525.Az

Gəncə zonasının iqlimi dəyişib?


 

ARTIQ SUBTROPİK, HƏTTA TROPİK BİTKİLƏRİ BURDA ASANLIQLA BECƏRMƏK MÜMKÜNDÜR

Gəncə zonasının iqlimi dəyişib?<b style="color:red"></b>

Son illər planetar və ya lokal miqyaslarda iqlim dəyişikliyi, eləcə də onun fəsad və ya üstünlukləri haqda çox danışılır. Əlbəttə, bu proseslər respublikamızın ərazisində də müşahidə olunmaqdadır. Gəncə bölgəsinin timsalında iqlim dəyişikliyinin xarakterik təzahürlərini asanca hiss etmək olur.

Son 10-15 ildə Gəncənin bağ və küçələrində əvvəllər heç buralarda tanınmayan meyvə ağaclarının çoxaldığını müşahidə etmək mümkündür. Xüsusilə "Muşmula" adlı yapon əzgili özünün bu vaxt yetişən göyçək, narıncı meyvələri ilə şəhərin yüzlərlə küçələrinin səkilərini bəzəyir. Belə ekzotik meyvələri Gəncə həyətlərində də həvəslə becərirlər.

Misal üçün,  şəhərin mərkəzinə yaxın "Ozan" məhəlləsində  yaşayan 57 yaşlı mühəndis Fazil Verdiyev bir neçə ildir bağçasında sırf subtropik bitki olan feyxoa becərir və onları artıraraq, dost-tanışa da pay verir. Həvəskar bağban deyir ki, Lənkəran bölgəsinə məhrəm olan feyxoa Gəncəyə də doğmalıq göstərib və o, məhsuldarlıq baxımından bağındakı digər yerli ağaclardan  heç də geri qalmır. Elə üstündəki çiçəklərin çoxluğu da payızdakı bol meyvə çıxımı ehtimalından xəbər verir.

Arana yaxın dağətəyi Gəncə zonasında subtropik, hətta tropik bitkilərin artıq asanlıqla yetişə bilməsi heç şübhəsiz, son onilliklərdə bu ərazilərdəki iqlim dəyişiklikləri ilə sıx bağlıdır. Bu haqda mülahizələrini bizimlə bölüşən biologiya elmləri doktoru, professor Zaur Hümbətov da Gəncə bölgəsinin əvvəlki quru iqlim şəraitinin get-gedə rütubətli subtropik şərtlərə yaxınlaşdığına diqqət çəkir.

"Gəncədə intensiv yağışlar artıq adi hala çevrilir. Yazın son ayından burada hava demək olar ki, açılmayıb,  hər gün, çox qısa fasilələrlə yağış yağır, yeddi dəfə dolu düşüb. Bu baxımdan, 2016-cı ilin bu mövsümünü "yağıntı rekordu" ilə xarakterizə etmək olar. Bu halı yaradan əsas səbəbi ilk növbədə, Gəncə bölgəsini də özündə ehtiva edən Böyük və Kiçik Qafqaz arasındakı coğrafi koridorda energetik və suvarma tələbatlarının ödənilməsi naminə yeni süni su hövzələrinin yaradılmasında axtarmaq lazımdır. Bu zonalarda buxarlanma-bulud-yağış siklinin amplitudası xeyli sürətlənib, nəmişlik kütləsinin həcmi artıb"-deyə, o, izah edir.  

İqlim dəyişikliyinə yeni su hövzələrinin yaradılması və təbii landşaftın digər  yenidənqurmaları ilə yanaşı, insanın yüksək texnogen fəaliyyəti amillərinin də səbəb olduğunu vurğulayan  həmsöhbətimiz mülahizələrini 40-50 il qabaqkı müşahidələri ilə də əsaslandırır.

"Gəncədə ötən əsrin 60-cı illərdə yazın başa çatması ilə quru hava hökmran olurdu, yağıntılar da mülayim tərzdə düşürdü. Camaat iyundan yaylağa, Hacıkəndə, Toğanaya, digər dağ kəndlərinə dincəlməyə gedirdi. Yaz bitən kimi bu zonada dənli bitkilərin biçini başlayırdı. İndi isə vəziyyət göz qabağındadır, dənli bitkilər yetişib, amma onu biçmək mümkün deyil, nəmişlikdir".

Aqrar mütəxəssis meteoroloji şərtlərin dəyişməsinin müəyyən iqlim zonalarında  bitki aləminin arealına da təbii təsir etdiyini vurğulayaraq, Gəncə bölgəsinin bu hala bariz nümunə olduğunu bildirir.

"İqlim dəyişikliyi fitosenoza yeni, fərqli təsirlərə səbəb olur. Baxın, indi bu şəhərdə subtropik, hətta tropik bitkilər artıq yaxşı yetişirlər. Gəncədə feyxoa, mandarin, portağal, muşmula, kivi kimi meyvələri yetişdirmək adi hala çevrilir"-deyə, Z.Hümbətov vurğulayır.

Bütün bunlarla yanaşı, mütəxəssis onu da qeyd edir ki, iqlim formalaşması yüz illərin ardıcıl prosesi olduğundan, istənilən halda burada yetişdirilmiş həmin meyvələr dad və tərkib göstəriciləri baxımından "doğma qurşaqlarda" bitən məhsullardan geri qalacaq.

İqlim qurşaqlarındakı dəyişkənliklərin flora ilə yanaşı faunaya da əhəmiyyətli dərəcədə təsir edə bildiyini qeyd edən alim konkret olaraq, Gəncə bölgəsində bu proseslərin heyvandarlıqda yem  təchizatı məsələsində müsbət rol oynaya biləcəyini da diqqətə çatdırır.

"Nəzəri olaraq, deyə bilərik ki, rütubətin yüksəlməsi yaşıllıqların artmasına, xüsusən yem bitkilərinin bollaşmasına səbəb ola bilər ki, bu da heyvandarların işinə yarayır"-deyə, Z. Hümbətov bildirir.

Mütəxəssis onu da əlavə edir ki, iqlim dəyişiklikləri bitkiçilik  və heyvandarlıq sahələri üçün  mühüm amil olduğundan o, aqrar sektorun çevikliyi məsələsini də gündəmə gətirir.

Zakir Muradov
Gəncə 

 





14.06.2016    çap et  çap et