525.Az

Kövrək sətirlər, içilməyən qədəhlər...


 

Kövrək sətirlər, <b style="color:red">içilməyən qədəhlər...</b>

Aydın TAĞIYEV

 

Fikrət Əfəndinin xatirəsinə 

Uzun illər idi ki, bir ənənə yaratmışdıq. Baharın xoş çağında - hər il may ayının 2-də keçmiş sinif yoldaşları olan oğlanlar bir yerə yığışar, xudmani bir məclis qurub oturar, bir-birimizdən hal-əhval tutardıq.

Bəlkə də o günü hamımızdan daha çox səbirsizliklə o gözləyərdi. Özü də o az qala bir bayram həsrəti ilə... Təkcə ona görə yox ki, tədbirin təşkilatçılıq işini onun boynuna qoymuşduq və o da bu vəzifəni xüsusi bir şövqlə yerinə yetirirdi.

Və elə mart ayı girən gündən hansı birimizlə rastlaşsaydı, yarıciddi, yarızarafat:

- Bax, vaxt başınacan hələ var. Elə indidən gündəlik xərclərimizdən çox yox, qəpik - quruşa qənaət edib bir qırağa qoysanız, əməlli-başlı sərmayəmiz olar...

Əvvəllər sayımız çox idi...

Sonra...

Sonra ildən-ilə o görüşə toplaşanların sayı azaldı. Kimisi işdən-gücdən macal tapıb gələ bilmədi, kimisinin həmin gün vacib səfəri çıxdı, kimisi isə...

İşdən-gücdən macal tapmayanlar da, vacib səfəri çıxanlar da gələ bilməyəcəkləri xəbərini bir yol ilə "təşkilatçı"ya çatdırardılar (Çünki "təşkilatçı" əvvəlcədən işini bilməli idi, "haqq-hesabını" aparmalı idi...)

Ancaq gələ bilməyənlər arasında elələri də var idi ki, dostları intizarda qoymaq istəməsələr də, hansısa səbəbə görə əvvəlcədən xəbər yollaya bilməzdilər.

Onların qədəhləri də məclisin axırına kimi masanın üstündə elə dolu qalardı...

Bir-birimizə xoş arzular diləyə-diləyə, bir-birimizin şəninə təriflər söyləyə-söyləyə sağlıqlar deyər, qədəhlərimizi toqquşdurardıq. Məclis boyu yalnız bircə dəfə qədəhlərimizi toqquşdurmadan bir nəfəsə başımıza çəkərdik.

Hamımız həmyaş idik. Aramızda ay, gün fərqi var idi. Ancaq hamımızdan ən cavan görünən o idi. Deməzdin ki, yaşı 60-ı iki ildir ki, haqlayıb. Canının üstündə əsən idi. Yanından yel keçəndə əlbəəl həkim dostlarının yanına qaçardı.

Üç il bundan qabaqkı görüşdə masa üzərində içilməmiş qədəhlərin sayının çoxaldığını görüb elə bil diksindi. Köks ötürdü, sonra da sanki əcələ acıq verirmiş kimi üzünü biz dostlara tutub:

- Qəm yeməyin, - dedi, - tək, yalqız qalanacan hər il bu günü qeyd edəcəyəm. - Sonra da zarafata saldı: - Arxayın olun, sizin də qədəhlərinizi boş qoymaram.

Elə özü kimi hər birimiz onun bizdən daha çox yaşayacağına inandıq. Axı, hamımızdan sağlam, qıvraq idi.

Ancaq...

Tanış-biliş yaxşı xatırlayır; harda olursa olsun, mobil telefonu həmişə əlində olardı. Müdhiş avtomobil qəzasına düşəndə də elə telefonu qulağına tutubmuş.

Kiməsə telefon açırmış, ya kimsə ona zəng edibmiş... Özü nəsə deyirmiş, ya da nəsə eşidirmiş...

Onda hələ qışın əvvəlləri idi. Heç birimiz, elə özü də ağlına-gümanına gətirməzdi ki, qış keçəcək, yaz gələcək, gen-bol süfrə üstündə bir qədəh də içilməmiş qalacaq.

3 iyun 2016 

QORXU 

Dostum Fizuli müəllimə

Ailədə oğlanların ilki o idi. Anasını neçə il bundan qabaq itirmişdi. Əcəlin hökmü ilə özündən balaca qardaşı haqq dünyasına qovuşmuşdu.

Qardaşının ölümündən bir neçə gün sonra anası yuxusuna girmişdi.

Yuxusunu mənə danışırdı. Doluxsunmuşdu. Qəhərləndiyindən boğula - boğula danışırdı. "Anamı yuxuda gördüm. Burası yaxşı yadımda qalıb ki, anam , deyəsən, mənə umu - küsü edirdi. Gileyləndi ki, böyük oğul sənsən, sən dura - dura kiçik qardaşının yolunu gözləmirdim axı..."

Sözünə ara verib köks ötürdü. Səsi titrədi. "Ölüm vecimə deyil. Qorxuram qocalıb saç-saqqal ağardım, anamın yanına gec gedəm... Məndən kiçik qardaşımı görən kimi tanıyan anam məni tanımasın..."

4 iyun 2016
Şabran

 





10.06.2016    çap et  çap et