014-cü ildə "Karvan yolu" və 2015-ci ildə "Mahmudovların nəsil şəcərəsi" kitablarını da buraya aid etmək olar.

Bizə elə gəlir ki, Hikmət Mahmudun bir şair kimi yetişməsində onun geoloq-alim olması öz müsbət rolunu oynamış, şairin ilhamına əsl qol-qanad vermişdir.

"Könül açan söz deyək" adlı şeirlər kitabından göründüyü kimi alim-şair dostum Hikmət Mahmud birinci növbədə Azərbaycan təbiətindən, onun güllü-çiçəkli yaylaqlarından, dumanlı-çənli dağlarından, zümrüd gözlü bulaqlarından ilham almışdır. Şair böyük vətənpərvərlik hissi ilə deyir:

Sən ey ana yurdum, vurğunam sənin
Çəməndə gülünə, dağda daşına.
Min qiymətli gövhər hədiyyəm ola,
Bil ki, dəyişmərəm bir qarışına.

Hikmət Mahmud Azərbaycanın ecazkar bölgələrindən olan İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində dünyaya göz açıb. Onun şəxsiyyəti, elmi yaradıcılığı, həmçinin poeziyası, söz dünyası, bədii tərcümeyi-halı barəsində elm və söz adamları yetərincə yüksək fikir söyləyiblər. Əsl şairləri, sənət adamlarını bizə onların isti, titrək misraları, könül əmanətləri, bütövlükdə şeir çələngləri tanıdır, təqdim edir.
Söz sərrafları ilə oxucunun şəxsi tanışlığı isə həmişə hamıya nəsib olan iş deyil. Bu da taleyin, qismətin bir uğurudur.

Hikmət Mahmud poeziyası öz səmimiliyi, axıcılığı, qəlbə yatımlılığı, fəlsəfi fikir tutumluğu ilə diqqəti cəlb edir.
Onun şeirlərində elə misralar vardır ki, sözün əsl mənasında sənət əsəridir, poetik kəşfdir:

Yer üzü cənnətdir küllü-cahana,
Verib bir gün bizi alası dünya.
Yer altı zinətdi bəxşiş insana
Nə mənə, nə sənə qalası dünya.

Hikmət Mahmud qələmini lirik növün əksər janrlarında sınayıb, sərbəst şeirlər də, heca vəznli şeirlər də, qəzəllər, rübailər, poemalar da yazıb, hamısını da ilhamının, istedadının gücü ilə yazıb. Onun lirik şeirlərində, poemalarında əsas süjet xətti, oxucuya çatdırdığı fikir, vəsf etdiyi hadisələr, obrazlar, çıxdığı haşiyələr ədəbi-bədii tələblərə, ölçülərə, dil normalarına tam uyğundur:

Neçə fırtınalı tufan görmüşəm,
Çox vaxt sevinc verib, kədər dərmişəm.
Bu dünya evində min əzab çəkdim,
Mən sözdən özümə abidə tikdim.

Hikmət Mahmud poeziyasına dərindən bələd olan söz sərraflarımız Bəxtiyar Vahabzadə, Əli Vəliyev, İlyas Əfəndiyev, Əkrəm Cəfər, akademiklər Firudin Köçərli, Fuad Qasımzadə, İsa Həbibbəyli, şairlərdən Hüseyn Arif, Məmməd Araz,Nəriman Həsənzadə və başqa ədəbiyyat və elm adamları onun şeirlərini zərif, incə duyğular poeziyası adlandırıblar, həyata böyük məhəbbət aşılayan hisslərin ifadəsi kimi dəyərləndiriblər.

Hikmət Mahmudun sözlərinə tanınmış bəstəkarlarımız 50-dən çox mahnı bəstələyiblər. El aşıqları isə onun qəlbləri riqqətə gətirən qoşmalarını ifa edirlər. Şairin bu günədək "Çiçəklərin intizarı", "Danışanda-güləndə", "Qocalmağa tələsmə", "Könül açan söz deyək", "Dünya sənin nəyin yoxdur", son illərdə isə "Qıyma gözəlliyə" və "Karvan yolu" şeir kitabları nəşr olunaraq şeirsevərlərin ixtiyarına verilibdir.

2016-cı il mayın 15-də görkəmli alim, təcrübəli pedaqoq və sevimli şairimizin 80 yaşı tamam olur. O, bu illərdə şərəfli bir ömür yolu yaşayıb, olduqca dəyərli işlər görübdür. Şair onu yazıb-yaratmağa çağıran "könlü" ilə poetik bir dillə söhbət edir.

Harda gözüm görür gözləri göyçək,
Könlüm durma deyir, bunu nəzmə çək.
Hikmət, söylə, varmı sevməyən ürək,
Sevgiyə ibadət şair qəlbidir.


Bir sıra şeir və poemalarında şair, zəhmət adamlarının müasir həyatdakı mövqeyi, doğma yurda bağlılıq, ata-ana yolunun müqəddəsliyi kimi nəcib hisslərin geniş bədii ifadəsini vermişdir.

Şairin "Qıyma gözəlliyə" və digər kitablarında yadda qalan bir sıra satirik şeirlərlə yanaşı, müasir dövrümüzün siyasi-ictimai məsələlərini xarakterizə edən, onları səciyyələndirən yazıları da diqqəti cəlb edir.

O, öz oxucularını, saf məhəbbətlə sevdiyi və "gözəllik muzeyi" adlandırdığı Azərbaycanı, onun çəmənlərini, dağlarını, durna gözlü bulaqlarını, "ceyranlı, cüyürlü oylaqlarını", habelə Muğan və Mil düzünü, Şirvan bağlarını, Göy gölü, Çənlibeli, İstisuyu səyahətə çağırır, onları zəhmətsevər insanlarla, böyük söz və sənət ustaları ilə xəyalən görüşdürür.

Hikmət Mahmud hətta yad ölkələrdə, Vətəndən uzaqda belə olarkən ədəbiyyatı da yaddan çıxarmamışdı. O illərdə yazdığı şeirlərində də vətəndən ayrılığın ona necə ağır olduğunu açıq aydın görmək mümkündür:

Çox görmüşəm qayğını,
Haqqını, əməyini;
Unutsam qoy kor olum,
Ey Vətən, çörəyini.


Hikmət Mahmudov təkcə elm adamı kimi yox, şair kimi də geniş şöhrət tapmışdır. Onun şeirlərindəki lirizm, lokoniklik, dərin fəlsəfi fikirlər diqqəti cəlb edir. Hikmət Mahmud nədən yazırsa yazsın həmişə özünə sadiq, öz sözü, öz nəfəsi olan şairdir.

Dünya malı bu dünyada qalandır,
Dostu dostdan uzaq ayrı salandır.
Sərvət ilə alınan ad yalandır,
Təmiz adın qiymətini biləsən.


Hikmət Mahmudov geniş dünyagörüşlü, fitri istedada malik, zəhmətkeş şairdir. O, dilimizin paklığına, təmizliyinə, daim zənginləşməsinə çalışır və buna da çox vaxt nail olur. O, ömrünün bu ahıl çağında da gənclik ehtirası ilə yazıb yaradır.

...Zaman tuta gərək bəxtin əlindən,
Bərkə-boşa yüz yol düşüb gəncliyim,
Qorxu bilməz nə qasırğa, nə çəndən,
Tufanlarla çox güləşib gəncliyim.


Dəyərli alimimizi və sevimli şairimizi bir daha 80 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Vasif BABAZADƏ
akademik

 





09.06.2016    çap et  çap et