525.Az

Türkiyə qeydləri - Fotoreportaj


 

I yazı

Türkiyə qeydləri - <b style="color:red">Fotoreportaj</b>

Zamanın yaddaşla oyunları qəribədi.

Bəzən tamam lazımsız, mənasız bir hadisə yaddaşına elə həkk olur ki, deyərsən, Qobustan qayasıdı beynin, iz düşdümü, pozulan deyil. Amma birdən də sənin üçün önəmli olan nəyisə, nə illah edirsən, yadına sala bilmirsən. Qısa bir vaxtda niyə silinib, nə zaman çıxıb beynindən? Axı, o gün xoşbəxt idin! Özlüyündə o anların yaxasına “unudulmaz” yarlığı da yapışdırmışdın... Nədədi sirr? Nədən bəzən unutmaq istədiyin, içini didib dağıdan səhnələri, detalları, hadisələri yadından çıxara bilmirsən? Nədən üzün güldüyü yerdə keçmişin böyük partlayışlarının kiçik bir qəlpəsi yaddaşını dimdikləyir, gözünü yaşardır, ürəyini parçalayır? İdarə edə bilmədiyin və heç cür tərbiyəyə gəlməyən yaddaşın, xatirələrin axıra kimi, ömrünün sonuna qədər yarışır səninlə. Sən unutmağa çalışırsan, o əl çəkmir, sən nəyisə xatırlamaq istəyirsən, o gizlədir. Təbiətin sənə bəxş etdiyi yaxşı hafizənin, yaxud müxtəlif metodlarla, vasitələrlə yaddaş məşqlərinin bir faydası da yoxdu. Yaman etibarsızdı insan beyni. Ona görə insan ən müxtəlif yollarla anı tutmağa, həkk etməyə, tarixdə saxlamağa çalışır. Gündəliklərin, fotoların, videoların mahiyyətində, əslində, bu durur. Yaddaşında saxlaya bilməyəcəyi məqamı, anı insan bu yolla qorumaq istəyir. Həm də bütün bunlar bir növ ipucu olur. Gündəliyindəki balaca qeyd bütöv hadisəni, sadəcə anı özündə həkk etmiş foto isə tam bir günü yadına salır. Hələ XXI əsrin bu sahədəki üstünlüklərindən danışmıram. Mobil telefonlarda yaddaş kitabçaları, orqanayzerlər Qobustan qayalarından betər olub. Bir sözlə, bu gün texnika insan rahatlığı üçün hər şeyi fikirləşib. Amma...

Söz ən gözəl və əvəzolunmaz “səlnaməçi”dir. Müasir texniki vasitələrin ötürə bilmədiyi enerjini, ruhu, təəssüratı söz çatdırır. Özü də yüzillərin, minillərin bu tayına. Belə olmasa yüz-yüz illər qabaq yazılmışlar əsrlərin bu üzündə, tamam ayrı dünyada yaşayan insanları təsirləndirməz, ruhunu yerindən oynatmaz, genetik kodlarını tərpətməz.

...Və bunu yaza-yaza səfərnamələrin bir növ elə gündəlik olduğunu düşünürəm. Klassik şairlərimizin nəzmlə, əruzda yazdığı səfərnamələrin, səyyahların elmi, coğrafi, tarixi səfər qeydlərinin, müasirlərimizin səfər təəssüratlarının kökündə yaddaşını qorumaq, saxlamaq, başqalarına ötürmək, düşüncələrini çoxaltmaq niyyəti var şübhəsiz. Amma bəzən də təəssüratların elə zəngin, qeyri-adi olur, o qədər dərininə işləyir ki, onları kimsəylə bölüşmək ehtiyacı hiss etmirsən. Həm də nədisə arxayın olursan yaddaşına. Düşünürsən ki, on il keçəcək, bir ulduz axmasından, bir göy qurşağının çıxmasından, ya da damağında duyduğun tamdan, daddan hər şey düşəcək yadına... Bir-bir canlanacaq gözünün önündə. Fotolar da lazım olmayacaq heç sənə, videolar da, telefonunu açıb köhnə qeydini də axtarmayacaqsan. Bəs, söz? İllər keçəndən sonra fikrində ağ-qara filmə dönmüş xatirələrini sözə çevirə biləcəksənmi? Bəlkə də, biləcəksən. Amma bu, boyat çörək kimi olacaq. Yenə bərəkətli, yenə yeməli, yenə doyumlu, amma boyat! Ona görə duyğularını, təəssüratlarını, xatirələrini elə düşüncələrin soyumadan yaz, ancaq bu yolla onları təzə-tər saxlaya bilərsən.

Yəqin ki, səfər qeydlərinin dəbdən düşdüyü bir zamanda, gecənin bu aləmi oturub Türkiyəni, bir həftəlik səfərimizi yada salıb, fikirlərimi vərəqləyib yazmağıma səbəb budu. Unutmaq, itirmək istəmirəm bu səfəri. Yaddaşımda, arxivimdə hansısa şəkildə saxlamaq istəyirəm. Və əslində, özüm də yaxşı başa düşürəm ki, bu istəyim nə uğurlu kitab təqdimatlarına görədi, nə də yazıçı karyeramda növbəti hadisəyə görə. Səbəb sadəcə Türkiyədi! Qədimliyi, müasirliyi, dünəni, bugünü, dadı və qoxuları ilə birgə TÜRKİYƏ! Nə oxuduğum yazılarda, əsərlərdə, nə də şəxsi müşahidələrimdə kimsənin bu ölkəyə biganə qaldığını görmədim. Təkcə mən yox, heç kim görməyib yəqin. Dünyanın da diqqətini həmişə cəlb etməsi, siyasətin, mədəniyyətin, tarixin həssas yeri olması təsadüfi deyil. Qəribə bir cazibəsi var bu ölkənin. İşvəli Qadın kimi, hökmlü Kişi kimi, ürəyini çırpındıran Sevgi kimi, beynindən çıxmayan Musiqi kimi, dilindən düşməyən Söz kimidi Türkiyə!

Mövlud bəy... Qaya dibi və Parfüm qoxusu!

Ankarada Esenboqa Hava limanından çıxar-çıxmaz yazıçı-tərcüməçi İmdat Avşarın dostu Mövlud bəy qarşılayır bizi. Beləliklə, Azərbaycandan üç “kuşak” (nəsil) təmsilçiləri - Anar müəllim, Rəşad Məcid və mən dostumuzun dostu Mövlud bəyin maşınında Türkiyənin qədim ilçəsinə -qəzasına, Kırşehirə yollanırıq. Azərbaycan ədəbiyyatının dostu İmdat bəyin təşkilatçılığı ilə I Kırşehir Kitab sərgisində kitablarımızın təqdimatı və oxucularla görüşümüz olacaq. Amma qarşıdakı günlərdə. Hələliksə Kırşehrə gedən yolları haqlayaraq, Ankaranı arxada qoyaraq ordan-burdan danışırıq. Mövlud bəy daha öncə Bakıda olduğu üçün Anar müəllimi, Rəşad Məcidi tanıyır artıq. Rəşad Məcidin ənənəvi əhali, məşğuliyyət, maraqlar, tarix ətrafında suallarına həvəslə cavab verir. “Qaya dibi” bağçasında səhər yeməyi yeyəcəyimizi deyir. Nədisə bu “qaya dibi” ifadəsi müxtəlif assosiasiyalar oyadır. Yəqin ki, hər kəsdə bir cür. Mən Buzovnada, Türkanda dəniz kənarındakı qayalıqları xatırlayıram. Uşaq vaxtı bapbalaca kölgəsində daldalanıb qumdan “qala”lar qurmağım yadıma düşür. Rəşad Məcid Anar müəllimin “Qarabağ şikəstəsi” essesini yada salıb Laçına aid xatirələrindən danışır və hiss edirəm ki, bu söhbətlərdə dərin bir nostalji, həm də ümid var. Elə bil bir azdan çatacağımız ünvan Ankaradan Kırşehrə gedən yolda kiçik bir çay bağçası deyil, Laçının, Şuşanın parçasıdı. Hər halda Rəşad müəllimin nostalji, nisgil dolu söhbətində bu ümid duyulur. Yamyaşıl, sərin, səfalı “Qaya dibi”nə çatanda isə onun ilk sualı bu olur: Bu nədi, bəs qaya hanı? Və nədənsə bu sual mənim düşüncəmə “Bəs Laçın hanı?” yozumu ilə həkk olur. Laçın...

Nə isə, yaxşısı budu, Türkiyədən, Kırşehirdən, İmdat Avşarın papatiyalarından, yəni çobanyastığı buketindən danışım. Bir azdan İmdat Avşar hansısa rəsmi görüşdən gəlir, çatdırır özünü “Qaya dibi”nə. Əlində də miniatür bir buket. Sən demə, türklərdə papatya buketi salamlama simvolu imiş. Bunu sonra, Ankarada öyrənəcəyəm. Amma indi bu təbii çəmən çiçəklərini iyləyəndə bir anlıq düşünürəm ki, burda sanki hər şeyin öz qoxusu var. Hətta havanın da, suyun, çayın, balın, şəkərin də... Bütün bu qoxular hamısı qarışanda uşaqlıqda çox sevdiyimiz karameli xatırladır. Sanki şəhər böyük bir karamel fabrikidi. Və bu şipşirin qoxular qayğısız uşaqlığı, uzaqda qalmış balaca arzuları yada salır.

...Bircə Mövlud bəyin parfümə allergiyası olmayaydı da! Bir gün sonra bildik ki, parfüm qoxusundan rahatsız olur. Doğrusu ayrı, istənilən allergiyanı “bağışlamaq” olardı, amma parfüm?! Axı necə ola bilər ki, səhərini muskus, paçuli, ambra, ilanq qoxularıyla açmayasan, ətirşahı ciyərlərinə çəkib xoşbəxt olmayasan?! Amma bir yandan da... Nə isə, Patrik Züskindin çörəyini əlindən almamaq üçün bu mövzunu burda qapadıram!

Hasan Dədə... Hacı Bektaşi Vəli... Yapon bağçaları!

İmdat Avşar əslən Kırşehirli olsa da, burda az yaşayıb. Amma şəhərə, buranın tarixinə, gəzməli-görməli yerlərinə yaxşı bələddi. Kırşehirdə İmdat Avşar kimi intellektual bələdçiylə birgə gəzmək, tarixi abidələri ziyarət etmək ayrı bir zövqdü. Kırşehirin Kırıkkale bölgəsindəki Hasan Dədə türbəsinə girən kimi indiyə kimi gördüyüm müxtəlif bu tipli abidələr yadıma düşür. Türk dünyasının çeşidli yerlərində insan tərəfindən yaradılmış bu türbələrin hamısının mahiyyəti, əfsanəsi, tarixçəsi eynidir. İnsanların nəyəsə, kiməsə inanmaq istəyinin, möcüzələr uydurmaq və o möcüzələrdən yapışıb yaşamaq arzularının təzahürüdü. Əfsanəyə görə Hasan Dədə sadə bir çoban imiş. Camaat uzaqdan bir böyük daşı dəyirmana gətirmək istəyir, amma daş ağır olduğundan yerindən tərpədə bilmir. Hasan Dədə “daşı mən apararam” - deyir, amma heç kəs bunu ciddiyə almır, hamı evinə dağılışır. Hasan Dədə halını pozmadan daşa yaxınlaşıb “Gəl daşım, gəl!” - deyib yola düşür, daş arxasıyca yuvarlana-yuvarlana düz dəyirmana kimi gedir. Səhər açılanda camaat daşın dəyirmanda olduğunu görür və Hasan Dədə sirri açıldığına görə arxalığını burda qoyub qeybə çəkilir. Mahiyyətcə eyni olan, kökündə tək bir ideya duran yüzlərlə, minlərlə bu cür əfsanə var. Kimsə ironik təbəssümlə qarşılayır, kimsə sakitcə dinləyib keçir, kimsə inanır. Hətta guya o daşın balaca bir parçasına əlini də sürtür ki, işləri yaxşı getsin. XXI əsrin insanı bu cür möcüzələri yalnız fantastik Hollivud filmlərində əyləncə kimi həzm edə bilər. Ancaq bir az dərin düşünəndə görürsən ki, fərqli xalqlara aid bu tipli əfsanələrin insana aşıladığı sadəcə inamdı. Yəni sidq ürəklə, bütün varlığınla inanırsansa, istəyirsənsə, hər şey mümkündü. Daş da, quş da, yer də, göy də, günəş də, səma da - hamısı sənə arzularına doğru getdiyin yolda yardımçı olacaq. Amma məgər bütün həyat və onun qəribəlikləri, maneələr, çətinliklər o inamı sındırmağa, sarsıtmağa xidmət etmirmi? Bu mübarizədən qalib çıxsan, gördüyün işə, tutduğun yola inamını itirməsən, qazandın. Hasan Dədə kimi adına türbələr ucaltmasalar da, hansısa şəkildə qalacaqsan tarixin yaddaşında.

Hacı Bektaşi Vəli isə şeirləri, fəlsəfi fikirləri, müdrik kəlamları, sufi düşüncələri ilə qalıb tarixdə. XIV əsrdə Sultan Qazi Murad zamanında ucaldılan türbəyə girəndə qəribə bir azadlıq hiss edir insan. Onu deyim ki, burda yağışla günəşin, dolunun mübarizəsi dəqiqələrlə ölçülür. Bir dəqiqənin içində elə şıdırğı yağır ki, gizlənməyə yer tapmırsan, amma birdən də yağış kəsir və günün altında istidən bişirsən. Hacı Bektaşi Vəli türbəsində də, Ramiz Rövşən demiş, “yağış yudu, gün qurutdu” bizi. Tutqun hava düşündürdü, kədərləndirdi, günəş fikirlərimizi işığa çıxardı. Burdakı aşxanalara, o zamankı kollektiv həyatın, azadlıq ideyalarının təzahürlərinə baxdıqca düşünürdüm ki, axı, dünyanın çox-çox sonralar açdığı fikirlərin, sivilizasiyanın yüz illərlə gəldiyi qənaətlərin çoxunu qoyun dərisindən kürkə bükülmüş, tərki-dünya Şərq, sufilik, hürufilik deyib. Kommunistlərin bərabərlik, aşağıdakıların üstünlüyü ideyalarından tutmuş, çağdaş demokratiyanın azadlıq, rahatlıq düşüncələrinə kimi hamısı var orda. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı İnsan haqları Konvensiyasındakı bəzi müddəalar Hacı Bektaşinin insan, Tanrı, həyat haqqında kəlamlarına uyğun gəlir. Hələ XIII əsrdə “Qadınları oxudun”, “Heç bir milləti və insanı ayıblamayın”, “Düşməninizin də insan olduğunu unutmayın” sözlərini deyib Bektaşi və bütün bu deyimlər müasir gender məsələlərinə, tolerantlıq, sülhsevərlik düşüncələrinə nə qədər uyğundur?! Ona görə də Şərq həmişə aktualdı... Tarixi, ənənələri, fəlsəfəsi, ilk baxışdan adidən adi qaydaları ilə dərindi, fərqlidi, düşündürücüdü. Yerin dibinə doğru getdikcə qat-qat gizlənmiş tarixi ilə maraqlıdı.

Yapon bağçaları adlanan tarixi-kulturoloji muzeyi gəzdikcə təbiətin, torpağın möcüzəsinə heyrətlənməyə bilmirsən. 1986-cı ildə imzalanmış razılaşmaya görə Yaponiya Orta Şərq Mədəniyyət Mərkəzinin sədri Şahzadə Takahito Mikasanın rəhbərliyi ilə burda, Kırşehrin Kaman əyalətində yerləşən tarixi bölgədə arxeoloji qazıntılar aparılır. Dərinə getdikcə tarixin dörd böyük dövrünə aid eksponatlar, nümunələr çıxır yerin altından: Birinci qatdan - Osmanlı dövrü abidələri, ikincidən dəmir, üçüncüdən orta və yeni bürünc, dördüncüdən isə qədim bürünc dövrü eksponatları aşkar olunub. Və doğrusu, bu fərqli dövrlərə aid eksponatlara baxdıqca onları ayıran yüz, min illəri hiss etmirsən. Hətta bəzək əşyalarının, məişət alətlərinin dizaynında müasir dövrün də ab-havasını duyursan. Görünür, insan beyni, istedadı heç vaxt qədim, orta, yeni dövrlərə “bölünməyib”, ona görə...

Kapadokiya... Pəri bacaları... Kilsələr!

Təbiətin yaratdığı möcüzələrdən biridir Kapadokiya. Sözün bitdiyi, yerlə göyün qovuşduğu, Allahla insanın əlbir olduğu yerdir. İlahi həqiqətin var olduğunu, zamanın acizliyini, bütün məntiqlərin və bütün elmlərin nisbi olduğunu göstərən məkandır.

Deməli, milyon illər öncə Ərciyəz, Hasandağı, Güllüdağda vulkanların püskürməsi ilə lava və yumşaq süxurlar yer üzünə çıxıb, buranın iqlimi küləkli, yağmurlu olduğu üçün təbii aşınma yolu ilə belə möcüzələr yaranıb, heç bir heykəltaraşın, heç bir dahi memarın ağlına gələ bilməyəcək şəkildə möcüzəvi, ilahi abidələr “yonulub” burda. Kapadokiyada muzey, ya xüsusi ayrılmış tarixi ərazi yoxdu. Buranın hər qarışı muzeydi, hər daşı eksponatdı. Ən qədim dövrlərdən burada Hititlər yaşayıb. Eramızın başlanğıcında isə Roma imperiyasından qaçan ilk xristianlar burda gizləniblər. Pəri bacaları adlanan gümbəzlərin dərinliklərində, qayalarda açdıqları oyuqlarda. İndi bu oyuqlara baxanda orda yaşamağın mümkünlüyünü ağlına sığışdıra bilmir adam. Amma görünür, yenə də inam öz sözünü deyir, insan öz əqidəsindən dönməmək, inandığı yola xidmət etmək üçün hər şeyə hazırdı. Və yenə də o inam varsa, təbiət, ilahi qüvvə ona yardımçı olacaq. Hətta gizləndiyi məkanı onun dininə, əqidəsinə uyğun kilsə formasına da salacaq.

Burda sadəcə, gəzmək, kənardan baxmaq azdı. Yeganə təəssüratın heyrət olacaq və o heyrət ayrı düşüncələrə imkan da verməyəcək. Ona görə bu böyük möcüzəni anlamağa, soyuq məntiqlə, düşüncəylə dərk etməyə zaman lazımdı. Bunu yazıram, amma həm də düşünürəm ki, təbiətin bu cür heyrətamiz gözəlliyini soyuq başla dərk etməyə ehtiyac da yoxdu bəlkə, elə heyrətdən nəfəsin kəsilsə, balaca uşaq kimi “Uy daaa”, “Ay yaaa”, “Oho”, “Vay vay vay” deyə-deyə, başına qədim filosoflar kimi daşdan mantiya taxıb dünyanın ədalətini simvolizə edən qayalara baxmağın bəsdi...

Xoş bir yorğunluq... Nazım Hikmət... Anar!

Yalnız mənən zəngin insan yorğunluğun da xoş olan növünü tanıyır. Axı, bu qədər tarixi abidəni, insanın və təbiətin “əl işləri”ni görüb, dərin təəssüratlar alandan sonra necə yorulmayasan və bu yorğunluqdan necə şikayət edəsən?! Ona görə mənəviyyatını, içini, düşüncələrini dolduran yorğunluq xoşdu, məncə. Təki ruhun yorulmasın! Elə bu xoş yorğunluq içərisində yenə səriştəli bələdçimiz, yazar dostumuz, hər addımda səbrlə istədiyimizi edən, xoş siması, mehriban üzü ilə qulluğumuzda duran, zəhmətimizi çəkən İmdat Avşarın seçdiyi, göl kənarında yerləşən bir restoranda axşam yeməyi yeyirik. Sərin, yağmurlu hava soyuğu canımıza doldurub. Bataniyəyə - adyala bükülüb oturmuşuq. Amma bir azdan ovqatımız, zarafatlarımız, Hilal xanımın, Mövlud bəyin, İmdat Avşarın isti, qonaqpərvər münasibəti yorğunluğu da, soyuğu da unutdurur. Saatın fərqinə varmadan danışıb-gülürük; gah ədəbiyyatdan, gah bildiyimiz məzəli əhvalatlardan, gah da sabahkı tədbirlərdən.

Otelə dönəndə isə maraqlı bir məqamı müşahidə edirəm. Mövlud bəyin maşınında geri dönürük, gənc bir universitet əməkdaşı da bizimlədir. Qabaqda əyləşib və özü dediyi kimi, türk dünyasının Dev yazarını, yaşayan əfsanəsini, yəni Anarı görməkdən, tanımaqdan məmnundu. Son illərdə yazdıqları barədə suallar verir. Söhbət Nazım Hikmətin üzərinə gələndə... yenə mübahisə, yenə polemika yaranır. Və mən Anar müəllimin hansı enerji, hansı şövqlə Nazımı anlatmasına heyrət edirəm. Adam Nazımın böyük sənətini danmadan, “sadəcə “mən rusam” deməklə səhv edib” - deyir. Bu söz bəs edir ki, Anar müəllim Nazımın heç vaxt belə şey demədiyini, türkçülük, türk dili üçün gördüyü işləri, Sovetlərdəki türkdilli xalqlara, əsasən də azərbaycanlılara necə böyük güc verdiyini izah eləməyə başlasın. Bu qısa polemikanı müşahidə edib düşünürəm, qarşıda, qaranlıqda əyləşmiş, üzünü də yaxşı görmədiyin, tanımadığın, bəlkə bundan sonra heç görməyəcəyin adama nələrisə izah eləməyə, həm də belə zəngin, yaxşı mənada yorğun gündən sonra buna enerji sərf etməyə nə ehtiyac? Və bu yerdə Anar müəllimin bir xasiyyətinin - çoxlarının, elə mənim özümün də etiraz etdiyi bir cəhətinin - yalan-böhtan yazanlara cavab vermək prinsipinin mahiyyətini başa düşürəm. Məqsəd kimlərisə yerində oturtmaqdan daha çox həqiqəti anlatmaq, izah etməkdi. Və bu maarifçi ideyası onun təkcə özünə aid deyil. Dünyanın hər yerində, hər kəsə, inandığı, böyük hesab elədiyi həqiqəti günün istənilən vaxtında anlatmağa hazırdı Anar. Və bu həqiqətin gec-tez öz yerini tutacağına inanır. Hə, məsələ də elə inamdadı!

Fen litseyindən Kitab fuarına... Ataol Bəhramoğlu... Ədəbi nəsillərarası əlaqələr!

Ədəbi görüşlərimiz Fen litseyindən başlanır. Tələbələrlə görüş qəribə nostalji yaradır. Bu semestr dərslərim olmadığından darıxıram auditoriya üçün, tələbələrimi düşünürəm. İmdat Avşar Azərbaycan ədəbiyyatı, türkcəyə çevirdiyi ədəbi əsərlər haqqında maraqlı bir çıxış edir. Anar müəllim Türkiyəyə aid xatirələrini bölüşür, türk ədəbiyyatının zənginliyindən danışır. Rəşad Məcid artıq iki gündü ki, Kırşehir səfərimizdə aldığımız təəssüratların zənginliyini deyir, unudulmaz məqamları şərh edir. Gənclərə Qarabağ problemimizdən də danışırıq. Üzlərdə, gözlərdəki sakit, amma həm də anlayış dolu ifadələr adamı sevindirir. Ruhən nə qədər yaxın, bağlı, eyni olduğumuza bir daha inandırır. İmdat Avşarın təklifi ilə Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeirini oxuyuram və auditoriyanın şeirin cazibəsinə necə düşdüyünü, dilimizin melodiyasına heyranlığını hiss edirəm. Belə yerdə qürur, fərəh hissi insanın içini doldurur. Elə bu hisslər, düşüncələrlə gənclərin suallarını cavablandırıb, onlar üçün türkcə kitablarımızı imzalayıb, xatirə fotolar çəkdirib ayrılırıq litseydən.

Kitab Fuarının açılış mərasimindən sonra isə oxucularla “Ədəbi nəsillər arasında əlaqələr” mövzusunda görüşümüz nəzərdə tutulub. Amma bundan əvvəl türk şairi Ataol Bəhramoğlunun “Şeir həyatın harasındadır” adlı məruzəsini dinləyirik, oxucularla müzakirəsində iştirak edirik. Ataol bəy musiqi, gitara müşaiyəti ilə Türkiyənin müxtəlif bölgələrini gəzir bu tipli şair-oxucu görüşlərində iştirak edir. Son dərəcə maraqlı, təmkinli, fərqli münasibəti, çıxışı, həm də şeirlərinin sehri oxucunu təsirləndirməyə bilməz. Axı Türkiyənin bu təzadlı durumunda bircə elə “Türkiyə, üzgün yurdum, gözəl yurdum” - misrasına kim biganə qala bilər?!

Yazar-oxucu görüşləri bizim “Ədəbi nəsillərarası əlaqələr” panelimiz və İmdat Avşarın “Ədəbiyyatda çöl mövzusu” adlı çıxışı ilə davam etdi. Oxucuların böyük marağını, kitaba, ədəbiyyata, yazıçıya sayğısını görmək insanı çox ruhlandırır. Maraqla dinləyən, arabir suallar verən gənclərin bizimlə görüşdən nə qazandıqlarını bilmirəm, amma mən çox şey qazandım. Anar müəllimin öz nəslinə, Rəşad Məcidin 90-cı illər ədəbiyyatına aid fikirlərindən bir daha öyrəndim. İmdat Avşarın Kırşehirin abdalları-qəribə adamları haqqında rəvayətlərinə güldüm, amma qəlbimin dərinliyində o üst qatında yumor duran hadisələrin altda gizlənmiş kədərli tərəfinə hüzünləndim. Həm də onu söylədim ki, Azərbaycanda yaşlı və orta nəsil yazıçılar gənc nəsillə hər növ ədəbi əlaqələrə, birgə layihələrə, söhbətlərə açıqdırlar, gənclərin inkişafı üçün hər cür şərait var. Sadəcə kimsə bundan faydalanır, kimsə... Ehh, nə isə!

Kırşehirlə vida... Gələn görüşədək!

Yolumuz geriyə, Ankarayadı. Bu neçə gündə bizi mistikası, istisi, soyuğu, mehriban insanları, unudulmaz anları, yolboyu sıralanmış iydə ağacları ilə qoynuna alan bu balaca şəhərdən ayrılmaq nə qədər kədərlidisə, o qədər fərəhlidi. Bu gedişin geriyə qayıtması da olacaq hökman... Bir də axı bizə xatirələr qaldı; yaddaşın istənilən oyunlarına, müəmmalı işlərinə baxmayaraq heç zaman xatirimizdən çıxmayacaq, səfər qeydlərimizdə, şeirlərdə, yaxud nəsr əsərlərində hansısa şəkildə görünəcək saysız-hesabsız anımlar...

 





13.06.2016    çap et  çap et