525.Az

Ömrü qısa olsa da...


 

Ömrü qısa olsa da...<b style="color:red"></b>

Xoşbəxt o insandır ki, dünyasını dəyişəndən sonra da tez-tez yada düşür, haqqında xoş xatirələr söylənilir.

Bu baxımdan mənim yaddaşımda özünəməxsus yeri olan insanlardan biri peşəkar jurnalist Mirzə Əskərovdur.

Mirzə zəhmətkeş bir ailədə böyümüşdü. İki bacı, üç qardaş idilər. Bu övladların hər birisi ataları Qəhrəman kişidən və Firuzə anadan öyrəndikləri zəhmətkeşlik və mehribançılıqla hamının hörmətini qazanmışdılar. Ailənin ən sevimli övladı olan Mirzə isə bütün hərəkətlərilə başqalarından seçilirdi. Mirzənin özünəməxsus üstünlükləri çox idi. Tez-tez xatırladırdı ki, yaşadığı kooperativ evi anasının ağır zəhmət hesabına qəpik-qəpik topladığı pulun hesabına alıb. Çalışırdı ki, təkcə öz ailəsinə, qohumlarına deyil, eləcə də bütün dostlarına, yaxınlarına köməklik göstərsin. Ümumiyyətlə, yaxşılıq etməkdən xüsusi zövq alırdı Mirzə. Sanki ömrünün qısa olacağını əvvəlcədən hiss etmişdi. Həmişə tələsirdi, az vaxtda çox iş görmək istəyirdi...

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) III kursunda oxuyarkən - universitetin çoxtirajlı qəzetində xüsusi müxbir kimi başlamışdı. Yazıları tez-tez "Azərbaycan gəncləri" və "Sovet kəndi" qəzetlərində çap olunurdu.

1983-cü ildə Bakı Dərin Dəniz Özülləri Zavodunun "Xəzər-Kaspi" qəzetinə baş redaktor təyin olunması Mirzə Əskərovun jurnalist peşəsinə olan həvəsini birəbeş artırmışdı. Onun gərgin əməyi nəticəsində zavod qəzeti az qala, rayon qəzeti səviyyəsində yüksək nüfuz qazanmışdı. Çünki Qaradağ rayonunun mühüm problemləri ilk olaraq bu qəzetdə işıqlandırılır və bundan sonra respublika qəzetlərinə xəbər çatırdı.

1987-ci ildə taleyini Azərinforma (AZƏRTAC) bağlayan Mirzə Əskərovun həyatında yeni-yeni səhifələr açıldı. O, agentliyin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri kimi çox ağır və məsuliyyətli bir vəzifənin yükünü öz çiyinlərinə götürməkdən qorxmadı. Həmin dövrün qarma-qarışıq hadisələri fonunda çətin sınaqlarla üzləşən gənc jurnalist öz peşəsinin məsuliyyətini dərk edərək, əqidə borcunu ləyaqətlə yerinə yetirməyə çalışırdı. Bu yolda rastlaşdığı çətinliklər bəzən əngəllər yaratsa da, məqsədə çatmaq yolunda dönməzlik nümayiş etdirən M.Əskərov informasiya blokadasında olan Naxçıvanın problemlərinin işıqlandırılmasında, lazımi tədbirlər görülməsində digər həmkarları ilə birlikdə o zaman Naxçıvanda yaşayan Ümummilli Lider Heydər Əliyevin məsləhətlərindən bəhrələnərək, tapşırıqları məsuliyyətlə yerinə yetirmək üçün heç bir çətinlikdən, təzyiqlərdən, hətta həyatını təhlükə qarşısına qoymaqdan belə çəkinmirdi.

Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi də Mirzənin məsuliyyəti çox idi. Onun çalışqanlığı, cəsarəti və peşəsinə vurğunluğu, hətta Heydər Əliyevin də diqqətindən yayınmamışdı. Təsadüfi deyildi ki, M.Əskərovun vəfatından sonra mətbuat işçilərilə keçirilən tədbirlərin birində Ulu Öndər onun adını bir daha xatırlatdı və cəsarətini, peşəkarlığını yüksək qiymətləndirdi.

Universiteti bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) təhsilini davam etdirmiş M.Əskərov həm də Moskvada Mətbuat İşçilərinin Ümumittifaq İxtisaslaşdırma kursunu "Jurnalist sənətkarlığı" üzrə bitirmişdi. "Qızıl qələm", "H.B.Zərdabi" mükafatlarına layiq görülmüşdü.

1992-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan "Naxçıvan" qəzeti və "Real" İnformasiya Agentliyinə rəhbərliyin Mirzə Əskərova etibar edilməsi onun imkanlarını daha da genişləndirdi. İmkanları genişləndikcə, peşəsinə məsuliyyətilə yanaşı, insanlara qayğısı və mərhəməti də artırdı. Hər kəsə bacardığı köməkliyi göstərirdi.

Yeri gəlmişkən, canlı şahidi olduğum və indi də tez-tez xatırladığım bir hadisəni yada salmaq istəyirəm. Mirzə ilə ailəvi qohum olsaq da, həmkar kimi söhbətimiz daha yaxşı tuturdu. 1993-cü ildə uzun illər çalışdığım "Elm və həyat" jurnalında baş redaktorla kollektiv arasında yaranmış problem (baş redaktor 30 illik tarixi olan elmi-populyar jurnalın profilini dəyişmək istəyirdi - M.P.) dözülməz həddə çatmışdı. Bu barədə Elmlər Akademiyasının prezidentinə, vitse-prezidentinə müraciət etsək də, xeyri olmamışdı. Ona görə də hansısa bir qəzetdə tənqidi yazı çap etdirmək qərarına gəlmişdik. Ancaq qarşıya müəyyən çətinliklər çıxdığına görə, bu, mümkün olmurdu. Bu hadisəni Mirzənin yanında da danışmışdım. Aradan bir qədər keçəndən sonra onun zəng edib dediyi sözlər bugünkü kimi yadımdadır: "Siz hamınız gəlin "Naxçıvan" qəzetinin redaksiyasına, həmin yazıya imza qoyun, çap olunar", - dedi. Doğrusu, bu yazının "Naxçıvan" qəzetində çap oluna biləcəyini heç ağlıma da gətirməzdim.

Beləliklə, başabəla baş redaktora "Açıq məktub" formasında ünvanlanmış həmin yazı ("Ümidsizlik içində ümid") qəzetin 1993-cü ilin may nömrəsində çap olunandan sonra diqqətimi mətnə əlavə olunmuş - "...Bu yazını ona görə "Naxçıvan" qəzetinə göndərdik ki, sən naxçıvanlısan, qoy naxçıvanlılar da səni yaxından tanısınlar..." cümləsi Mirzənin həm öz peşəsinə, həm də insanların problemlərinə necə məsuliyyətlə yanaşdığını bir daha təsdiqlədi.

Əlbəttə, nəticə uğurlu oldu. Özünəməxsus yeri və mövqeyi olan "Elm və həyat" jurnalının sabiq baş redaktoru öz ərizəsilə tutduğu vəzifədən azad olundu...

Mənə elə gəlir ki, Mirzəni tanıyanların hər birinin yaddaşında onun xeyirxah əməlləri barədə belə xatirələr hələ uzun müddət yaşayacaqdır.

Mirzənin vəfatından ötən 23 il ərzində onun yoxluğu daha çox ailəsində hiss olunsa da, həyat öz axarı ilə davam edib. Övladları böyüyüb, ailə qurublar, hərəsinin iki övladı var. Sevimli qızı Aygün atasının peşəsini davam etdirir, hazırda AzərTAC-ın İspaniyada xüsusi müxbiri kimi fəaliyyət göstərir, oğlu Araz Azərbaycan Respublikası Miqrasiya Xidmətində çalışır. Sədaqətli və dözümlü həyat yoldaşı Gülbahar xanım isə Mirzənin yoxluğunu övladlarına hiss etdirməmək üçün həyatın ağır sınaqlardan keçsə də, heç vaxt sınmadı, başını qürurla uca tutmağı bacardı. Yəqin ki, nəvələri Natəvan, Bahar, Mirzə və Sara da həyatdan vaxtsız köçmüş babalarının ömür yolu barədə xəbərdar olanda, onu minnətdarlıqla yad edəcəklər. Onun adına layiq davamçılar olmağa çalışacaqlar.

Peşəsinin vurğunu, xeyirxah və cəsarətli jurnalist, gözəl ailə başçısı, övladlarını dəlicəsinə sevən ata, öz valideynləri üçün əvəzsiz oğul olmuş Mirzə Əskərov yaşasaydı, bu il iyulun 7-də onun 60 yaşı tamam olacaqdı. Amma yaşaya bilmədi, amansız ölüm onu 37 yaşında bu dünyadan əbədi dünyaya apardı. 1993-cü il oktyabrın 26-da, 37 yaşında əzizlərinin uyuduğu doğma diyarda, - Ordubad rayonunun Aza kəndində torpağa tapşırıldı. Ötən 23 il çox şeyi dəyişsə də, onun yoxluğunu unutdura bilmədi.

Əzizimiz Mirzənin 60 illiyi ərəfəsində mən də bu kiçik yazı ilə onun xatirəsini yad, ruhunu şad etmək istədim.

Maral Poladova

P.S. Həyatda baş verən təsadüfi hadisələr bəzən insanların həyatında qəribə və yaddaqalan yeni bir başlanğıca çevrilir. 2007-ci il iyul ayının 7-də (Mirzənin doğum günündə) birinci nəvəsi Natəvanın dünyaya gəlişi belə bir başlanğıc oldu.

 





14.06.2016    çap et  çap et