525.Az

Tar ifaçılığı sənətimizin görkəmli nümayəndəsi


 

ƏMƏKDAR ARTİST VAMİQ MƏMMƏDƏLİYEVİN 70 İLLİYİNƏ

Tar ifaçılığı sənətimizin görkəmli nümayəndəsi<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar artist, Prezident mükafatçısı Vamiq Məmmədəli oğlu Məmmədəliyev instrumental muğam ifaçılığında görkəmli simalardandır.

Tanınmış ziyalı-alimlər nəslinə mənsub olan tarzən Vamiq Məmmədəliyev 1946-cı il iyun ayının 9-da Bakı şəhərinin Kürdəxanı qəsəbəsində həyata göz açıb. O, ibtidai musiqi təhsilini bu qəsəbədə alıb. Onun tar ixtisası üzrə müəllimləri (həm not ixtisası həm də muğam ixtisası xüsusi istedada malik olduğuna görə) sənətin sirlərini V.Məmmədəliyevə böyük həvəslə öyrədiblər. Sonralar o, 1967-1970-ci illər Bakı Mədəni - Maarif Texnikumunda, 1972-1976-cı illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1980-1985-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (hazırda Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyası) təhsil alıb. Xatırladaq ki, Bakı musiqi təhsil ocaqlarında oxuyarkən onun sənət müəllimləri Adil- Gəray Məmmədbəyli, Oqtay Quliyev (not ixtisası), muğam sənəti üzrə isə Əhməd Bakıxanov və Bəhram Mansurov olub.

V.Məmmədəliyev hələ 1970-ci illərdə musiqi ustadlarının diqqətini özünə cəlb edib. Bu mənada böyük sənətkar, virtuoz - tarzən Hacı Məmmədovun adını birincilər sırasında çəkmək olar. Bu da təsadüfi hal deyildir. Çünki V. Məmmədəliyevin fitrətən parlaq müşayiətçilik istedadı olduğuna görə H.Məmmədov bu gənc tarzənə etibar edib o dövrün adlı-sanlı xanəndələrini müşayiət etməsini bir çox hallarda ona həvalə edərdi. V.Məmmədəliyev də öz mahir çalğısı ilə tapşırılan işin öhdəsindən uğurla gələrdi.

70 illik yubileyini qeyd etdiyimiz ustad sənətkar artıq bu günümüzdə muğam sənətimizin qabaqcıl nümayəndələrindəndir. Sevindirici haldır ki, o, bu yaşında olmasına baxmayaraq muğam sənəti sahəsində - solo ifaçılığı, müşayiətçi- tarzən, pedoqoq-tarzən, muğam tədqiqatçısı kimi səmərəli fəaliyyət göstərərək bu sənətin inkişafına, təbliğinə böyük əmək sərf edir.

Vamiq müəllim müasir dövrümüzün Azərbaycan muğam sənətini yaşadan görkəmli ifaçı, müşayiətçi tarzən, metodist- müəllim, ziyalı şəxsiyyətlərimizdəndir. Onun musiqi sənətindən danışarkən deməliyik ki, V.Məmmədəliyev muğamlarımızı özünəməxsus təqdimatlarla ortaya çıxarır. O, ustad muğam ifaçısı olaraq muğamları praktik ifaçılığın müxtəlif məziyyətlərinə, muğam janrının əsaslarına - intonasiya, lad xüsusiyyətlərinə, kompozisiya quruluşuna və sair cəhətlərinə dərindən bələd olan sənətkarlarımızdandır.

Vamiq Məmmədəliyev öz yaradıcılığında klassik muğam ifaçılarımızdan Mirzə Sadiq Əsəd oğlu, Mirzə Fərəc Rzayev, Mirzə Mənsur Mənsurov, Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Firudin Yarməmmədov, Həbib Bayramov, Kamil Əhmədov, Sərvər İbrahimov, Əlikram Hüseynov və digər sənətkarlarımızın ifaçılıq xüsusiyyətlərindən bəhrələnərək muğamları özünəməxsus surətdə inkişaf etdirib, öz ifaçılıq üslubunu yaratmış sənətkardır.

V.Məmmədəliyevin musiqi fəaliyyəti haqqında danışarkən onu da qeyd etmək lazımdır ki, Azərbaycan bəstəkarlarının , dünya musiqi nümunələrini vaxtilə ifa etsə də, o, əsasən müğam ifaçılığı sahəsində xalqımız tərəfindən tanınıb sevilir. O, ustadlarından - Ə.Bakıxanov,Bəhram Mənsurov, Hacı Məmmədov, Əhsən Dadaşovdan öyrəndiyi ifaçılıq üslublarını yeni çalar, yeni nəfəslə özünəməxsus tərzdə muğam sənətinə gətirmişdir. V.Məmmədəliyevin dəfələrlə radio və televiziyada solo və müsaiyət şəklində ifasında olan "Nəva", "Bayatı Qacar", "Çahargah", "Şur", "Xaric segah", "Rahab", "Bayatı-Kürd", "Bayatı-Şiraz", "Hümayün"  muğamlarında onun işlətdiyi özünəməxsus ştrix növbələşmələri, hər bir muğama xas olan xarakterik xüsusiyyətlərin təqdimatı, zərif mizrab vurma üsullarının şahidi olmuşuq. V.Məmmədəliyev sözün həqiqi mənasında klassik muğam ifaçılıq irsimizi göz bəbəyi kimi qoruyan, ənənəyə yetərincə qayğı göstərib sadiq olan nadir tarzənlərimizdəndir.

Onun ifaçılıq xarakteristikasından danışarkən burada bir sıra cəhətlərə toxunmaq lazım gəlir.

V.Məmmədəliyevin ifaçılıq sənətində önəmli yer tutan xüsusiyyətlər - sağ əl (bilək) ilə sol əl (barmaqlar) arasında qibtə ediləcək dərəcədə uyğunluq müşahidə olunur. Bir də tarzən bəzən muğam çalğısında improvizasiyaya meyllilik göstərsə də, onun ifaçılığında, klassik forma üstünlük təşkil edir. Həm də V.Məmmədəliyevin yaradıcılığında səciyyəvi cəhət muğam ifaçılığında xanəndə nəfəslərindən geniş istifadə etməsidir. Məsələn, onun ifasında "Şahnaz" muğamını dinləyərkən söylədiklərimizin əsaslı olduğunu yəqin edirik. Belə ki, adını çəkdiyimiz muğamın "Şədd-Şahnaz" şöbəsində o, Cabbar Qaryağdı oğlu, Seyid Şuşunski, Xan Şuşunski, Zülfü Adıgözəlov və bu kimi klassik xanəndə ustadlarımızın işlətdikləri müxtəlif ifadə imkanlarından olan - zəngulə və digər xırdalıqları tarda məharətlə təcəssüm etdirir.  Vamiq müəllim alətin zil registrini əhatə edən "Şəddi -Şahnaz" şöbəsinin hər bir ibarə və cümlələrində cəmlənən ornamental məziyyətləri ( trel,qruppetto,forşlaq və s) olduqca səlis, bitkin formada dinləyici və tamaşaçılara çatdırılmağına müvəffəq olur.

Yuxarıda qeyd edilən cəhətlərə onun klassik tar - muğam ifaçılığında işlənən mizrablardan istifadə məsələlərini də daxil etmək lazımdır. O, öz çalğılarında muğam ştrixlərini növbələşdirərkən melodik düzümlərdə olan not qruplaşmalarına elə tətbiq edir ki, bu zaman musiqi obrazları həm məntiq baxımından, həm də intonasiya cəhətdən daha sıx vəhdətdə olur.

Bu mənada onun "Mahur-hindi " muğamında işlətdiyi "Zəngi-şütür ", "Pərvanə", "Gülriz" , "Əlif" mizrablar, "Xaric segah" muğamında "Döymə mizrab", "Qoşa mizrab", "Mizrab sazigar" və s. adlı mizrab növlərini misal göstərmək olar.

V.Məmmədəliyev həmçinin elmi araşdırmalara da böyük əhəmiyyət verir.

Belə ki, onun tar alətinin tədrisinə dair yazdığı "Tar ifaçılığında instrumental muğamların interpretasiya məsələləri" adlı metodik tövsiyə (həmmüəllif Ellada Hüseynova), "Xalq çalğı alətlərinin öyrənilməsi fənni üzrə " dərs vəsaiti (həmmüəllif Zamiq Əliyev) bu qəbildəndir.

Bu elmi əsərlərdə Azərbaycan xalq çalğı alətləri kontekstində tar aləti ifaçılığının geniş şəkildə nəzəri- ifaçılıq yolları araşdırılaraq muğamların tədris olunma üsulları olduqca məntiqli şəkildə, anlaşıqlı tərzdə izah edilir.

Fikrimizcə, belə istiqamətli fəaliyyəti ilə V.Məmmədəliyev muğam nəzəriyyəsini zənginləşdirməklə yanaşı, həm də musiqişünaslıq elminə dəyərli töhfələr vermişdir.

Yuxarıda göstərdiyimiz bu səmərəli işlərin nəticəsidir ki, o, Əməkdar artist adına və Prezident mükafatına layiq görülüb.

Sonda biz, V.Məmmədəliyevi həm 70 illiyi ilə əlaqədar olaraq, həm də Prezident mükafatı almasına görə təbrik edir, ona uzun ömür, cansağlığı və yeni yaradıcılıq zirvələri arzulayırıq.   

Afət NOVRUZOV
AMK-nın professoru, sənətşünaslıq namizədi

 





09.06.2016    çap et  çap et