525.Az

Xeyirxah və vətənpərvər ziyalı


 

TANINMIŞ TƏHSİL MÜTƏXƏSSİSİ, RİYAZİYYAT ÜZRƏ FƏLSƏFƏ DOKTORU MƏRHUM ƏLÖVSƏT OSMANLININ ANADAN OLMASININ 60 İLİ TAMAM OLUR

Xeyirxah və vətənpərvər ziyalı<b style="color:red"></b>

Əlövsət Osmanlı 1956-cı il iyun ayının 9-da Borçalının zəngin təbiətli və səfalı guşələrinin birində - Bolnisi rayonunun dağlar qoynunda yerləşən Dəmirli kəndində riyaziyyatçı ailəsində anadan olmuş, orta təhsilini də orada almışdı.

Əlövsətin istedadı hələ orta məktəb illərində parlamışdı. Onun həmin dövrdə tərtib etdiyi məsələlər Almaniyanın riyaziyyat jurnallarında, Moskvanın "Matematika v şkole" jurnalında dərc edilmiş, Gürcüstanda bir neçə riyaziyyat olimpiadasının qalibi olmuşdu. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində davam etdirmişdi.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi başlamış, elə burada da meyl edən arqumentli differensial tənliklər sahəsində tədqiqat aparmış, dissertasiya müdafiə edərək (1986) riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdı. Onun elmi işləri istər respublikanın, istərsə də keçmiş SSRİ-nin riyaziyyat mərkəzləri tərəfindən yüksək qiymətləndirilmişdi.

Əlövsət həmişə məşhur bir fikri təkrar edərdi: "Dövlətin təməli torpaq və ədalət, inkişafın təməli isə təhsil və təşəbbüsdür". Onun təhsil sahəsinə gəlişi bəlkə də elə bu fikrin təsiri altında baş vermişdi. Hələ 1987-ci ildə elmi-tədqiqat institutunda işləyərkən orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul zamanı riyaziyyat imtahanlarına bir qayda olaraq çətin və orta çətinlikli məsələ-misallar salındığından şagird və abituriyentlərin əksəriyyətinin həmin tapşırıqları həll edə bilmədiyini və bu fəndən çəkindiyini nəzərə alaraq məktəblilərə və abituriyentlərə metodik kömək məqsədilə imtahanlarda təklif olunan tipik məsələləri həlləri ilə birlikdə kitab halında çap etmək təşəbbüsü ilə çıxış etmişdi.

Beləliklə, 1989-cu ildə "Maarif" nəşriyyatında onun həmin dövr üçün çox dəyərli hesab olunan kitabı - "Riyaziyyatdan qəbul imtahanlarında təklif olunmuş məsələlər"in I hissəsi böyük tirajla çap edildi. 176 səhifəlik kitab cəmi bir neçə günün içərisində satılıb qurtardı. 1990-cı ildə isə kitabın 208 səhifəlik II hissəsi "Elm" nəşriyyatında çap olundu. Əlövsət qısa müddətdə respublikanın riyaziyyat müəllimlərinin ən çox məsləhət aldığı alim kimi tanındı. Artıq o, ali riyaziyyat sahəsindən tamamilə yeni mühitə - təhsil mühitinə, praktik aləmə daxil olmuşdu.

Ölkəmizin müstəqilliyinin ilk illərində yaradılan milli dərsliklərdə yol verilmiş, şagirdlərin riyazi biliklərinin formalaşmasına mane olan saysız-hesabsız elmi-pedaqoji səhvlərin aradan qaldırılması üçün ayrı-ayrı mətbuat orqanlarında dərc etdirdiyi silsilə analitik məqalələri onu həm də bir dərslik eksperti kimi tanıtdırmışdı. Belə araşdırmalarının əsasında hazırladığı "Kiçik riyaziyyatın böyük bəlaları" adlı kitabı bu sahədə mövcud vəziyyəti bütün çılpaqlığı ilə nümayiş etdirilməsi baxımından olduqca dəyərli bir qaynaq kimi qarşılanmışdı.

Əlövsət müəllim şagirdlərin riyaziyyatdan zəifliyinin səbəbini haqlı olaraq ibtidai riyaziyyatın yaxşı öyrədilməməsində görür və bu qəbuledilməz vəziyyətin aradan qaldırılması üçün görülməli işləri müəyyənləşdirməyə çalışırdı. Ayrı-ayrı ölkələrin təhsil proqramlarını, ibtidai sinif dərsliklərini, metodik vəsaitlərini, ibtidai sinif müəllimlərinin riyazi savadını dərindən araşdırdı. Bu araşdırmalar ibtidai təhsil pilləsi üçün yeni milli dərsliklərin yaradılması zərurətinə gətirib çıxarmışdı. Ona görə də həmmüəllifi olduğu ibtidai siniflər üçün riyaziyyat dərslikləri on ildən artıq bir dövrdə respublikamızın təhsil Azərbaycan, rus və gürcü dillərində aparılan məktəblərində əsas dərsliklər kimi istifadə olunmuşdu.

O, respublikamızda həyata keçirilən təhsil islahatında da yaxından iştirak edirdi. İbtidai təhsil pilləsi üçün riyaziyyat kurikulumunun hazırlanması və dərslik siyasətinin hüquqi bazasının formalaşdırılması məqsədilə yaradılmış qrupların ən fəal üzvlərindən olmuşdu. Təhsil məsələləri ilə bağlı müzakirə və mübahisələrdə həmişə orijinal fikirlərlə çıxış edər, həmsöhbətlərini mövqeyinin doğruluğuna asanlıqla inandıra bilirdi. Buna onun universal biliyi, haqqında danışdığı məsələlərə dərindən bələdliyi imkan yaradırdı.

Əlövsət Osmanlı çox işıqlı, qayğıkeş, xeyirxah və vətənpərvər insan idi. Ölkəmizdəki azsaylı gürcü məktəbləri üçün dərsliklərin Gürcüstandan gətirilməsi və bu dərsliklərdə dövlətimizlə bağlı, demək olar ki, heç bir məlumatın, hətta dövlət atributlarının olmaması onu o qədər təsirləndirmişdi ki, o, həmin məktəblər üçün öz vəsaiti hesabına gürcü dilində ibtidai sinif dərslikləri tərtib edib (bu kitablar Gürcüstan Təhsil Nazirliyində də bəyənilmişdi) çap etdirmişdi. 

O, valideyn himayəsindən məhrum olmuş bəzi tələbələrin təhsil haqlarının ödənməsinə kömək edir, BDU-nun tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin tələbələrinə təhsildə müvəffəqiyyətlərinə görə xüsusi təqaüd verir, ehtiyacı olan elm, təhsil və mədəniyyət işçilərinə maddi və mənəvi dayaq göstərirdi. Gürcüstanın və Dağıstanın təhsil Azərbaycan dilində olan məktəblərinə təmənnasız olaraq dərslik və dərs vəsaitləri, kompyuterlər və sair avadanlıqlar göndərirdi.

Bizə belə gəlir ki, Əlövsətin yaşam tərzini, həyat amalını onun qızı - riyaziyyat üzrə fəlsəfə doktoru Cəlalə Osmanlının öz atası haqqında xatirələrindən götürdüyümüz bu fikirlər daha yaxşı nümayiş etdirir:  "Onun üçün həyatda ən öndə gələn məqsəd ibtidai sinif dərsliklərindəki qüsurların ortadan qalxması və normal gənclər yetişdirə biləcək dərsliklərimizin olması idi. Günlərlə səhər yuxudan oyanıb onun otağının işığının yandığını görürdüm. Fikri-zikri ancaq gördüyü işin mükəmməl və qüsursuz olması idi. Bunun üçün də gecəsini-gündüzünə qatırdı. Dərslik müəllifi olduğu illərdən həyatının son gününə kimi o əlindən gələn hər şeyi və hətta deyərdim ondan da artığını etdi. O, millətinin sağlam təhsil alması üçün öz sağlamlığını qurban verdi".

Və 2013-cü il  sentyabrın 7-də gözlərini əbədi yumdu...

İndi Əlövsət Osmanlının təhsilimizin gələcək inkişafı ilə bağlı öz aktuallığını hələ də itirməyən orijinal fikirləri və formalaşdırdığı təkliflər onun kitablarında, parlaq xatirəsi isə çoxsaylı dostlarının, tələbələrinin və həmkarlarının qəlbində yaşayır...

Məmməd BAYRAMOĞLU
fizika-riyaziyyat elmləri doktoru, professor
Hidayət HÜSEYNOV
fizika-riyaziyyat elmləri doktoru, professor

 





09.06.2016    çap et  çap et