525.Az

SOCAR prezidenti: "Gözləyirik"


 

SOCAR prezidenti: "Gözləyirik"<b style="color:red"></b> SOCAR Avropaya enerji daşıyıcılarının marşrut və mənbələrini diversifikasiya etməyə çalışır.
 
"APA-Economics" xəbər verir ki, bunu Fransada səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
 
R. Abdullayev bildirib ki, bununla SOCAR Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir: "Bilirsiniz, zaman keçdikcə, Azərbaycanın enerji strategiyasının tarixi əhəmiyyəti daha aydın görünür. Bu gün Avropada bir neçə iddialı layihənin hazırlanması prosesi davam edir. Birincisi, qeyd etmək lazımdır ki, biz indi Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üzrə "Cənub Qaz Dəhlizi" layihəsini həyata keçirməyə başlamışıq.

Həmçinin "Petkim" neft-kimya kompleksinin müasirləşdirilməsi və Türkiyədə STAR neft emalı zavodunun tikintisini, SOCAR-ın Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrədə satış şəbəkələrinin yaradılmasını, Malta və Yunanıstandakı layihələri də qeyd etmək olar.

Bunların hamısı - inkişafımızın strategiyasında xüsusi əhəmiyyət verilən Avropa bazarlarına ekspansiyadır. Yuxarıda qeyd etdiyim "Cənub Qaz Dəhlizi" layihəsi təbii qazın "Şahdəniz" yatağından Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. Yataqdan ilk qaz tədarükü 2018-ci ildə planlaşdırılır.

"Cənub Qaz Dəhlizi" - SOCAR-ın ən iri layihəsidir. Xəzər dənizindən Avropa bazarlarına böyük həcmdə təbii qazın nəql edilməsinə imkan verəcək və dəyəri 40 mlrd. dollardan çox təşkil edən bu layihə tikinti prosesindədir.
 
Layihənin tikintisinə 26 mindən çox insan cəlb olunub. Türkiyə və Gürcüstanda tikinti qrafik üzrə gedir. Effektiv əməkdaşlıq və dəyişmiş konyunktura sayəsində biz boru kəmərlərin tikintisinin maya dəyərini azaltmağa nail olmuşuq.

Belə ki, yalnız TANAP boru kəmərinin tikintisində bu günə qədər 2 mlrd. dollardan çox vəsaitə qənaət olunub. Bundan başqa, TAP-ın Yunanıstanda tikintisi üçün bütün zəruri icazələr və razılaşmalar mövcuddur. Biz həmçinin Albaniya hökumətinin böyük dəstəyini və onun "Cənub Qaz Dəhlizi" çərçivəsində TAP layihəsinə bağlı olmasını yüksək qiymətləndiririk. Bu marşrutun son nöqtəsi İtaliyadır və qarşıda duran bütün məsələləri həll etmək, tərəqqi əldə etmək üçün biz hökumət və tərəfdaşlarımızla işi sıx davam etdirməliyik.
 
Qısamüddətli perspektivdə biz "Cənub Qaz Dəhlizi" layihəsinin final hissəsi olan TAP çərçivəsində bütün qalan müqavilə razılaşmalarının imzalanmasını gözləyirik. Bu layihə Avropa İttifaqının enerji siyasətinin ən əsas elementlərindən biridir, çünki qarşıdan gələn onilliklər ərzində Avropaya qaz tədarükünə töhfə verəcək".
 





10.06.2016    çap et  çap et